Vergi xidməti – yeni çağırışlar, islahatlar,

dəyişikliklər və transformasiya yolunda

 

Azərbaycan Respublikasının vergilər naziri, birinci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında (www.iota-tax.org) yerləşdirilmiş məqaləsində son aylar ölkəmizin vergi sistemində aparılmış islahatlar, vergi inzibatçılığındakı dəyişikliklərin əsas istiqamətləri ətraflı şəkildə şərh edilib. Xatırladaq ki, məqalənin birinci hissəsi qəzetimizin 1 mart, 2017-ci il tarixli sayında dərc edilibburada  liberallaşan Vergi Məcəlləsi, vergi ödəyiciləri yönümlü administrasiyaya keçid məsələləri barədə fikirlər öz ifadəsini tapıb. Aşağıdakı hissədə isə vergi sistemində təşkilati strukturun transformasiyası, beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşmalar, bilik menecmentinə əsaslanan insan resursları haqqında söhbət açılır.

 

Təşkilati strukturun  transformasiyası

 

Bu mühüm prinsip vergi orqanlarının yeni təşkilati strukturunun formalaşdırılması üçün təməl kimi qəbul edilib və Vergilər Nazirliyinin strukturunun müasir tələblər əsasında yenidən qurulmasına gətirib.

Yeni təşkilati strukturun mühüm elementlərindən biri kimi nazirliyin mərkəzi aparatında Vergi Ödəyicilərinə Xidmət və Şəffaf Vergi Partnyorluğu Departamenti yaradılıb. Departamentin birbaşa funksiyalarına vergi ödəyiciləri ilə işin konstruktiv dialoq, qarşılıqlı etimadpartnyorluq əsaslarında qurulmasına, onların məlumatlandırılmasına, ödəyicilər üçün özəl təlimlərin təşkil edilməsinə, bu məqsədlə geniş təşkilati və administrativ tədbirlərin həyata keçirilməsinə, nəticə etibarilə vergi mədəniyyətinin yüksəldilməsinə nail olmaq daxildir.

Qeyd etmək lazımdır ki, 2017-ci ilin yanvar ayından başlayaraq intizamlı vergi ödəyiciləri üçün “yaşıl dəhliz” prinsipi əsasında ənənəvi və innovativ üsullara söykənən fərdi və sürətli ünvanlı xidmətlərin göstərilməsinə təşkilati və inzibati nəzarəti məhz bu yeni struktur yerinə yetirir. Bu ödəyicilər ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlər də əldə edirlər. Belə xidmətlərə videobağlantılar, çağrı və xidmət mərkəzlərində növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün “dəyirmi masa”, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir. Koordinasiya işlərinin təşkili məqsədilə hər bir partnyor ödəyici üçün aidiyyəti vergi strukturundan ayrılan kuratorlar onlara ünvanlı xidmətlər göstərirlər. Bütün bunlar intizamlı vergi ödəyicilərinin stimullaşdırılmasına və sahibkarların rahat fəaliyyət göstərməsinə xidmət edir. Bu, digər vergi ödəyiciləri üçün də nümunədir və şübhəsiz ki, intizamlı vergi ödəyicisi olmağın üstünlüklərini nümayiş etdirməklə digər ödəyiciləri də buna təşviq edəcəkdir.

Vergi ödəyicilərinin fəaliyyətinin risk modulları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilməsi, vergi nəzarəti metodlarının təhlil olunmuş məlumatlar əsasında seçilməsi, vergi potensialının daha dəqiq qiymətləndirilməsi, risklərin müasir İKT vasitələrindən istifadə edilməklə idarə olunmasını həyata keçirmək, eləcə də çoxsaylı dövlət qurumlarının inteqrasiya olunmuş elektron məlumat bazalarından əldə edilmiş məlumatların emalını təmin etmək məqsədilə nazirliyin strukturunda Vergi Risklərinin Təhlili və Nəzarəti Departamenti fəaliyyət göstərir.

Nazirliyin aparatında aparılmış digər dəyişikliklərlə idarəetmə funksiyalarının təkmilləşdirilməsi, vergi orqanlarının fiskal funksiyalarına daxil olan sahələr üzrə əlaqələndirilməsi, o cümlədən vergi nəzarəti, audit, vergi borclarının alınması sahəsində fəaliyyətin effektivliyinin artırılması məqsədilə Vergi Qanunvericiliyinin İcrasına Nəzarət və Vergi Öhdəliklərinin İcrasına Nəzarət Departamentləri yaradılıb.

Nazirliyin mərkəzi aparatında 2 yeni mərkəz də təsis edilib. Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzi (İTM) vergi sistemində informasiya texnologiyalarının daha geniş tətbiqi və nazirliyin İKT strategiyasının səmərəli həyata keçirilməsi ilə məşğul olurbu sahədə vahid idarəetməni təmin edir. İTM-in əsas vəzifəsi vergi orqanlarında informasiya proseslərinin əlaqələndirilməsinə, geniş imkanlara malik proqram təminatlarının hazırlanması və onların fasiləsiz işlək vəziyyətdə saxlanılmasına, məlumat təhlükəsizliyinin təmin edilməsinə, bu sahələrdə risklərin qiymətləndirilməsinə, informasiya ehtiyatlarının və sistemlərinin mümkün təhdidlərdən qorunmasına, elektron imza vasitələrinin hazırlanması, tərtibi və idarə edilməsinə, müasir informasiya texnologiyaları infrastrukturu qurmaqla vergi inzibatçılığının təkmilləşdirilməsinə töhfə verməkdir.

MediaKommunikasiya Mərkəzi isə vergi ödəyicilərinin və cəmiyyətin bütün təbəqələrinin məlumatlandırılması, vergi sistemində həyata keçirilən islahatların, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin İKT-nin imkanlarından istifadə etməklə ictimaiyyətə düzgün çatdırılması, bu sahədə yeni yanaşmaların və yeni vahid kommunikasiya siyasətinin formalaşdırılması, media ilə işlərin müxtəlif platformalardasosial müstəvilərdə yenidən təşkili və genişləndirilməsi məqsədilə yaradılıb.

Paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərən vergi orqanlarının da strukturunda ciddi dəyişikliklər edilib. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Departament ləğv edilərək onların bazasında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti, Bakı Şəhəri Lokal Gəlirlər Departamenti və Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti yaradılıb. Bu departamentlərin yaradılması “dövriyyə intervalları” prinsipinə söykənir və vergi ödəyiciləri ilə işin qurulmasında yanaşmaları diferensiallaşdırmaq, iri, ortakiçik sahibkarlarla fərdi yanaşma əsasında işləmək məqsədi daşıyır. Artıq strukturların fəaliyyət prinsipləri, vergi ödəyiciləri ilə işin qurulması ilə bağlı normativ-hüquqi bazası da təsdiq edilib.

Həyata keçiriən strukturkadr islahatlarının daha bir mühüm məqamı yeni yaradılmış departamentlərdə direktorlarbaş direktorlar institutunun təsis edilməsidir. Direktorluq institutu işlərin və funksiyaların icrasında cavabdehlik və məsuliyyəti artırmaqla yanaşı, həm də idarəetmə sistemində horizontalvertikal nəzarətin effektiv şəkildə həyata keçirilməsinə imkan verəcək, yeni yaradılmış departamentlərin daha səmərəli, düzgünrasional idarə olunmasını təmin edəcəkdir.

 

Beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşmalar

 

Vergi inzibatçılığının yeni strukturu, ilk növbədə, iri vergi ödəyiciləri üzrə işlərin daha keyfiyyətli təşkilinə, orta sahibkarlarla münasibətlərin əsasən partnyorluq müstəvisində qurulmasına, kiçik sahibkarlara münasibətdə isə daha sadə və səmərəli vergi inzibatçılığının formalaşdırılmasına xidmət edir. Fərqli dövriyyəyə malik və fərqli sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə fərdi yanaşma prinsipinin tətbiqi belə ödəyicilərə daha səmərəli xidmətlərin göstərilməsinə, onlarda vergi nəzarəti tədbirlərinin minimallaşdırılmasına, həmin ödəyicilərə münasibətdə vergilərlə bağlı bütün tədbirlərin vahid vergi orqanından, faktiki olaraqbir pəncərə” prinsipi üzrə həyata keçirilməsinə imkan verir.

Vergilər Nazirliyi irixüsusi rejimli müəssisələrlə prinsipində geniş analitik təhlilə və risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasət yürüdəcək. Bu sahədə daha çox mövcud risklərin qiymətləndirilməsi, elektron auditin tətbiqi siyasətinə üstünlük veriləcək. Belə ödəyicilərdə vergidən yayınma riskləri fərdi və təfərrüatlı şəkildə aparılacaq, elmi əsaslı iqtisadi təhlillər əsasında proqnozlar müəyyən ediləcək, vergi nəzarəti tədbirləri, o cümlədən səyyar vergi yoxlamaları daha müfəssəl və əhatəli keçiriləcək.

Orta gəlirlərə malik lokal müəssisələrlə və intizamlı vergi ödəyiciləri ilə prinsipi isə şəffaf partnyorluq münasibətləri əsasında qurulacaq. Belə ödəyicilərə münasibətdə vergidən yayınma halları fəaliyyət sahəsinin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək, vergi nəzarəti üzrə optimal tədbirlər seçiləcək.

Kiçik sahibkarlara münasibətdə tamamilə yeni yanaşmalar tətbiq olunacaq. “Azərbaycan Respublikasında kiçikorta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edildiyi kimi, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması məqsədilə aparılan vergi islahatlarında əsas diqqət kiçikorta sahibkarlıq subyektlərinə (KOS) yönəldiləcək.

Vergilər Nazirliyi hesabatlılığın və bəyannamələrin təqdim olunması sistemində də dəyişikliklər edəcək. Kiçikorta sahibkarlıq subyektləri üçün bəyannamə və hesabat formaları sadələşdiriləcək. Müasir dövrdə vergi orqanları qarşısında duran başlıca vəzifələrdən biri aşağı risk qrupuna daxil olan vergi ödəyicilərinə hərtərəfli dəstəyin verilməsi, partnyorluq sazişləri əsasında vergi risklərinin minimallaşdırılmasıdır. İrixüsusi rejimli müəssisələr üçün isə hesabatlılıqda analitik təhlillərin aparılmasına imkan verəcək təkmilləşdirmələr aparılacaq. Bu yanaşma ərazi vergi orqanlarında da tətbiq edilib. Yerli vergi orqanlarının strukturunda kiçik sahibkarlarla işləyəcək ayrıca idarələr və vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbələri yaradılıb.

Sahibkarları narahat edən əsas məsələlər - vergi yoxlamaları, xüsusilə kameral yoxlamalar, operativ nəzarət tədbirləri sahələrində müşahidə olunan problemlər, o cümlədən vergi əməkdaşları tərəfindən edilən aramsız zənglər, bank hesablarına tez-tez sərəncamların qoyulması və s. kimi məsələlər aradan qaldırılıb. Mühüm məsələlərdən biribudur ki, yeni administrativ yanaşmada vergi orqanlarının təhlil aparılmadan, onun zəruri əsaslandırılması olmadan yoxlama keçirməsinin mümkünsüzlüyü öz əksini tapıb. Vergi öhdəlikləri və vergi potensialı risk modulları üzərindən dəyərləndiriləcək. Artıq Vergilər Nazirliyində risklərin avtomatik emal edilməsinə, təhlilinə və vergi ödəyicilərinin risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risklərin qiymətləndirilməsi sistemi yaradılıb. Yerli strukturlar, ümumiyyətlə, öz qərarları əsasında vergi nəzarəti tədbirləri keçirməyəcək.

Aşağı risk qrupları üçün vergi ödəyicilərinin hesablarına sərəncam qoyulması, ölkədən çıxışlarına məhdudiyyətlərin müəyyən edilməsi məhdudlaşdırılacaq, KOS subyektlərində yoxlamalar təkmilləşdiriləcək. İlk növbədə, KOS subyektlərində yoxlamaların risk dərəcəsi əsasında aparılması prinsiplərinin tətbiqi genişləndiriləcək, yoxlamaların sayı optimallaşdırılacaq. KOS subyektlərində səyyar yoxlamaların sayı məhdudlaşdırılacaq və elektron yoxlama metodu tətbiq ediləcək. Operativ vergi nəzarəti prosesi təkmilləşdirilərək yeni qaydalara uyğun, daha sivil formada aparılacaq. İKT sahəsində yeni innovativ texnologiyaların tətbiqi sayəsində ƏDV-nin qaytarılması prosesi sürətləndiriləcəkdir. 2011-ci ildən təsdiqlənmiş Avropa standartları əsasında fəaliyyət göstərən (“Austrian Standards plus” tərəfindən müvafiq sertifikat verilib) və cavablandırdığı sorğuları hüquqi qüvvəyə malik olan Vergilər Nazirliyinin Çağrı Mərkəzinin fəaliyyəti daha da təkmilləşdiriləcək.

Bütün bu dəyişikliklər iqtisadiyyatın cari strukturlaşdırılmasına uyğun olaraq yaxın gələcək üçün əsas fiskal yükün iri ödəyicilər üzərində cəmlənməsinə, kiçikorta sahibkarlığın vergiinzibati yükünün azaldılması yolu ilə onların fəaliyyətinin daha da genişlənməsi hədəflərinə xidmət edir. Vergi islahatlarının davamlılığı KOS subyektlərinin rəqabət qabiliyyətini daha da artıracaq, xüsusilə yeni yaranan müəssisələrin dayanıqlılığına müsbət təsir göstərəcək, ölkədə xarici şirkətlərin nümayəndəliklərinin açılmasını təşviq edəcək və iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar cəlb edilməsi üçün daha əlverişli şərait yaradacaq.

 

Bilik menecmentinə əsaslanan insan  resursları

 

Bununla belə, Vergilər Nazirliyi öz fiskal funksiyalarının uğurla yerinə yetirilməsi, effektiv həyata keçirilməsi üçün texnolojiinzibati potensialının gücləndirilməsi siyasətini, müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılmasına yönəlik islahatları bundan sonra da davam etdirəcəkdir. Müasir dövrdə hər bir ölkənin vergi sisteminin səmərəli fəaliyyəti vergi inzibatçılığının müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinə əsaslanan bilik menecmentinin tətbiqini obyektiv zərurətə çevirib. Bilik menecmentinin tətbiqi vergi orqanları və vergi ödəyicilərinin risklərinin müəyyənləşdirilməsi və idarə edilməsi baxımından yeni imkanlar açır.

Vergilər Nazirliyi insan resurslarının təkmilləşdirilməsi, peşəkar kadr hazırlığının daha yüksək səviyyəyə qaldırılması məsələsinə xüsusi diqqətlə yanaşır. 2017-ci ildə bu məsələ milli vergi sistemində prioritet fəaliyyət istiqaməti olacaq. Qarşıda duran hədəf və məqsədlərin həyata keçirilməsində aparıcı qüvvə məhz analitik düşüncəyə, müvafiq bilik və bacarıqlara sahib olan insan resurslarıdır. Bu məqsədlə Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” tvinninq layihəsi reallaşdırılıb. Fransaİspaniyadan olan tərəfdaşlarımızla birlikdə innovativ yanaşmaları olan, yeni baxışlara malik menecer qrupları formalaşdırılıb və artıq onlar yeni vergi siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar.

Bundan başqa, vergi xidməti əməkdaşlarının ümumi hazırlığının artırılması məqsədilə sertifikatlaşdırma proqramları icra olunur. Bu proqram müxtəlif səviyyəli sertifikatların əldə edilməsi üçün təlim və imtahandan ibarətdir və vergi işçisinin cari hazırlığını, vergi sahəsində bilik və bacarıqlarını daim artırmaq üçün stimuldur. Qarşıdakı illərdə kadrların müvafiq vakansiyalara təyinatında və irəliləməsində bütün bunlar əsas meyar kimi götürüləcəkdir.

Milli vergi sistemində beynəlxalq təcrübənin tətbiqi sahəsində Vergilər Nazirliyinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə əlaqələrini qeyd etmək istərdim. 2002-ci ildən təşkilatın tamhüquqlu üzvü olan Azərbaycan IOTA ilə əlaqələrin dərinləşdirilməsinə, üzv ölkələrin vergi administrasiyalarının mütərəqqi təcrübələrinin öyrənilməsinə və onların milli vergi sistemində tətbiqinə geniş yer verir. Hazırda biz IOTA-ya üzv ölkələrin vergi administrasiyalarında təlim-tədris sahəsində yaxşı təcrübələrin öyrənilməsini və tətbiqini, e-təlim proseslərini yaxından izləyirik.

Vergi işçilərinin təlimləndirilməsi və müasir tədris prosesinə cəlb edilməsi 2017-ci ildə prioritet fəaliyyətimizə daxildir. E-təlimlə bağlı ən son innovasiyaları tətbiq etməyi qarşıya məqsəd qoymuş Azərbaycanın vergi administrasiyası bu sahədə İOTA ilə mövcud olan məhsuldar və konstruktiv əməkdaşlığa böyük önəm verir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2017.- 3 mart.- S.4.