“Qazandığımız möhtəşəm qələbələr
Azərbaycanın sürətli inkişafının bariz göstəricisidir”
Azərbaycan gücü, qüdrəti, geniş imkanları, böyük potensialı ilə yenidən beynəlxalq aləmin diqqət mərkəzindədir. Sabah möhtəşəm Bakı trekində dünyanın ən populyar avtomobil yarışları “Formula-1” Azərbaycan Qran-prisinə start veriləcək.
Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyevlə görüşüb
Azərbaycanın artıq ikinci dəfə
ev sahibliyi edəcək
bu mötəbər tədbirlə
bağlı fikirlərini öyrəndik. Ağacan
müəllim Yay Olimpiya
Oyunlarından və futbol üzrə dünya çempionatından sonra
ən böyük idman
tədbiri olan “Formula-1”-in
ölkəmizdə təşkilinin böyük
idman hadisəsi olduğunu
qeyd edərək dedi:
Azərbaycanda artıq ikinci dəfə keçirilən “Formula-1”-in Bakı mərhələsinin dünyanın diqqət mərkəzində olması təsadüfi deyil. 2016-cı ildə analoji yarış Bakıda "Odlar ölkəsində, sürət zirvəsində" devizi altında böyük uğurla təşkil edildi. Bakı Şəhər Halqasında keçirilmiş Avropa Qran-prisində 2016-cı il “Formula-1” mövsümündə şəhər trekləri arasında ən yüksək sürət qeydə alındı. Həmçinin yarış zamanı “Formula-1” tarixində ən sürətli pit-stop əməliyyatı həyata keçirildi. Sürət həvəskarlarının zövqünü oxşayan Bakı şəhər treki unikallığı ilə də seçildi və bunu ötənilki yarışlar zamanı yarış iştirakçıları, mütəxəssislər və azarkeşlər dönə-dönə qeyd edirdilər. Bir çox ölkələrdə minlərlə azarkeşin “Formula-1” Azərbaycan Qran-prisinin tamaşaçısı olmaq üçün bilet əldə etməsi də bunu təsdiq etdi.
Amma dünyanın müxtəlif ölkələrindən minlərlə azarkeşin marağı təkcə Bakı yarışlarının tamaşaçısı olmaqla bitmirdi. Onlar həm də ölkəmiz, xüsusilə gözəl paytaxtımız Bakı ilə daha yaxından tanış olmaq üçün “Formula-1” yarışlarının tamaşaçılarına dövlətimizin yaratdığı sadələşdirilmiş viza rejimindən bir şans kimi istifadə etdilər. Arzularına qovuşan tamaşaçılar yarışlardan böyük zövq almaqla yanaşı, ölkəmiz, paytaxtımızla tanışlıqdan, buradakı sərbəst səyahətdən də məmnun oldular. Sürət maşınlarının Dənizkənarı bulvar boyunca hərəkət edib, paytaxt Bakının ən qədim hissəsi olan və UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr etməsi, tədbiri izləyən televiziya tamaşaçılarına və qonaqlara şəhərimizin müasirliklə qədimliyin sintezindən yaranan harmoniyanı görməyə, memarlıq abidələrimizlə tanış olmağa imkan yaratdı. Nəzərə alsaq ki, dünyanın 100-dən çox ölkəsində yayımlanan “Formula-1” yarışlarının izləyicisi 500 milyon nəfərdən çoxdur, o zaman bu tədbirin ölkəmiz üçün nə qədər böyük əhəmiyyət daşıdığını dərk etmək elə də çətin olmaz.
Geniş auditoriyaya malik bu möhtəşəm yarışa ev sahibliyi edən ölkələrin bu idman tədbirindən böyük gəlir əldə etmək imkanlarını da hesabdan silmək olmaz. Elə ona görə də bu yarışlara dünyanın inkişaf etmiş ölkələri ev sahibliyi etməyə çalışır. Statistikaya nəzər salsaq görərik ki, son illər ölkəmizə turist axını sürətlə artmaqdadır. Bunun əsas səbəblərindən biri də ölkəmizdə belə populyar və böyük auditoriya toplayan beynəlxalq idman yarışlarının keçirilməsidir. Ona görə də Azərbaycanın “Formula-1” ailəsinə daxil olması qürurverici haldır. Bu şansdan yetərincə istifadə edən ölkəmiz bu dəfə də mötəbər yarışın ən yüksək səviyyədə təşkili üçün gərgin səylər göstərir.
Yarım milyardlıq auditoriyası ilə maraq doğuran və dünyanın məşhur idman yarışlarından olan “Formula-1”-in keçirilməsi münasibətilə əhali arasında da yüksək əhvali-ruhiyyə var. Çünki hər bir vətənpərvər azərbaycanlı Bakının gözəlliyi və ölkəmizin inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında maraqlıdır.
Müstəqillik illərində möhkəmlənən, qüdrətli ölkəyə çevrilən ölkəmiz və paytaxt Bakı artıq qısa müddətdə dünyanın idman mərkəzlərindən biri kimi tanınır. Baxın, ötən ay Azərbaycan İslam dünyasının ən nüfuzlu idman tədbirinə, IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Oyunların Təşkilat Komitəsi Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi altında yarışlara hazırlıq işlərini mükəmməl səviyyədə təşkil etmişdi və nəticədə yarışlar Olimpiya Oyunlarından da yüksək səviyyədə keçirildi. Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki heyət gəlmişdi. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmamışdı. Bu mötəbər Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri, yarışların dünya standartlarına cavab verən idman arenalarında keçirilməsi müsəlman aləminin irimiqyaslı idman tədbirinin nüfuzunu beynəlxalq aləmdə xeyli artırdı. Bakı İslamiadası güc, dostluq və birliyin təntənəsinə çevrildi.
Azərbaycan idmançıları Oyunlarda tarixi nəticəyə imza atdılar - 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanmaqla komanda hesabında birinci oldular. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləmələri və qaliblərə medalları şəxsən təqdim etmələri idmançıların ruh yüksəkliyini, qələbə əzmini daha da artırırdı. Komandamızın bu böyük nailiyyəti təsadüfi deyildi. Hazırlıq mərhələsində sərf etdiyimiz gərgin əmək və məşqlərdən sonra, əlbəttə, biz bu nəticəni gözləyirdik.
Azərbaycan atletləri 2015-ci ildə ilk Avropa Oyunlarında 56 medal qazanaraq komanda hesabında ikinci yeri tutmuşdular. Son Olimpiya Oyunlarında – Rio-2016-da qazandığımız medalların sayı 18-ə çatdı. Medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərarlaşdı. Qazandığımız bu möhtəşəm qələbələr Azərbaycanın, təkcə idmanda deyil, bütün sahələrdə sürətli inkişafının bariz göstəricisidir. Bu yüksək nailiyyət bir daha göstərir ki, Azərbaycanda aparılan düşünülmüş siyasət bütün sahələrdə, o cümlədən idman sahəsində də öz bəhrəsini verir.
– Ağacan müəllim, Azərbaycanda
tez-tez belə mötəbər beynəlxalq
yarışların keçirilməsinə səbəb nədir?
– Əvvəla, bir-birinin ardınca belə mötəbər tədbirləri təşkil etmək üçün geniş imkanlar, yüksək bacarıq tələb olunur. İkinci, siyasi sabitlik çox mühüm rol oynayır. Üçüncü, əlbəttə, müasir idman infrastrukturunun olmasıdır. Bunlar son 20 ildə yaradılmış danılmaz reallıqlardır. Onu da qeyd edim ki, “Formula-1” yarışlarından sonra Bakıda qadınlar arasında voleybol üzrə Avropa çempionatının həlledici – final mərhələsi keçiriləcək. Ümumiyyətlə, hər ay, bəzən isə ayda bir neçə dəfə ölkəmizdə müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər keçirilir.
Ziddiyyətlərlə dolu olan və vəziyyətin xeyli mürəkkəbliyə doğru getdiyi bəşər aləminə multikulturalizm və tolerantlığın ən gözəl nümunəsini təqdim edən ölkəmizin bugünkü reallığı artıq bütün dünyaya gözəl bir mənzərə açmışdır. Hazırda dünyada zamanın çağırışı olan İslam həmrəyliyinə, birliyinə böyük ehtiyac yaranmışdır və ölkəmizdə bu ilin “İslam həmrəyliyi ili” kimi qeyd olunması bu çağırışa ən gözəl cavabdır .
Son iki ildə ölkəmizdə birinci Avropa Oyunları və IV İslamiada kimi ən irimiqyaslı tədbirlərin təşkil edilməsinin çox böyük rəmzi mənası var. Köhnə dünya tarixdə ilk Oyunlarının təşkili kimi şərəfli missiyanı ölkəmizə həvalə edərkən, müsəlman dövləti Azərbaycanın gücünü, qüdrətini nəzərə alıb, onu dünyaya açıq olan mütərəqqi, demokratik bir dövlət kimi dəyərləndirərək Avropa Oyunlarının Vətəni kimi görürdü. “Odlar yurdu” bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etməklə ümidləri doğrultdu. Birinci Avropa Oyunlarının məşəlini Azərbaycan qədim od məbədi müqəddəs Atəşgahdan alovlandırmaqla əbədi etdi.
Artıq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə öz modelini ortaya qoyaraq dünyada güclü, müasir və müstəqil inkişaf edən bir ölkə olduğunu təsdiq etmişdir. Ona görə mən qəti əminəm ki, sabah start götürəcək “Formula-1” Azərbaycan Qran-prisini ötənilkindən daha yüksək səviyyədə təşkil etməklə ölkəmiz daha bir tarixi nailiyyətə imza atacaq.
Söhbəti qələmə aldı:
Leyla QURBANOVA
Xalq qəzeti.-
2017.-22 iyun.- S.4.