Dövlət Miqrasiya Xidməti:
10 illik fəaliyyət
İqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib və “güclü dövlət-müstəqil siyasət” devizini ötən illər ərzində praktik olaraq gerçəkləşdirib.
Digər sahələrdə olduğu kimi miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi ilə bağlı dövlət tərəfindən bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib. Belə ki, 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası” qəbul edilib. Bu konsepsiyanın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 2006-cı il iyulun 25-də “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında (2006-2008-ci illər)” Azərbaycan Respublikası Prezidentinin sərəncamı imzalanıb. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxıb. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərman imzalayıb.
Artıq həmin fərmanın imzalanmasından 10 il keçir. Hazırda dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən, miqrasiya siyasətinin prioritet istiqamətlərinə uyğun şəkildə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərinin yaradılması, miqrasiya proseslərinin idarə olunmasında yeni informasiya texnologiyalarının tətbiq edilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi qarşıya vəzifə kimi qoyulmuşdu. Dövlət Miqrasiya Xidməti müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi 10 ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməkdə və Azərbaycan vətəndaşlarının, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xidmətindədir. İndi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları - sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur.
Ölkə Prezidentinin 2010-cu il 17 mart tarixli sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd edilir.
Prezident İlham Əliyevin demişdir: “Bir neçə il bundan əvvəl Azərbaycanda müstəqil struktur kimi Miqrasiya Xidməti yaradılan vaxt dünyada miqrasiya məsələləri bugünkü qədər aktual deyildi, lakin biz gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq miqrasiya ilə bağlı idarəetmə, tənzimləmə prinsiplərini özündə əks etdirən effektiv qurum yaratdıq ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər və eyni zamanda, bu məsələlər daxili prosedurlara uyğun şəkildə nizamlansın”.
Dövlət Miqrasiya Xidmətinin əsas qayəsi
işdə qanunların aliliyinə ehtiram, Vətənə sədaqət,
hər bir insana qayğı, ən başlıcası isə
milli-mənəvi dəyərlərə hörmətdir.
Milli miqrasiya qanunvericiliyinin
beynəlxalq normalara uyğun tənzimlənməsi
prioritet istiqamətlərdəndir
Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, sənədləşmənin sadələşdirilməsinə xidmət edən tədbirlərdən biri də “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu il martın 4-də imzalanmış fərman olmuşdur. Adıçəkilən fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmin olunmasına və həllini gözləyən problemlərin aradan qaldırılmasına imkan vermişdir. Fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanılmış və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə həvalə edilmişdir.
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 2009-cu il aprelin 8-də imzaladığı fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verilmişdir.
Bundan əlavə, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli qanunu ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında əsasnamə” və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında əsasnamə” təsdiq edilmişdir.
Eyni zamanda, miqrasiya sahəsində ötən 10 ilin ən mühüm hadisəsindən biri “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı”na əsasən miqrasiya sahəsində normativ hüquqi aktlarda müəyyən boşluqların aradan qaldırılması, qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə daxilində statuslarının müəyyənləşdirilməsi ilə bağlı prosedurların daha da sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin hazırlanaraq Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli qanununa əsasən qəbul edilməsi və 2013-cü il avqust ayının 1-dən qüvvəyə minməsi olmuşdur. Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi ilə bağlı normaları müəyyənləşdirən vahid sənəd kimi ilk dəfə Azərbaycanda qəbul edilməsi ilə bir yenilik olmuşdu.
Yeni normalarla yanaşı, məcəllədə miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ hüquqi aktların, o, cümlədən 10-a yaxın qanunun, 20-dən çox Azərbaycan Respublikası Prezidentinin imzaladığı sənədlərin və Nazirlər Kabinetinin qərarlarının müddəaları toplanmışdı. Miqrasiya ilə bağlı normaların bir sənəddə toplanması istər bu sahədə fəaliyyət göstərən qurumların, vətəndaşlarımızın, istərsə də əcnəbilərin qanunvericiliyin tələbləri barədə məlumatı bir mənbədən, rahat şəkildə əldə etmələrinə imkan yaratmışdı.
Əcnəbilərin
ölkəyə artan marağı Azərbaycanın
davamlı və dayanıqlı
inkişafının məntiqi nəticəsidir
Dünya bazarında enerji resurslarının qiymәtinin kәskin şәkildә aşağı düşmәsinә baxmayaraq, Azәrbaycanın sosial-iqtisadi inkişafı ilә bağlı qarşıya qoyulmuş vәzifәlәrin uğurla icra olunduğunu әminliklә söylәmәk mümkündür. Hazırda Azərbaycanın 2004-cü ildən başlayan inkişaf mərhələsi yeni hədəflərlə müşayiət olunan yeni mərhələyə adlamağa sosial sifariş alıb. Bunu həm əvvəlki iqtisadi tsiklin vəzifələrinin uğurla yerinə yetirilməsi, həm yeni inkişaf hədəflərinin müəyyən edilməsi, həm də dəyişən daxili və beynəlxalq iqtisadi mühit şərtləndirir. Bir ildən artıqdır ki, ölkəmiz yeni islahatlar ab-havası şəraitində yaşayır. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında islahatlar konsepsiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməkdədir. Prosesin vüsətini, miqyasını, hədəf olaraq seçdiyi vəzifələrin əhəmiyyətini nəzərə alaraq onu islahatların ikinci dalğası adlandırmaq tamamilə yerinə düşərdi. İslahatların ikinci dalğası Azərbaycanın davamlı və dayanıqlı inkişafının məntiqi davamı olub, onun yeni fazaya daxil olması məqsədlərinə xidmət edir.
Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Xidmət dövlət başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. Dövlət Miqrasiya Xidməti milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsinə və ölkədə innovativ, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi işçilərin cəlb olunması mexanizminin yaradılmasına dair müvafiq tədbirlər görməkdədir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə də nəzarət gücləndirilir. Bu istiqamətdə 2013-cü il noyabrın 14-də Dövlət Miqrasiya Xidmətinin iştirakı ilə imzalanmış “BP Eksploreyşn (Kaspian Si) Ltd şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol”da neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarətin gücləndirilməsi prioritet olaraq müəyyən olunmuşdur. 2014-2018-ci illəri əhatə edən plana uyğun olaraq milliləşdirmə siyasəti nəticəsində neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayı 78 %-dən 90 %-dək yüksəldilmiş, 2018-ci ilə bu sahədə milli kadrların 95% təşkil etməsi hədəf olaraq müəyyən olunmuşdur.
Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi 2016-cı il 15 fevral tarixdə Dövlət Miqrasiya Xidməti yanında Apellyasiya Şurası yaradılmış, şuranın və katibliyinin tərkibi, o cümlədən əsasnaməsi təsdiq olunmuşdur. Şuraya müraciətlərin elektron qəbulu təşkil edilmişdir. Təqdirəlayiq haldır ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən Xidmətə hər hansı şikayət daxil olmamışdır.
Ölkədə tolerantlığın yüksək səviyyədə
olması
miqrasiya proseslərinə təsir
edən əsas amillərdəndir
“Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir”, deyən ulu öndər Heydər Əliyev bizim cəmiyyət olaraq bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını vermişdir. Çünki respublikada dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq hər kəs özünü tam sərbəst, rahat hiss edir.
Qloballaşan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq problemi, habelə multikulturalizmlə əlaqədar məsələlər xüsusi yer tutur. Belə bir tarixi dönəmdə dünyanın 140-dan çox ölkəsinin təmsil olunduğu BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ötən il Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Ona görə ki, tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan və bu sədaqətin nümunəsi olaraq 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyi müstəqil Azərbaycan regionun siyasi, iqtisadi vә humanitar mәrkәzi kimi artıq uzun illәrdir mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.
“Bakı-2015” ilk Avropa Oyunlarından sonra dünyada 500 milyon tamaşaçı auditoriyası olan Formula-1 Avropa Qran-prisinə, 42-ci Ümumdünya Şahmat Olimpiadasına peşəkarlıqla ev sahibliyi etməsi Azərbaycanın həm də idman dövləti olduğunu, yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini və xalqımızın qonaqpərvərliyini bir daha təsdiqləyir.
Qeyd edək ki, Bakı 2017- ci ildә İslam Hәmrәylik Oyunlarını qәbul etmәyә hazırlaşır. Həm də Prezident İlham Əliyevin sərəncamı ilə bu il ölkəmizdə İslam Hәmrәyliyi ilidir. Bu, Azәrbaycanın dünyada necә nadir bir missiya daşımasının әyani ifadәsidir: Azәrbaycan artıq mәdәniyyәtlәrin, dinlәrin, fәrqli geosiyasi qütblәrin әmәkdaşlıq mәkanı kimi qәbul olunur.
Qeyd edək ki, ötən 10 ildə ölkəmizə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı daxil olmuş müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, daxil olmuş sənədlər əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 8 min 119 nəfərin, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı 322 min 779 nəfərin, daimi yaşamaq üçün icazələrin verilməsi ilə bağlı 17 min 166 nəfərin, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi ilə bağlı 82 min 636 nəfərin müraciəti müsbət cavablandırılıb.
Miqrasiya Məcəlləsinin 54-cü maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi və Təhsil Nazirliyi nümayəndələrindən ibarət komissiya tərəfindən yoxlanılır.
Azərbaycanın dövlət dilini bilmək miqrantların yerli əhali ilə ünsiyyətinin asanlaşdırılması və cəmiyyətimizə inteqrasiyası baxımından əlbəttə çox mühüm amildir. Respublikamızda müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər öz arzuları ilə Azərbaycan dilini, tarixini, mədəniyyətini, öz hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmək üçün Dövlət Miqrasiya Xidmətinin Təlim-Tədris Mərkəzinə müraciət edə bilərlər. Onlar üçün müvafiq yer ayrılmış, xüsusi proqramlar hazırlanmış və kurslar təşkil edilmişdir.
Həmçinin, olduğu yer üzrə qeydiyyatın Dövlət Miqrasiya Xidmətinə həvalə edildiyi vaxtdan - 2013-cü il aprelin 1-dən respublikamıza girişi qeydə alınmış əcnəbilərdən ölkədə qalma müddətinə uyğun olaraq 2 milyon 596 min 802 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb.
İnsan hüquq
və azadlıqlarının
müdafiəsi daim
diqqət mərkəzindədir
Ötən illərdə əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti və vətəndaşların dövlət qarşısında məsuliyyətini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının vətəndaşlıq sahəsində qanunvericiliyinə və digər hüquqi normativ aktlara bir sıra dəyişikliklər edilmişdir. Belə ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilmiş və həmin dövrdən etibarən Xidmət tərəfindən Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlanılmışdır.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununda dəyişikliklər edilməsi barədə 2014-cü il 30 may tarixli Qanuna və həmin Qanunun tətbiqi haqqında Azərbaycan Prezidentinin 2014-cü il 27 iyun tarixli fərmanına əsasən Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən müvafiq icra hakimiyyəti orqanı kimi müəyyən olunmuşdur. Daha sonra isə sözügedən fərmanın icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli qərarı ilə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilmişdir. Sözügedən Qayda hazırlanarkən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli konvensiyanın və digər beynəlxalq konvensiyaların tələbləri nəzərə alınaraq, vətəndaşsızlıq hallarının azaldılması və bu halları yaradan səbəblərə qarşı mübarizə, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələlər əsas istiqamətlər kimi qeyd olunmuşdur.
Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulmuşdur. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülmüşdür.
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən hal-hazıradək 1871 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 58 nəfər isə bərpa edilmişdir. Vətəndaşlığa qəbul olunmuş şəxslərdən 1341 nəfəri, vətəndaşlığa bərpa edilmiş şəxslərdən isə 38 nəfəri vətəndaşlığı olmayan şəxslərdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda edilmiş dəyişikliklərə uyğun olaraq, 2015-ci ildən Azərbaycan vətəndaşlığına qəbul və ya bərpa edilmiş şəxslərin Xidmətin inzibati binasında təntənəli şəraitdə andiçmə mərasimləri həyata keçirilir. Belə ki, vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslər təntənəli şəraitdə Dövlət bayrağı önündə Konstitusiyaya əl basmaqla dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə and içirlər.
Bununla belə, Xidmət tərəfindən 100 mindən çox şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılıb və araşdırma nəticəsində 70 min 994 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumu tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.
Məlum olduğu kimi, əcnəbilərin azad və təhlükəsiz yaşamaq hüququ ilə bağlı bir problem kimi sığınacaq hüququ və onunla əlaqədar məsələlərin həlli olduqdca əhəmiyyətlidir.
Qeyd edilməlidir ki, ölkəmiz hələ 1992-ci ildən BMT-nin Qaçqınların statusuna dair 1951-ci il Konvensiyasına və 1967-ci il Protokoluna qoşulmuş, habelə ölkəmizin sığınacaqla bağlı milli qanunvericiliyinin beynəlxalq sənədlərə uyğunlaşdırılması işinə başlanılmışdır.
2008-ci ildən isə qaçqınlar (sığınacaq axtaranlar) haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasında Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti təmin edilmişdir. Belə ki, Xidmət qaçqın statusu almaq niyyətində olan şəxslərin vəsatətlərini qəbul edir, araşdırır, qaçqın statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin statusunu müəyyənləşdirir və bu statusdan irəli gələn məsələlərin həlli ilə məşğul olur.
Miqrasiya Məcəlləsinə əsasən artıq qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış şəxslərə iş icazəsinin alınması tələb olunmur. Bununla belə, qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət edən (onunla birlikdə gələn ailə üzvlərini) və qaçqın statusu alan şəxslər Xidmətin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə könüllü yerləşdirilirlər.
Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşlıq etdiyi beynəlxalq qurumlardan olan BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin tarixdən etibarən himayə müddətinə olduğu yer üzrə qeydiyyatı Xidmət tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.
Ötən müddət ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxslərə sığınacaq almaq üçün müraciət etməyə lazımi şərait yaradılmışdır. Bununla belə, qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının məktəbəqədər və ya ümumi təhsil müəssisələrində təhsil almalarına, lazımi tibbi yardım almalarına, o cümlədən iş yeri seçməkdə Xidmət tərəfindən aidiyyəti dövlət orqanları ilə birgə köməklik göstərilmişdir.
Xidmət qaçqınların mənşə ölkəsinə könüllü surətdə qayıtmaları, daimi yaşayış üçün üçüncü ölkələrə köçürülmələri, statistik məlumatların mübadiləsi üzrə də BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi ilə sıx əməkdaşlıq edilir.
Beynəlxalq əməkdaşlıq
və miqrasiya
idarəetməsi üçün
yaxşı nümunə
Ötən
dövr ərzində Xidmətin beynəlxalq əlaqələri
genişləndirilmiş, ikitərəfli və çoxtərəfli
əsaslarla münasibətlər inkişaf etdirilmiş,
miqrasiya sahəsində təcrübə mübadiləsinin
aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi,
qanunsuz miqrasiyanın qarşısının alınması
sahəsində əməkdaşlıq perspektivlərinin
müzakirə olunması istiqamətində bir sıra əhəmiyyətli
addımlar atılmışdır.
Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinqin 2015-ci ildə ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində Prezidenti İlham Əliyevin BMqT-nin baş direktorunu qəbulu zamanı ölkəmizdə miqrasiya sahəsində görülmüş işlər, miqrasiya proseslərinin tənzimlənməsində Dövlət Miqrasiya Xidmətinin nümunəvi fəaliyyətinin qeyd edilməsi və BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr xüsusi qeyd olunmalıdır. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinq Azərbaycan Prezidentinin qəbulunda olarkən söyləmişdir ki, “Mən Sizin rəhbərliyinizlə ölkənizdə sözün həqiqi mənasında həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə, miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər”.
Əlbəttə, cənab Svinqin söylədiyi
fikrin ciddi əsasları var. Çünki, statistik məlumatlara görə
dünyada 1 milyarddan çox
miqrant var. Onların 250 milyonu beynəlxalq
miqrantlar, yəni başqa ölkələrə, 750 milyonu isə
ölkələrinin daxilində miqrasiya edənlərdir.
Məlum
olduğu kimi Azərbaycan 1990-cı illərin əvvəllərində
humanitar fəlakətlə üzləşmişdir. Bir milyon insan erməni işğalı nəticəsində
öz yerindən-yurdundan didərgin
düşmüşdür. Azərbaycan o
böhranın öhdəsindən demək olar ki, təkbaşına
gəldi. Bu gün də
köçkünlərin məşğulluğu,
yaşayış şəraitinin
yaxşılaşdırılması üçün
çox böyük işlər görülür.
Doxsan beş qəsəbə
salınmış, 250 minə yaxın köçkün yeni
gözəl mənzillərə, evlərə
köçmüşdür.
2016-cı
ildə BMT Baş Assambleyasının “Qaçqın və
miqrantların böyük axınının aradan
qaldırılması” mövzusunda yüksək səviyyəli
görüşündə və görüş çərçivəsində
“Qaçqın və miqrantlar, habelə
köçürülmə ilə bağlı məsələlər
üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq:
qabaqdakı yol” adlı “dəyirmi masa”da Azərbaycan nümayəndə
heyəti qeyd etmişdir ki, beynəlxalq ictimaiyyət ilk
növbədə yeni silahlı münaqişələrin
meydana çıxmasına imkan verməməli və
mövcud münaqişələrin dövlətlərin
suverenliyi və ərazi bütövlüyü prinsipi
başda olmaqla beynəlxalq hüququn norma və prinsipləri əsasında
həll edilməsi istiqamətində səylərini daha da
artırmalıdır. Cenevrədə BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin
67-ci sessiyasında da Nyu-Yorkda BMT Baş Məclisi çərçivəsində
qəbul olunan “Qaçqınlara və miqrantlara dair Nyu-York bəyannaməsi”ni
xatırladaraq qeyd etdik ki, Azərbaycan bu bəyannaməni beynəlxalq
əməkdaşlıq istiqamətində fundamental addım
kimi alqışlayır və zorla didərgin salınma
probleminə qarşı qlobal və səmərəli cavab
reaksiyasına şərait yaradacaq prosesin katalizatoru qismində
BMT QAK-a ayrılan rolu, eyni zamanda Beynəlxalq Miqrasiya Təşkilatının
həmin tədbir çərçivəsində BMT ailəsinə
rəsmən qoşulmasını təqdir edir. Yüksək tribunadan bildirilmişdir ki, ölkəmizdə
olan qaçqın və məcburi köçkün
probleminin miqyasına baxmayaraq, Azərbaycan hökuməti, həmçinin
dünyada humanitar fəlakətlərdən ziyan çəkmiş
insanlara birbaşa və yaxud beynəlxalq təşkilatlar
vasitəsilə vaxtında yardım göstərməkdə
maraqlıdır.
Bununla belə,
regional əməkdaşlıq fonunda Azərbaycan
Respublikasının miqrasiya sahəsində Müstəqil
Dövlətlər Birliyi (MDB) ölkələri ilə
əməkdaşlığının əhəmiyyəti böyükdür. Bu
sahədə Azərbaycan Respublikası MDB ölkələri
ilə miqrasiya sahəsində əməkdaşlıq əlaqələrini
əsasən MDB Miqrasiya Orqanları Rəhbərləri
Şurası (MORŞ) çərçivəsində həyata
keçirir və ölkəmiz həmin şurada Xidmət tərəfindən
təmsil olunur. Çox yaxşı haldır ki, ölkəmizdə
ilk dəfə 2010-cu il 28-30 sentyabr tarixində keçirilən
MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının
8-ci iclasının davamı olaraq, 19-cu iclasının da
keçən ilin 12 oktyabr tarixində Bakı şəhərində
keçirilməsi Xidmət tərəfindən təşkil
edilmişdir.
Ötən
müddət ərzində xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın
ölkəyə qayıtması prosesinin beynəlxalq hüquq
çərçivəsində tənzimlənməsi məqsədilə
ilk dəfə 2014-cü il fevralın 28-də “Azərbaycan
Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz
yaşayan şəxslərin readmissiyası haqqında
Saziş”i imzalamış və Saziş 2014-cü il sentyabrın 1-dən qüvvəyə
minmişdir. 2014-cü il dekabrın 3-də Azərbaycan Respublikası Hökuməti
ilə Norveç Krallığı Hökuməti arasında
icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında
imzalanmış Saziş 2015-ci ilin
iyunun 1-dən qüvvəyə
minmişdir. 2016-cı ilin oktyabrın 10-da isə “Azərbaycan
Hökuməti ilə İsveçrə Federal Şurası
arasında icazəsiz yaşayan şəxslərin
readmissiyası haqqında Saziş” imzalanmış və
2017-ci il aprel ayının 1-dən qüvvəyə
minəcəkdir.
İmzalanmış
readmissiya sazişlərinə uyğun olaraq 2014-cü ildə
3 nəfərin, 2015-ci ildə 70 nəfərin, 2016-cı ildə
120 nəfərin Azərbaycana readmissiyası həyata
keçirilmişdir. Ötən dövr ərzində
sazişin icrası, readmissiya edilmiş vətəndaşların
cəmiyyətə səmərəli və dayanıqlı
sosial-iqtisadi reinteqrasiyası ilə bağlı əsaslı
işlər görülmüşdür.
Həmçinin
Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı
arasında Azərbaycandan miqrantların könüllü
qayıdışına yardım üzrə pilot layihənin
həyata keçirilməsinə dair 2016-cı il
dekabrın 8-də Cenevrə şəhərində
imzalanmış və Azərbaycan Respublikası Prezidenti tərəfindən
2017-ci il 23 fevral tarixli Fərmanla təsdiq edilmiş Əməkdaşlıq
Sazişi də beynəlxalq səviyyədə
qarşılıqlı inam və etimadın nümunəsidir.
Qanunsuz miqrasiyaya qarşı
mübarizə
Xidmətin əsas fəaliyyət
istiqamətidir
Azərbaycanda miqrasiya proseslərinin nəzarətdə
saxlanılması ilk növbədə milli təhlükəsizliyin
hərtərəfli təmini baxımından aktuallıq kəsb
edir. 2009-cu
ildən miqrasiya idarəetmə sisteminin inkişafı məqsədilə
qanunvericiliyə edilmiş dəyişiklilərə uyğun
olaraq, həvalə edilmiş səlahiyyətlər çərçivəsində
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı
mübarizədə iştirak edir, miqrasiya qanunvericiliyinin
pozulması ilə
bağlı inzibati xətalar
haqqında işlərə baxır, zəruri hallarda
qanunvericiliyi pozmuş əcnəbiləri və vətəndaşlığı
olmayan şəxsləri inzibati qaydada tutur.
Görülmüş işlərin nəticəsi olaraq,
ötən illərdə miqrasiya qanunvericiliyinin tələblərinin
pozulması halları ilə bağlı ümumilikdə 172
min 25 nəfər əcnəbi, vətəndaşlığı
olmayan şəxs və Azərbaycan Respublikasının vətəndaşı
barədə müvafiq qərarlar qəbul olunmuşdur. 24 min 943 nəfər əcnəbi və vətəndaşlığı
olmayan şəxsin isə ölkədən
çıxarılması təmin edilmişdir.
Xidmət
əməkçi miqrantların
çalışdığı iş yerlərində
yoxlamalar aparır, onların müvafiq statusa və iş icazələrinə
malik olmalarını araşdırır, iş icazəsinin
qüvvədə olma qaydalarına nəzarət edir. Bununla
bağlı 2012-2015-ci illər ərzində 910 hüquqi
şəxs, 405 fiziki şəxs və 330 filial və ya
nümayəndəlik olmaqla, ümumilikdə 1 min 645 sahibkarlıq
subyektində yoxlama keçirilmişdir.
Aparılmış
yoxlamalar zamanı
ümumilikdə 8 min
760 nəfər əcnəbinin qanunsuz olaraq əmək fəaliyyətinə
cəlb olunduğu aşkar edilmişdir. Yoxlamaların nəticəsi
olaraq 631
sahibkarlıq subyektinə cərimə tətbiq edilməklə
barələrində inzibati qərar qəbul edilmişdir. Bunlar əsasən tikinti, tibb, təhsil və digər
sahəsi üzrə, o cümlədən küçə
ticarəti ilə məşğul olan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
olmuşdur.
Qanunsuz
miqrasiyanın qarşısının alınması ilə
bağlı fəaliyyət istiqamətinə uyğun olaraq,
Xidmət Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd
Xidmətinin aidiyyəti struktur
bölmələri ilə insan alverinə qarşı
mübarizənin səmərəliliyinin artırılması
məqsədilə təsdiq edilmiş birgə tədbirlər
planına əsasən mütəmadi olaraq, yoxlama tədbirləri
aparır.
Miqrasiya Məcəlləsinin
tələblərinə uyğun olaraq Azərbaycan
Respublikası vətəndaşı ilə yaxın qohumluq
münasibətində olma əsası ilə Azərbaycan
Respublikasının ərazisində müvəqqəti
yaşamaq üçün icazə verilməsi
üçün müraciət etmiş əcnəbilər və
vətəndaşlığı olmayan şəxslərin bu məqsədlə 97 halda məqsədli
nikaha daxil olma halları müəyyən edilmiş və
bununla bağlı sui-istifadənin qarşısı
alınmışdır.
Əvvəllər Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılmış və
girişinə müəyyən müddətə məhdudiyyət
qoyulmuş əcnəbilərin və ya vətəndaşlığı
olmayan şəxslərin həmin müddət ərzində
bilərəkdən sənədlərində dəyişiklik
edərək yenidən ölkəyə daxil olması
hallarının qarşısı alınmışdır. Belə ki, bununla
bağlı 2016-cı il 1 mart tarixindən
qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin
tələbinə uyğun olaraq əvvəllər də bu
kimi hallar daxil olmaqla, ümumilikdə 58 nəfər aşkar
edilmişdir.
Miqrasiya orqanlarında yeni informasiya
texnologiyaları və proqram təminatı tətbiq edilir
Azərbaycanda informasiya və telekommunikasiyanın
inkişafı istiqamətində görülmüş tədbirlər
bir sıra perspektiv irəliləyişlərə yol
açmışdır. Qürurlu haldır ki, müstəqilliyinin
bərpasının 25-ci ildönümünü bir neçə
ay əvvəl təntənə ilə qeyd etdiyimiz Azərbaycan
həm də bu gün öz rabitə peykinin orbitə
çıxarılması ilə kosmik ölkələr
klubuna daxil oldu.
Əlbəttə, əldə olunan uğurlar ötən
bu 10 ildə Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən
də yan keçməmişdir. Belə ki, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti
tərəfindən imzalanmış
Sərəncama uyğun olaraq,
Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat
Sisteminin (VMMS) fəaliyyəti təmin
edilmiş, daha sonra VMMS “Giriş-Çıxış və
Qeydiyyat” İdarələrarası
Avtomatlaşdırılmış Məlumat Axtarış
Sisteminə və Ədliyyə Nazirliyinin Əhalinin Dövlət
Reyestrinə inteqrasiyası təmin
olunmuş, həmçinin Vergilər Nazirliyinin
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi ilə
məlumat mübadiləsi yaradılmışdır.
2010-cu ildə
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin
Vahid Miqrasiya Məlumat Sistemi haqqında Əsasnamə”yə
uyğun olaraq, Azərbaycan Respublikasında yaşayan və
müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin uçotunun aparılması,
miqrasiya proseslərinin idarə olunmasında iştirak edən
dövlət orqanlarının zəruri informasiya ilə təmin
edilməsi, miqrasiya ilə bağlı sənədləşmə,
yoxlama, sorğu və təhlil işlərinin
avtomatlaşdırılması və bu sahədə göstərilən
elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə
bir sıra işlər görülmüşdür. Texnoloji
yeniliklər nəzərə alınmaqla Sistemin mütəmadi
olaraq inkişafı və təkmilləşdirilməsi təmin edilmişdir.
Görülmüş işlərin nəticəsidir ki,
bu gün Dövlət Miqrasiya Xidməti VMMS vasitəsilə hər
bir əcnəbinin və vətəndaşlığı olmayan
şəxsin hansı tarixdə ölkəyə daxil
olduğuna, harada yaşadığına, işləməsinə
və nə vaxt ölkəni tərk etməsinə tam nəzarət
edir.
Bununla belə,
dövlət orqanlarının fəaliyyətində şəffaflığın
artırılması və korrupsiyaya şərait yaradan
halların aradan qaldırılması üçün əhaliyə
elektron xidmətlərin göstərilməsi zəruriliyi nəzərə
alınaraq, 2011-ci il 1 sentyabr tarixindən
Xidmət tərəfindən elektron xidmətlərin göstərilməsi
təmin edilmişdir. Xidmət tərəfindən əhaliyə
göstərilən 11 elektron xidmətin “Elektron hökumət”
portalına inteqrasiyası təşkil edilmişdir.
Miqrasiya sahəsində yeniliklər
barədə
ictimaiyyət daim məlumatlandırılır
Əsas vəzifələrindən
biri miqrasiya məsələləri ilə bağlı əhalinin
məlumatlandırılması olan Dövlət Miqrasiya Xidmətinin
gördüyü işlər barədə ictimaiyyəti
yaxından tanış etmək, öz fəaliyyəti
haqqında əhalinin məlumatlandırılması məqsədilə
bir sıra işlər görülmüşdür. Belə ki, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin, eləcə də ölkə
ictimaiyyətinin ətraflı məlumat almaları
üçün 2008-ci ildə Xidmətin (www.migration.gov.az)
internet səhifəsi istifadəyə verilmişdir. Xidmətin rəsmi saytı 2016-cı ildə tamamilə
yenilənmiş, həm funksionallıq, həm dizayn
baxımından müasirləşdirilmiş, zamanın tələbinə
uyğunlaşdırılmışdır.
2008-ci il dekabrın 1-dən isə Dövlət
Miqrasiya Xidmətinin 3 dildə - Azərbaycan, ingilis, rus dillərində
fəaliyyət göstərən Miqrasiya Məlumat Mərkəzi
(919) yaradılmışdir. Bu Mərkəzin də fəalyyəti
ötən il yenidən qurulmuş, texniki imkanları
genişləndirilməklə xidmətin keyfiyyəti yüksəldilmiş,
o cümlədən dövlət orqanında
qanunçuluğun təmin edilməsi, müraciətlərin
obyektiv araşdırılması və cavablandırılması
və vətəndaş məmnunluğunun təmin edilməsi
məqsədi ilə Azərbaycan Respublikası Nazırlər
Kabinetinin 2015-ci il 25 fevral tarixli Qərarı ilə təsdiq
edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin
fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə
uyğunlaşdırılmışdır. Ötən
dövrdə Çağrı mərkəzinə təxminən
500 minə yaxın telefon zəngi daxil olmuş və hər
bir sorğu mövcud qanunvericiliyin tələbləri çərçivəsində
cavablandırılmışdır.
“Açıq
Hökumətin təşviqinə dair Milli Fəaliyyət
Planı”na uyğun olaraq respublikanın əksər bölgələrində
əcnəbi və vətəndaşlığı olmayan
şəxslər, vətəndaşlar, aidiyyəti dövlət
qurumları, ictimai təşkilatlar, işəgötürənlər,
sahibkarların nümayəndələrinin iştirakı ilə
“Açıq qapı günü” tədbirləri və səyyar
xidmətlər təşkil edilir.
Qeyd olunanlarla yanaşı, Xidmətin fəaliyyətində
ictimai iştirakçılığın tətbiqi məqsədilə
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura
yaradılmışdır. Şura fəaliyyətə
başladığı vaxtdan bir neçə dəfə
Şura üzvlər ilə Xidmət rəhbərliyinin
görüşü təşkil edilmiş, görüşlər
zamanı Şura tərəfindən verilmiş təkliflər
müzakirə olunmuş, o cümlədən
Şuranın fəaliyyətinə həsr edilən məlumat
sessiyaları
keçirilmişdir.
Düzgün kadr siyasəti uğurun
əsas rəhnidir
Əlbəttə, əldə olunan uğurların əsasını
Xidmətdə kadr siyasəti təşkil edir. Ötən 10
ildə kadrlara olan tələbat müəyyənləşdirilərək
işə qəbulla əlaqədar keçirilmiş
müsabiqə və müsahibənin nəticəsi olaraq,
kadrların işə qəbulu təşkil edilmişdir.
Miqrasiya
orqanlarının fəaliyyətinin təşkilində,
inkişafında və möhkəmləndirilməsində
xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi
yerinə yetirən, qulluqda yüksək nəticələr əldə
edən 56 nəfər miqrasiya orqanlarının əməkdaşları
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına
əsasən “Vətənə xidmətə görə” Azərbaycan
Respublikasının ordeni, o cümlədən “Dövlət
qulluğunda fərqlənməyə görə” və
“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”
Azərbaycan Respublikasının medalları ilə təltif
edilmişdir.
Xidmət hər zaman Prezident İlham Əliyevin
qayğısı ilə əhatə olunmuş və miqrasiya
orqanları işçilərinin sosial təminatının
yaxşılaşdırılması ölkə
başçısı tərəfindən daim diqqət mərkəzində
saxlanılmışdır.
10 illik
yubileyini qeyd edən Dövlət Miqrasiya Xidməti də
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident
İlham Əliyevin rəhbərliyi altında ulu öndər
Heydər Əliyev ideyalarına sadiq olaraq Azərbaycanın
milli inkişaf strategiyasının
reallaşdırılmasına, əhalinin sosial
rifahının yüksəldilməsinə, ölkəmizin
beynəlxalq nüfuzunun artırılmasına, iqtisadi təhlükəsizliyin,
milli maraqların və sabitliyin təmin olunması istiqamətində
tədbirlərin ardıcıl şəkildə
həyata keçirilməsinə öz töhfəsini vermək
və Xidmətin hər bir əməkdaşı göstərilən
etimadı doğrultmaq əzmindədir.
Firudin
NƏBİYEV,
Dövlət
Miqrasiya Xidmətinin rəisi,
II dərəcəli
dövlət miqrasiya xidməti müşaviri
Xalq qəzeti.- 2017.- 16 mart.- S.6.