Gözəl rolların bənzərsiz
ifaçısı
Onun
rollarını
sadalamaq fikrim yoxdur. Hansı
rolu oynamışdısa,
gözəl yaratmışdı. Sevilən aktrisa idi Nəcibə
xanım Məlikova.
Rollarında qəribə bir
füsunkarlıq var idi.
Xədicə bikə (“Fətəli xan”), Aygün (“Aygün” televiziya filmi), Dilarə ( “Ögey ana” bədii filmi), Nərgiz (“Əhməd haradadır?” bədii filmi) , Cahan xala ( “Arşın mal alan” II variant, bədii filmi) rolları ilə o, milli kinomuza yeni tipli qadın qəhrəmanlar gətirmişdi. Mənən saf qəlbli bu qəhrəmanlar, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünsə də, xeyirxah insanların köməyi ilə öz qadın qürurlarını qoruyub saxlaya bilirlər.
Əslən bakılı idi. Buzovnada dünyaya göz açmışdı. İlk təhsilini də bu kənddə almışdı. Sonra isə Bakı Teatr Məktəbində məşhur aktrisa Fatma Qədirinin kursunu bitirmişdi.
Əmək fəaliyyətinə Gəncə Dövlət Dram Teatrından başlamışdı. Amma əslində o, aktrisa yox, həkim olmaq istəyirdi.Lakin dayısı, görkəmli aktyor Sidqi Ruhulla 1938-ci ilin yayında həbs olunduqdan sonra onun da həyatında ciddi çətinliklər yarandı. Məlikovları “xalq düşməninin ailəsi” adlandırirdılar. Bunla da bütün qapılar onların üzünə bağlandı. Ona görə də o, aktrisalığı seçdi. Əslində, bu sənət də həkimlik kimidir. Aktyorlar da insanların qəlbini, ruhunu müalicə edirlər.
Gəncə teatrı onun həyata baxışını dəyişdi, bu sənətə daha möhkəm bağlandı. Burada ailə həyatı qurdu, oğlu Saqib dünyaya gəldi. Nəcibə xanım Gəncədə bir neçə tamaşada çıxış edəndən sonra Bakıya qayıdıb təzəcə təşkil edilmiş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil oldu. 1951-ci ildə ali məktəbi bitirib Milli Dram Teatra işə düzəldi. Təhsil aldığı illərdə də bu teatrın tamaşalarında epizodik rollar oynayırdı. Nəcibə Məlikova sonralar burada klassik və müasir Azərbaycan dramaturqlarının, dünya ədiblərinin əsərlərində maraqlı rollar oynadı. Onlar arasında “Nişanlı qız”, “Şöhrət və ya unudulan adam”, “Vaqif”, “Qəribə oğlan”, “Ümid”, “Müsyo Jordan və dərviş Məstəli şah”, “Əks səda”, “Cehizsiz qız”, “Qılınc və qələm”, “Büllur sarayda” və digər tamaşalar var idi.
Nəcibə
Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi.
Aktrisanın yumorunda da həzin və kövrək lirizm
üstünlük təşkil edirdi.
Dayısı
Sidqi Ruhulla həbsdən çıxdıqdan sonra Nəcibə
Məlikovanın səhnə həyatında da yaşıl
işıq yanır. 1958-ci ildə “Ögey ana” filmində
Dilarə roluna çəkilir. Daha doğrusu, bu filmdə gənc
bir qadının öz həyatına çox bənzəyən
həyat yolunu canlandırır.
Rejissoir filmin ssenarisində müəyyən detalları
dəyişdirərək məxsusi olaraq Nəcibə Məlikovanın
həyatı üzərində qurmuşdu. Film ekrana
çıxandan sonra Nəcibə Məlikovaya böyük uğur gətirir, hər
yerdə tanınmağa, sevilməyə başlayır. Deyirdi
ki, rollarım içərisində
ən çox sevdiyim Dilarədir.
Çünki bu rol mənim həyatımın ekran təcəssümüdür.
Aktrisa
“Ögey ana”dan sonra “Aygün” filmində baş rola çəkilir.
Aygün obrazı da onun sevimli, özünə yaxın bildiyi
qəhrəmanları sırasında durur. Əslində, bu rol elə Dilarəyə yaxın obraz idi.
Rejissor
Adil İsgəndərovun Sabit Rəhmanın
ssenarisi əsasında 1963-cü ildə quruluş verdiyi
“Əhməd haradadır?” filmində Nərgiz xala rolunu Nəcibə
xanıma həvalə etmişdi. Xatırlayırdı ki,
filmin maraqlı bir epizodunun çəkilişi zamanı mənə
maşın sürməyi öyrətdirlər. Maşına
oturanda qorxudan nəyisə qarışıq saldım. Bu zaman
bir nəfər kabinəyə tullanıb maşını
saxladı. Çox hirsləndim, “niyə gəldiniz,
özüm hamısını edəcəkdim”, -- dedim. Bir də
danışırdı ki, çəkilişlərin
birində Adil İsgəndərov çox hirsli idi. Nə
dedimsə, əsəbi cavab verdi.
Soruşdum ki, nə olub, nəsə səhv etmişəm?
Adil müəllim də makiyajımı nəzərdə
tutaraq hirslənib dedi ki, “sən çəkilişə gəlmisən,
yoxsa toya? Mən də dedim ki,
“axı, mən heç nədən istifadə etməmişəm.
İstəyirsiz yoxlayın”. Ancaq o inanmadı. Axırda dəsmalla
üzümü sildim. Adil müəllim çaşıb qaldı,
“doğrudanmı sən bu qədər
təbii gözəlsən”,--dedi.
1965-ci ildə Nəcibə Məlikova “Arşın mal alan”da Cahan xala obrazını yaradır. Bu filmin 1945-ci ildə çəkilmiş variantında bu obrazı Münəvvər Kələntərli ifa etmişdi. Nəcibə xanımın ifasında isə bu obraz yeniləndi, təzə çalarlarla təqdim olundu. Bu rol aktrisanın kinoda oynadığı ən maraqlı rolu idi. Bundan başqa “Leyli və Məcnun”, “Qanun naminə”,“Üzeyir ömrü” və bir neçə başqa filmdə də gözəl qadın rolları yaratmışdır.
Onun Milli Dram Teatrının səhnəsində oynadığı son tamaşa “Tənha iydə ağacı” oldu. O zaman Nəcibə xanım artıq xəstə idi, özünü pis hiss edirdi. Buna baxmayaraq son rolunu da özünəməxsus şəkildə təqdim edə bilmişdi. Nəhayət, uzun sürən xəstəlikdən sonra, 1992-ci il iyulun 27-də Nəcibə xanım dünyasını dəyişdi.
Onun şərəfli əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, Azərbaycan Respublikasının Əməkdar artisti (1959-cu il), Xalq artisti ( 1974-cü il) kimi fəxri adlara layiq görülmüşdü.
İllər keçəcək, hər dəfə onun çəkildiyi filmlər nümayiş etdiriləndə bu gözəl sənətkarın xatirəsi hörmət və məhəbbətlə yad ediləcək.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 8 mart.- S.11.