Şahmatımızın ən gözəl xanımları

 

Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Gülnar Məmmədova, Aydan Höccətova, Nərmin Kazımova. Ötən il sentyabrın birinci yarısında Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu bayram yazımızın elə ilk sətrlərində adlarını fəxrlə çəkdiyimiz xanımların təmsil etdiyi Azərbaycan milli komandasının qarşısına yarışı birinci onluqda başa vurmaq vəzifəsi qoyulmuşdu və qızlar tapşırığı şərəflə yerinə yetirdilər.

 

Yarandığı elə ilk günlərdən bir çox böyük hadisəyə şahidlik etmiş “Kristal Zal”da Olimpiada sınaqları başlanmazdan əvvəl komandamız 140 iştirakçı ölkənin (kişilərin turnirində 180 ölkə yarışmışdır) siyahısında reytinqə görə on ikinci idi, Olimpiadanı isə ən güclü on komanda sırasında, səkkizinci mövqedə başa vurdu.

Təcrübəli mütəxəssis Fikrət Sideifzadənin başçılıq etdiyi komanda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yarışlar təqvimində xüsusi yeri olan Olimpiadada keçirdiyi 11 matçdan yeddisində Nikaraqua, Meksika, Polşa, Almaniya, Hindistan, Kolumbiya və Malayziya yığmalarına qalib gəldi, Rumıniya və dəfələrlə dünya çempionu Nona Qaprindaşvilinin həmvətənləri Gürcüstan şahmatçıları ilə heç-heçə oynadı, yalnız Olimpiadanın gələcək qalibi Çin komandasına (20 xal) və bürünc mükafatçı Ukraynaya (17) uduzdu. Z. Məmmədyarova və rəfiqələri finişə 16 xalla çataraq Ukraynadan, eləcə də əlavə göstəricilərə görə ondan üstün olub ikinci yeri tutan Polşadan 1 xal geri qaldılar. Müqayisə üçün deyək ki, dördüncü nəticə göstərən Rusiya (16 xal) yalnız “topların fərqinə görə” bizdən irəli oldu, Gürcüstan isə (15) onuncu yerlə kifayətləndi.

Olimpiadada birinci taxtanın ağırlığını öz üzərinə götürüb, bir qayda olaraq, komanda yarışlarında əsl lider keyfiyyətləri ilə rəfiqələrini ruhlandırmağı bacaran Zeynəb də, Günayla Gülnar da, Aydanla Nərmin də şərəfini qoruduqları komandanın inamlı çıxışına öz töhfələrini verdilər. Doqquz görüşdə bir dəfə də uduzmayan Gülnarın 7 xalla üçüncü taxtada ən yaxşı nəticə göstərməsi isə çox böyük uğur idi və o, bu nailiyyətə görə Olimpiadanın bağlanış mərasimində xüsusi mükafata layiq görüldü.

Elə həmin anlarda 2014-cü ilin avqustunda Norveçin Tromsö şəhərində keçirilmiş 41-ci Olimpiada yadımıza düşdü. İki il əvvəl yığmamız yekun cədvəlində 23-cü olmuşdu. Bakıda isə səkkizinci yer. Böyük fərq göz qabağındadır–komanda 23-cü yerdən 8-ci mövqeyə yüksəlməklə 15 pillə irəliləmişdir.

Bir sözlə, bu səmimi və mübariz heyət “doğma divarlar” arasında, qədim və müdrik oyunun azərbaycanlı pərəstişkarları qarşısında böyük məsuliyyətlə oynayıb birinci onluğa layiq olduğunu inamla sübuta yetirdi.

Olimpiadadan sonra Serbiyanın Novi-Sad şəhərində (2009-cu ilin payızında Azərbaycanın kişilərdən ibarət komandası məhz burada təşkil edilən Avropa çempionatında ilk dəfə qızıl medal qazanmışdı) keçirilən Avropa klublarının kuboku turniri də qadın şahmatçılarımız üçün çox ciddi sınaq idi. Belə məsul yarışda ilk dəfə iştirak edən “Odlar Yurdu” komandası 8 xalla beşinci yeri tutdu, Gülnar Məmmədova isə bir daha fərqlənərək 7 mümkün xaldan 5,5 xalla ikinci taxtada birinci oldu. Başqa heç bir komandada heç bir şahmatçı ikinci taxtada belə nəticə göstərə bilməmişdi.

Nəhayət, Olimipadada çıxış etmiş həmin heyətin beş üzvündən ikisinin ötən ay keçirilmiş növbəti Azərbaycan çempionatında fəxri kürsüyə yüksəldiyini, Günayın ölkə çempionu adını qazandığını, Zeynəbin bürünc medala sahib olduğunu da qeyd edək. Azərbaycan çempionatında ikinci yeri isə daha bir istedadlı şahmatçımız Ülviyyə Fətəliyeva tutmuşdur.

Şahmatımızın ən gözəl xanımlarını, eləcə də onların rəfiqələri Türkan Məmmədyarova, Xəyalə Abdulla, Nərmin Xələfova, Nərmin Məmmədova, Nərgiz Umudova, Xanım Balacayeva və digərlərini qarşıda yeni-yeni yarışlar və umid edək ki, yeni uğurlar gözləyir.

Bu  gün qadın şahmatımızın qrossmeysterlərinə, beynəlxalq ustalarına səxavətlə xoş sətrlər həsr edib, onların timsalında Azərbaycanın bütün qadın idman ictimaiyyətinə ən xoş arzularımızı bildirərkən, əlbəttə, hələ sovet dövründən məşhurlaşıb respublikamızın yığma komandasının əsasını təşkil etmiş Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova və Fənarə Babayevanı da unutmuruq. Qadın şahmatımızın indiki nəsli bir vaxtlar estafeti məhz onlardan qəbul etmişdir.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2017.- 8 mart.- S.8.