Şabran regionun mədəniyyət mərkəzinə
çevrilir
Son illər Şabran rayonu təkcə sosial-iqtisadi inkişafı, abadlıq və quruculuğu ilə deyil, həm də ictimai, mədəni həyatda baş verən bir çox yeniliklərlə diqqət çəkməkdədir. Bütövlükdə, respublika ədəbi ictimaiyyətinin, mədəniyyət və sənət adamlarının diqqətini çəkən bu yenilikər 6 il əvvəl, Şabran şəhərinin mərkəzi küçələrindən birində klassik Azərbaycan ədəbiyyadının görkəmli nümayəndələrindən olan Xaqani Şirvanının möhtəşəm abidəsinin ucaldılması və onun adını daşıyan poeziya evinin istifadəyə veriməsindən sonra başladı desək, yanılmarıq.
Rayonun hüdudlarından kənara çıxan bu ədəbi hadisədən sonra 2012-ci il iyulun 26-da Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayonda ədəbi mühitin daha da canlandırılması, ədəbiyyatın təbliğinin gücləndilirilməsi məqsədilə hər il rayonda “Xaqani poeziya günləri”nin keçirilməsi haqqında sərəncam imzaladı.
Regionlardakı tarixi abidələrimizin və maddi mədəniyyət nümunələrimizin tədqiqi və qorunması ilə bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində də Şabran rayonunda görülən tədbirlər böyük təşəbbüskarlıqla reallaşdırılmaqda və elmi ictimaiyyətin marağını cəlb etməkdədir. Bunlara ən parlaq nümunələrdən biri 2500 – 3000 il yaşı olan qədim Şabran şəhərinin adının özünə qaytarılması təşəbbüsü idi ki, buna dövlət başçısı da yüksək qayğı ilə yanaşaraq, Dəvəçi şəhərinin adının Şabran qoyulması ilə bağlı sərəncam imzaladı. Amma bunlar bir qədər yaxın keçmişin reallıqlarıdır.
Son günlər Şabranda yenə ictimai, mədəni həyatı canlandıran bir neçə tədbir həyata keçirilmişdir. Onlardan bəlkə də ən maraqlısı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Şabran Rayon İcra Hakimiyyəti ilə birgə hazırladıqları klassik Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaniyə həsr edilmiş elmi konfrans oldu.
Tədbirin maraqlı məqamlarından biri onda idi ki, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi alim və mütəxəssislərdən ibarət nümayəndə heyəti əvvəlcə “Şabran şəhəri” tarixi qoruğu ilə yaxından tanış olmağa qərar verdilər. AMEA-nın Arxeologiya İnstitutunun təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri, Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov Azərbaycanın qədim yurd yerinə təşrif gətirmiş qonaqlara yaşı min illərlə ölçülən ulu Şabran şəhərinin qalıqları, böyük bir ərazidə aparılan arxeoloji ekspedisiya işləri və əldə edilən nəticələr haqqında geniş məlumat verdi. Qeyd edildi ki, ulu öndər Heydər Əliyevin hələ sovet dönəmində xüsusi əhəmiyyət verdiyi bu ərazidəki arxeoloji qazıntı işləri bir müddət sonra dayandırılsa da, indi bu sahədə çox ciddi işlər aparılmağa başlanmışdır. İlkin nəticələr göstərir ki, qədim İpək Yolunun üstündə yerləşmiş və Gilgilçay səddi ilə qorunmuş Şabranın tarixi 2500, hətta 3000 ili ötüb keçir.
Şabranı ulu şairimizlə bağlayan məqamlar haqqında da məlumat verildi və qeyd edildi ki, bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etmək məcburiyyətində qalır. Lakin gizlincə Şirvanı tərk etməyə cəhd göstərərkən I Axsitanın əmri ilə həbs olunur və Şabran qalasına salınır. 7 ay zindanda saxlanılan şair məşhur “Həbsiyyə” şeirlərini də məhz burada qələmə alır. “Şabran şəhəri” tarixi qoruğunda aparılan arxeoloji qazıntılar zamanı Xaqani Şirvaninin saxlanıldığı ehtimal edilən həbsxana da ədəbi irsimizin tədqiqatçı alımlərinə göstərildi və “Həbsiyyə” şeirindən iki misra səsləndirildi:
Mən məna
yaradan tutiyəm,
əfsus,
Şabran qalasında
olmuşam
məhbus.
Azərbaycanın şəhərsalma
mədəniyyətinin Şabran
səhifəsi ilə
maraqlı tanışlıqdan
sonra qonaqlar Şabran Rayon Tarix-Diyarşünaslıq
Muzeyini, Xaqani Şirvaninin abidəsini ziyarət edib, Xaqani Poeziya evində təşkil edilən kitab sərgisi ilə tanış oldular.
Konfrans iştirakçıları təkcə
Azərbaycanın müstəqil
dövlətçiliyinin yox,
həm də ədəbiyyatımızın, elmimizin, tariximizin, mədəniyyətimizin və
incəsənətimizin xilaskarı
və hamisi olmuş ümummilli lider Heydər Əliyevin abidəsini də ziyarət edib, xatirəsini böyük ehtiramla andılar.
Sonra rayon icra hakimiyyətinin akt zalında Nizami adına Ədəbiyyat
İnstitutunun alim və mütəxəssisləri,
rayon ictimaiyyətinin nümayəndələrinin
iştirak etdiyi elmi konfrans öz
işinə başladı.
Ev sahibi kimi qonaqları salamlayan Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz
Novruzov Azərbaycanda sosial-iqtisadi inkişafla yanaşı, elm, mədəniyyət
və incəsənət
sahəsində də
dövlətimizin böyük
işlər gördüyünü,
milli - mənəvi dəyərlərimizin, tarixi
abidələrimizin qorunması
istiqamətində çox
uğurlu layihələrin
reallaşdırdığını qeyd etdi. Həmçinin rayonda mədəni mühitin formalaşması
və inkişafı istiqamətində görülən
işlər haqqında
da qonaqlara geniş məlumat verildi.
N.Novruzov Xaqani Şirvani yaradıcılığının rayonda təbliği istiqamətində görülən
işlərdən danışarkən
bildirdi ki, altı ildir şairin yaradıcılığına
həsr olunmuş poeziya gecələri keçirilir və artıq bu ənənəyə
çevrilib. Xaqani Şirvaninin adına poeziya evinin yaradılması və
poeziya günlərinin
keçirilməsi Şabranda
gənc nəslin ədəbiyyata marağının
artırılması baxımından
böyük əhəmiyyət
daşıyır.
Akademik İsa Həbibbəyli çıxışında qeyd
etdi ki, regionlarda belə tədbirlərin keçirilməsi
çox vacib bir məsələdir. Elm, ədəbiyyat,
mədəniyyət xadimlərinin,
alimlərin regionlardakı
mədəni ictimai mühitlə təması,
şübhəsiz, burada
intellektual səviyyənin
yüksəlişinə öz təsirini
göstərir.
Akademik son iki ildə Şabranda
ikinci belə bir tədbirə toplaşdıqlarını dilə
gətirərək bildirdi
ki, konfransın Şabranda keçirilməsi
bölgələrdə elmin,
ədəbiyyatın təbliği
istiqamətində mühüm
hadisədir. Ötən onillikdə Şabranın
sosial-iqtisadi mənzərəsi
sürətlə dəyişirdisə,
indi onunla yanaşı mədəni,
ədəbi mühit də yüksəlişə
doğru gedir və bunu keçirilən
tədbirlərin mahiyyəti,
məzmunu və əhatə dairəsi aydın göstərir.
Akademik İ.Həbibbəyli çxışında
Əfzələddin Xaqani
Şirvaninin yaradıcılığı
haqqında ətraflı
məlumat verərək
bildirdi ki, Xaqani Şirvani klassik Şərq poeziyasının bütün
janrlarında yüksək
sənətkarlıq nümunələri
yaratmış ustad şair olmuşdur. Əsərləri hələ öz
dövründə Yaxın
və Orta Şərq ölkələrinə
yayılaraq müasirlərinin
diqqətini cəlb etmişdir. Bu torpaqda 7 ay həbsdə qaldıqdan sonra azad edilən Xaqani Şirvani 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı həmişəlik
tərk edərək Təbrizə köçmüş,
ömrünün sonunadək
orada yaşamış
və bu şəhərdə vəfat
etmişdir. Dahi Nizami
Gəncəvi Xaqani Şirvaninin vəfatından
çox mütəəssir
olaraq, bu münasibətlə mərsiyə
yazmışdır.
Konfransda filoloq alimlərimiz Nüşabə Araslı “Xaqani Şirvani və Nizami”, İmamverdi Həmidov “Xaqaninin ərəbcə şeirləri”, Paşa Kərimov “Xaqaninin əsərlərinin AMEA Əlyazmalar İnstitutunda saxlanılan əlyazmaları”, Vaqif Yusifli “Xaqani yurdunda ədəbiyyat”, Lalə Əlizadə “Xaqani lirikasının bədii xüsusiyyətləri”, tədqiqatçı Elnurə Zeynalova “Xaqani Şirvaninin həbsxana həyatı və “Həbsiyyə” şeirləri” mövzusunda məruzələrlə çıxış etdilər. Qeyd olundu ki, zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanından, “Töhfətul-İraqeyn” poemasından, epistolyar nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarət olsa da, bunlar heç də Xaqani irsinin hamısı deyildir.
Məlumat verildi ki, Xaqaninin yaradıcılığı bütün Şərq ədəbiyyatı üçün yeni hadisə idi. Yenilikçi, orijinal sənətkar olan şairin yaradıcılığının əsasını dərin və güclü humanizm təşkil edir. Xaqani poeziyası öz dövrundən başlayaraq bu günə qədər Şərqin, o cümlədən Azərbaycanın bir çox sənətkarları üçün örnək olmuşdur. Əmir Xosrov Dəhləvi, Əbdurrəhman Cami, Məhəmməd Füzuli kimi sənətkarlar bu dahi şairin “Şiniyyə”sinə cavab yazmış, Seyid Əzim Şirvani özünü onun naibi saymış, Sabir bəzi mənaları ondan iqtibas etmişdir. Xaqani yaradıcılığı Azərbaycan və dünya poeziyasının qiymətli hadisələrindən biridir.
Konfransda AMEA Ədəbiyyat İnstitutunun əsas nəşrlərindən biri olan “Ədəbiyyat məcmuəsi” jurnalının Xaqani Şirvaniyə həsr olunmuş xüsusi buraxılışı və “Xaqani Şirvani. Ərəbcə şeirləri. Filoloji tərcümə” kitabı da konfrans iştirakçılarına təqdim edildi.
Akademik İsa Həbibbəyli konfransa yekun vuraraq bildirdi ki, Şabranda istər tarixi, istərsə də ədəbi sahələrdə tədqiqat aparmaq üçün zəngin materiallar var. Azərbaycanın qədim tarixinin öyrənilməsi, gənc nəslə bu tarixi olduğu kimi çatdırmaq üçün hələ çox iş görülməlidir. Ona görə də regionlar tədqiqatçılarımız üçün əsl yaradıcılıq laboratoriyasına çevrilməlidir.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.-
2017.-21 iyun.- S.11.