Sumqayıt hadisələri: erməni

təxribatının məkrli səhifələri

 

(əvvəli qəzetin

28 fevral nömrəsində)

 

“Krunk” hadisədən qabaq ermənilər

arasında təşviqat vərəqələri yayırdı

 

Sumqayıtda baş verən hadisələrin canlı şahidləri var və onlar hadisələrə qədər Sumqayıtda ekstremist qrupların peyda olması haqqında hüquq-mühafizə orqanlarına ətraflı izahatlar vermişlər. Bir neçəsini oxucuların diqqətinə çatdırmaq istərdim.

İqor Ağayev: “Çalışdığım 2 saylı ixtisaslaşdırılmış mexanizasiya idarəsində azərbaycanlılarla yanaşı, ruslar, ermənilər, yəhidilər, ləzgilər, udinlər, ukraynalılar işləyirdilər. 1988-ci ilin fevral hadisələri ərəfəsində ekstremist fikirləri ilə diqqəti cəlb edən Nobel Andriyan tez-tez işə çıxmırdı. Sonralar məlum oldu ki, Qarabağa gedirmiş və “Krunk”un fəal üzvlərindəndir. Nobelə iş yoldaşları onun haqqında ciddi tədbir görüləcəyini söyləyəndə, o, ehtiyatsızlıq edib belə bir söz işlətmişdir: “Sumqayıtda tezliklə nə isə çox ciddi bir hadisə baş verəcək, sanki zəlzələ olacaq, mən ailəmlə buranı tərk etməliyəm”. Mən ona dedim: “Nobel, mən bilirəm, sən niyə buradan qaçırsan. Sənin ekskovatorunun kabinəsindən “Krunk” cəmiyyətinin Sumqayıtda yaşayan üzvlərinin siyahısını tapmışam və siz yəqin ki, burada nə isə bir “oyun” çıxartmaq istəyirsiniz, ona görə özün “aradan çıxmaq” istəyirsən. Nobel ertəsi gün yox oldu. Həmin dövrdə idarədə çalışan erməni millətindən olan Adolf Suklasov məhkəmədə şahid kimi ifadə verərkən demişdir: “Sumqayıt hadisələrini azərbaycanlılar yox, ermənilər özləri törədiblər”.

Fərhad Mövsumov, Sumqayıt səhiyyə şöbəsinin qarajında usta işləyib. “Qarajın müdiri Karlen Babayan idi. Ətrafına erməni millətindən olan etibarlı kadrlar toplamışdı. Hadisələrdən əvvəl onun yanına bizim tanımadığımız adamlar toplaşırdı. Erməni dilində danışırdılar. Sonralar Yerevandan, Stepanakertdən Karlenin yanına ermənilər gəlməyə başladı. Onları kabinetində qəbul edirdi və içəri heç kimi buraxmırdı. Doğrusu, onların söhbətləri ilə maraqlanmırdım. Əmək haqqı veriləndə qarajda çalışan erməni ustalar Karlenin kabinetinə çəkilirdilər. Bu da bizdə şübhə yaradırdı. Sonralar məlum oldu ki, onlar Dağlıq Qarabağda fəaliyyət göstərən “Krunk” cəmiyyətinə hər ay maddi yardım edirlər. 1988-ci ilin fevral ayının ortalarında başa düşdüm ki, K.Babayan qarajda “Krunk” cəmiyyətinin özəyinin rəhbəri olub. Karlenin yanına Sumqayıtda baş verən hadisələrdə iştirak edən qatı cinayətkar Eduard Qriqoryan da iştirak edirdi. Əvvəllər onu “Paşa” kimi tanıyırdım. Çox hiyləgər və bic idi. Bizimlə həmişə Azərbaycan dilində danışırdı. Sumqayıtda iğtişaşlar zamanı “Paşa”nı tanıdım və onun E.Qriqoryan olduğu mənə məlum oldu”.

Sevda Nuriyeva: “Uzun müddət kimya istehsalat birliyində yerləşən 0177 saylı əmanət kassasında müdir işləmişəm. Müəssisədə ermənilərin sayı heç də az deyildi. Onların əksəriyyəti bizim əmanətçilər idi. 1988-ci ilin fevral ayında ermənilərin, demək olar ki, hamısı kassadan pullarını çıxartdılar. Sonralar mənə məlum oldu ki, erməni millətindən olan Marina Osipyan bütün bunların təşkilatçısı olub. Onlar hər ay kassadan çıxarılan pulları “Krunk” cəmiyyətinə keçirirdilər. Kollektivimizdə çalışan Lida Martirosyan, Siranuş Barabonyan və Ramella Ayrapetyanın Sumqayıtı tərk etmək niyyətləri yox idi. Lakin Stepanakertdən olan zənglər, Sumqayıtda “Krunk” cəmiyyətinə rəhbərlik edən qatı  şovinist ermənilər onları məcbur etdilər ki, şəhərdən çıxsınlar.”

Valentina Mehdiyeva: “1959-cu ildən Sumqayıt şəhərində yaşayıram. 11 saylı orta məktəbi bitirdikdən sonra rabitə idarəsində telefonçu vəzifəsinə işə düzəldim. 35 il bu kollektivdə çalışdım. İşimiz üç növbədən ibarət idi. Kollektivimizdə erməni millətindən olan kadrlar çox idi. Aramızda mehribanlıq hökm sürürdü. 1988-ci ilin əvvəllərindən ermənilərin azərbaycanlılara, ruslara qarşı münasibətləri dəyişməyə başladı. Həmin ay Ermənistana və Stepanakerdə sifarişlər çoxaldı. Biz həmin sifarişlərin məzmunu ilə tanış ola bilmirdik. Bütün danışıqlar əvvəllər rus dilində aparılırdı. Fevral ayında isə sifarişləri ermənilər öz dillərində aparırdılar.

Ermənilərin iş zamanı bir-birinə kustar şəkildə çap olunmuş vərəqələrin ötürməsinin şahidi olduq. Onlar bu materialları bizdən gizlədir, ayrı otağa çəkilib oxuyurdular. 1988-ci ilin axırlarında ermənilərin şovinist və qatı millətçi xarakterləri üzə çıxdı. Ekstremist ruhlu ermənilər arasında Emma Aruşanyanı göstərmək olar. Onun yanında tez-tez gənc oğlanları görmək olardı. Onlar pıçıltı ilə erməni dilində danışırdılar. Əvvəllər belə hadisələrə rast gəlməmişdik. Həmin oğlanların geyimləri bizi heç maraqlandırmırdı. Qara plaşlı və saqqallı cavanlar idilər. Sonralar məlum oldu ki, Dağlıq Qarabağdan gəlmədirlər və Sumqayıtda iğtişaşların törədilməsində fəal iştirak ediblər”.

 

İzlər hara aparır?

 

M.Qorbaçovun “yenidənqurma” siyasəti özünü doğrultmadı. Bu siyasi pərdə arxasında milli zəmində münaqişələr qızışdırılırdı. Moskva isə susurdu. İlk iğtişaşlar hamıya məlum olduğu kimi, 1986-cı ildə Alma-Ata (indiki Almata) şəhərində baş verdi. Aparılan araşdırmalar və Qazaxıstanda nəşr olunan kütləvi informasiya vasitələrindən məlum olur ki, iğtişaşlardan əvvəl fəhlələrə “KQB” (DTK) tərəfindən silah paylanılmışdı. Bu da iğtişaş zamanı qarşıdurma yaratdı, qan töküldü və respublikada vəziyyəti xeyli gərginləşdirdi.

1992-ci il aprel ayının 17-də “Komsomolskaya Pravda” qəzetinə müsahibə verən ulu öndər Heydər Əliyev Qazaxıstanın Alma-Ata şəhərində baş verən hadisələrin günahkarının M.Qorbaçov olduğunu vurğulayaraq demişdir: “Qazax millətçiliyi” ifadəsini ilk dəfə məhz M.Qorbaçov işlətmişdir”.

Mərkəz, Kreml yerlərdə olan hadisələrdən məlumatlı idilər. Lakin qarşısı alınmırdı. Nəticədə 1988-ci ildə Sumqayıtda, 1989-cu ildə Tiflisdə, Fərqanədə, Oşda, 1990-cı ildə Bakıda, 1991-ci ildə Vilnüsdə iğtişaşlar baş verdi.

Görkəmli  jurnalist E.Albaz SSRİ dövlət təhlükəsizlik orqanlarının apardığı gizli planlar və həyata keçirdikləri təxribatlar haqqında silsilə məqalələri ilə oxuculara yaxşı tanışdır. O, 1992-ci ildə, Moskvada nəşr olunan “Ìèíà çàìåäëåííîãî äåéñòâèå” kitabında yazır: “Tiflisdə 9 aprel günü ərəfəsində Gürcüstanın Dövlət Təhlükəsizlik Komitəsinin polku hazır vəziyyətə gətirilmişdir. KQB əməkdaşları insanları meydandan tankla, istehkamçı dəmir bellərlə dağıdanda foto və video kameralar ilə çəkməyə başladılar”.

DTK-nın dəst-xətti Özbəkistanda da həyata keçirildi. Fərqanə şəhərində baş vermiş hadisələrdə xüsusi xidmət orqanlarının əli vardı. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü A.Yakovlev “Sumerki” kitabında yazır: “Bir neçə konflikt və həyəcanlı hadisədən tutmuş, Novoçerkasskdan başlayaraq fəhlələrin güllələnməsi, Alma-Ata, Sumqayıt, Fərqanədə insan qanının axıdılması SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ssenarisi əsasında baş vermişdir”.

Analogiyaya fikir verin: Alma-Atada, Tiflisdə, Fərqanədə, Oşda, Taşlakda, Uzendə Sumqayıt ssenarisinə uyğun təxribat yaradıldı. Regionda milli-etnik qruplar arasında münasibətlər gərginləşməyə başladı. Taşlakda yerli əhaliyə tanış olmayan adamlar peyda oldular və kütləni iğtişaşlara səsləməyə başladılar. İğtişaşların yaxınlaşması haqqında Moskvaya, Mərkəzi Komitəyə məktublar göndərilir, lakin bütün müraciətlər cavabsız qalırdı. Hadisələrdən əvvəl Uzendə yaşayan taciklərin 13 faizi özlərinin və ailə üzvlərinin təhlükəsizliyi  üçün şəhəri tərk etmişdilər.

1989-cu ilin yay aylarında Fərqanədə, Oşda, Uzendə milli etnik zəminində yaranan konfliktlər səbəbindən qan töküldü. İğtişaşların qarşısını almaq üçün şəhərə qoşun yeridildi, komendant saatı elan olundu. Məgər bütün bu hadisələr Sumqayıt hadisələrinin davamı deyildimi? Davamı idi! Sual olunur: Məgər bütün bu hadisələrdən Qorbaçovun, xüsusi xidmət orqanlarının xəbəri yox idimi? İğtişaşların qarşısını almaq üçün kifayət qədər hərbi qüvvə  yox idimi? Var idi!

Dediklərimizə aydınlıq gətirmək üşün SSRİ Nazirlər Sovetinin sədri işləmiş N.Rıjkov özünün “İñtîêi razruşeniye” kitabında yazır: “Qorbaçov ölkədə milli zəmində yaranan kəskin münaqişələr zamanı həmişə xaricə səfər edərdi. Bundan istifadə edən qüvvələr bu hadisələri Siyasi Büroda olan konservativ qrupların üzərinə yıxırdılar. Qorbaçov, Yakovlev, Şevardnadze, Medvedev isə kənarda qalırdılar. Qorbaçov həmişə onları özü ilə səfərlərə aparırdı. Çox adam sadəlövhlüklə buna inanırdı. Məgər bu miqyasda olan hadisələr bir neçə günə hazırlanıb həyata keçirilə bilərdimi? Bu hadisələrin kökü, mahiyyəti və nəticələri üçün günlər çox azlıq təşkil edir. Baş katib dünyanın hansı bir guşəsində olmasına baxmayaraq, hər şeydən xəbərdar idi”.

Orta Asiyada nəşr olunan kütləvi informasiya vasitələrinin yazdıqlarına diqqət yetirək:

“Ferqanskaya Pravda” (iyun, 1989): “Adama elə gəlirdi ki, tufanın yaxınlaşdığını xəbər verən heç bir əlamət yoxdur. Səhərdən Taşlakda sakitlik hökm sürürdü. Ancaq saat 10 radələrində “Avrora” kinoteatrının yanında qızışmış izdiham toplaşmağa başladı. Onları sakitləşdirmək üçün raykom işçiləri hadisə yerinə gəldilər. Ancaq bu da kömək etmədi. Çox təəccüblüdür ki, düşməncəsinə əhval-ruhiyyədə olan adamların arasında, demək olar ki, yerli əhalidən, yəni taşlaklılardan heç kim yox idi. Məhz onlar, yəni düşmən əhval-ruhiyyədə olanlar Mesxeti türklərinə divan tutmağa çağırırdılar və tezliklə “İnternosional” küçəsinə üz qoyub, qarşılarına çıxan hər şeyi darmadağın etdilər. İnsanlar qırılır, evlər od tutub yanırdı”.

“Türkestan” qəzeti (yanvar-fevral 1990): “Hər şey Kuvasaydan başlandı...özbəklərlə Mesxeti-türkləri arasında xırda məsələ üstündə konflikt yarandı...şayiələr baş alıb gedirdi. Guya Kuvasayda uşaqları və qadınları öldürürlər, evləri yandırırlar. Əslində isə belə hadisələr olmamışdı. Taşlakda bir qrup ekstremist müxtəlif silahlardan və lüləsi kəsik tüfənglərdən atəş açdı. Partlayıcı paketləri və içində yandırıcı maddələrlə doldurulmuş şüşə qabları Mesxeti türklərinin evlərinə atmağa başladılar. Bu, 4 saat davam etdi. Özbaşınalıq və vəhşilik baş alıb gedirdi. Bunun da böyük və ağır nəticələri oldu. 43 ev yandırıldı, 170 ev və mənzil qarət edildi, 10 maşın, 12 motosikl alova büründü. Qətl hadisələri, zorakılıq halları baş alıb getdi.

SSRİ Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin verdiyi məlumata görə, hadisələrdə 99 nəfər adam qətlə yetirilmişdir. Onlardan 20-si özbək, 69-u Mesxeti türkləri, 10 nəfəri isə başqa millətlərin nümayəndələri olub”.

Orta Asiya respublikalarında baş verən hadisələri misal gətirməkdə məqsədim bundan ibarətdir ki, Sumqayıtda iğtişaşlar törədən erməni millətindən olan ekstremist qrupların bir neçə üzvü öz çirkin əməllərini başa vurduqdan sonra təcili olaraq Özbəkistana yola düşmüşdülər. Bu bir daha onu göstərir ki, millətlərarası münaqişələrin yaradılması və alovlanması Moskvaya, ölkə rəhbərliyinə lazım idi.

HAŞİYƏ: Ermənilərin Özbəkistanda milli zəmində yaratdıqları münaqişənin kökü dərindir. “Daşnak sütyn” partiyasının, onun terrorist təşkilatları 1918-20-ci illərdə Qafqazda, o cümlədən Orta Asiyada milli-etnik qruplar arasında münaqişələr yaradır, kəndləri yandırır, insanları qətlə yetirirdilər. Azərbaycanda baş verən hadisələrə toxunmaq istəmirəm. Bu haqda kifayət qədər yazılıb. Daşkənddə nəşr olunan “Turkestan i Yujnıy Kavkaz XIX-XX vekax. Daşnaki ot Ferqani do Karabaxa” kitabının müəllifi Ş.Salamov yazır: “Daşnaklar Qafqazda olduğu kimi, Orta Asiyada da yerli əhaliyə qarşı özlərini vəhşicəsinə aparır, qəddarlıq göstərir, cinayət törədirdilər. Onlar əsl başkəsənlər, soyğunçular və quldurlar idi. Daşnaklar Kokand şəhərini bütünlüklə dağıdıb, yandırdılar. Yerli əhalini isə qılıncdan keçirdilər. O illərin şahidləri qeyd edirdilər ki, Kokand şəhəri ölü şəhərinə çevrilmişdi.

Daşnaklar xəstəxananı, xəstələrlə birlikdə diri-diri yandırdılar. Pambıqtəmizləmə zavodunun 50 nəfər işçisini ailəsi ilə bir yerdə qılıncdan keçirdilər. On məhəllənin bütün sakinlərini qəddarcasına qətlə yetirdilər. Qısa müddət ərzində Kokandda 10 min dinc əhali qırıldı. Daşnaklar onların əllərini, ayaqlarını, qadınların isə döşlərini kəsdilər. 1897-ci ildə Kokandın əhalisi 120 min nəfər idi. 1926-cı ildə onların sayı 69.300 nəfər oldu. Daşnaklar qarşılarına çıxan müsəlmanların hamısını öldürür, evlərini qarət edir, sərvətlərini oğurlayıb özləri ilə Qafqaza aparırdılar....

Erməni tarixçisi Lalayan XX əsrin əvvəllərində yazırdı: “Daşnaklar türk qadınlarını və uşaqlarını, qocalarını və xəstələri öldürməkdə maksimum şücaət göstərirdilər. Qaniçən Andronikin və Amazaspomun başçılığı ilə maksimum hünər göstərərək, türkləri amansızcasına qətlə yetirirdilər. Daşnaklar boşaltdıqları kəndləri xarabazarlıqlara çevirirdilər, hər yan meyitlə dolu idi. Beləliklə, daşnak hərəkatının Orta Asiyada vəzifəsi türkləri məhv etməklə nəticələndi...

Daşnakların Türküstana gəlişindən əvvəl ermənilər məşhur tacirlər idi, yerli əhali ilə konfliktə girməzdilər... XVII əsrdə yaşamış erməni tarixçisi S.Lexasi 1608-ci ildən başlayaraq 12 il Osmanlı imperiyasının torpaqlarını qarış-qarış gəzmiş və əmin olmuşdur ki, ermənilər türk sultanlarının rəhbərliyi altında kasıbçılıq çəkməmiş, əksinə, rahat və firavan yaşamışlar. Onların şəxsi evləri vardı, yüksək vəzifə sahibləri idi, sərbəst şəkildə kilsələrə gedirdilər. “Daşnaksütyun  partiyası onları türklərə qarşı istifadə edir, imtina edənləri isə qılıncdan keçirib günahı türklərin üstünə atırdılar”.

 

Sumqayıtlılar erməniləri necə xilas edirdilər?

 

İngilis jurnalisti Tomas de Vaal “×åðíûé ñàä” kitabında yazır: “Bəlkə də, Sumqayıtda – çox uğursuz bir şəhərdə, minlərlə qaçqınların son dərəcə qeyri-müəyyən və ümidsiz bir şəraitə düşdüyü məkanda “qan tökülməsinin qarşısı niyə alınmadı?” sualına cavab axtarmaq düzgün deyil.

Əlbəttə, haqlı və məntiqli sualdır. Görəsən sumqayıtlıları kim qorumalı idi və nə üçün qorumadı? Bu suala birmənalı cavab vermək çətindir. Kim istərdi ki, yaşadığı, böyüyüb boya-başa çatdığı bir şəhərdə iğtişaşlar törədilsin, insanlar qətlə yetirilsin, evlər yandırılsın, qarətlər edilsin? Bizə elə gəlir ki, heç kim! Yaxşı bəs onda şəhəri kim qorumalı idi? Dinc, əmin-amanlıq və dostluq şəraitində yaşayan yerli əhalimi? Qoruya bilərdi? Qoruya bilərdi! Əgər Moskva, SSRİ-nin güc strukturları işə qarışsaydı. Moskva isə bunu istəmədi, əksinə, iğtişaşlara rəvac verdi.

Yüzlərlə ekstremist qrupunun silahlanmış xuliqan dəstələrinin qarşısını ilk növbədə hüquq-mühafizə orqanları almalı idi. Niyə almadılar? Tomas de Vaal Sumqayıtda olarkən bu sualın cavabını dəqiq öyrənməli idi. Həmin dəhşətli günlərdə Sumqayıt şəhər milis şöbəsinin rəisini işdən kənarlaşdırmışdılar, orada çalışan işçilərdən yuxarıdan verilən göstərişə uyğun olaraq bütün silahlar alınmışdı. Hətta ovçular evində qeydiyyatda olan ov həvəskarlarının silahları da müsadirə edilmişdi. Yerli təhlükəsizlik orqanlarının rəhbəri başqa vəzifəyə keçirilmişdi.

Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi məzuniyyətdə idi. Sumqayıtın hüquq-mühafizə orqanlarına şəhərdə baş verən iğtişaşların qarşısını almağı Moskvadan – SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən gəlmiş yüksək rütbəli işçilər qadağan etmişdilər. Bunu şahid ifadələri də təsdiq edir. Bəs sovet qoşunları? Onlar necə, şəhəri qoruya bilməzdilər? Axı, sovet əsgərləri Sumqayıta bir neçə gün əvvəl gəlmiş, məhəllə və mikrorayonlarda dislokasiya olunmuşdular. SSRİ müdafiə naziri D.Yazov bu sətirlərin müəllifi “Sumqayıtın əks-sədası” sənədli filminə verdiyi müsahibəsində demişdi: “İğtişaşların qarşısını qoşunlar ala bilərdilər. Lakin Ali Baş Komandan M.Qorbaçovun əmri olmadan bizim heç bir insidentin qarşısını almağa ixtiyarımız yox idi”.

SSRİ  tarixindən məlumdur ki, bir neçə şəhərdə, o cümlədən Tiflisdə (1956), Novoçerkasskda (1962), Temirtauda (1959), Sumqayıtda (1963), Çimkənddə (1964), Dneprodzerjinskdə (1972), Leninoqorskda (1984) baş verən iğtişaşların qarşısı sovet hüquq-mühafizə orqanları tərəfindən bir günün içində alınmışdı. Belə böyük hərbi və fiziki qüvvəyə malik olan Sovet ordusu, kəşfiyyat orqanları Qorbaçovun dili ilə desək, bir qrup “xuliqan”ın əlində aciz idi?! Çox gülünc görünür.

Tomas de Vaalın “Sumqayıtı niyə qorumadılar?” sualı tez-tez xarici informasiya vasitələrinin səhifələrində səslənir. Hadisələrdən 29 il keçib. İngilis jurnalistinin diqqətinə çatdırmaq istəyirəm ki, əgər sumqayıtlıların humanizmi, dostluğu, fədakarlığı olmasaydı, Sumqayıtda 26 nəfər erməni yox, bəlkə də yüzlərlə erməni qırılardı. Bunu erməni kütləvi informasiya vasitələri həmişə təkzib etməyə çalışır. Lakin fakt faktlığında qalır.

Sumqayıtlılar öz həyatlarını təhlükə altına ataraq, ermənilərə öz evlərində, bağlarında, rayonlarda sığınacaq verdilər, ac qalmağa qoymadılar, onlara lazımi maddi və mənəvi dəstək verdilər. Məgər bütün bunlar banditlərdən qorumaq deyildimi? Onların məkrli və cinayət xarakteri daşıyan əməllərinin qarşısını almaq da azərbaycanlıların fədakarlığı deyildimi?

Bunu Sumqayıtın komendantının və çox sayda sumqayıtlıların, rusların, yəhudilərin və ermənilərin izahatlarından aydın görmək olar.

General Krayev, 1988-ci ildə Sumqayıtın komendantı. “Pravda” qəzeti, 21 mart 1988-ci il “Ölüm çox ola bilərdi. Əgər yerli əhali kömək etməsəydi. Avtobus sürücüsü elə həmin an 10 erməni ailəsini öz doğma rayonuna, Şəkiyə apardı. Azərbaycanlı ailələri binalarına hücum edən xuliqanların qabağını kəsmişlər. Bir fəhlə öz erməni dostu ilə avtobusda gedirdi. Xuliqanlar avtobusun qabağını kəsib ermənini tələb etdilər. Azərbaycanlı özü yaralandı, dostunu isə xilas etdi”.

Azərbaycan Respublikası Baş Prokurorluğuna verilən izahatlardan. Sabir Qasımov: “1988-ci fevral ayının 28-də, təxminən saat 17.30-da öz mənzilimdə idim. Blokda səs-küy eşitdim. 3-cü mərtəbədə yaşayıram. Qapını açanda gördüm ki, 4-cü mərtəbədən aşağı Mejlumyan Qriqori və onun həyat yoldaşı Roza düşürlər. Hər ikisinin sifətində qan izləri vardı. Ağlayırdılar. Dedilər ki, onları döyüblər və xahiş etdilər ki, onları gizlədim. Qonşularımı mənzilimə gətirdim və yataq otağımızda gizlətdim. Sonra həyətə düşdüm. Blokun qarşısında mənə tanış olmayan adamlar gördüm. Evə qayıdanda Mejlumyanların bir qızını da gördüm, onu da döymüşdülər. Qolundan tutub evə gətirdim”.

Albina Yesayan: “1988-ci il fevral ayının 28-də Sumqayıt avtovağzalının yaxınlığında ailəmizin başına fəlakət gələ bilərdi. Azğınlaşmış kütlə üstümüzə hücum etdi. Tanımadığımız azərbaycanlılar bizi müdafiə etdi, hətta quldur dəstəsi ilə əlbəyaxa oldular. Sonra bizi maşına otuzdurdular, hadisə yerindən uzaqlaşdırıb, Sarıqaya bağlarında gizlətdilər. Bu adamları tanımırdıq. Lakin onlar bizi ölümdən xilas etdilər”.

Xanım İsmayılova: “Fevralın 25-dən 28-dək Bakıda bacımgildə idim. Ayın 28-də evə axşam qayıtdım. Binamızın qarşısında xeyli adam toplaşmışdı. Onlara diqqət yetirdim. Tanış adama rast gələ bilmədim. Mənzilimə yollandım. Blokda qonşumuz Raya Avanesyanı şok vəziyyətində gördüm. Qoluna girib evə gətirdim. Sonra tanımadığım bir şəxs Rayanın qızı Marinanı içəri saldı. 4-cü mərtəbədə 45 və 47-ci mənzillərin qapılarını sındırırdılar. Orada çoxlu adam var idi. Emma Qriqoryanın nəvəsi Kristina qorxudan küncə sıxılıb oturmuşdu. Mən onu qollarımın arasına alıb qucaqladım. Kütlədən kimsə dedi ki, qıza toxunmayım. Cavabında dedim ki, bu, mənim qızımdır və onu mənzilimə apardım. Sonra qonşum Emma Qriqoryan Bakıdan gələn qonaqları ilə bizə gəldilər. Onları da ayrıca otaqda yerləşdirdim. Bir azdan qapı döyüldü. Qapını açdım. Kandarda Qriqoryan Nelya qızı və oğlu ilə, Qriqoryan Valentina əri Exos və oğlu ilə dayanmışdılar. Qorxularından tir-tir əsirdilər. Onları içəri buraxdım. Təhlükənin sovuşduğunu öyrənmək üçün mənzildən çıxdım. Bu vaxt tanımadığım bir adam bıçağı boğazıma dirəyib dedi ki, niyə erməniləri evində gizlədirsən? Mən ona dedim ki, mənzilimdə heç kim yoxdur. Onlar açarları əlimdən aldılar, evimə daxil olmaq istəyəndə kürəyimi qapıya söykədim, heç kimi buraxmadım. “Adam öldürmək istəyirsinizsə, məni öldürün”, – dedim. Onlar bunun əvəzində qızıl əşya, pul tələb etdilər. Üstümdə 402 rublu, qulaqlarımdakı qızıl sırğaları, barmağımdakı üzüyü çıxardıb onlara verdim. Onlar əlimdə nə vardısa aldılar, mənə tərs-tərs baxıb çıxıb getdilər. Həmin adamın əynində qara rəngdə “Layka” plaş var idi. Sumqayıtlıya oxşamırdı. Rus dilində danışırdı, ləhcəsindən erməni olduğunu o saat anladım”.

Şagen Avakyan: “40 ilə yaxındır ki, Sumqayıtda yaşayıram. Bura Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonundan gəlmişəm. Bu illər ərzində ən qiymətli qazancım o olub ki, çoxlu dostlarım var. Dar gündə bunlar sübut olundu. Onlar bizi azğınlaşan kütlənin əlindən xilas etdilər. Qonşularım həmin günlərdə ailəmizi öz evlərinə köçürüb, özləri bizim keşiyimizi çəkdilər. Təhlükə sovuşandan sonra isə bizi Nasoslu (Tağıyev qəsəbəsi-müəllif) qəsəbəsinə apardılar. Burada Vanya adında bir nəfərin evində qaldıq. 15 nəfərdən ibarət idik. Bizə hər cür qayğı və diqqət göstərirdilər. Burada yaşadığımız günlər Dəvəçi rayonunun dağ kəndlərindən, Siyəzəndən, Bakıdan, Sumqayıtın özündən çoxlu azərbaycanlı dostlarım gəlib, bizi öz evlərinə dəvət edirdi”.

Eduard Yedilqaryan: “Özgəsinə kömək et ki, təhlükə səndən uzaq olsun”. Azərbaycan atalar sözünü həmişə qonşum feldşer-laborant Şahnigar Bəbirova ilə rastlaşanda xatırlayıram. Həmin ağır günlərdə Bəbirova, demək olar ki, bizim xilaskarımıza çevrildi. “Xuliqanlar” bizim bloka daxil olanda onların qarşısına çıxan Şahnigar oldu. Bu vaxt həyat yoldaşı Sahib gəlib çıxdı. Onlar səhərəcən yatmadılar, iğtişaşlarda iştirak edənlərə müqavimət göstərdilər, onları həyətdən qovmağa müvəffəq oldular. Bununla onlar beş erməni ailəsini ölümdən xilas etdilər. Biz 19 nəfər idik. Aramızda qocalar, qadınlar və körpə uşaqlar var idi. Bəbirovlar ailəsi, demək olar ki, bizə ikinci həyat bəxş etdi”.

Zübeyir Səfərov: “Həmin illər 6-cı mikrorayonda yaşayırdım. Həyətimizdə milli məsələ barədə heç bir vaxt söhbət olmazdı. 1988-ci ildə Sumqayıtda “Krunk” cəmiyyəti haqqında danışmağa başladılar. Buna əhəmiyyət vermədik. İğtişaşlar başlananda yetkinləşməmiş gənclərin başında bizə tanış olmayan qara plaşlı adamlar görünməyə başladı. Həyətimizdə yaşayan ermənilər təşvişə düşdülər. Onları sakitləşdirdik. Mənim yaşadığım blokun ikinci mərtəbəsində Mixail Avanesov, dördüncü mərtəbədə isə Qriqori Arakelov yaşayırdılar. Biz hər iki ailəni evimizdə gizlətdik. Sonra həyətdə qonşulardan ibarət bir neçə dəstə düzəldib mikrorayonumuzun giriş-çıxışını bağladıq. Səməd Vurğun adına küçədən axışan kütlə mikrorayona girmək istəyirdi. Onlara imkan vemədik. Səhərəcən erməni ailələrini azğınlaşmış quldurlardan qoruduq. Martın əvvəllərində Avanesovla, Arakelovun ailələrini Bakıya, qohumlarıgilə apardım. Qriqori yolda mənə dedi ki, bu işdə qarabağlıların günahı yoxdur. Aranı qızışdıran Qarabağın mafioz qrupları və millətçi qüvvələridir”.

Fatma İbrahimova: “Xuliqanların azğınlığı hamını vahiməyə salmışdı. Qonşum Yeva ağlaya-ağlaya bizə gəldi. Mən onu sakitləşdirmək istədim. Özünə toxtaqlıq verib dedi ki, özü üçün qorxmur, qızı boyludur, uşaq gözləyir, sancıları da başlayıb. Xəstəxanaya aparmağa qorxur. Biz onu sakitləşdirdik. Sonra zəng vurub oğlumu çağırdım. Yevanın qızı Susannanı oğlumun maşınına mindirib doğum evinə apardıq. Susannaya bütün qayğını göstərdilər. Biz Yeva ilə onun yanından ayrılmadıq. Susannanın oğlu oldu. 3 kiloqram 600 qram. Doğum evinin baş həkimi Şəhla Abışovanın diqqət və qayğısını indi də unuda bilmirəm”.

Mixail Qorin, “Kommunist Sumqaita” qəzetini redaktor müavini: (10.10.1989) “Fevral hadisələrindən sonra mən Sumqayıt doğum evində oldum. Ayın 28-də Valentina Babayan dünyaya qız gətirmişdi. Anjela Yeqanyanın da qızı olmuşdu. Həmin gün akuşer Anjela Azizbekyan Xalidə Əhmədovaya dünyaya uşaq gətirməkdə köməklik etmişdir. Susanna Minasyanın oğlu olmuşdu. Bir sözlə, fevralın 28 və 29-da doğum evində 38 nəfər uşaq doğulmuşdu. Bir ölüm hadisəsi də olmamışdı, zədə alanlar da həmçinin.

Aprel ayında fevralın 28-də dünyaya uşaq gətirən Rita Atalyanın evində oldum. Ritanın dedikləri: “Doğum evində sakitlik hökm sürürdü. Mənim oğlum oldu. 3 kiloqram 100 qram. Adını Aleksandr qoymuşuq. “Saşa” üçüncü övladımdır. Əvvəlki uşaqları həmin doğum evində dünyaya gətirmişəm. Heç bir problemim olmayıb. Doğum evində olan şayiələr haqqında qayınanamdan eşitdim. Rayondan zəng vurmuşdu, mənə və uşağa görə həyəcan keçirirdi. Soruşurdu ki, mən necə xilas olmuşam? “Haradan eşitmisən”, – deyə soruşdum. Cavabında dedi ki, “bütün Moskvada şayiə yayılmışdı ki, Sumqayıtda 200-300 nəfər erməni qətlə yetirilib. Guya, doğum evində anadan olan uşaqları öldürüblər. Heç kim də xilas etmirdi”. Qayınanamı sakitləşdirdim, dedim: “Doğum evində heç bir problemə rast gəlmədim. Evə də səssiz-səmirsiz gəldim”.

Sumqayıt beynəlmiləl şəhər idi. Onun haqqında dastanlar qoşulmuşdu. Burada yaşamağın özü bir xoşbəxtlik idi. Sumqayıtda millətlərarası ayrı-seçkilik heç bir vaxt olmamışdı. Hamının arzu və istəyi bir idi. Azərbaycanlıların başqa millətlərə qarşı kin-küdurəti, paxıllığı, xəyanəti heç bir vaxt olmamışdı. Ermənilər Azərbaycan xalqına  xain çıxdılar. Öz mənfur siyasətlərini həyata keçirmək üçün Sumqayıtda qan tökdülər, nəticədə 32 adam qətlə yetirildi. ABŞ-ın, Fransanın, İngiltərənin Hollandiyanın, Rusiyanın bir sıra kütləvi informasiya vasitələri erməni lobbisinin vasitəsilə bu rəqəmi şişirtməyə başladılar. Fakt isə faktlığında qalır.

Erməni millətçilərinin dedikləri və uydurduqları 400, 500, 1000...nəfər erməninin öldürülməsi Azərbaycan xalqına, sumqayıtlılara atılan böhtandan başqa bir şey deyildir. Onların yazdıqları kimi, əgər azərbaycanlılar həqiqətən “başkəsən”, “quldur” olsaydılar, onda Sumqayıtda həqiqətən ölənlərin sayı qat-qat çox olardı. Sumqayıtlılar isə həyatlarını təhlükə altına atıb, fədakarlıq nümunələri göstərdilər, sinələrini qabağa verib, azğınlaşmış kütlənin qarşısına çıxdılar, özlərinə xəta yetsə də, evlərində gizlətdikləri erməni qonşularını satmadılar.

Azərbaycanlılar erməniləri kütlənin əlinə verə də bilərdilər. Lakin bunu etmədilər. Vicdanları buna yol vermədi. Dar gündə kiməsə arxa durmaq, yardım əlini uzatmaq azərbaycanlıların  adətidir. Əgər Sumqayıtda kimsə bu humanistlikdən özünə qarşı təhlükə hiss edib, qonşusunu xilas etməkdən çəkinsə idi, onu bütün el-oba qınayardı. Bu qınağın sahibi olmamaq üçün isə azərbaycanlılar erməniləri Sumqayıtda erməni faşistlərindən qorumalı oldular. Yuxarıda gətirdiyimiz misallar bunu bir daha sübut edir. Hər bir xalqın yaxşısı da var, pisi də. Lakin bunu ermənilərə aid etmək olmaz. İnanmaq olmur ki, bir erməni öz millətindən olan həmyerlisinə qarşı necə silah işlədə bilər? Hardasa, həmin qatili günahlandırmaq fikrindən əlavə, ona bu sifarişi verib, kölgədə gizlənənlər daha çox məsuliyyətə cəlb olunmalıdırlar. Həmin insanlar dinc, əmin-amanlıq şəraitində yaşayan bir qrup erməninin qanını tökməklə, yəqin indi hansısa bir mərkəzdə, ilk növbədə Moskvada yüksək kreslo sahibidirlər.

Nədənsə, Ermənistan rəhbərliyi, ideoloqları, xaricdə yaşayan havadarları, satın alınmış kütləvi informasiya vasitələri sumqayıtlıların 1988-ci ilin ağır günlərində göstərdikləri şücaətdən və fədakarlıqdan yazmağı tamamilə unutmuşlar. Mənə elə gəlir ki, Tomas de Vaalın “niyə qorumadılar?” sualına sumqayıtlıların humanistliyini və dostluqda sadiqliyini öyrənmək və qələmə alması vacib idi.

Azərbaycanın sürətlə inkişafında Sumqayıt şəhərinin danılmaz əməyi vardır. Sumqayıtın bu il 68 yaşı tamam olacaq. Tarixə nəzər salsaq görərik ki, Xəzərin sahilində salınmış gənc bir şəhər az bir müddətdə böyük sınaqlardan çıxmış, əsl əməksevərlər və zəhmətkeşlər şəhərinə çevrilmişdir.

Sovetlərin vaxtından qalmış, ekoloji cəhətdən köhnəlmiş zavod və istehsalatlar sökülmüşdür. Xaricdən müxtəlif profilli yeni texnologiyalar alınmış, kiçik müəssisələr yaradılmış, minlərlə fəhlə və mühəndis-texniki işçi işlə təmin olunmuşdur.

Sumqayıtda yeni Kimya Sənayesi Parkı yaradılmaqdadır. Elektroenergetika sahəsində yeni infrastruktur layihələrin həyata keçirilməsi davam etdirilir. Texnologiylar Parkında 20-dən çox iri, müasir tipli istehsal sahələri fəaliyyət göstərir.

Sumqayıtı gələcəkdə turizm mərkəzinə çevirmək üçün böyük layihələr hazırlanır. Xəzərin sahili abadlaşdırılır, insanların mənalı istirahəti  üçün hər cür şərait yaradılır. Mehmanxanaların, əyləncə parklarının, motellərin, yaxta – klubların, iaşə obyektlərinin, ailəvi istirahət zonalarının, idman komplekslərinin, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün mərkəzlərin yaranması buna sübutdur. Son bir ildə Nəsimi adına Mədəniyyət və İstirahər Parkının davamı olan yeni Dənizkənarı bulvar öz gözəlliyi və möhtəşəmliyi ilə bura gəzintiyə gələn qonaqları və turistləri heyrətə gətirir. Bir il ərzində böyük abadlıq işlərinin aparılması şəhər rəhbərliyinin, Sumqayıt təəssübkeşlərinin şücaətindən və doğma şəhərlərinə olan məhəbbətindən xəbər verir.

Sumqayıtın mədəni-maarif həyatı da olduqca zəngindir. Burada Dövlət Universiteti, elmi-tədqiqat institutları, kolleclər, musiqi məktəbləri, bir sıra mədəniyyət sarayları, klublar, poeziya evi, dövlət teatrı fəaliyyət göstərir.

Sumqayıt Almaniyanın, Rumıniyanın, Misirin, Belarusun, Çinin, Türkiyənin, İtaliyanın ayrı-ayrı şəhərləri ilə əməkdaşlıq edir, dostluq əlaqələri saxlayır.

Bütün bunları sadalamaqla onu demək istəyirəm ki, nə qədər erməni siyasətçiləri, tarixçiləri, politoloqları doğma şəhərimizə ləkə vurmaq istəsələr də tarix, zaman onların hamısının yalan olduğunu sübut edib. Artıq dünya ictimaiyyətinə məlumdur ki, Xəzərin sahilində yerləşən Sumqayıt inkişaf etməkdə, böyüməkdə olan müasir, yaraşıqlı, dostluğa sadiq bir diyara çevrilmişdir. Bu şəhərdə yaşamaq, qurub-yaratmaq bir xoşbəxtlikdir.

Məqaləmi SSRİ Yazıçılar İttifaqının sədri (1976) Q.Markovun aşağıdakı sözləri ilə bitirmək istəyirəm. “Sumqayıt gənclərin alın təri ilə qurulub, burada bir çox gənc ailə qurub və xoşbəxt yaşayır. Zəhmətkeş şəhər olan Sumqayıt başqa şəhərlərə bir nümunədir”.

 

Eyruz MƏMMƏDOV,

Azərbaycan Respublikasının Əməkdar jurnalisti

 

Xalq qəzeti.- 2017.- 2 mart.- S.7.