Türkiyə terror hədəfində: səbəblər,
motivlər və cavab reaksiyası
Müasir
dünya siyasətinin formalaşmasında özünəməxsus
yeri və rolu olan Türkiyə son 3 il ərzində beynəlxalq
terrorçu qüvvələrin əsas hədəfindəki
dövlətlər sırasındadır. Təkcə 1 il 6 ay
ərzində (2015/ yanvar-2016/ iyun) ölkədə 300-dən
çox adam terror nəticəsində həyatını
itirmiş, 1600 nəfərdən çoxu isə
yaralanmışdır. Həmin terror aktlarının daha
böyük itkilərlə müşayiət olunan
xronikası ilə tanışlıq bir sıra vacib suallar
yaradır və onlara cavabların axtarılmasını tələb
edir.
10 oktyabr 2015-ci ildə Türkiyədə ən qanlı terror hadisələrindən biri törədildi. Türkiyənin paytaxtı Ankarada bir sıra siyasi qurumlar və həmkarlar təşkilatları “Barış mitinqi” təyin etmişdi. Mitinqə qatılmaq üçün Gənclik parkında insanlar toplaşmağa başlayan zaman ardıcıl olaraq 3 saniyə fərqlə 2 partlayış baş verdi. Dəhşətli terror hadisəsi nəticəsində 109 nəfər həyatını itirdi, 500-dən çox adam yaralandı.
2016-cı ilin mart ayı Türkiyədə terror ayı
kimi yaddaşlarda qaldı. Ay ərzində dörd terror hadisəsi
törədildi. Martın 13-də Ankarada
içərisində hərbçilər olan avtobus
partladıldı. Hadisə nəticəsində
38 nəfər həyatını itirdi, 125-i isə
yaralandı.
18 mart
2016-cı il: Mardinin Nusaybin məhəlləsində həyata
keçirilən əməliyyatlar zamanı PKK
terrorçularına aid əldə düzəldilən
bombanın partlaması nəticəsində 1 polis və 2 əsgər
şəhid oldu.
19 mart
2016-cı il: İstanbulun mərkəzində
Taksim meydadında terror aktı törədildi. Məlumata
görə, “canlı bomba” vaxtından əvvəl işə
düşüb. Hadisə nəticəsində
5 nəfər həlak oldu, 36 nəfər yaralandı. Yaralıların 24-ü əcnəbi olmuşdur.
Məlumatlarda bildirilir ki, terror məqsədli
şəkildə xarici vətəndaşların sıx
olduğu ərazidə həyata keçirilmişdir.
31 mart
2016-cı il: Diyarbəkir vilayətinin
Bağcılar məhəlləsində xüsusi təyinatlı
polislərin də olduğu avtomobil karvanına qarşı
terror aktı törədildi. Partlayış nəticəsində
7 polis şəhid oldu, 13 polis yaralandı, bundan başqa 14
dinc sakin də partlayış zamanı xəsarət aldı.
28 iyun
2016-cı il: İstanbulda Atatürk Hava
Limanında terror aktı törədildi. Qətlə
yetirilənlərin sayı 42 nəfərdir, 238 nəfər
isə yaralandı.
2016-cı ilin sonu və 2017-ci ilin ilk ayı da Türkiyə
tarixinə qanlı səhifələr kimi daxil olmuşdur. Belə ki, 2016-cı ilin 10
dekabrında İstanbulda biri “ Beşikdaş Vodafon Arena”, digəri
isə Dolmabaxça parkında olmaqla, iki terror aktı törədilmişdir.
44 nəfər həlak olmuş, 166 nəfər
yaralanmışdır. Ölənlərdən
36 nəfəri polisdir. Baş vermiş
terror aktlarına görə məsuliyyəti PKK-nın
qanadı olan “Kürdüstanın azadlığı
qırğıları” adlı terror qrupu öz üzərinə
götürmüşdür. Dekabrın
17-də isə Türkiyənin Kayseri şəhərində
PKK terror təşkilatı hərbçilərin olduğu
avtobusu partlatmışdır. Nəticədə
13 nəfər həlak olmuş, 50 nəfər
yaralanmışdır.
Dekabrın
19-da Ankarada Müasir İncəsənət Mərkəzində
“Kalininqraddan Kamçatkaya qədər səyyahların
gözü ilə” adlı sərgidə iştirak edən
Rusiyanın Ankaradakı səfiri Andrey Karlova qarşı
törədilmiş terror aktı Türkiyədə
yaşanan terror dalğasının pik nöqtəsi oldu. Rusiya-Türkiyə münasibətlərinin
normallaşdığı bir vaxtda bu qətlin
reallaşdırılması, heç şübhəsiz,
siyasi sifariş xarakteri kəsb edir. Ölkənin
düşdüyü bu kritik vəziyyətdən sui-istifadə
edərək qarayaxma kampaniyasına keçən qüvvələr
də çoxdur. Onu da xüsusi
vurğulamaq lazımdır ki, dünyada ən çox
Türkiyə diplomatlarına sui-qəsd olunub və bu cinayətlərin
əksəriyyətinin arxasında erməni terror təşkilatları
dayanıbdır. Səfir dövlətin
timsalı, əsas qüvvəsidir. Səfirə
qarşı törədilən terror dövlətin
nüfuzunu sarsıtmağa xidmət edən addımdır.
Maraqlıdır
ki, qətlə yetirilmiş səfirin qatıldığı
sərgi Rusiya-Türkiyə münasibətlərinin
normallaşmasından sonra Ankarada reallaşan ilk birgə tədbir idi. Təbii ki, bu sui-qəsdin arxasında Rusiya-Türkiyə
münasibətlərinin bərpasından narahat olan qüvvələr
dayanır. Xüsusilə, Suriya məsələsində
Rusiya və Türkiyənin konstruktiv müzakirələrinin
Qərb dünyasında ciddi bir narahatlıq
yaratdığı göz önündədir. Həm
Rusiya Prezidenti Vladimir Putin, həm də Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan bu hadisənin rus-türk
münasibətlərinin normallaşmasına qarşı
yönəlmiş açıq təxribat olduğunu
vurğuladılar. “Törədilmiş cinayət,
şübhəsiz ki, Türkiyə-Rusiya münasibətlərinin
normallaşmasına və Suriyadakı sülh prosesinə
qarşı yönəlmiş təxribatdır. Buna
qarşı yalnız bir cavab ola bilər:
terrorla mübarizəni gücləndirmək” – bu sözləri
Prezident Putin Xarici İşlər Nazirliyi və təhlükəsizlik
xidmətinin rəsmiləri ilə toplantısında bəyan
etdi.
Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlunun Moskvada rusiyalı həmkarı Sergey
Lavrovla görüşündə də eyni mövqe səsləndi. Mövlud
Çavuşoğlu bildirdi ki, Türkiyə Andrey Karlovun qətlini
rusiyalı mütəxəssislərlə birlikdə
araşdıracaq. M. Çavuşoğlu cinayətkarların
tapılıb cəzalandırılacağını bildirərək,
Ankaradakı Rusiya səfirliyinin yerləşdiyi küçəyə
öldürülən səfirin adının veriləcəyini
bildirdi. Heç şübhəsiz, Türkiyə Prezidenti
Ərdoğanın terror baş verən andan etibarən prosesləri
şəxsi nəzarət altında saxlaması və Rusiya
Prezidenti Putinlə telefon danışıqları, sui-qəsdin
səbəblərinin araşdırılması
üçün ikitərəfli müzakirələr bu
dövlətlər arasındakı əlaqələrin bərpa
və inkişafa başlanmasının mühüm göstəricisi
hesab oluna bilər.
Qardaş
ölkədə törədilən terror aktları təkcə
dövlətin zəiflədilməsinə deyil, həm də
xalqın iqtidara
inamının azalmasına, turist
axınının qarşısının alınmasına
xidmət edir. Belə olmasaydı, növbəti
terror aktı bilavasitə ilin son günü, məhz bayram əhval-ruhiyyəsində
olan insanlara qarşı törədilməzdi. Belə
ki, dekabrın 31-də, İstanbuldakı “Reina” gecə klubuna
Santa Klaus libasında gələn terrorçu yeni ilin gəlişini
qeyd edən gənclərə ardıcıl atəşlər
açaraq 39 nəfərin ölümünə, 65 nəfərin
isə yaralanmasına səbəb olmuşdu. Bu
fakt bir daha sübut edir ki, Türkiyənin regionda artan
nüfuzundan qorxuya düşən qüvvələr bu
ölkədə xalqla iqtidar arasında dərin uçurum
yaratmağa çalışırlar.
Dünya
tarixinin ən böyük sərkərdələrindən
biri olan Napoleon Bonapartın belə bir məşhur deyimi
vardır: “Türklər öldürülə bilər, fəqət,
əsla məğlubiyyətə uğramazlar”. Türkiyəni
qarışdırmağa çalışanlar, terror vasitəsilə
Türkiyəni zəiflətmək, parçalamaq niyyətlərini
reallaşdırmaq istəyənlər unutmamalıdırlar
ki, heç bir qüvvə türk millətini devirə bilməz.
Türklər düşməndən sayca qat-qat az olmalarına baxmayaraq, son nəfəsinədək
döyüşmüş, Çanaqqala kimi şərəfli
tarixi səhifə açmış bir millətdir. Çanaqqala tarixi zəfər, böyük bir
xalqın mübarizliyinin, rəşadətinin göstəricisidir.
Heç kəs türk millətini siyasi
oyunların qurbanına çevirməyə qadir deyildir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Əli
bəy Hüseynzadənin təbirincə desək:
"Türklər ya ölərlər, ya hicrət edərlər,
fəqət qul olmazlar".
Qardaş dövlətin beynəlxalq terrorçuların
hədəfinə çevrildiyi ağır məqamlarda Azərbaycan
həmişə olduğu kimi, yenə də Türkiyənin
yanında oldu.
Prezident İlham Əliyev terrorla mübarizədə
Türkiyənin mövqeyini birmənalı olaraq müdafiə
edir. Faktlara müraciət edək.
2015-ci il martın 13-də Türkiyədə
qanlı terror hadisəsi Bakıda keçirilməsi
planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq Şurasının
5-ci iclasını təhlükə altına
almışdı. Ölkədəki vəziyyəti
nəzərə alaraq, Türkiyə Prezidenti Bakıya səfərini
təxirə salmışdı. Lakin Azərbaycan
Prezident İlham Əliyev Ankaraya səfər edərək,
Türkiyəyə böyük dəstək vermiş və
Azərbaycan xalqının həmişə qardaş türk
xalqının yanında olduğunu nümayiş
etdirmişdi. Martın 15-də Türkiyə-Azərbaycan
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının Ankarada keçirilən V iclasından sonra
mətbuata bəyanatlarla çıxışında Azərbaycan
Prezidenti İlham Əliyev bütün dünyaya bəyan etdi
ki, Türkiyəyə qarşı terror aktlarının
heç bir nəticəsi olmayacaq: "...Biz bu dəhşətli
terror aktını qətiyyətlə pisləyirik,
qınayırıq və bir daha deyirik ki, biz bu gün
Türkiyə xalqının yanındayıq. Bizim
birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır
günlərdə də biz daim bir-birimizin yanındayıq.
Və biz Azərbaycanda tam əminik ki, Türkiyə
xalqına və dövlətinə qarşı törədilmiş
terror aktlarının heç bir nəticəsi olmayacaq.
Bu, Türkiyə dövlətini sarsıda bilməz,
Türkiyə xalqının iradəsinə təsir edə
bilməz, Türkiyəni haqq yolundan döndərə bilməz".
Rusiyalı səfirə qarşı terror hadisəsi ilə
bağlı Rusiya Prezidenti Vladimir Putinə
ünvanladığı məktubda Prezident İlham Əliyev
bu dəhşətli cinayətə görə dərindən
sarsıldığını, bu qanlı terror cinayətini qətiyyətlə
və qeyd-şərtsiz pislədiyini bəyan etmişdir.
İndi isə Türkiyəni artıq 3 ildir ki, cənginə
almış qanlı terror dalğası ilə bağlı
bir sıra olduqca vacib suallara cavab axtarmağa
çalışaq.
Türkiyədə terror aktlarının məlum
intensivliyini hansı amillər şərtləndirir? Assimmetrik təhdid
mənbəyini arsenallarının əsas silahına
çevirmiş beynəlxalq və daxili qüvvələr
Türkiyəyə qarşı terror aktlarını həyata
keçirməkdə hansı məqsədi güdürlər?
Bu qarşıdurmanın perspektivləri nə vəd
verir?
Zənnimizcə, birinci səbəb Türkiyənin
müsəlman ölkəsi olaraq bütün parametrlər
üzrə güclənməsi ilə bağlıdır. Bu
reallığı beynəlxalq terrorçu qüvvələr
heç bir halda “həzm” edə bilmirlər. Türkiyə nəinki türk dövlətlərinin,
eyni zamanda, bütün müsəlman dünyasının təəssübkeşi,
havadarı rolunda çıxış edir. Təbii ki, bu vəziyyət hər kəs
üçün ürəkaçan deyil. Qərbin daim müxtəlif bəhanələrlə
digər dövlətlərin daxili işlərinə
qarışması, “sülhpərəst siyasət”, demokratiya
adı altında dövlətləri nə vəziyyətə
saldığı göz qabağındadır. Lakin Türkiyənin müsəlman dövlətlərini
dəstəkləməsi, nəhəng güclərin siyasətinin
qurbanına çevrilmiş milyonlarla məsumu müdafiə
etməsi Qərbi qıcıqlandıran əsas amillərdəndir.
Türkiyədə terror niyə bitmir? Çünki bəzi qüvvələr terrora
Türkiyəni parçalayacaq, zəiflədəcək yeganə
amil kimi baxırlar.
Bu, bir həqiqətdir ki, Türkiyə beynəlxalq siyasətdə
güclü aktordur. XXI əsrin əvvəllərindən
başlayaraq Türkiyənin davamlı və sistemli
inkişafının təmin edilməsi faktiki olaraq onu
Yaxın və Orta Şərqin fövqəldövləti
statusuna yüksəltmişdir. Bu tarixi
nailiyyətin əldə edilməsi 2002-ci ildə iqtidara gələn
Ədalət və İnkişaf Partiyası və onun
xarizmatik lideri Rəcəb Tayyib Ərdoğanın adı ilə
bağlıdır. Faktlar və arqumentlər
bu həqiqəti təsdiqləyir.
Məlum olduğu kimi, 2001-ci ildə Türkiyə
tarixinin ən ağır iqtisadi böhranlarından birinə
daxil oldu.
Türk lirəsi bir gündə təxminən 100 faiz ucuzlaşdı.
Bir neçə gün ərzində ölkədən
xaricə çıxarılan kapitalın həcmi 7 milyard
dollar təşkil etdi. Büdcə kəsiri
ÜDM-in 15 faizini, dövlət borcu isə 90 faizini
ötdü. Türkiyə 1994-1998, 1999, 2000 və 2001-ci
illərdə, yəni 7 il ərzində 5
iqtisadi böhran yaşadı.
Müqayisə
üçün qeyd edək ki, Ədalət və İnkişaf
Partiyası hakimiyyətə gəldiyi 2002-ci ildə
ÜDM 150 milyard dollar idisə, 10 il sonra bu göstərici təxminən
800 milyard dollara çatdı. İnflyasiya isə,
67 faizdən 6, 5 faizə endi. İxracat 25
milyard dollardan 152 milyard dollara qədər yüksəldi.
Ölkənin xarici valyuta ehtiyatları həmin 10 il ərzində 20 milyard dollardan 125 milyard dollar
səviyyəsinə qalxdı.
Türkiyə
Respublikası hakim partiyanın rəhbərliyi altında
mövcud inkişafına adekvat olaraq ciddi hədəflər
müəyyən etdi: Yaranışının 100 illiyində,
yəni 2023-cü ildə ÜDM-i 2 trilyon dollara, ixracatı isə
500 milyard dollara çatdırmaqla iqtisadi baxımdan inkişaf
etmiş dövlətlər sırasında birinci onluqda yer
almaq. Bu məqsədə çatmaq yolunda Rəcəb Tayyib
Ərdoğan hökumətinin həyata keçirdiyi
düşünülmüş və ardıcıl siyasət
sayəsində 2013-cü ilin 20 may tarixində Türkiyənin
Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcları tam ödənildi.
Sonuncu ödəniş 422 milyon dollar təşkil
etdi. Müqayisə üçün qeyd edək
ki, 2001-ci ildə Türkiyənin bu quruma borcu kifayət qədər
böyük idi–23, 5 milyard dollar. Bununla da
Türkiyə 2013-cü ildən BVF-yə borcu olmayan dövlətlər
klubuna daxil oldu.
R.T.Ərdoğan
hakimiyyətə gəldikdən sonra Türkiyənin bir
sıra fundamental istiqamətlər üzrə
qazandığı uğurların əsasında 3 amilin rolu
danılmazdır: iqtisadi azadlıq, siyasi azadlıq və azad
bazar iqtisadiyyatı.
İkincisi,
Türkiyə dövlətinin olduqca fəal və müstəqil
xarici siyasət kursu həyata keçirməsi beynəlxalq qüvvələrin və
onların əlaltısına çevrilmiş “5-ci kalon”
funksiyasını həyata keçirən daxili qüvvələrin
“yuxusuna haram qatmışdır”.
Türkiyədə əvvəlki siyasi rejimlər hesab
edirdilər ki, ölkə 3 tərəfdən dənizlər,
4 tərəfdən isə düşmənlərlə əhatə
olunmuşdur.
Onlar bəyan etdikləri bu mürəkkəb vəziyyətin
aradan qaldırılması ilə bağlı heç bir
konkret proqram və ya xarici siyasət konsepsiyası irəli
sürmək iqtidarında deyildir. Türkiyədə
hakimiyyətə gələn Ədalət və
İnkişaf Partiyası isə məlum reallıq fonunda fəal
xarici siyasət kursunu irəli sürdü. Bu kursun ehtiva etdiyi çeviklik taktikası və
“qonşularla sıfır problem” ideyası bəzi Qərb dairələrinin
Türkiyəni hətta “Yeni Osmançılıq”da ittiham etməsinə
gətirib çıxardı. Bu ittihamlara rəsmi
Ankaranın cavabı orijinallığı ilə seçildi:
Türkiyənin fəal xarici siyasət davranışı ətrafında
formalaşmış qeyri-sabit siyasi mühit ilə birbaşa
bağlıdır. Yəni məcburi
davranış tərzidir. Əgər Türkiyənin ətrafında
diametri 1000 kilometr olan bir
çevrə cızılarsa, o 20 dövlətin əhatəsində
olacaq, əgər bu göstərici 3000 kilometrə çatsa,
dövlətlərin sayı 70-ə çatacaq. Unutmaq olmaz ki, həmin dövlətlərin hər
birində qeyri-sabitlik hökm sürür. Analoji
addım ABŞ ilə bağlı atılarsa, o həm birinci,
həm də ikinci halda dost ölkələr–şimaldan
Kanadanın, cənubdan isə Meksikanın, şərq və
qərbdən isə Sakit və Atlantik okeanların əhatəsində
qalacaqdır. Bu vəziyyət Türkiyənin
bir çoxlarını, xüsusən, beynəlxalq
terrorçu qüvvələri qıcıqlandıran xarici
siyasət fəallığını şərtləndirmişdir.
Bu kontekstdə Türkiyənin Suriya
böhranının tənzimlənməsi istiqamətində
atdığı fəal xarici siyasi addımlar bu dövlətin
terrorçu qüvvələrin hədəfinə
çevrilməsini şərtləndirən amillər
sırasında xüsusu rol oynamışdır. Türkiyəni Suriyadan uzaqlaşdırmaq məqsədilə
ən asan yol kimi terrora əl atılır. Bu, həm də Türkiyəni daxildən
parçalamağa planlaşdırılmış bir vasitədir.
Üçüncüsü,Türkiyədə sabitliyi pozub, onu Suriya,
Liviya, İraqın vəziyyətinə salmağa cəhd
göstərmək. Çünki bu yöndə
çalışan terrorçu qruplaşmalar və onların
siyasi dəstəkçiləri az deyildir.
Həmin terrorçu qruplar arasında
İŞİD, PKK, FETÖ, habelə kommunist və ya
başqa solçu qruplar var. Belə qrupların məqsədi
Türkiyəni məhv edib, onu parçalamaq, yaxud
"sosializim" adlı cəmiyyət qurmaqdır. İndiki hakimiyyəti terrorçularla, xüsusilə
PKK ilə danışıqlara getməyə məcbur etmək
əsas hədəflərdəndir. Uzun
müddətdir ki, kürd terrorçularını və
onların siyasi təmsilçilərini İmralı
adasında saxlanılan PKK rəhbəri Abdulla Öcalan həbsxanadan
idarə edir.
Terrorçular ömürlük azadlıqdan məhrum
edilən başçılarının azadlığa
buraxılmasını da tələb edirlər. Hökuməti
terrorçu PKK-ya qarşı mübarizəni
dayandırmağa məcbur etmək əsas vəzifələr
sırasındadır. Bundan savayı,
ölkə daxilində milli-etnik zəmində
iğtişaşlar salmağa nail olmaq da başlıca məqsədlərdən
biridir. Həmin qüvvələr
sırasında xüsusilə FETÖ üçün
Türkiyənin indiki iqtidarını dövlət
çevrilişi yolu ilə siyasi hakimiyyətdən
uzaqlaşdırmaq əsas hədəflərdəndir. Elə
bu məqsədlə də onlar 2016-cı ilin 15 iyulunda hərbi
çevriliş yolu ilə Türkiyədə hakimiyyəti
devirmək planlarını həyata keçirməyə cəhd etdilər.Türkiyə dövləti öz tarixinin bu
olduqca ağır sınağından üzüağ
çıxdı. Xalq hərbi qiyamı
yatırdı, dövlətçiliyin və demokratiyanın
keşiyində dayandı. İrtica və
demokratiyanın qarşıdurmasında ümummilli maraqlar
ön plana keçdi. Unikal xarakterli iqtidar
və müxalifət həmrəyliyi Türkiyə dövlətçiliyini
dəhşətli təhlükədən xilas etdi. Xalq seçdiyi Ərdoğan hakimiyyətini
müdafiə etdi. Türkiyəni bu
ağır günlərdə birmənalı olaraq müdafiə
edən dostları sırasında Azərbaycan, həmişə
olduğu kimi, öndə mövqe tutmuşdur. Bu, əslində, ulu öndər Heydər
Əliyevin “bir millət, iki dövlət” ideyasının
praktiki baxımdan təntənəsi kimi dəyərləndirilə
bilər.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bütün gecə
Türkiyədə baş verən hadisələri həyəcanla
izləmiş və yaşanan proseslərdən dərin
narahatlıq keçirmişdir. Azərbaycan Prezidenti bu hadisəni
birmənalı şəkildə dövlət
çevrilişi cəhdi kimi qiymətləndirərək, qətiyyətlə
pisləyib, onu Türkiyə xalqının milli maraqlarına,
ölkənin demokratik əsaslarına və hüququn aliliyinə
qəsd kimi dəyərləndirmişdir. Prezident İlham
Əliyev Azərbaycanın Türkiyə dövlətinin və
xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının
demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini
bəyan etmiş, bununla bağlı ölkənin müvafiq
orqanlarına lazımi tapşırıqlar vermişdir. Azərbaycanın
dövlət başçısı Türkiyədə
çevriliş cəhdinin qarşısının
alınması, vəziyyətin sabitləşdirilməsi
istiqamətində həyata keçirilən tədbirləri
alqışlamış, qardaş ölkədə qısa
zamanda vəziyyətin normallaşacağına ümidvar
olduğunu bildirmişdir. Cənab İlham Əliyev Türkiyədə
baş vermiş dövlət çevrilişi cəhdi nəticəsində
həlak olmuş insanlara Allahdan rəhmət diləmiş,
onların yaxınlarına başsağlığı
vermiş və bütün yaralılara şəfa
arzulamışdır.
Müasir
dünyamızda dövlətlər arasında
etimadsızlıq mühitinin formalaşması
reallığında Azərbaycan-Türkiyə dostluğu və
qardaşlığı unikal bir model olaraq böyük cəlbedicilik
əmsalına malikdir. Bu, bütün sahələrdə, o
cümlədən beynəlxalq terrorizmə qarşı
ardıcıl və sistemli mübarizə prosesində də
özünü bariz şəkildə nümayiş etdirir. Bu
prosesdə beynəlxalq birliyin bütün subyektlərinin əməkdaşlıq
və həmrəylik nümayiş etdirməsinə indi hər
zaman olduğundan daha çox ehtiyac vardır. Çünki
heç bir dövlətin təklikdə assimmetrik təhdid mənbəyi
olan terrorizmin hədəfindən yayınmaq uçün
lazımi immuniteti yoxdur.
Elman NƏSİROV,
Milli Məclisin deputatı, Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
Siyasi Araşdırmalar İnstitutunun direktoru,
siyasi elmlər doktoru, professor
Xalq qəzeti.-
2017.- 4 mart.- S.7.