Tarixin ən qanlı müharibəsi

 

Böyük Vətən müharibəsinin başlanmasından 76 il ötür

 

Bu gün bəşər tarixində ən kədərli anım günlərindən biridir. 76 il əvvəl – 1941-ci il iyunun 22-də Böyük Vətən müharibəsi başlanmışdı. Müharibə deyəndə, insanların gözləri önündə dəhşətli ölüm, dağıntı, fəlakət canlanır. Dünyaya ağalıq etmək iddiasında olan faşist Almaniyası həmin gün müharibə elan etmədən Sovet İttifaqına hücum etmişdi.

Böyük Vətən müharibəsi öz dağıntı və tələfatına görə hərb tarixinin ən dəhşətli müharibəsi hesab olunur. Bu gün ölkəmizdə elə bir ailə yoxdur ki, o dəhşətli illərin ağrı–acısını yaşamasın. Dünyanı lərzəyə gətirən bu müharibədə sovet xalqları faşizmə qarşı sona qədər birgə mübarizə aparıb qələbə qazansa da, çox böyük itkilər vermişdi. Təbii ki, müharibə itkisiz, dağıntısız olmur, qələbə asanlıqla qazanılmır. Tarixə Böyük Vətən müharibəsi kimi yazılmış bu savaş dünyaya ağalıq etmək iddiasında olan Hitlerin ədalətsiz, amansız döyüşünə qarşı çevrilmişdi

1939-cu il sentyabrın 1-də alman qoşunlarının Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başlandı. Dünyanı özünə ram etmək ehtirası ilə yaşayan Hitler diktaturasının hegemonluğu müharibənin miqyasını daha da genişləndirdi. Getdikcə azğınlaşan faşistlərin, bu qanlı qoşuna rəhbərlik edən Adolf Hitlerin bir-birinin ardınca dövlətləri işğal etməsi onları necə şirnikləndirmişdisə, məğlubiyyətlərini heç ağıllarına da gətirmirdilər.

Sovet İttifaqına qarşı elan olunmamış müharibəyə başlayan faşist Alamaniyası ilk mərhələdə Rusiya qoşunlarını darmadağın etmişdi. Estoniya, Litva, Belarus,Ukrayna, Moldaviya və Rusiyanın bir hissəsi işğal olunmuşdu. Faşistlər bu ərazilərdə çox sərt qanunlar qoymuş, yerli əhaliyə qarşı misli görünməmiş qəddarlıq etmişdilər. Lakin 1942-ci ilin sonu, 1943-cü ilin başlanğıcında Hitler qoşunları Stalinqradda və digər ərazilərdə məğlubiyyətin acısını dadmağa başlamışlar. Bundan sonra faşistlər bir-birinin ardınca məğlubiyyətə uğramış və əzəmətli Alman imperiyasının hegemonluğuna son qoyulmuşdu..

1945-ci ildə sona yetən müharibə on milyonlarla insanın ölümünə səbəb oldu. Tarixi faktlara görə döyüş meydanlarında, əsirlikdə, hərbi düşərgələrdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetmişdir. Bundan başqa, müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu. İkinci Dünya müharibəsi milyonlarla Avropa yəhudisi üçün əsl faciəyə döndü. Belə ki, öz irqi üstünlük nəzəriyyəsini reallaşdıran nasistlər 9 milyon yəhudinin həyatına son qoydular. Hitlerin dünyaya ağalıq iddiası nəhayət, məğlubiyyətlə sona çatırdı. İkinci Dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir.

Böyük Vətən müharibəsi azərbaycanlıları da sınağa çəkmişdi. Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verməsi bu günehtiramla yad edilir. Müharibədə SSRİ-nin qazandığı şanlı Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salmışdı. Onların yarısı döyüşlərdə həlak olub. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşaraq düşmənə qan uddurmuşlar. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, Polşanın, Çexoslovakiyanın və Yuqoslaviyanın azadlığı uğrunda döyüşlərdə mərdliklə vuruşublar. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad şəhərləri, Ukrayna, Belarus, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mərdliklə müqavimət göstərmiş, düşmənin minlərlə hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsindən sona qədər qəhrəmancasına döyüşmüşlər. Berlinə qədər gedən həmvətənlərimiz ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.

İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycanın mərd oğul və qızlarının tarixi şücaətləri, qəhrəmanlıqları bu günyaddaşlardan silinmir. Bu qəhrəmanlıq yetişən gənc nəslə əsl vətənpərvərlik nümunəsidir.

Həmin müharibə zamanı Azərbaycandan cəbhəyə getmiş 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif ordenmedallarla təltif edilmişdir. Həzi Aslanov isə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşmuşlar. Onlar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyadaİtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşlar. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev BelarusdaDyadya Kolyapartizan birləşməsinin qərargah rəisi olmuşdu.

Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında üç mindən çox azərbaycanlı iştirak etmişdi ki, onlardanArmed Mişel” (Xarqo) adı ilə tanınan Əhmədiyyə Cəbrayılov Fransa Qəhrəmanı adını və digər ali döyüş mükafatlarını almışdı.

Yuqoslaviyada əfsanəvi partizanMixaylokimi məşhurlaşmış Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik etmişdi. Onunla birgə partizan hərəkatında iştirak edən 50-yə yaxın həmvətənimiz Yuqoslaviyanın orden və medallarına layiq görülmüşdü.

Qələbədə Azərbaycan nefti həlledici rol oynamışdır. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü.

İkinci Dünya müharibəsi Azərbaycandan çox uzaqda başlansa da, dünyaya ağalıq etmək iddiasında olan Hitler Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. Almaniya Bakı neftini ələ keçirməklə Şərqə – İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hətta Hitlerin tapşırığı əsasında Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin xəritəsi hazırlanmış, Qafqaza hücumla bağlı “Edelveys” planında Bakının işğalının dəqiq vaxtı göstərilmişdi.

Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını bilən Hitlerin tapşırığı ilə Almaniyanın I tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: “Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”.

Düşmənin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırmış, onu ön plana çəkmişdi. İkinci Dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Azərbaycan təmin edirdi. Kimyaçı alimlərimiz tərəfindən müharibə illərində 38 növ sürtkü yağının, 9 adda təyyarə benzininin və 8 növ dizel yanacağının istehsalı təşkil olunmuşdu. Bu da Azərbaycanın faşizm üzərindəki Qələbəyə töhfəsi idi.

İkinci Dünya müharibəsində Azərbaycanın xidmətləri, Qələbənin qazanılmasındakı zəhməti həmin dövrün ictimai-siyasi xadimləri, dövlət rəsmiləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Məsələn, böyük dövlət xadimi Nikolay Baybakov faşizm üzərində qazanılan Qələbədə Azərbaycanın töhfələrini yüksək qiymətləndirmişdir: “Faşizm üzərində Qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü”.

O dəhşətli gündən 76 il ötür. Həmin illərin canlı şahidləri olan Böyük Vətən müharibəsi veteranları xalqımızın fəxridir. Ulu öndər Heydər Əliyev onları “Xalqımızın qızıl fondu” adlandırırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May – Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərilir.

Böyük Vətən müharibəsi veteranları, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verənlər heç vaxt unudulmur. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu günböyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Bu müharibədən 76 il keçsə də, həmin illərdə misilsiz şücaət göstərmiş qəhrəman oğul və qızlarımızın xidmətləri heç vaxt unudulmur.

 

Əliqismət BƏDƏLOV,

 

Xalq qəzeti.- 2017.-22 iyun.- S.5.