Şabranda at
yarışları ənənəyə çevrilir
Ulu Şabran yenə bayram libasında idi. Əsrlərlə bu yurd yerinin “keşiyini çəkən” Çıraqqalada
qalanmış tonqallar
indi ətraf kəndlərin sakinlərini
Rəhimlidəki cıdır
düzünə, Novruzun
son çərşənbəsində keçirilən elin igid oğullarının
at yarışına tamaşaya,
çaparların məharətini
alqışlamağa çağırırdı.
Düz on il
əvvəl başlanan
və artıq qədim yurd yerində bir ənənəyə çevrilən
bu at yarışları
indi Şabranda, sözün əsl mənasında, Novruz bayramının ayrılmaz
bir atributuna çevrilib. Lap elə
qədim dövrlərdə
olduğu kimi.
Bu il keçirilən
bayramın özəlliyi
isə onda idi ki, yarışları
izləyən qonaqlar arasında İsrail dövlətinin ölkəmizdəki
fövqəladə və
səlahiyyətli səfiri
Dan Stav da var idi. Qonaq çox
böyük maraqla cıdır düzünün
ətrafında milli geyimdə elimizin müxtəlif adət-ənənələrini,
mətbəxini, məişətini
nümayiş etdirən
sakinlərə tamaşa
edir, bayram mənzərələrini ard-arda
mobil telefonundakı fotokameranın yaddaşına
köçürürdü.
İlaxır çərşənbənin bayram
tonqalının yandırılması
elan edildi. Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz
Novruzov Çıraqqaladan
endirilən odlu məşəli səfir
Dan Stavla bərabər,
meydanda çatılmış
tonqala yaxınlaşdırıb
onu alovlandırdılar.
Alqışlar və “Bayramınız
mübarək!” sədaları
ətrafa yayıldı.
At yarışının açılışına
isə, ötən il keçirilən
yarışın qalibi
Mirxəlil Ağayev tərəfindən dövlət
himnimizin sədaları
altında Azərbaycan
bayrağının qaldırılması
ilə start verildi.
İcra hakimiyyəti başçısının
müavini Fikrət Nuşiyev jurnalistlərlə
söhbət zamanı
bildirdi ki, qədim zamanlardan at igidlik və qəhrəmanlıq rəmzi
sayılıb.Öz atı
ilə öyünənlər
hər zaman öz qüvvələrini
cıdır meydanlarında
sınağa çəkiblər. Qədim Şabranda
da at yarışları
keçirilib və bu yarışlar çox vaxt el bayramlarına təsadüf
edib. XX əsrdə
qəhrəmanlıq sınağına
çevrilmiş bu yarışların keçirilməsi
sanki bilərəkdən
xalqın həyatından
sıxışdırılıb. Biz 10-cu ildir bu
yarışları keçiririk
və güman edirəm ki, bundan sonra at yarışları Şabranın
bayram tədbirlərindən
biri kimi daim yaşayacaq.
F.Nuşiyev məlumat verdi ki,
yarışın bugünkü final mərhələsində
birincilik uğrunda 20 çapar mübarizə aparır. Finalçılar 68 kəndi təmsil
edən iştirakçılar
arasından seçilib.
Əvvəlcə bütün iştirakçı
çaparlar at üstündə
əllərində Azərbaycanın
üçrəngli bayrağı
tamaşaçılar önündən
keçdilər. Sonra yarışlar başlandı.
Qara zurnanın “Cəngi” sədalarının
müşayiəti ilə altı mərhələdə keçirilən
yarışda Anar Məstanovun “Göydəmir”
ləqəbli atı qalib gəldi. Məmmədağa Eynalovun
atı ikinci, Cəlil Qasımovun atı isə yarışı üçüncü
pillədə başa
vurdu.
Sonda Şabran Rayon İcra Hakimiyyətinın başçısı Novruz Novruzov finişə birinci çatan Anar Məstanova yarışın kubokunu, fəxri fərman və qiymətli hədiyyə təqdim etdi. İkinci və üçüncü yerin sahibləri də fəxri fərmanlara və qiymətli hədiyyələrə layiq görüldülər. Şabranlılara bu bayramı yaşadan çaparların heç biri diqqətdən kənarda qalmadı və bütün iştirakçılara həvəsləndirici mükafatlar verildi.
Mərasimdə Novruz bayramının adət-ənənələri, milli mətbəximizin nümunələri nümayiş etdirildi və incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olundu.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2017.- 16
mart.- S.10.