Qadınlara bəşəri
sevgi-sayğı günü
Azərbaycan
Yazıçılar Birliyinin katibi, Xalq
yazıçısı Çingiz Abdullayev bu il ölkəmizdə
100-cü dəfə qeyd edilən 8 Mart Beynəlxalq
Qadınlar Günündən doğan səmimi
duyğu-düşüncələrini qəzetimizin
oxucuları ilə bölüşdü, ölkə
qadınlarına ən xoş arzularını
ünvanladı:
– Bayramlar həyatımızdakı uca dəyərləri hamılıqla, özü də təntənə ilə qeyd etmək ehtiyacından yaranıb. Hər bir xalqın tarixində və bu günündə belə günlər az deyil və onlar təqvimdə ayrıca yer tutur. Dünya xalqlarının birlikdə bayram etdiyi günlər isə vur-tut bir neçədir. Onlardan biri də Beynəlxalq Qadınlar Günüdür.
Qadın hamımıza anadır, bacıdır, xaladır, bibidir. Analıq qadının həyatda ən uca məqamıdır. Buna görə də Ana adı dünyada insan üçün hər şeydən qiymətli olan Vətənlə qoşa tutulur, hər ikisi müqəddəs sayılır. Analar Adəmdən-Həvvadan üzü bəri həyatın ağır yükünü çəkiblər, buna görə də seviliblər, hamıdan üstün tutulublar. Lakin qadının həyatımızdakı bu əzəli, ali statusu zaman-zaman pozulub. Bəşəriyyət sivil dəyərlər, uca məramlar ətrafında toparlandıqca, ilkin olaraq, qadınların cəmiyyətdəki təbii-tarixi rolunun dirçəldilməsini aktuallaşdırıb.
Bu humanist missiyanı kütləviləşdirmək üçün sosial anlayışların yüksəliş dövrü olan XX əsrin əvvəllərində qadınların şərəfinə təqvimdə ayrıca gün yaranıb. Tarixən, ailədə və cəmiyyətdə qadına böyük hörmət bəsləyən Azərbaycan xalqı da dünyada öncüllər sırasında 8 Mart Beynəlxalq Qadınlar Gününü böyük sayğı ilə qeyd etməyə başlayıb. Bu il 100-cü dəfədir ki, ölkəmizdə qadınlar bayramı keçirilir.
İllər keçdikcə, 8 Mart bayramının məram və məzmunu Vətənimizdə daha dərindən başa düşülüb, qiymətləndirilib. Ümummilli dəyərləri həmişə ucalıqlara qaldıran, qadınların ictimai həyatda rolunu daim yüksəldən ulu öndər Heydər Əliyevin 8 Mart Beynəlxalq Qadınlar Gününü “bizim bütün bayramlar içərisində ən gözəli” adlandırması heç də təsadüfi deyildi.
Sevimli
yazıçımız daha sonra dedi:
–
İnsanı dünyaya analar gətirdiyi kimi, onunla
bağlı ən ülvi arzular da ana ürəyində yuva
qurur. İnsanlıq isə bu gözəl diləklərin pərvazlanmasına
yaradılan imkan və şəraitlə yüksəlir.
Analarımızın ötən zamanlarda ən böyük
arzularından biri yurdumuzun müstəqillik əldə etməsi
idi. Bu tarixi diləyin gerçəkləşməsi
analarımıza indiki nəsillərin ən böyük töhfəsidir.
Qadınlar həm də dünyamızı dinc, ehtiyacsız,
firavan görmək istəyirlər.
Bu yöndə də müstəqillik illərində ölkəmizdə
əsrlərə bərabər irəliləyiş olub.
Lakin
düşmən qüvvələrin
fitnə-fəsadla törətdiyi, xalqımızın
qolunda yeni qandala döndərmək istədiyi Qarabağ
münaqişəsi və müharibəsi 30 ilə
yaxındır ki, qanı axan yara kimi hamıdan çox
analarımızı ağrıdır, ağladır. Yurd,
övlad itkiləri ilə onların qəlbinə dağ
basır. Anaların dözüm və dəyanətindən
güc alan xalqımız bu bəlanın aradan
qaldırılması üçün illərdən bəri
möhkəm iradə göstərir, güc-qüvvətini
durmadan artırır. İndiki
iqtisadi-hərbi qüdrətimiz, son bir ildə cəbhədə
düşmənə vurulan sarsıdıcı zərbələr
analarımızın əmin-amanlıq diləyinin çin
olacağı günü yaxınlaşdırır.
Bayramlar
bizə gerçəkləşən istəklərimizdən
yaranan xoş duyğular yaşatdığı kimi, yeni
arzularımıza da qanad taxır. Bu ən gözəl bayram
günündə mən qadınlarımıza olan borcumuzu
layiqincə qaytarmağın vacibliyini bir daha hamıya
xatırlatmaq istəyirəm. Yada salmaq istəyirəm ki,
qadının incidildiyi, aşağılandığı cəmiyyətlər
və toplumlar həmişə lənətə düçar
olubmuş kimi məhv olub.
Dünyaca
məşhur söz adamı sonda qadınlarımıza bayram
təbrikini və arzularını belə ifadə etdi:
– Diləyi
xoş, duası alqış, qədəmləri rüzi-bərəkətli
olan analarımız ən yüksək diqqət və
qayğıya layiqdirlər. Şükürlər olsun ki,
çağdaş cəmiyyətimiz bu zərurəti kifayət
qədər anlayır və gerçəkləşdirməyə
çalışır. Mən analarımıza bu günlərdə
sevgilərimizin timsalı olaraq
bağışladığımız bahar müjdəli, min
bir ətirli güllər kimi təravətli, gözəl
günlər arzulayıram. Azərbaycan qadınlarını
bütün dünyanın sonsuz sayğı ilə qeyd etdiyi
8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik
etməkdən böyük məmnunluq duyuram.
Qoy
qadınlarımızın hər qayğısını
çəkdikləri həyatımız dincliyə, səadətə
və bolluğa bürünsün! Qoy növbəti
qadınlar bayramınadək torpaqlarımızda qanlı dava
bitsin! Analarımızın üz-gözlərində kədər,
qəlblərində ağrı-acı qalmasın! Ulu Yaradan
qadınlarımızı bütün xoş diləklərinə
qovuşdursun!
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2017.- 8 mart.- S.5.