Yurd nisgilini söz
silahına çevirən
sənətkar
Eldar İsmayıl -75
Söz zamanında, yerində deyiləndə
dəyərli və təsirli olur. Söz xiridarları da
çalışıblar ki, sözü zamanında və yerində işlətsinlər.
Belə söz sərraflarından biri çağdaş ədəbiyyatımıza layiqli töhfələr vermiş
Eldar İsmayıldır.
Eldar İsmayıl sözü bir-birinin ardınca muncuq kimi düzərək elə nümunələr yaradıb ki, oxucu ədibin toxunduğu məsələlərlə bağlı düşünməli, yaddaşına həkk etməli olur. Çünki Eldar İsmayıl sözün qüdrətinə önəm verən şair-yazıçılardandır. Onun keçdiyi kəşməkəşli ömür yolu, yazdığı mövzular hər kəs üçün maraqlıdır.
“1988-ci ildə Qərbi Azərbaycandan deportasiya edilən Eldar İsmayıl Bakı şəhərində məskunlaşır, bədii və publisistik yaradıcılığını burada davam etdirir. Yurd həsrətli “Ulu Göyçə” adlı ilk kitabı da 1990-cı ildə Bakıda, “Yazıçı” nəşriyyatında çap olunur. Bundan sonra ömrünü bədii yaradıcılığa bağlayan Eldar İsmayılın “Ermənistan türklərinin 1988-ci il soyqırımı”, “Ağrı dağı qədər ağrılarım var”, “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Şəhid yurdun şəhid övladları” və başqa publisistik kitabları işıq üzü görür. O, “Göyçə” və “Ulu Göyçə” qəzetlərini təsis edir, qaçqınlarla mütəmadi ünsiyyət qurur və həm də onların vasitəsi ilə ermənilərin cinayətkar əməllərini dərindən öyrənir və yayır. “Göyçənin qisası qalır”, “Səttar oğlu”, Zülmətdə parlayan qılınc” və “Bir igidin ömrü” kimi tarixi romanlarda bu zəmində ərsəyə gəlir.
Eldar İsmayılın Hüseyn İsmayıl ilə birlikdə qələmə aldığı “Göyçənin qisası qalır” tarixi romanı Azərbaycan yazıçılarının qurultayında son dövrün ən yaxşı nəsr əsərlərindən biri kimi dəyərləndirilib. “Səttar oğlu” və “Zülmətdə parlayan qılınc” romanları da ədəbi ictimaiyyətin və geniş oxucu kütləsinin rəğbətini qazanıb. Ömrünün otuz ili jurnalistlik fəaliyyətilə bağlı olan Eldar İsmayıla “Əməkdar jurnalist” fəxri adı verilib.
Eldar İsmayıl tarixi düşmənimiz olan ermənilərin iç üzünü açan, onların yüz illər boyunca xalqımızın başına gətirdiyi bəlalarla bağlı ən mükəmməl əsərlər yaradan şair və yazıçılarımızdandır. Xalq şairi Bəxtiyar Vahabzadə onun “Allah amanatı” şeirini ata-baba yurdundan, isti ocağından qovulanların torpaq həsrətinə nisgilli bir ağı adlandırıb: “Bu ağı göyçəlilərin dərdini, nisgilini quru sözlərlə deyil, od-alova bürünmüş hisslə nə qədər gözəl ifadə etmişdir. Öz el-obasını tərk etmiş didərginin dərdini o yerlərdə “qəbir-qəbir elim qalıb” ifadəsindən güclü və tutarlı demək mümkün deyil. Fikrin gücünə bax, İlahi: torpağın sahibi olan el də qəbir-qəbir qalarmı? Bəli, isti ocağından qovulmuş göyçəlilərin eli o torpaqlarda sahibsiz qalan qəbirləridir. Halal olsun, dərdini bu qüdrətdə, bu tutumda deyə bilən qələm sahibinə!”
Əsərlərini qəlbinin odu ilə qələmə alan Eldar İsmayılın istər nəsrində, istərsə də poeziyasında ədəbi və xalq dili çeşməsindən süzülən şəhdi-şəkər çağlayır. O, insanlığa, bəşəri duyğulara, söykənən, Azərbaycanda, türk dünyasında baş verən hər bir hadisəni poeziyanın predmeti səviyyəsinə qaldıraraq oxucusunu təsirləndirməyi bacaran şairlərdəndir. Yalnız yazmaya bilmədiklərini yazan şairin mövzu dairəsi olduqca genişdir. Yaradıcılığının fövqündə vətəndaşlıq, şeirlərinin nüvəsində yurd sevgisi dayanır:
Halal mayadandır odum-ocağım,
Bərəkət
kanıdır aranım-dağım.
Mənim
Naxçıvanım, öz
Qarabağım,
Muğanım, Milim də Azərbaycandır.
Vaxtilə Xalq şairi Hüseyn Arif Eldar İsmayıl poeziyası haqqında yazmışdı: “Eldarın yaradıcılığında məni özünə çəkən cəhət şairin torpağa-daşa bağlılığı, ata-anaya, el-obaya istəyi, sadə, mehriban zəhmət adamlarına məhəbbəti, bununla yanaşı əliəyrilərə, yaltaqlara, cəmiyyətimizdə alaq otuna çevrilmiş tüfeylilərə olan nifrətdir. Dili saz dilidir: aydın, obrazlı, axıcı”. Eldar İsmayılın ana dilimizə verdiyi böyük önəm “Mən kiməm” poemasında öz əksini parlaqlığı ilə tapmışdır. Şair demək olar ki, bu əsəri yazmaqla öz ana dilinə olan sevginin bitib, tükənməzliyini təsdiq etmişdir.
Türkiyəli alim Mustafa Özbaş isə
Türkiyədə işıq üzü
görən “Allah amanatı”ndan seçmə
şeirlər”i yüksək qiymətləndirib: “Türkçenin en güzel konuşulduğu yer olarak biz
Azerbaycanı bilmekteyiz. Bu dilin bu kadar
orijinal bir şekilde konuşulduğu
bir ülkede orijinal eserler de yer almaktadır. Bunlardan birisi de Eldar İsmayılın “Allah emaneti”
adlı eseridir”.
E.İsmayılın “Mən
burda qəribəm, yurd orda qərib”
adlı kitabında toplanan şeirlərin bir qismini türk
oxucularının faydalanması
məqsədilə osmanlı
türkcəsinə uyğunlaşdıran
Zehra Yılmaz bu kiçik xidmətinə görə
özünü mutlu saymaqla bərabər, onu bu sahədə
çalışma yapmağa
həvəsləndirən Türk
Dili və Ədəbiyyatı Anabilim
Dalı Başkanı
Dr. Ali Kafkasiyalıya təşəkkür
etməyi də unutmur.
Günümüzün mühüm hadisələrinə
əlüstü cavab
verməsi Eldar İsmayıl yaradıcılığını
səciyyələndirən başlıca xüsusiyyətlərdəndir. Elə bir
tarixi gün, ictimai maraq kəsb
edən hadisə yoxdur ki, onun
yaradıcılıq emalatxanasında
cilalanaraq nəsrə,
yaxud poetik nümunəyə çevrilməsin.
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
professor Nizami Cəfərov
Eldar İsmayılı
Azərbaycan ədəbiyyatının
son otuzillik mərhələsinin
simasını müəyyənləşdirən,
onun istər formal- fonetik , isdərsə də ideoloji- semantik məzmununu bütün dolğunluğu
ilə əks etdirən ədiblərimizdən
biri hesab edir: “Eldar İsmayıl
Azərbaycan ədəbi-
ictimai düşüncəsinin
ideya istiqamətlərinin
əsas daşıyıcısı
olan üç istiqamətdə professional səviyyədə
yaradıcılıqla məşğuldur–
şairlik, nasirlik, publisistika. Bu istiqamətlərdən
hansının Eldar İsmayıl ədəbi
fəaliyyətində üstün
olduğunu demək çətindir. Eldar İsmayıl
nədən danışırsa-
danışsın, nədən
yazırsa- yazsın bu mövzunun əsasında Vətən
və vətəndaş
dayanır.”
Janrından asılı olmayaraq, Eldar İsmayılın heç bir əsəri ağrısız,
yanğısız deyil. Onun yaradıcılığında
ağrıya həssaslığı
akademik Yaşar Qarayev çox sərrast və dəqiq təsvir edib: “Poeziyanın müqəddəs vəzifələrindən
biri də budur ki, ağrıya
həssaslığı artırır.
Bizim Göyçə ağrımızın
həssaslığını artıran ən yaxşı nümunələrin
sırasına mən
Eldar İsmayılın
şeirlərini daxil edirəm.” Qarabağ
həsrətli, “qana-qan”
haraylı şair Ənvər Əhməd bu ağrıların sərhədini
cızır: “Gözümüzün
önündə Eldar
adlı, İsmayıl
soyadlı, Göyçə
yaralı, Qarabağ, Zəngəzur ağrılı,
Bağanis Ayrım yanğılı, Xocalı
dərdli, Dərbənd,
Təbriz, Borçalı
haraylı böyük
bir şair yaşayır. Ağrısı yarasına sarınıb,
göz yaşı dərdini yuya bilmir.”
Ədibin
son illərdə işıq
üzü görən
“Zavallı” ermənilər,
yoxsa zalım ermənilər” və gənc yazar Gündüz Əhmədli
ilə birlikdə qələmə aldığı
“Qərbi Azərbaycan,
Göyçə – erməni
işğalı” adlı
kitabları erməni vəhşiliyinə və
yalanına tutarlı cavabdır. Bu kitablar
zaman-zaman xalqımızın
başına gətirilən
müsibətlərdən, ağılsız düşmənlərimizin
tarixi saxtakarlıqlarından,
insanlığa sığmayan
məkrli əməllərindən
bəhs edir. Kitabda bu gün Ermənistan
ərazisində qalan azərbaycanlılara məxsus
tarixi abidələrdən,
qondarma erməni soyqırımının qabardılmasından,
beynəlxalq ictimaiyyətin
ikili standartlarından
söhbət açılmaqla
bərabər, dünya
miqyasında tanınmış
ictimai xadimlərin, yazıçıların ədalətli
mövqeyinə də
kifayət qədər
yer ayrılır.
Ömrünün 50 ilini ədəbi
yaradıcılığa həsr
edən Eldar İsmayılın bu günlərdə 75 yaşı
tamam olur. Həyatının müdriklik çağını
yaşayan, bir-birinin ardınca dəyərli əsərlər ortaya qoyan qələm dostumuza yeni yaradıcılıq uğurları
arzulayırıq.
Arif MƏMMƏDLİ,
şair-publisist
Xalq qəzeti.- 2017.-
11 mart.- S.6.