“Bakı-2017”nin ulduz səfiri
Tünzalə
Ağayeva “Salam Bakı”
mahnısını
könüllülərlə birgə ifa edib
“Bakı-2017” IV
İslam Həmrəyliyi Oyunlarının könüllüləri
və yarışın ulduz səfiri Tünzalə Ağayeva
“Salam Bakı – könüllülərin himni”ni birgə ifa
ediblər. “Salam Bakı – könüllülərin himni”nin
sözləri IV İslam Həmrəyliyi Oyunlarının
Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov
və musiqisi ulduz səfir Tünzalə Ağayeva tərəfindən
yazılıb və könüllülərə həsr
olunmuş ilk mahnıdır.
AZƏRTAC “Bakı-2017”nin saytına istinadla xəbər verir ki, himndə pop janrından istifadə olunsa da, milli musiqi alətlərimiz olan tar, qaval, zərb alətlərinin də ifası var.
Himn Tünzalə Ağayeva tərəfindən müxtəlif seçim proseslərindən keçərək seçilmiş istedadlı könüllülərlə birlikdə oxunub. Eyni zamanda, “Salam Bakı - könüllülərin himni”nin səsləndirilməsində könüllülərlə yanaşı, “Azərbaycanın səsi” yarışmasında fərqlənən ifaçılar da iştirak ediblər.
Tünzalə Ağayeva deyib: “Könüllülərlə birgə olmaq mənim üçün şərəfdir. Könüllü olmaq artıq öz işini dərk edərək xüsusi zövqlə çalışmaq deməkdir. Hər hansı peşə üzrə könüllü kimi çalışmaq təcrübə baxımından gənclərimizə çox böyük şansdır. Hər bir insan peşəsini sevməli, ondan zövq almalıdır. Mən də “Bakı-2017”nin ulduz səfiri kimi öz işimi sevirəm və “Salam Bakı – könüllülərin himni” ilə bu sahədə öz töhfəmi verməyə çalışıram. “Bakı-2017”nin 4 dəyərindən (sülh, həmrəylik, birlik, mükəmməllik) mükəmməlliyi seçir və hamını öz işində mükəmməl olmağa səsləyirəm”.
IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru, könüllülərin səfiri Elçin Səfərov bildirib: “Biz könüllülər üçün hər fürsəti dəyərləndiririk. Təbii ki, könüllü üçün ilk himnin mətnini yazdığıma görə qürur duyuram. Aprelin 30-dək könüllülər gündə 2 təlimdə iştirak edəcəklər. Bu təlimlər zamanı könüllülər himnin məşqini də təşkil edə bilər, həmçinin öz aralarından ən yaxşı ifaçıları da seçə bilərlər. Çünki hər bir könüllü tələbədir, yeni təcrübə qazanmaq üçün kövrək addımlarını atır. Ona görə də hər birimiz onlar üçün lazımi şəraiti yaratmalıyıq. Ölkəmizin ev sahibliyi edəcəyi “Bakı-2017”də də könüllülərin əməyi böyükdür və danılmazdır.
Himn ilk dəfə martın 23-də “Domestic Grassroots” proqramı çərçivəsində təşkil olunan “Oyunlara 50 gün qaldı” tədbirində səslənib.
Xalq qəzeti.- 2017.- 29 mart.- S.9.