Yel çərşənbəsi
Xalqımızın
milli bayramları zəngin mədəniyyətimizin
elementlərindən biridir.
İnsanların inancını əks etdirən bayramlar, el şənlikləri
canlı tarix nümunələridir.
Xalqımızın qədim inancının
daşıyıcısı olan Novruz bayramı bu gün də yüksək sevinclə qeyd edilir. Novruz
inanclarının əsasında insana, təbiətə
həyat verən dörd ünsür-Su,
Od, Yel və Torpaq durur. Buna görə də Novruz bayramından əvvəlki dörd çərşənbə məxsusi
törənlə keçirilir. Əski inanclara görə bu
çərşənbələrin hər birində təbiətin
dörd ünsüründən biri canlanır. İlin Novruzdan əvvəlki dörd
axır çərşənbəsi müqəddəs sayılır.
Novruz adətləri bu
gün də ilkin özəlliyini qoruyub
saxlamışdır. Mərasimlərdə
xalqımızın dünya və kainat haqqında ilkin
təsəvvürləri öz əksini
tapmışdır.
Bayrama hazırlıqlar Su çərşənbəsi ilə başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Əzəli çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə”, “Selçərşənbə”, “Zəmzəm çərşənbə”, “Çillibeçə çərşənbə” kimi də tanınır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Su sağlamlıq, paklıq, tale göstərmə, övladvermə, müqəddəslik, dirilik, ölməzlik, xoşbəxtlik gətirən bir inam rəmzi kimi çıxış edir.
Od çərşənbəsi Boz ayın çərşənbələrindən biridir. Od ünsürünü, adətən, təbiətin, eləcə də, insanın yaradılış prosesinin ikinci mərhələsi kimi götürürlər. Məhz buna görə də ikinci çərşənbə od ilə bağlıdır. Bu çərşənbə “Üskü (Üsgü) çərşənbə”, “Üskü gecəsi”, “Adlı çərşənbə”, “Ocaq çərşənbəsi”, “Atəş çərşənbə”, “Xıs çərşənbə”, “Xızır çərşənbə” adları ilə də tanınır. Od işıq, güc, qüvvət, nurlu sabahdır. Od insana sağlamlıq, paklıq və gözəllik gətirir. Od Günəş və ucalıq rəmzidir. Qədim zamanlardan bəri od türkün ağlında, düşüncəsində müqəddəsliyin, Günəşin rəmzi olmuşdur.
Yel ünsürü ilə bağlanan çərşənbə xalq arasında “Yel çərşənbə”, “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi tanınır. Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
“Yel” şifahi xalq ədəbiyyatımızdan müasir ədəbiyyatımıza kimi əksər nümunələrdə öz əksini tapmışdır. Xalq bədii nümunələrində və inanclarda müxtəlif mənalarda işlənən “yel” Kainatın yaradılmasında əsas yer tutan dörd ünsürdən biridir. Mövsüm nəğmələri içərisində də yel haqqında bədii nümunələrə rast gəlinir:
A Yel baba, Yel baba,
Qurban sənə gəl, baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A Yel baba, yel baba,
Qurban sənə gəl, baba.
Təsəvvüf ədəbiyyatında külək
Səba kimi ifadə olunur. Səba ruhani
aləmdən əsən
külək, Allahdan kamil insanların qəlbinə dolan ruhani nəfəsdir ki, bəşərin öz əslinə qovuşmasına vasitəçi
olur.
Quranda isə yelin
Allah tərəfindən göndərildiyi
qeyd edilir. Quranda küləklər “müjdəçi”
adlandırılır. “Ən-Nəml” (Qarışqalar)
surəsinin 63-cü ayəsində
oxuyuruq: “(Bütlər
yaxşıdır) yoxsa
qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə
doğru yol göstərən, küləkləri
Öz rəhməti (yağışı) önündə
müjdəçi olaraq
göndərən kimsə?!
Məgər Allahla yanaşı
başqa bir tanrımı var?! Allah (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən)
ucadır!”
Əski
inamlarda yel Tanrı kimi qəbul edilir, yaxud hər hansı bir missiyanı yerinə yetirmək üçün dünyanı idarə edən qüvvə tərəfindən
göndərilən bir
qüvvə kimi göstərilir. O köməkedici,
cəzalandırıcı funkisayaya
sahibdir. Əski etiqadlardan qaynaqlanan materiallarda “qara nəhr”dən dörd cür külək – Ağ yel, Qara
yel, Xəzri, Gilavar Yer üzünə
çıxır. Hərəsinin də öz donu olur. Bu donların rəngləri
də mifik dünyagörüşündən qaynaqlanır.
Ağ yel - ağ libasda, Qara yel - qara
libasda, Xəzri -
göy libasda, Gilavar – qırmızı libasda təsvir edilir.
Azərbaycan mifik təfəkküründə
yel yol göstərən,
bələdçi funksiyasını
yerinə yetirir. Yel baba yolunu azan insanların qarşısına çıxır,
onlara yolu tapmaqda köməkçi
olur. O, yolu azanlara yumaq ip verərək bu vasitə ilə onları düz yola çıxarır.
İp yumağın səridi,
Təri zəhmət təridi,
Havaya isti gəldi,
Suyun buzu əridi.
Yel bir varlıq kimi götürülür, ilahi
qüvvənin iradəsinin
ifadəsi kimi çıxış edir,
bu səbəbdən də Yel babanın
şərəfinə xüsusi
mərasimlər, ayinlər
keçirilir. Bu mərasim
dörd ilahi başlanğıcdan üçüncüsü
olan Yel çərşənbəsində icra olunur. Yellə bağlı nəğmələr,
bayatılar söylənilər. Yel baba köməyə
çağırılar.
Əcdadlarımız inanmışlar ki, Yel baba xırmana
gəlməmişdən qabaq
oradan taxıl bitkiləri götürməzlər. Belə inanc
var ki, sovurulandan
sonra ilk buğda götürənin oğlu
olar. Yel baba rabitə
yaradan vasitə hesab edilirdi. Ən maraqlı rituallardan biri isə qızların küləyə “ərə
getmə” mərasimidir.
Taxıl
döyümü vaxtı
boğanaq qalxarsa, qızlar “boğanaq gəlmə, sənə gedəcəyəm”-deyirlər.
Yel çərşənbəsi
günü digər çərşənbələrdə olduğu kimi, tonqallar qalanır, süfrələr bəzənir. Evlərdə
plov, əsasən də, südlü plov, bulğur aşı bişirilir.
Süfrəyə dənli bitkilərdən
hazırlanmış yeməklər,
quru meyvələrdən
və şirniyyatlardan
ibarət xonçalar
qoyulur. Evlərdə təmizlik işlərinə
başlanır, səməni
cücərdilir, bəzi
evlərdə isə azca boy atmış səməninin belinə qırmızı qurşaq
bağlanır. Bu ərəfədən
başlayaraq bayram üçün yeni geyimlər alınır. Yel çərşənbəsində
xüsusi ayinlər də icra olunur,
söyüd ağacının
altından keçərlər
ki, niyyətlər qəbul olsun, adamlar dəstə-dəstə
Yel dağına ziyarətə gedərlər.
Xalq arasında
yellə bağlı inanclar üstünlük təşkil edir. Bəzi
bölgələrdə külək
bərk əsərkən
evin ilk övladı sonbeşik
uşaqla canamazı (namaz qılınan parça) əncir ağacına bağlayaraq deyir:
Mən anamın ilkiyəm,
Ağzı qara tülküyəm.
Xəzri yat, Gilavar yat...
Külək, sürmə at,
Gəl, ələkdə yat!
Bu şeir parçası
bəzi bölgələrdə
son misraları dəyişməklə
dolunun dayandırılması
üçün də
oxunur. Yel çərşənbəsində
isə yel əsmədikdə “Külək
çağırdı” mərasimini
icra edirlər.
Ulularımızın inancına görə, Yel çərşənbəsində
vədə küləkləri
Xızır Nəbinin
əmri ilə məhəbbət qanadına
çevrilərək ürəkdən-ürəyə
əsir və sevgini aləmə yayır. Məhz bu səbəbdən
də, oğlanlar bu çərşənbədə
qız seçməyə
çıxarlarmış. İnama görə bu gecə Xızır Nəbi sevgililərə “Abi-kövsər” suyu içirib buta verir. “Ağ
yelə tuş olasan səni”, “Üstündən ağyellər
əssin” kimi alqışlarımızın da
bu inancdan doğduğunu desək, yanılmarıq. Hətta
inanca görə, Yel çərşənbəsində ata-ananın xeyir-duası olmadan qaçırılan qıza xeyir-duanı əli butalı Xızır Nəbi verir. Bu çərşənbədə
qəfəsdəki quşları
satın alınıb
“Azat-bezat, məni cənnətdə gözət” deyərək
havaya buraxılması
da inanclarımızdandır.
Bəzi hekayələrimizdə bu
motiv öz yerini tutur. Xahiş, arzu yazılan çərpələnglərin göyə buraxılması
bu Çərşənbənin ayinlərindəndir.
Xızır Nəbi ilə
təmasda olmaq üçün icra olunan “Yelləncəkdə
yellənmə” mərasimi
də bu çərşənbənin rituallarındandır.
Yellə
bağlı atalar sözləri də çoxluq təşkil edir: Yelə verdiyin düşmənə qismət
olar. Yelə
qoşulan çox uzağa getməz. Yel aparan yelinki, yerdə
qalan mənimki. Yelin işi elnən deyil, külnəndi.
Küləklə yatanın cin atı olar. Yelin zarafatı
qovmaqla başlanır.
Səhər ORUCOVA,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2017.- 7
mart.- S.9.