“Azərbaycan hərb tarixi” çoxcildliyinin ilk
kitabı çapdan çıxıb
“Azərbaycanın hərb tarixi” çoxcildliyinin birinci cildi çapdan çıxıb. Ölkəmizdə ən qədim dövrlərdə hərbi-tarixi hadisələri əhatə edən, Azərbaycan və rus dillərində işıq üzü görən kitab Silahlı Qüvvələrin Hərbi Akademiyasının Elmi Şurası tərəfindən təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, nəşrin tərtibçisi və redaktoru ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, dosent, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərb tarixi üzrə professoru Nurulla Əliyevdir. Nəşrin elmi redaktoru Bakı Dövlət Universitetinin tarix elmləri doktoru, professor Pərvin Darabadi, redaktoru filologiya elmləri doktoru, professor Sədi Nuriyevdir.
“Azərbaycanın hərb tarixi” yeddicildliyi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hazırlanır. Kitabın çapdan çıxan birinci cildində ən qədim zamanlardan III əsrdə feodal münasibətlərinin yaranmasına qədər böyük bir dövrdə hərb tariximizin müxtəlif məqamları işıqlandırılır. Üç fəsildən ibarət birinci cilddə Azərbaycan ərazisində üç min illik tarixi dövrdə baş vermiş əsas hərbi, tarixi, siyasi hadisələr kompleks şəkildə əhatə olunub. Fəsillər “Azərbaycanda daş dövründə hərb işinin yaranması”, “Manna və Midiya dövlətlərinin mövcudluğu dövründə müharibələr və hərb işi” (e.ə. IX - e.ə. IV əsrlər), “Atropatena və Albaniya dövlətləri dövründə (e.ə. IV əsrin sonu – b.e. II əsri) müharibələr və hərb sənəti” mövzularına həsr olunub. Mövzularda qədim və orta əsrlərə qədərki dövrdə Azərbaycanda hərb işinin tarixinə böyük yer ayrılıb. Kitabda Azərbaycan ərazisində yaşamış tayfaların müharibələrdə iştirakı, qədim Azərbaycan dövlətlərində hərb işinin təşkili, yerli tayfaların silahları və döyüş taktikaları haqqında qiymətli məlumatlar yer alıb. Həmçinin yazılı mənbələrdə əksini tapan məlumatlar, arxeoloji tapıntılar, eləcə də hərbi memarlıq abidələri şəkillərlə ətraflı təqdim olunub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun yazdığı “Ön söz”də Azərbaycan ərazisində baş vermiş çoxsaylı müharibələrin, onların xarakterinin, yaranma səbəbləri və törətdiyi fəsadların araşdırılması, müharibə ilə nəticələnmiş və həmin dövrdə davam edən konkret tarixi şərait nəzərə alınmaqla öyrənilməsi baxımından əsərin əhəmiyyəti yüksək qiymətləndirilib.
Nəşr Azərbaycanın hərb tarixi üzrə ali humanitar və xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin gənc nəslə hərb tariximizlə bağlı zəruri biliklərin çatdırılması və onların milli vətənpərvərlik ruhunda tərbiyəsi işinin sistemli və əhatəli şəkildə aparılması işinə sanballı töhfədir.
Xalq qəzeti
- 2017.-18 iyun.- S.6.