Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 91                                                                                                                    Bakı şəhəri, 14 mart 2017-ci il

 

“Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Kons­titusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASI-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 14 mart tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən yanacağın və elektrik enerjisinin dəyərinin ödənilməsi üzrə qarşılıqlı hesablaşmaların aparılması və daxil olmuş vəsaitlərdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

 

1.2. Bu Qaydanın məqsədləri üçün elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər dedikdə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti başa düşülür.

 

1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

1.3.1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin, “Azəriqaz” İstehsalat Birliyinin və Qaz İxracı İdarəsinin xüsusi bank hesabı – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müvafiq qurumları tərəfindən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə satılmış təbii qazın, mazutun və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azneft” İstehsalat Birliyindən alınmış təbii qazın dəyərinin ödənilməsi və təbii qazın pərakəndə satışından yığılan vəsaitin daxil olması üçün müvəkkil bankda açılmış hesablar;

 

1.3.2. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin xüsusi bank hesabı – “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində satılmış elektrik enerjisinin dəyərinin daxil olması üçün müvəkkil bankda açılmış hesab;

 

1.3.3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin xüsusi bank hesabı – “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində satılmış elektrik enerjisinin dəyərinin daxil olması üçün müvəkkil bankda açılmış hesab.

 

 2. “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətləri arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə

 

2.1. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərişıq” ASC) ölkə daxilində satılmış elektrik enerjisinin dəyərinin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır.

 

2.2. “Azərişıq” ASC tərəfindən istehlakçılara, o cümlədən məişət abonentlərinə (əhaliyə) satılmış elektrik enerjisinə görə ödənilən vəsait bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilir.

 

2.3. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 65 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Azərenerji” ASC) xüsusi bank hesabına, 15 faizi isə “Azərişıq” ASC-nin cari bank hesabına köçürülür və bu barədə “Azərişıq” ASC-yə məlumat verilir. “Azərişıq” ASC müvəkkil bank tərəfindən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğini özünün ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün xüsusi bank hesabından “Azərenerji” ASC-nin ƏDV-nin depozit hesabına köçürülməsini təmin edir.

 

2.4. Hər ay başa çatdıqdan sonra növbəti ayın 15-dək əvvəlki ay ərzində “Azərişıq” ASC tərəfindən “Azərenerji” ASC-dən alınmış elektrik enerjisinin həcmi və dəyəri barədə üzləşmə aktı tərtib edilərək, bir nüsxəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə yaradılmış Komissiyaya (bundan sonra – Komissiya) təqdim edilir, “Azərenerji” ASC-dən alınmış elektrik enerjisinin həcmi və dəyərinin ödənilməmiş hissəsi üzrə dəqiqləşdirmələr aparılır və qalıq borcun məbləği “Azərenerji” ASC-nin xüsusi bank hesabına (o cümlədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.3-cü maddəsi nəzərə alınmaqla aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin məbləği “Azərenerji” ASC-nin ƏDV-nin depozit hesabına) köçürülür.

 

2.5. Bu Qaydanın 2.3-cü və 2.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azərişıq” ASC-nin xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə yönəldilir, qalan hissəsi isə bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulan qaydada istifadə edilir.

 

2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan ardıcıllıqla ödənişlər həyata keçirildikdən sonra “Azərişıq” ASC xüsusi bank hesabında qalan vəsaiti cari il üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə təsdiq edilmiş “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası”na əsasən təsdiq olunan gəlirlər və xərclər smetasına uyğun olaraq və ya xüsusi layihələrin icrası məqsədi ilə “Azərişıq” ASC-nin cari bank hesabına köçürür.

 

 3. “Azərenerji” ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə

 

3.1. “Azərenerji” ASC ölkə daxilində satılmış elektrik enerjisinin dəyərinin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır.

 

3.2. “Azərenerji” ASC tərəfindən satılmış elektrik enerjisinə görə daxil olan vəsait bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilir.

 

3.3. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 45 faizi müvəkkil bank tərəfindən mütəmadi olaraq avans ödənişi şəklində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan xüsusi bank hesabına, 5 faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına, 15 faizi isə “Azərenerji” ASC-nin cari bank hesabına köçürülür və bu barədə “Azərenerji” ASC-yə məlumat verilir. “Azərenerji” ASC müvəkkil bank tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin xüsusi bank hesabına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına köçürülən məbləğlərə uyğun ƏDV məbləğini özünün ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün xüsusi bank hesabından müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ƏDV-nin depozit hesablarına köçürülməsini təmin edir.

 

3.4. Hər ay başa çatdıqdan sonra, növbəti ayın 15-dək əvvəlki ay ərzində “Azərenerji” ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən alınmış təbii qazın, “Azneft” İstehsalat Birliyindən və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən alınmış mazutun həcmi və dəyəri barədə üzləşmə aktı tərtib edilərək bir nüsxəsi Komissiyaya təqdim edilir, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən alınmış təbii qazın, “Azneft” İstehsalat Birliyindən və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən alınmış mazutun həcmi və dəyərinin ödənilməmiş hissəsi üzrə dəqiqləşdirmələr aparılır və qalıq borcun məbləği “Azərenerji” ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesablarına, habelə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına (o cümlədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.3-cü maddəsi nəzərə alınmaqla aparılmış ödəniş məbləğinə uyğun olaraq, ƏDV-nin məbləği Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin, “Azneft” İstehsalat Birliyinin və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ƏDV-nin depozit hesablarına) köçürülür.

 

3.5. Bu Qaydanın 3.3-cü və 3.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azərenerji” ASC-nin xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə yönəldilir, qalan hissəsi isə bu Qaydanın 3.6-cı bəndində nəzərdə tutulan qaydada istifadə edilir.

 

3.6. Bu Qaydanın 3.5-ci bəndində nəzərdə tutulan ardıcıllıqla vəsaitlər ödənildikdən sonra, “Azərenerji” ASC-nin xüsusi bank hesabında qalan vəsait “Azərenerji” ASC-nin cari il üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə təsdiq edilmiş “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası”na əsasən təsdiq olunan gəlirlər və xərclər smetasına uyğun həcmdə “Azərenerji” ASC-nin cari bank hesabına köçürülür və ya xüsusi layihələrin icrasına yönəldilir.     

 

4. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən yanacağın və təbii qazın ölkə daxilində satışından daxil olmuş vəsaitlərdən istifadə

 

 4.1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi “Azərenerji” ASC-yə satılmış təbii qazın dəyərinin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır.

 

4.2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi “Azərenerji” ASC-yə satılmış mazutun və “Azəriqaz” İstehsalat Birliyinə satılmış təbii qazın dəyərinin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır.

 

4.3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi ölkə daxilində təbii qazın pərakəndə satışından vəsaitlərin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır.

 

4.4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən “Azərenerji” ASC-yə satılmış təbii qaza görə daxil olan vəsait bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir.

 

4.5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi tərəfindən “Azərenerji” ASC-yə satılmış mazuta görə daxil olan vəsait bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir.

 

4.6. Ölkə daxilində təbii qazın pərakəndə satışına görə ödənilən vəsait Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir. Bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 50 faizi müvəkkil bank tərəfindən mütəmadi olaraq avans ödənişi şəklində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan xüsusi bank hesabına, 25 faizi isə “Azəriqaz” İstehsalat Birliyinin cari bank hesabına köçürülür və bu barədə “Azəriqaz” İstehsalat Birliyinə məlumat verilir. “Azəriqaz” İstehsalat Birliyi müvəkkil bank tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğini özünün ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün xüsusi bank hesabından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin ƏDV-nin depozit hesabına köçürülməsini təmin edir.

 

4.7. Hər ay başa çatdıqdan sonra, növbəti ayın 15-dək əvvəlki ay ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyindən alınmış təbii qazın həcmi və dəyəri barədə üzləşmə aktı tərtib edilərək bir nüsxəsi Komissiyaya təqdim edilir,  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyindən alınmış təbii qazın həcmi və dəyərinin ödənilməmiş hissəsi üzrə dəqiqləşdirmələr aparılır və qalıq borcun məbləği Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesabına (o cümlədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.3-cü maddəsi nəzərə alınmaqla aparılmış ödəniş məbləğinə uyğun olaraq, ƏDV-nin məbləği Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin ƏDV-nin depozit hesabına) köçürülür.

 

4.8. Bu Qaydanın 4.6-cı və 4.7-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azəriqaz” İstehsalat Birliyinin xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə yönəldilir, qalan hissəsi isə Komissiyaya məlumat verilməklə, “Azəriqaz” İstehsalat Birliyinin cari bank hesabına köçürülür.

 

4.9. Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan bank hesabına daxil olan vəsaitin 50 faizi,  bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan bank hesabına daxil olan vəsaitin 60 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və “Azneft” İstehsalat Birliyinin cari bank hesablarına köçürülür.

 

4.10. Bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulan vəsaitlər ödənildikdən sonra, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesablarında qalan vəsait Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cari il üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə təsdiq edilmiş “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası”na əsasən təsdiq olunan gəlirlər və xərclər smetasına uyğun həcmlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müvafiq olaraq Qaz İxrac İdarəsinin və “Azneft” İstehsalat Birliyinin cari bank hesablarına köçürülür və ya xüsusi layihələrin icrasına yönəldilir.     

 

5. Yekun müddəa

 

5.1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azneft” İstehsalat Birliyi və “Azəriqaz” İstehsalat Birliyi, habelə “Azərenerji” ASC və “Azərişıq” ASC bu Qaydanın tələblərinə riayət edilməsi ilə bağlı müddəaların müvəkkil bankla bu Qaydanın 2.1-ci, 3.1-ci, 4.1-ci, 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulan xüsusi bank hesablarının açılmasına dair bağlanan müqavilə şərtlərinə daxil edilməsini təmin edirlər.

 

Xalq qəzeti.- 2017.- 15 mart.- S.5.