Xalq yazıçısı Elçinin
“Baş”
romanı Moskvada nəşr olunub
Xalq
yazıçısı Elçinin ötən il çap
olunan “Baş” romanı az bir vaxtda ədəbi hadisəyə
çevrilib. Yeni əsər haqqında bir çox məqalələr
yazılıb, müzakirələr keçirilib. Roman XIX əsrin
əvvəllərində mənşəcə gürcü
olan rus generalı Sisianovun komandanlığı ilə imperiya
qoşunlarının Cənubi Qafqazı işğal etməsindən
bəhs edir.
Əsərin süjetini Bakıda Sisianovun öldürülməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr təşkil edir. Geniş əhatə dairəsinə malik olan bu tarixi-fəlsəfi romanda Azərbaycan xanlıqlarında, Gürcüstan, Şimali Qafqaz, Rusiya, İran, Osmanlı imperiyası, eləcə də Avropada siyasi təlatümlər yüksək sənətkarlıqla əks olunub.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatı Azərbaycanın Xalq yazıçısı Elçinin “Baş” romanını rus dilində nəşr edib. Nəfis şəkildə çap olunmuş kitabın annotasiyasında əsərə və ümumiyyətlə, Elçin yaradıcılığına yüksək qiymət verilir. Romanı rus dilinə A.Mustafazadə tərcümə edib.
“Baş” romanı digər xarici ölkə nəşriyyatlarının da böyük marağına səbəb olub. Bu səbəbdən hazırda roman Türkiyə, Almaniya, İngiltərə, Gürcüstanda və Moldovada çapa hazırlanır.
Xalq qəzeti.- 2017.- 31 mart.- S.12.