Yaponiya – Günəşlə oyanıb yüksələn ölkə

 

(Əvvəli qəzetin 18, 19 fevral

2017-ci il tarixli saylarında)

 

Yaponlar öz işlədiyi yerə məbəd kimi baxırlar

 

Səfirliyimizin əməkdaşları Rövşən və Fuadın müşayiətilə Tokioda gəzərkən böyük bir ticarət mərkəzinə daxil olduq. İş gününün sonu idi. Biz qapıdan içəri daxil olanda mərkəzdə çalışan işçilərdən bir neçəsi iş vaxtları başa çatdığı üçün çalışdıqları maqazinin qapısını bağlayıb evə getməyə hazırlaşırdı. Onların hər biri çıxışa yaxınlaşanda geri dönüb təzim edir, sonra ticarət mərkəzini tərk edirdilər. Rövşəndən soruşdum ki, bunlar niyə belə edir? Cavab verdi ki, onlar öz işlədikləri yerə ehtiram əlaməti olaraq təzim edirlər.

Bu zəhmətkeş xalqın adəti məni heyrətə saldı. Həqiqətən çox maraqlı, həm də təqdirəlayiq bir adətdir. İşlədiyin hər hansı bir müəssisənin qapısından çıxarkən geri çevrilib ehtiramla o yerə baş əyib, təzim edəsən!.. Niyə də yox!? Axı, bu fəhlə və ya hər hansı işçi çalışdığı iş yerində qazandığı pulla ailəsini saxlayır. Elə ona görə də, özünün və ailəsinin gələcəyini düşünərək çalışdığı iş yerinə məbəd kimi baxır.

Bütün bunlara rəğmən, yapon xalqının nümayəndələri çalışdıqları ölkənin, hər hansı yerin qayda-qanunlarına, adət-ənənələrinə  çox ehtiramla yanaşırlar.

Sözə qüvvət: Səfərin son günü axşamüstü qaldığımız otelin birinci mərtəbəsindəki restoranda oturub nahar edirdik. Həmişəki kimi, səfir Gursel İsmayılzadə də, səfirliyin əməkdaşları Rövşən və Fuad da bizimlə süfrə başında idilər. Fuad Azərbaycandan sovqat göndərilmiş iri bir narı səliqə ilə doğrayıb masaya qoydu. Bir neçə dəqiqədən sonra inzibatçı üzündə təbəssüm bizim masaya yaxınlaşıb, narı masadan yığışdırmağı xahiş etdi.

Səbəbini soruşanda, bildirdi ki, restoranda nar yoxdur, əgər başqa müştərilər görüb sifariş versələr və onların arzusunu yerinə yetirməsək, onda restoranın adına xələl gələr, hətta bağlanmaq təhlükəsi ilə üzləşə bilər. Biz də təbəssümlə ifadə edilən xahişə hörmətlə yanaşıb narı stoldan götürdük...

İkinci belə əhvalat çox xudmani bir qəlyanaltıda baş verdi. Çay süfrəsinə sonuncu limonu gətirən xidmətçi özümüzlə alıb gətirdiyimiz limondan istifadə etməyi, xətrimizə dəyməyəcək tərzdə “qadağan” etdi. Amma müştərilərə qadağa olunan təkcə bu deyil. Yaponiyada satıcılara, ofisiantlara çay pulu vermək qəti qadağan olunur. Belə hesab edilir ki, nə qədər müştəri xidmət üçün müəyyən edilmiş məbləği ödəyir, o satıcı ilə bərabərdir. Əgər müştəri artıq pul verməyə çalışırsa, bununla o göstərilən xidməti dəyərdən salır, bərabər mübadiləni dilənçiyə verilən ianəyə çevirir.

Yaponiyada olduğumuz  yeddi gün ərzində paytaxtda nə tıxac gördük, nə də  maşınların siqnal səsini eşitdik. Bunun bir səbəbi də ondadır ki, gündoğar ölkədə dəmiryol xətləri dəniz nəqliyyatı ilə birlikdə ölkənin əsas nəqliyyat arteriyasıdır. Super müasir sürət qatarları ölkənin əksər şəhərlərini birləşdirdiyi kimi, meqapolisin demək olar bütün daxili marşrutlarına da xidmət göstərir.  Yerli və uzaq xətlərə xidmət göstərən qatarlar özləri də sadə ekspresslərə, “limited-ekspresslərə” və sadə elektrik qatarlarına bölünürlər. Məsafəsindən asılı olmayaraq, bütün yapon qatarları yumşaq kreslolar, kofe və soyuq içki avtomatları, şəhər telefonu, yapon və ingilis dilində tablolarla təmin edilmişdir.

Bu ölkədə dəmir yollarının yarıdan çoxu şəxsi mülkiyyətdir. Sərnişin daşıyan sahibkarlar  ölkənin dəmir yollarının 70 faizə qədərinə cavabdehlik daşıyırlar. Bəlkə elə buna görədir ki, ölkədə nəqliyyat xidməti çox bahadır. Məsələn metroya ən ucuz bilet 140 yen, yəni 1 dollar civarındadır. Əslində buna dəyər də. Çünki maqnit üzərində hərəkət edən qatarların sürəti saatda 500 kilometrə çata bilir və qatarlar çox dəqiq işləyirlər. Orta gecikmə müddətləri yalnız 18 saniyə ola bilər. Buna baxmayaraq, qatarlarda həddən artıq sıxlıq olur ki, ona görə dünyanın heç bir ölkəsində olmayan bir peşə bu ölkədə “kəşf edilmişdir”.  Stansiyalarda qapıda qalanları itələməklə vəzifələndirilən şəxslər olur. Xüsusi təlim keçmiş bu adamlar dolmuş vaqonların qapılarında qalmış adamları içəri itələyirlər ki, vaqonun qapısı bağlansın və gecikməsin.

Maraqlı müşahidələrimdən biri də ondan ibarət oldu ki, sürət qatarının bir vaqonundan o birinə keçən nəzarətçi dərhal papağını çıxarıb sərnişinlərə təzim edir, yalnız bundan sonra biletləri yoxlamağa başlayır.

Yaponlar danışarkən heç vaxt səslərini qaldırmaz və kimsə də bunu edəndə özlərinə qarşı təhqir hesab edərlər. Onların səbri və bir-birinə ehtiramla yanaşmaları qibtə olunası qədər gözəl bir adətdir.

Əvvəlki yazılarımda qeyd etdiyim kimi, yaponlarda şərəf və ləyaqət qədim zamanlarda olduğu kimi indi də çox mühüm rol oynayır. Xatırlayırsınızsa, keçmiş baş nazirlərdən biri Yukio Hatoyama seçkiqabağı vədləri yerinə yetirə bilmədiyi üçün özü istefaya getdi. Ondan əvvəlki xələfləri də belə etmişdilər.

Yaponiyanın avtomobil yolları həqiqətən adamı heyrətə gətirir. Ancaq onların bəzi özəlliklərini bizə danışanda bu millətin əzminə və insanlara qayğısına daha çox heyrət etdik. Bizi müşayiət edən dostlarımız məlumat verdilər ki, Yaponiyanın şimal şəhərlərinə qar çox yağır. Ona görə də bu şəhərlərdə səkilər və küçələr qızdırılır ki, donmasın və bədbəxt hadisələr baş verməsin. Bu səbəbdən qarı təmizləməyə də ehtiyac qalmır.

Bilirsiniz ki, Yaponiya aktiv seysmik ərazidə yerləşir. Elə bir gün yoxdur ki, bu ölkədə hardasa zəlzələ olmasın. Ona görə də Yaponiyada insanların istifadə etdikləri bütün telefonlarda  ekstrimal hallarda millətə xəbərdarlıq edən sistemlər quraşdırılıb. Elə ki, hər hansı kataklizm baş verdi bütün telefonlarda güclü səs siqnalı işə düşür, hətta telefon söndürülmüş vəziyyətdə olsa belə. Və dərhal telefona hadisə barədə məlumat gəlir və insanlara özlərini necə aparmağın qaydaları açıqlanır. Bax belə əziz oxucular...

 

Yaponca “muda”  “israf” deməkdir

 

Yaponlar yemək haqqında danışmağı çox xoşlayırlar və elə hey yemək barədə fikir mübadiləsi edirlər. Yemək yeyəndə də elə hey yeməyin ləzzəti və onlara necə xoş gəlmələri barədə söhbət edirlər. Bu ölkədə nahar etmək və bir neçə dəfə yemək zamanı “oishii”, yəni dadlıdır deməmək çox ədəbsizlik sayılır.

...Bununla belə yaponlar israfçılığa qarşı çox həssasdırlar. Onlar təbii nemətləri, onları əhatə edən hər şeyi müqəddəs nemət kimi qəbul edir, bu neməti israf etmənin böyük günah olduğuna inanırlar. Bu dəyər onların işlərinə də, təbii ki, öz təsirini göstərir. Elə buna görə də deyirlər ki, “lazımsız bir işi ixtisar edərkən lazımsız bir işçi də avtomatik olaraq ixtisar olunacaq”. Onlar üçün qənaətcillik, resursları minimum həddə istifadə etməklə, məhsul və müştəriyə orientasiya və bunu edərkən də ən az xərclə etmək, ən yüksək keyfiyyətə nail olmaq, ən vacibi isə tələbi ən sürətli şəkildə qarşılamaqdır.

Yaponları qərblilərdən fərqləndirən digər bir cəhət də ixtisaslaşma ilə bağlıdır. Belə ki, qərbdə adətən işçi bir sahənin mütəxəssisi olur, o sahədən kənar heç nə ilə maraqlanmır. Yaponiyada isə işçilər müəssisədə çalışdığı müddətdə fərqli vəzifələrdə çalışdırıldığından hər sahədən bilgili olurlar. Onlar hesab edirlər ki, bir işçi sahəsinə aid bütün şeylərdən xəbərdar olmalıdır. Əksinə olduqda, yəni bir işçi bir şeyi mükəmməl biləndə onda eqo hissi oyanır, “bu şeyi ən yaxşı mən edərəm” tipdə fikir formalaşır ki, bu da şirkətdaxili uyğunsuzluğa gətirib çıxara bilir, işçi özünü əvəzedilməz hesab eləməyə başlayır... Şirkətlər üçün əsl təhsilin işçinin işə qəbul edildiyi andan başladığı qəbul edilir. Yeni işə girən üçün giriş törəni hazırlanır. Bu törənə işə girənin ailəsi də çağrılır, ailəsindən işçiyə dəstək olması xahiş olunur. Rəhbər heyət işçini təqdim edir, nitq söylənir, bəzən ziyafət belə verilir. Məsələn, bir çox yapon şirkətlərində iş gününün başlanğıcında şirkətin himni hamı tərəfindən oxunur.

Onu da qeyd edim ki, Yaponiyada orta təhsil ali təhsillə müqayisədə daha çətindir. Tokioda Jkesiri Ohaşi kəsişməsi adlanan beşmərtəbəli keçidin damında birlikdə dərs hazırlayan dörd məktəbliyə rast gəldik. Açığı, məni heyrətə gətirən binanın damında meşəni xatırladan park oldu. Əgər bu göydələnin damına liftlə qalxmasaydıq deyərdim ki, bu park torpaq üzərində salınıb. Məktəblilər dərslərini iri gövdəli bir ağacın altında hazırlayırdılar. Səfirliyimizin nümayəndəsi Fuad mənim xahişimlə soruşdu ki, bu şagirdlər neçənci sinifdə oxuyurlar. Məlum oldu ki, dördü də doqqucuncu sinifdə oxuyur və riyaziyyatdan ev tapşırıqlarını hazırlayırdılar. Onlara bir tənlik verdim ki, həll etsinlər. Dördü də gah tənliyə, gah mənə, gah da bir-birinə baxdılar. Hiss etdim ki, tənliyin həllində çətinlik çəkirlər. Tənliyi özüm həll edib, onlara təqdim etdim. Onlar da bütün  yaponlara xas təbəssümlə “sağ olun!” dedilər. O an mənə orta məktəbdə riyaziyyatdan dərs demiş Əlheydər İsayevi və fizika müəllimim Xalidə Hüseynovanı hörmətlə xatırladım. Dünyasını dəyişən bütün müəllimlərimə uca Tanrıdan rəhmət dilədim.

 

* * *

Yaponiyada oxuyub yazmağı bacarmayan adam yoxdur. Ekspertlərin rəyinə görə, bütövlükdə bir xalq digər xalqla müqayisə olunanda, yaponlar yer üzündə ən savadlı xalq sayılırlar.

Yaponiyada təhsil sahəsində çalışan məsul şəxslər – nazirdən tutumuş universitet rektorlarına və eləcə də məktəb direktorlarına qədər, hər biri öz təcrübələri, səriştələri, istedadları ilə ölkənin gələcəyi qarşısında eyni missiyanı yerinə yetirirlər. Çünki bu ölkədə təhsil sistemi yaponlar üçün həyatı davam etdirmə səbəblərinin ən önəmlisidir. Bu səbəbdən Yaponiyada mövcud olan 9 illik məcburi təhsil ölkə əhalisinin də 99 faizini əhatə edir. Ən maraqlısı budur ki, gənclərin 94 faizi təhsillərini universitet səviyyəsinə qədər davam etdirirlər. Yuxarıda dediyim, kimi işə qəbul zamanı tələbənin ali təhsil səviyyəsi çox diqqətə alınmır, əsl təhsilin işçinin işə qəbul edildiyi andan başladığı qəbul edilir. Bəlkə elə buna görə Yaponiyada yoxsul yoxdur,  çünki burada işsizlik problemi çoxdan həll edilib.

 

* * *

Yaponiyanın hər ikinci sakini gözəl rəsm çəkir və yaxşı səsə malikdir. Bu ailədəki və məktəbdəki təlim- tərbiyə ilə izah olunur – uşaqlara əvvəl rəsm çəkməyi və oxumağı öyrədirlər, sonra isə yazmağı və danışmağı. Uzunömürlülüyünə, yüksək yaşayış normasına və ən az uşaq ölümünə görə Yaponiya, dünyanın 3-cü ölkəsi sayılır. Təsadüfi deyil ki, yapon xalqı uşaqların doyunca əylənə bilməsi üçün hər cürə şərait yaradır. Məsələn, “Disney-si”, “Disneylend”, “Universal Studio” kimi dünyanın ən yaxşı əyləncə parkları Yaponiyadadır.

Uşaqlardan söz düşmüşkən, onu da vurğulayım ki, Tokio ən təhlükəsiz meqapolis hesab olunur. Buna görə də valideynlər ictimai nəqliyyatdan istifadə edən altı yaşlı övladları üçün belə narahatlıq keçirmirlər.

 

Yaponlardan çox şey öyrənmək olar

 

Gündoğar ölkədə diqqəti cəlb edən əsas məsələlərdən biri yaponların uşaqların tərbiyəsinə olan yanaşmalarıdır. Gündoğar ölkədə uşağın tərbiyə sistemi “ikudzi” adlanır. Bu, təkcə bir pedoqoji metod deyil, yeni nəslin təlim-tərbiyəsinə yönəlmiş böyük bir fəlsəfədir. Yaponiyada belə hesab edirlər ki, uşaq 5 yaşına qədər Allah, 5 yaşından sonra qul, 15 yaşından sonra isə dostdur.

 Yapon müdrikləri demişdir: “Ata sevgisi dağlardan uca, ana sevgisi dənizlərdən dərindir”. Bəlkə ona görədir ki,  Azərbaycanda olduğu kimi, bu ölkədə də uşaqlar bütün suallarını analarına ünvanlayırlar. Gün ərzində yapon analar uşağa 7 saat yarımdan çox vaxt ayırırlar. Yaponiyada qadınlar və kişilər uşağa görə uzun müddət məzuniyyət götürə bilərlər. Lakin kişilər bu hüquqdan imtina edirlər, çünki bu onların maaşlarının azalmasına səbəb olur. Yaponiyada əhalinin çox hissəsi kişinin işləməsini, uşağın tərbiyəsi ilə ananın məşğul olmasının tərəfdarıdır.

Ana və övladın vahidliyi: ­Yaponiyada “ana”ya “amae” deyirlər. Bu dərin mənalı sözü tam olaraq tərcümə etmək və anlamaq çətin məsələdir. “Amaeru” feilindən yaranan bu sözün mənası “nazını çəkmək”, “himayə etmək” deməkdir.

Ta qədim zamanlardan yapon ailəsində uşaqların tərbiyəsi qadının vəzifəsidir. Əlbəttə, XXI əsrdə yanaşmalar olduqca fərqlidir. Əgər zərif cinsin nümayəndələri əvvəl yalnız ev təsərrüfatı ilə məşğul olurdusa, indi müasir yapon xanımları oxuyur, işləyir, səyahət edirlər. Bununla belə, əgər qadın ana olmağa qərar veribsə, o, özünü tamamilə buna həsr etməlidir. Uşağın 3 yaşı tamam olmamış onu  nənənin-babanın yanında qoyub işə çıxmaq olmaz. Qadının əsas vəzifəsi ana olmaqdır. Ana kimi öz öhdəliklərini başqalarının ixtiyarına buraxmaq yolverilməzdir. Bir yaşına qədər ana və uşaq praktik olaraq vahid tamdır. Ana hara gedirsə, getsin, nə edirsə, etsin, körpə mütləq onunla olmalıdır - ya sinəsində, ya da kürəyində. Bizim anaların “kenquru” adlandırdıqları “beybi-slinqlər” Avropadan xeyli əvvəl Yaponiyada çıxmışdı və yapon dizaynerləri hələ də bu “kenquru”ları təkmilləşdirməklə məşğuldurlar.

“Amae” - öz tüstüsünün kölgəsidir. Daimi fiziki və mənəvi əlaqə möhkəm ana nüfuzunu yaradır. Yapon üçün öz anasını incitməkdən və məyus etməkdən daha pis heç nə yoxdur.

Uşaq – Tanrı: “İkudzi” prinsiplərinə əsasən, uşaq beş yaşa qədər - Allahdır. Ona heç nə qadağan etmir, üstünə qışqırmır, onu cəzalandırmırlar. Onun üçün bu sözlər mövcud deyil: “olmaz”, “pisdir”, “təhlükəlidir”. Körpə öz idrak fəaliyyətində azaddır. Avropalı və amerikalı valideynlərin baxış bucağından baxsaq, bu, ərköyünlükdür, uşağın şıltaq olmasına gətirib çıxarır və bu halda uşaq üzərində nəzarət etmək çətinləşir. Əslində isə Yaponiyada valideyn hakimiyyəti Qərbə nisbətən daha güclüdür. Hər şeyin kökündə isə şəxsi nümunə dayanır.

1994-cü ildə Yaponiyada və Amerikada təlim-tərbiyəyə yanaşmalarda fərqin tədqiqatı keçirilmişdi. Alim Azuma Xiroşi hər iki mədəniyyətin nümayəndələrindən öz uşağıyla konstruktor-piramidanı birlikdə yığmağı xahiş edirdi. Müşahidə nəticəsində aşkar edilmişdi ki, yaponlar əvvəlcə uşağa konstruksiyanı necə yığmaq lazım olduğunu göstərirdilər, sonra ona bunu təkrarlamağa icazə verirdilər. Əgər o, səhv edirdisə, qadın hər şeyi yenidən başlayırdı.

Amerikalılar isə başqa yolla gedirdilər. Konstruksiyanı quraşdırmağa başlamazdan əvvəl onlar uşağa hərəkətlərin alqoritmini ətraflı başa salırdılar və yalnız bundan sonra onunla birlikdə tikirdilər. Bu tədqiqatdan bəlli olur ki, yaponlar sözlərlə başa salmaq əvəzinə, onu əməldə göstərməyə üstünlük verirlər.

 Bu üsulla onlar həm də uşağı lap erkən yaşlarından ətrafdakı insanlara, hətta əşyalara qarşı diqqətli olmağı öyrədirlər. Balaca körpə isti su ilə dolu fincana əl uzadanda ona “olmaz” demirlər, uşağın əli yandıqdan sonra “amae” ondan üzr istəyir. Və uşağın yadına salırlar ki, onun tələsik və düşüncəsiz hərəkəti ona nə cür ağrıya başa gəldi.

Başqa nümunə: şuluqluq etmiş körpə sevimli maşını qırır. Amerikalı və ya avropalı bu halda nə edəcək? Ehtimal ki, oyuncağı onun əlindən alacaq və onu almaq üçün nə qədər əziyyətə qatlandığı barədə moizə oxuyacaq. Yapon isə sadəcə deyəcək: “Sən onu (oyuncağı - tərc.) incidirsən”.

Beləliklə, Yaponiyada uşağa 5 yaşına qədər rəsmən hər şey olar. Bununla onların şüurunda yaxşı tərbiyə edilmiş və valideynlərini sevən “Mən” obrazı formalaşdırılır.

Uşaq – qul: Beş yaşından sonra uşaq “sərt həqiqətlə” rastlaşır. O, riayət etməli olduğu sərt qaydaların və məhdudiyyətlərin altına düşür. Məsələ ondadır ki, əzəldən yapon cəmiyyəti icmalar halında olub. Coğrafi və iqtisadi şərtlər insanları əl-ələ tutub yaşamağa və işləməyə məcbur edirdi. Yalnız qarşılıqlı kömək və fədakar xidmət yaxşı düyü məhsulu əldə etməyə imkan verirdi ki, bu da tox həyat demək idi. “Syudan isiki”nin (kollektiv şüur) və “ie” sisteminin (patriarxal ailə tərzi) güclü inkişafı məhz bununla izah olunur.

İctimai maraqlar hər şeydən yüksəkdir. İnsan - mürəkkəb mexanizmin vintidir. Əgər sən insanların arasında öz yerini tapmadınsa, sən lazımsızsan. Buna görə də 5 yaşından sonra uşağa qrupun bir hissəsi olmağı öyrədirlər. “Əgər sən özünü belə aparacaqsansa, sənə güləcəklər”. Yapon üçün sosial yadlaşmadan daha qorxunc heç nə yoxdur və uşaqlar fərdi maraqlarını qurban verməyə tez alışırlar.

Tərbiyəçi (yeri gəlmişkən, o, daim dəyişir) - uşaq bağçasında və ya xüsusi hazırlıq məktəbində müəllimlik rolunu yerinə yetirmir, o, sadəcə koordinatordur. Daha ağıllı uşaqları seçərək qrupların başçısı təyin edir, o başçılara öz qrupuna yaxşı nəzarət etmək tapşırılır və tərbiyəçi ümumi nəzarət edir.

Yapon uşaqlarının sevimli məşğuliyyətləri - komanda idman oyunları, estafet oyunları, xor oxunması və s.”Sürü qanunları”na riayət etmək, həmçinin, anaya bağlılığa da kömək edir. Axı kollektiv normaları pozularsa, “amae” məyus olacaq. Bu, ananı biabır etmək deməkdir. Beləliklə, növbəti 10 ildə uşağa mikro-qrupların hissəsi olmaq öyrədilir, kollektivdə işləmək vərdişləri aşılanır. Onun kollektiv şüuru və sosial məsuliyyəti belə formalaşdırılır.

Uşaq - bərabərdir: 15 yaşından sonra uşaq praktik olaraq, formalaşmış şəxsiyyət hesab edilir. Sonrakı qısa mərhələ isə üsyankarlıq və identikliklə müşahidə olunur. Amma əvvəlki iki mərhələdə təməli qoyulmuş dəyərlər nadir hallarda pozulur. İkudzi - paradoksal və hətta qəribə tərbiyə sistemidir. Ən azından bizim qərbli düşüncəmizdə. Ancaq bu sistem ənənələrə söykənir, əsrlərin sınağından keçib və öz ölkəsinin intizamlı qanunlarından çıxmayan vətəndaşlarını böyütməyə kömək edir.

 

 “Təvazökarlıq müdrikliyin yaraşığıdır”

                                                                                                   Yapon məsəli

 

 

Yaponiyada dövlət quruluşu konstitusiyalı monarxiyadır. Ölkənin konstitusiyası 1947-ci ildə qəbul edilmişdir. Daimi hərbi qüvvəsi olmasa da Yaponiya müdafiə xərclərinə 2016-cı ildə 42 milyard dollar ayırıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutun hesabatına görə, Yaponiya müdafiə xərclərinin həcminə görə dünyada 5-ci yerdədir. Qeyd edim ki, Yaponiyanın ötən il üçün ümumi büdcəsi 800 milyard dollar olub.

Gündoğar ölkə son vaxtlar dünya ictimaiyyətinin diqqətini daha çox cəlb edir. Bəzi ekspertlər bunu, nəinki orada kapitalizmin dağılması ilə əlaqələndirir, eyni zamanda, bu məsələdə yaponların öz ölkəsini turizm regionu kimi göstərmək bacarığı, həmçinin alimlərinin qeyri-adi kəşflərinin böyük rol oynadığını vurğulayırlar. Unikal ənənələri, ləziz mətbəxi və yüksək mədəniyyəti turistə qeyri-adi şərq dünyasına daxil olmağa yardımçı olur.

“Yaponiya gözəl diyardır, çox şairanədir. O dərəcədə şairanədir ki, onu olduğu kimi təsvir etsən, oxucu inanmaz, deyər ki, yazıçı hissə qapılıbdır. Yaponiya elə bil böyük bir dekorasiyadır, elə bil hər şey burada insan əli ilə yaranmışdır...” Bu fikirləri mən hələ ali məktəbdə tələbə olanda bu gün Azərbaycan ədəbiyyatı tarixində adı gözəl nasir, istedadlı ssenarist, kinorejissor, hörmətli ictimai xadim kimi xatırlanan mərhum Həsən Seyidbəylinin “On beş gün Yaponiyada” kitabından oxumuşdum. Və həmin kitabdan bəzi maraqlı fikirləri yaddaş dəftərçəmə qeyd etmişdim.

Düz yarım əsr əvvəl -yəni 1966-cı ildə Yaponiyada 15 günlük səfərdə olan Həsən Seyidbəyli öz təəssüratlarını belə qələmə alırdı: “Təəssüf ki, hətta mədəni yaponların çoxu belə, Azərbaycanın harada olduğunu bilmirdilər”. O zaman bu fikirlərin müəllifi belə qənaətə gəlirdi ki, Yaponiya bizdən çox uzaqdır, ancaq əsas səbəb uzaqlıq deyil, mədəni əlaqələrimizin zəifliyidir...

Həsən Seyidbəylinin təvazökarlığının o zaman təbii ki, yapon həmkarları da şahidi olmuşdular. Yaponiya səfərinin məqsədini yapon jurnalistlərinə açıqlayan Həsən müəllim belə fikir söyləmişdir: “Bizim bura gəlməkdə əsas məqsədimiz Yaponiyanın görkəmli kino xadimləri ilə yaxından tanış olmaq, mədəni əlaqələrimizi möhkəmlətmək, onların yaradıcılığını öyrənmək və mümkün qədər öz kinomatoqrafiyamız haqqında onlara məlumat verməkdən ibarətdir. Biz istəyirik ki, hər birimizin beş-on nəfər yaxşı yaponiyalı dostumuz olsun, bir kino xadimi kimi onlarla möhkəm əlaqə saxlayaq”.

Bu fikri təkrar oxuyandan sonra istər - istəməz məndə belə bir sual yarandı: Bəs görəsən ölkəmiz müstəqillik əldə etdiyi 25 il ərzində bu əlaqələr nə şəkildə inkişaf edib?

Əvvala, onu qeyd edim ki, “Gündoğar ölkə” Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabrında tanımışdır. Bundan doqquz ay sonra, yəni 1992-ci ilin sentyabrından iki ölkə arasında diplomatik əlaqələr qurularaq inkişaf etməyə başlayıb. Lakin bu, heç də o demək deyil ki, Yaponiya ilə ölkəmiz arasında mədəni əlaqələr məhz bu dövrdən başlayır. Hələ buna qədər Yaponiya ilə mədəni əlaqələrin mövcud olması barədə kifayət qədər məlumatlar var. Və iki ölkə arasında əlaqələrin əməkdaşlıq səviyyəsində davam etdirilməsi həmin tarixi təcrübəyə söykənir. Şübhəsiz ki, diplomatik əlaqələr sistemində mədəni və hər hansı sahədə qarşılıqlı əməkdaşlığın da xüsusi rolu vardır.

 

“Pələng kimi olmaq lazımdır...”

 

Tarixə qısa nəzər salsaq görərik ki, İkinci Dünya müharibəsindən sonra bir müddət Yaponiya ilə gərgin münasibətləri olan SSRİ, nəhayət, 1956-cı ilin oktyabrında bu ölkə ilə diplomatik münasibətləri bərpa etdi. İki ölkə arasında həmin münasibətlərin müxtəlif sahələr, o cümlədən, mədəniyyət üzrə bərpasını təzahür etdirən birgə bəyannamə imzalandı.

  Təbii ki, bu bəyannamə başqa ölkələrlə olduğu kimi, Azərbaycanla Yaponiya arasında mədəni əlaqələrin dirçəldilməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Mənbələrdə göstərilir ki, o zaman SSRİ-Yaponiya cəmiyyətinin Sumqayıt şəhəri üzrə şöbəsi təşkil olundu. Artıq XX əsrin 60-cı illərindən başlayaraq Azərbaycan-Yaponiya mədəni əlaqələrində canlanma hiss olunurdu. Elmi-ədəbi mübadilələr prosesində irəliləyişlər nəzərə çarpırdı. SSRİ-Yaponiya Dostluq Cəmiyyətinin xəttiylə Azərbaycana gələn yapon xalqının qabaqcıl ictimai mədəniyyət xadimləri Bakı və Azərbaycanın mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanırdılar.

“Beynəlxalq mədəni əlaqələr” kitabında göstərilir ki, 1962-ci ildə Azərbaycana səfərə gələn “SSRİ - Yaponiya” cəmiyyətinin nümayədələrindən biri Sitiro Takanaka öz ölkəsi adından Azərbaycan rəhbərliyinə ölkə ilə tanışlıq üçün geniş imkanlar yaratdığına görə, dərin təşəkkürünü bildirmişdir.

Təşəkkür məktubunda Azərbaycanla, onun mədəniyyəti ilə əyani tanış olan nümayəndə heyəti bu mədəniyyətin zəngin və qədim mədəniyyət olduğunu qeyd etmiş və yapon mədəniyyəti ilə bu mədəniyyət arasında bir doğmalıq olduğunu vurğulamışdır.

Xüsusilə, həmin dövrdə Yaponiya ilə elmi mübadilənin gücləndirilməsinə diqqət yetirən sovet dövləti Azərbaycan mütəxəssisləri ilə yapon alimləri arasında yaradıcılıq münasibətlərinin yaradılmasını ön plana çəkdi. SSRİ-Yaponiya Dostluq Cəmiyyətinin Sumqayıt şöbəsinin yaradılmasında əsas bir cəhət Sumqayıtın qabaqcıl, müasir kimya şəhəri olması faktı idi. Yaponiyanın tanınmış professoru ekspert Suzumu Kobe BMT-nin Bakıya gələn nümayəndə heyətinin tərkibində idi. BMT-nin bu ekspertləri buraya yeni şəhərlərin salınması layihəsinin işlənilməsi məqsədilə səfər etmişdilər. Onlar, eləcə də yapon mütəxəssiləri Bakı və Sumqayıtın planlaşdırılması və tikinti layihaləri ilə yaxından tanış olmuş, Neft Daşlarında da olmuşdurlar. Yapon professoru Suzumu Kobe Neft Daşlarında gördüklərindən heyrətə gəlmişdir. Bakıda yapon qrafikasına həsr edilmiş sərgi, istedadlı yapon müğənnisi Teruko Ononun çıxışları azərbaycanlı tamaşaçıların diqqətini çəkmişdir.     

Sənət adamları arasında yaradıcılıq əlaqələri qarşılıqlı xarakter daşıyırdı. Azərbaycan rəssamlarından T.Sadıqzadə və E.Rzaquliyev Yaponiyaya yaradıcılıq ezamiyyətinə getmiş və “Gündoğar ölkə”ni əks etdirən silsilə əsərlər yaratmışlar. Rəssam Toğrul Sadıqzadə Tokio, Osaka, Kioto, Mikko və digər şəhərlərdə olmuş, Yaponiya yazıçıları, rəssamları, ədibləri ilə yaradıcılıq mübadiləsi aparmışdır. Xirosima xarabalıqlarını öz gözləri ilə görən rəssam Yaponiyadan böyük təəssüratlarla qayıtmışdır. Sonralar Bakıda rəssamın əsərlərindən ibarət sərgisində Yaponiya mövzusuna həsr olunmuş 40-dan çox rəsm, eskiz, zarisovka, etüd və lövhələri nümayiş etdirilmişdir. Onun “Xirosima” adlanan rəsm əsərləri silsiləsinə həyəcansız baxmaq mümkün deyildir. Ümumdünya Sülh Şurasının qızıl medalı ilə təltif olunmuş yapon rəssamı Tosiko Maruki Moskvada Xarici Ölkələrin Xalqları ilə Dostluq Evində “xarici ölkələr Azərbaycan rəssamlarının gözü ilə” silsilə rəsm ekspozisiyasına baxdıqdan sonra söylədiyi fikirlər diqqəti cəlb edir: “Mən Azərbaycan xalqının tarixi haqqında bəzi məlumatlar əldə etmişəm. Azərbaycan rəssamlarının xarici ölkələrə səfərləri, onların bu sərgidəki iştirakı bu sənətkarların öz yaradıcılıqlarında nə qədər yüksəldiklərini sübut edir. Mən tamamilə əminəm ki, sovet rəssamları sırasında Azərbaycan sənətkarları ön sıralardadır.”

Onu da qeyd edim ki, yazıçı və kinorejissor Həsən Seyidbəylinin Yaponiyaya səfəri, eləcə də onun iki ölkə kinomatoqrafiyası haqqında fikirlərini Azərbaycan-Yaponiya mədəni əməkdaşlığının əsas məzmunu kimi dəyərləndirmək olar. Yaponiyanın adlı-sanlı kino sənətkarları Kenedo Sindo, İsixara, Yaponiya Kinodramaturqlar Təşkilatının rəhbəri Noda Can ilə görüşlərindən bəhs edən H.Seyidbəyli yazırdı ki: “Söhbət get-gedə daha mənalı, daha dərin məsələlər ətrafında gedirdi: Eyzenşteynin yaradıcılığından, Kurasavanın filmlərindən, yazıçıların həyata münasibətlərindən... Biz deyirdik ki, yazıçı, kinodramaturq, rejissor, ümumiyyətlə, sənətkar - oxucu, tamaşaçı və zaman qarşısında böyük məsuliyyət daşımalıdır. Yaponlar da bizimlə razılaşıb dedilər: Bizim xalqın gözəl bir məsəli var: “Pələng öləndən sonra da onun qiymətli dərisi qalır”. Pələng kimi olmaq lazımdır...”

 

(ardı var)

 

Hüseynbala MİRƏLƏMOV,

yazıçı-dramaturq, Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2017.- 4 mart.- S.9.