Şamaxı: Uğurların mərkəzində
insan amili
dayanır
Rayon icra hakimiyyətinin
başçısı Asif Ağayev 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş ümumrayon
toplantısındakı məruzəsinə
belə başladı: “Azərbaycan Respublikası
regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrası ilə
əlaqədar ötən müddət ərzində rayonumuzun abadlaşdırılması və əsas
sosial problemlərin həlli istiqamətində
xeyli iş görülüb.
Şəhərin mərkəzindəki 20 Yanvar parkının, həmçinin Nəriman Nərimanov küçəsinin əsaslı təmir olunması üçün layihə sənədləri hazırlanıb və bu istiqamətdə işlər uğurla aparılır. Mədrəsə qəsəbəsində 380 şagird yerlik tam orta, Şərədil kəndində isə 80 şagird yerlik ümumi orta məktəbin inşası başa çatdırılaraq istifadəyə verilib. 4 saylı 100 yerlik körpələr evi-uşaq bağçasının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulmuş 36 mənzilli yaşayış binasının inşası davam etdirilib. Müharibə əlilləri və şəhid ailələri üçün şəhərin Rəsulzadə küçəsində tikilmiş binaların fasad hissələrinin və dam örtüklərinin təmiri işləri aparılıb, 4 ictimai yaşayış binasının dam örtüyü yenisi ilə əvəz edilib”.
Rayon rəhbəri qeyd etdi ki, hesabat ilində şəhərin müxtəlif küçələrinə 30 min kvadratmetrdən artıq asfalt-beton örtüyü vurulub. Ümumiyyətlə, ötən il şəhərin küçələrinə rekord miqdarda asfalt örtüyü çəkilib və bu işlər gələcəkdə də uğurla davam etdiriləcək. 220 şagird yerlik Meysəri kənd tam orta məktəbinin tikintisi üçün layihə sənədləri hazırlanıb və məktəbin tikintisinə başlanılıb. Bundan əlavə Seyid Əzim Şirvani küçəsində inşası nəzərdə tutulan yeni 100 yerlik körpələr evi-uşaq bağçasının layihə sənədləri hazırlanıb. Kərkənc kənd ümumi orta məktəbində idman zalının tikintisi başa çatmaq üzrədir.
Qeyd olundu ki, Muğanlı kəndinin ərazisindən keçən magistral avtomobil yolunun sağ və sol hissəsində inşa edilən istinad divarlarındakı xüsusi bəzək elementlərində əsaslı təmir işləri aparılıb. 53 kilometrlik Şamaxı–Göylər–Çöl–Padar avtomobil yolunun tikintisi davam etdirilib. Pirqulu kəndinin qarşısından keçən çayın üzərində körpünün tikintisi başa çatdırılaraq istifadəyə verilib. Turizmin inkişafı məqsədi ilə rayon icra hakimiyyətinin sifarişi ilə rayonun Dəmirçi kəndindən İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yeni 22 kilometrlik avtomobil yolunun tikintisinə başlanıb.
Natiq xatırlatdı ki, Şamaxı istər tarixi keçmişi, istərsə də, təbii-coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli bir zonadır. Məhz buna görə də rayona gələn turistlərin və istirahət mərkəzlərinin sayı ilbəil artmaqdadır. Hesabat ilində Pirqulu zonasında müasir standartlara cavab verəcək yeni turizm obyektlərinin tikintisi davam etdirilib.
Təbii ki, respublikanın əsas aqrar bölgələrindən olan Şamaxıda bu sahə daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Ötən ilin sonuna kimi rayonda iribuynuzlu qaramalın sayı 38 min 361 başa, davarların sayı isə 194 min 663 başa çatdırılıb. Ət istehsalı 4891,3 ton, süd istehsalı 23261 ton, yun istehsalı 378,8 ton, yumurta istehsalı 17,2 milyon ədəd olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən bütün sahələrdə artımın olduğunu göstərir.
Natiq qeyd etdi ki, “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2014-cü ildə rayonda iri taxılçılıq təsərrüfatının yaradılması məqsədilə 2578 hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək, “Kürdəmir Süd Emalı” MMC-yə icarəyə verilib. Hazırda həmin sahənin 1000 hektarında pilot suvarma sistemi quraşdırılıb.
Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Dövlət başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olub. Ötən il rayon ərazisində 7,6 hektar sahədə yeni üzümlük salınıb, bunula da üzüm bağlarının sahəsi 1640 hektara çatdırılıb.
Rayonda sahibkarlığın inkişaf etdirilməsi, dövlət tərəfindən bu sahəyə hərtərəfli dəstəyin göstərilməsi xüsusi diqqət mərkəzindədir. 2016-cı ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatının inkişafı məqsədilə aqrar sektorda çalışan 24 sahibkara əvvəlki illərdə verilmiş kreditlərin qayıdışı hesabına 272 min manat məbləğində güzəştli kreditlər verilib, nəticədə rayonda yeni iş yerləri yaradılıb.
Əhaliyə göstərilən xidmətlərin müasirləşdirilməsi istiqamətində atılmış addımlardan danışan natiq dedi ki, nəqliyyat, poçt, rabitə və məişət xidmətlərinin həcmi və səviyyəsi yüksəlib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə əlaqədar 2016-cı ildə həyata keçirilən tədbirlər nəticəsində əhalinin elektrik enerjisi, təbii qaz, istilik və içməli su təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb.
Məsələn, “Azərişıq” ASC-nin Şamaxı elektrik şəbəkəsi tərəfindən müxtəlif güclü transformator yarımstansiyalarında 38 min 535 metr elektrik hava xətləri SİP kabellə əvəz edilib, rayon ərazisində yeni qazlaşma, təmir-bərpa və əsaslı təmir işləri davam etdirilib. İl ərzində 905 ədəd sayğac yenisi ilə əvəzlənib, 8577 yerdə qaz sızması aradan qaldırılıb, 287 ədəd məişət qaz sayğacı həyətlərdən küçəyə çıxarılıb. Hazırda işlər davam etdirilir. İstehlakçıların və əhali abonentlərinin fasiləsiz və təhlükəsiz təbii qazla təmin olunması məqsədilə şəhər və kəndlərdə qaz kəmərlərinin üzərində 20 ədəd qaz tənzimləyicisi quraşdırılıb. Yusif Məmmədəliyev qəsəbəsindən Dəmirçi kəndinə 8 kilometr daşıyıcı qaz kəməri çəkilib və Dəmirçi kəndi tam qazlaşdırılıb. İstehlak olunmuş elektrik enerjisinin, təbii qazın və suyun haqqının əhali tərəfindən ödənilməsi daim nəzarətdə saxlanılır.
Asif Ağayev sonda rayon sakinləri adından dedi ki, ulu öndərimiz Heydər Əliyevin ideyalarına daim sadiq olan şamaxılılar bundan sonra da dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşərək onun qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə maksimum səy göstərəcəklər.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov iştirak edirdi.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2017.- 3
mart.- S.7.