Azərbaycanda yeni konsepsiyalı ilk

kompleks kitabxananın açılışı keçirildi

 

Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Bakıxanov qəsəbəsində yerləşən 1 saylı filialının yenidənqurmadan sonra açılış mərasimi keçirildi.

 

Yeni konsepsiyalı ilk kompleks kitabxana Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi,  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşəbbüsü ilə ərsəyə gəlib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək, yeni layihəni yüksək qiymətləndirdi: “Bu gün açılışını etdiyimiz yeni konsepsiyalı kitabxana müasir oxucunun tələblərini nəzərə alara, kitabxanalara marağı daha da artırmaq üçün yaradılıb. Belə layihələrin həyata keçirilməsində əsas məqsəd bilikli, istedadlı gənclərin hərtərəfli inkişafını stimullaşdırmaq, əhalinin mədəniyyət, təhsil, sosial sahələrdə maraqlarını təmin etməkdən ibarətdir. Bu tipli layihələr dünyanın bir sıra inkişaf etmiş ölkələrində həyata keçirilir. Azərbaycanda kitabxana sisteminin yenilənməsi, kitabxanaların yeni nəşrlərlə təmin olunması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. Həmçinin müasir dövrün tələblərinə uyğun olaraq, kitabxanalarımızın yenidən qurulması və qabaqcıl ölkələrdə istifadə olunan təcrübədən artıq ölkəmizdə də istifadə olunur”.

Nazir vurğuladı ki, gənclərimizin asudə vaxtlarının səmərəli təşkili üçün qeyd olunan yeni nəsil kitabxanada yüksək şərait yaradılıb: “Kitab evi tərzində yaradılan kitabxananın əsas ideyası yenimüasir kitablardan ibarət fondun daim yenilənməsi olacaq. Oxucuya sərbəst seçim imkanı verən məkan,  həmçinin müasir kompüterlərlə, sürətli internet və “Wi -Fizona ilə təmin olunmaqla yanaşı, hər bir istifadəçinin müvafiq sahədə daha geniş məlumata sahib olması məqsədini daşıyır. Kompleksdə fəaliyyət göstərən “Asudə vaxt mərkəzi” isə maraqlananlara şahmat, xarici dil, rəqs və digər dərnəklərə üzv olmaq imkanı yaradacaq. Oxucular kompleksdə yerləşən müasir kafenin də xidmətlərindən yararlana biləcəklər”.

Ölkəmizdə sosial həyatın bütün sahələrində həyata keçirilən inkişaf strategiyasından danışan Əbülfəs Qarayev sözügedən layihənin gələcəkdə Bakı şəhəri ilə yanaşı, ölkəmizin bütün bölgələrində də yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Fazil Mustafa çıxışlarında bu tipli kitabxanaların gənclərin həyatında xüsusi əhəmiyyət kəsb edəcəyini bildirdilər. Ölkəmizdə bütün oxucuların asudə vaxtlarının daha səmərəli təşkili üçün bu tipli layihələrin davamlı olmasının önəmi qeyd olundu.

Daha sonra qonaqlar kitabxana ilə tanış oldular. Oxucular üçün hər cür şərait yaradılan yeni konsepsiyalı kompleks kitabxana 5 minədək nəşrdən ibarət fonda malikdir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 29 mart.- S.7.