Gəncədəki baş konsulluqda fərdi sərgi
Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunda Tahir Abbasovun fərdi sərgisi keçirilib. Sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, vitse-konsul Hüseyn Yurtsevər, rəssamlar, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar iştirak ediblər.
Vitse-konsul Hüseyn Yurtsevər sərgi iştirakçılarını salamlayaraq, Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malik olan sərginin hazırlanmasında Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunun dəstəyinin olduğunu bildirib.
Gəncə ŞİH başçısı Elmar Vəliyev çıxış edərək deyib ki, bu sərgi şəhərin mədəniyyətini, incəsənətə verilən diqqəti nümayiş etdirən bir tədbirdir. Gəncənin tarixən mədəniyyət beşiyi olmasını önə çəkən E. Vəliyev qısa zamanda şəhərdə mədəniyyət işçilərinə töhfə olaraq filarmoniya binasının istifadəyə veriləcəyini vurğulayıb.
Rəssam Tahir Abbasov onun fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlıq edib. Bildirib ki, sərgidə surrealist üslubunda yağlı boya ilə karton üzərində çəkdiyi 35-ə yaxın əsəri nümayiş olunur.
Sonra qonaqlar rəsm əsərləri ilə yaxından tanış olublar. Sərgi iyunun 18-dək kimi davam edəcək.
Hamlet Qasımov,
Xalq qəzeti.- 2017.- 11 iyun.- S.7.