Xalq musiqisinə dəstəyin

üç istiqamətiylə...

 

Azərbaycan mədəniyyəti, xüsusən muğam sənətimiz elə bir zəngin məbəddir ki, bu sahəyə bağlanan istənilən soydaşımızın özünəməxsus xidmətlər ortaya qoymaq şansı yaranır. Biri mükəmməl ifası ilə, biri orijinal improvizasiyası ilə, biri simfonik muğamlar yazmaqla, digəri isə Qərb musiqi alətlərində muğam ifa etməklə və sair. Yəni bu məbədə kim ürəkdən bağlanıbsa, onun xidmətləri milli mədəniyyət tariximizə əlavə olunur. Bu, tanrının həmin şəxslərə bəxşiş etdiyi xoşbəxtlikdir.

 

– Zəngin sənət incilərimizin inkişaf etdirilib müasir dövrə qədər çatdırılmasında Azərbaycanın görkəmli sənətkarlarından Qurban Pirimov, Mirzə Fərəc, Əhməd Bakıxanov, Bəhram Mansurov və digərləri muğamlarımızın mahir biliciləri olmaqla yanaşı, həmbir pedaqoq kimi fəaliyyət göstərmiş, yetişməkdə olan gənc musiqiçilər nəslindən öz bilik və bacarıqlarını əsirgəməmişlər. Ancaq elə soydaşlarımız da var ki, Tanrı onlara xoşbəxtliyin bir neçə açarını verib. Bu şəxslərdən biri də Respublikanın Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Mirzə oğlu Musazadədir. Xanəndələrimiz, instrumental ifaçılarımız, bəstəkarlarımız muğama konkret olaraq bir istiqamətdə xidmət etsələr də, Rafiq Musazadə birdən-birə üç istiqamətdə muğamın xidmətindədir. O, hamının qəbul etdiyi peşəkar tarzən, muğamın tədrisində özünəməxsus təcrübəsi olan müəllim və ən nəhayət, tarixin müxtəlif qatlarından muğamla bağlı mənbələri axtaran yorulmaz tədqiqatçıdır. Yaşının bu vədəsinə baxmayaraq (bu yaxınlarda 70 yaşı tamam olur), nə tarzən kimi muğama xidmətini başa çatmış bilir, nə də bir müəllim, tədqiqatçı alim kimi.

Rafiq Mirzə oğlu Musazadə 1947-ci ildə Bakıda, ziyalı ailəsində anadan olub. Atası Mirzə dövrünün tanınmış riyaziyyatçı alimlərindən olub. İncəsənətə, xüsusən də tar sənətinə xüsusi rəğbəti vardı. Özünün də gözəl tar çalmağı vardı. Hər dəfə tardan söz düşəndə o, vaxtilə – 1937-ci ildə Naxçıvan Pedaqoji Texnikumunda dərs deyərkən Heydər adlı bir gəncin tarda necə məharətlə “Şikəsteyi-Fars” muğamını çaldığını deyərdi. Elə bu məqsədlə də oğlunu Yuri Qaqarin adına “Pionerlər sarayı”nın tar dərnəyinə, az sonra isə 2 nömrəli Uşaq musiqi məktəbinə qoyur. İlk tar müəllimi ustad tarzən Mirzə Fərəcdən dərs almış Əmrulla Məmmədbəyli olur. Tar sənətini daha mükəmməl öyrənmək məqsədilə atası qonşuluqda yaşayan, dövrün tanınmış tarzəni Məmmədağa Muradovdan oğlu ilə dərsdənkənar, əlavə məşğul olmağı xahiş edir. Gəncin fitri istedadı, qavrama qabiliyyəti, sənəti mükəmməl öyrənmək istəyi və yorulmaq bilməyən zəhməti nəticəsində o, beş illik dərs proqramını üç ilə mənimsəyə bilir.

1964-cü ildə sənədlərini Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə verib tar sinfinə qəbul olunur. Tələbəykən radioda Əhsən Dadaşovun ifasında bir muğam səslənir. Muğamla maraqlanır və onun “Nəva” muğamının Əbu-Əta şöbəsi olduğunu öyrənir. “Nəva”, “Dügah”, “Baba Tahirkimi muğam nümunələrimizin tədris olunmaması gənc tarzəni məyus edir. Və o, gələcəkdə bütün həyatını muğam sənətinin inkişafı, tədrisi və təbliğinə həsr edəcəyini qət edir. Bütün bu arzuların reallaşması üçün vaxt lazımdır. Hələlik isə gənc tarzənin həyatında önəmli olan xoş anları yada salmaq istəyirik.

Xalq artisti Əliağa Quliyevin rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblına Rafiqin də dəvət olunması onun üçün əsl bayram idi. Zarafat deyil, illərdən bəri yalnız radio-televizorda görüb eşitdiyi Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Gülağa Məmmədov, Anatollu Qəniyev və digər sənətkarlarla bir yerdə çalışacağını, onları müşayiət edəcəyini gözünün qabağına gətirdikcə sevincindən uçmağa qanadı olmur. Bu kimi sənətkarlarla respublikamızın, eləcə də, keçmiş SSRİ-nin bir çox şəhərlərində qastrol səfərlərində olur, Azərbaycan incəsənətini layiqincə təmsil edir.

Özü deyir ki, Asəf Zeynallı adına məktəbi və Azərbaycan Pedaqoji İnstitutunu bitirsəm də, ali musiqi təhsili almaq arzusunda idim. Muğam sənətini, yaddan çıxmış muğam dəstgahlarını arayıb tapmaq, onları nota köçürüb gələcək nəsillərə çatdırmaq istəyirdim. Elə bu məqsədlə də sənədlərimi Azərbaycan Dövlət Konservatoriyasına verib, görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun sinfinə qəbul olundum.

Rafiq Musazadənin həyatında önəmli, yaddaqalan xatirələrdən birionun 1974-cü ildə Moskvada keçirilən V Ümumittifaq estrada ifaçıları müsabiqəsinə qatılması oldu. Respublikadan cəmi 5 sənətçi–Ramiz Quliyev, Ağasəlim Abdullayev, Ədalət Vəzirov, Məmmədağa Kərimov  Rafiq Musazadə həmin müsabiqənin iştirakçısı olurlar. I turda o, Səid Rüstəmovun tar ilə orkestr üçün simfonik əsərinin II-III hissələrini çalır. Təəssüf ki, digər müsabiqə iştirakçıları kimi bu müsabiqədə uğur qazana bilmir. Ramiz Quliyev bu mötəbər müsabiqənin qalibi olur. Müsabiqədən keçmədiyini və bunun üçün çox fikir çəkdiyini görən Səid Rüstəmov ona: “Oğlum, çox da özünü məzəmmət etmə. Əslində Azərbaycandan bu müsabiqəyə qatılan beş iştirakçıdan birisən, artıq bunun özü uğur deməkdir” – deyir.

Bu gün Rafiq Musazadə respublikada kifayət qədər tanınan, təcrübəli muğam ixtisas müəllimidir. Azərbaycan muğamlarını həm praktiki, həm də nəzəri cəhətdən yaxşı bilən bir tarzəndir. Milli Konservatoriyanın instrumental muğam kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.  Dörd elmi kitabın müəllifidir. “Dügah dəstgahı”, “Muğamın tədrisi metodikası”, “Qədim muğamlar” və “İnstrumental muğam tədrisi”. Qələmə aldığı bu əsərlərdə müəllif  Dügah” muğamının tarixi mənşəyi, inkişaf mərhələləri haqqında məlumat eləcə də, tərkibindəki şöbə və guşələrin tam elmi izahını vermişdir. “Muğamın tədrisi metodikası” dərs vəsaiti kimi muğamın tədrisinin hansı metodlardan istifadə yollarını istiqamətləndirən ilk əsərdir. “Qədim muğamlar” isə instrumental muğam ifaçılığı fənninin tədrisi üçün yazılmış ilk əsərdir.

Bu gün Dövlət Radiosunun “Qızıl fondunda Rafiq Musazadənin ifasında “Dügah”, “Nəva”, “Dəşti” kimi muğamlarımız qorunub saxlanmaqdadır. Rafiq Musazadənin yaradıcılığındakı maraqlı faktlardan biri də “Baba Tahirinstrumental muğamının aşkarlanaraq bərpa olunması, eləcə də  repertuarlara daxil edilməsidir. Muğamların nota köçürülməsi dəyərli müəllim, tədqiqatçı əməyi kimi təqdirəlayiqdir.

Bu gün yorulmaz tədqiqatçı, gözəl tarzən və pedaqoq yaşının bu vədəsinə baxmayaraq, bir günolsun, öz sevimli işindən qalmır. Özü demişkən nə qədər ki, muğam sənəti var, bir o qədər də onun tarixi mənşəyi ilə maraqlananlar olacaq. Bu gün isə bu xoş, lakin az zəhmət tələb etməyən missiya Rafiq Musazadənin üzərinə düşüb. Onu da öyrəndim ki, bir neçə aydan sonra Rafiq müəllimin 70 yaşı tamam olur. Onu təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Rafiq SALMANOV,

Xalq qəzeti”

Əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2017.- 18 mart.- S.13.