Heydər Əliyev siyasəti:

İslahatlarla tərəqqiyə aparan yol

 

İqtisadiyyatı  güclü olan dövlət hər şeyə qadirdir.

 

   Heydər Əliyev

Ümummilli lider

 

Ulu öndər Heydər Əliyevin Azərbaycanda 1993-cü ildə hakimiyyətə qayıdışı sayəsində islahatlar yolu ilə cəmiyyətin yeni bir mərhələyə transformasiya prosesi başladı. Azərbaycanda aparılan islahatların konseptual əsasları və başlıca hədəfləri Heydər Əliyev tərəfindən müəyyən edilərək böyük işlər həyata keçirildi. Əlbəttə, SSRİ-nin dağılması ilə müstəqillik əldə edən digər respublikalar kimi, ölkəmizdə də bütün istiqamətlərdə, xüsusilə, dövlət quruculuğu sahəsində islahatların aparılmasına mane olan amillər var idi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların işğal olunması, məcburi köçkünlərin problemləri, iqtisadi tənəzzül, daxildəki dağıdıcı qrupların antimilli fəaliyyəti və digər bu kimi faktorlar ölkədə islahatların keçirilməsinə imkan vermirdi. Bütün maneə və çətinliklərə baxmayaraq, ulu öndərin qətiyyətli addımları sayəsində qısa müddətdə Azərbaycanda geniş islahatlar proqramının həyata keçirilməsinə başlanıldı.

İslahat - qanun çərçivəsində, doğru zamanda həyata keçirilən dəyişiklikdir və zərurətdən yaranır. Onun vaxtında aparılmaması isə cəmiyyəti durğunluğa sürükləyir, bütün sahələrini ətalətdə saxlayır. Ulu öndərin islahatlar strategiyası  bir neçə istiqaməti əhatə edirdi. Buraya iqtisadi-siyasi sahədə islahatlar, milli-mənəvi dəyərlərin qorunması, xalqı vahid ideya ətrafında birləşdirəcək azərbaycançılıq ideologiyasının formalaşdırılması daxil idi.

Müstəqilliyin  bərpasının ilk illərində digər postsovet ölkələri kimi Azərbaycan da ciddi iqtisadi problemlərlə üz-üzə qalmışdı. Belə ki, sovet sistemindən bazar iqtisadiyyatına keçidin qeyri-peşəkar şəkildə aparılması sosial-iqtisadi vəziyyəti, maliyyə problemlərini daha da dərinləşdirirdi. İnzibati amirlik prinsipinə söykənən sovet sisteminin iflasından sonra yeni bir mərhələ - keçid dövrü mərhələsi başlanmışdı və bu mərhələdə bir sıra vəzifələri yerinə yetirmək mütləq idi. Bunun üçün əvvəlcə dağılmaqda olan iqtisadi sistemin əsasını təşkil edən mülkiyyət tipi dəyişdirilməli, mülkiyyət çîxnövlüyü əsasında yeni təsərrüfat formaları yaradılmalı, idarəetmə mexanizmi və strukturları yenidən qurulmalı, bölgü münasibətləri, maliyyə və bank sistemi yeni əsaslar üzərində formalaşdırılmalı, xarici iqtisadi əlaqələr qurulmalı, ən başlıcası isə yaradılmaqda olan sistem üçün yeni təfəkkürlü kadrlar hazırlanmalı idi.

İqtisadiyyatın sürətli çöküşü isə davam etməkdə idi - 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən 2 dəfədən çox artdığı halda, növbəti illərdə bu artım bir neçə dəfə sürətlənmişdi. 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10 dəfə, 1993-cü ildə 1992-ci ilə nisbətən 12 dəfə artmış, 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı üzrə real gəlirlərinin səviyyəsi 8 dəfə azalmışdı. Bu hal iqtisadi tənəzzülü xeyli sürətləndirmiş və inflyasiya özünün ən yüksək səviyyəsinə - hiperinflyasiya həddinə çatmışdı. İstehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi neqativ amillər və dövlət xərclərinin, əməkhaqqı səviyyəsinin bir neçə dəfə artırılması, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından, inflyasiyanı daha da sürətləndirirdi. 

Ümumiyyətlə, iqtisadi tənəzzül dövrü kimi xarakterizə edilən bu dövrdə aparılmış sistemsiz iqtisadi islahatlar nəticəsində maliyyə-bank sistemi iflic vəziyyətə düşdü, büdcə kəsirinin ÜDM-ə nisbəti 13 faizə çatdı. O dövrdə büdcə kəsiri Milli Bank tərəfindən maliyyələşdirilirdi ki, bu da pul kütləsinin həddindən çox artması ilə nəticələndi. Milli valyuta - manat tezliklə qiymətdən düşməyə başladı, əhalinin real pul gəlirləri kəskin şəkildə azaldı.

Ölkənin 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız ümummilli lider Heydər Əliyevə etibar etdi. Xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıdan ulu öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtarmaqla adını tarixdə əbədiləşdirdi. Zəngin dövlətçilik təcrübəsi olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Qarşıya qoyduğu məqsədlərə öz dönməz qətiyyəti ilə nail olan ulu öndər xəyalındakı Azərbaycanın portretini hələ 1997-ci ildə çəkmişdi: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüququn aliliyinin təmin olunması əsas vəzifəmizdir”.

Qısa müddətdə “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və məcəllələrin layihələri hazırlandı, nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi. İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiqliklə müəyyən edildi, insan hüquqları məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, o cümlədən Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Onun uzaqgörən siyasəti və gərgin fəaliyyəti sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atıldı. Həyata keçirilən islahatlar nəticəsində sərbəst bazar münasibətlərinə əsaslanan və sosialyönümlü iqtisadi sistemin formalaşdırılması, ölkədə mövcud olan təbii iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi. Ölkə iqtisadiyyatında davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu islahatlar mahiyyət etibarı ilə inkişafın yeni - Azərbaycan modelini yaratdı.

Müdrik dövlət xadimi olan ulu öndər Heydər Əliyev ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə edərkən deyirdi: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Azərbaycanda özəlləşdirmənin ilk addımları 1992-ci ilə - Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu dövrə təsadüf edir. Həmin il Muxtar Respublikada kolxoz və sovxozların çox hissəsi ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında paylandı. Bu proses qısa müddətdə öz müsbət nəticəsini verərək, xüsusilə heyvandarlıqda məhsuldarlığın artmasına şərait yaratdı. Ölkədə kütləvi özəlləşdirməyə isə “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanun qəbul edildikdən sonra start verildi. Lakin o dövrdə ölkədə gedən proseslər, bir tərəfdən Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın işğalı, digər tərəfdən hakimiyyət uğrunda silahlı münaqişələr özəlləşdirmənin başlanmasına imkan vermirdi. Özəlləşdirmənin gecikməsinin əsas səbəblərindən biri də müvafiq Qanunun olmasına baxmayaraq, bu prosesi tənzimləyən dövlət proqramının, vacib normativ-hüquqi sənədlərin vaxtında hazırlanmaması, özəlləşdirmədə prioritet istiqamətlərin və ardıcıllığın müəyyən edilməməsi idi. Yalnız 1995-ci ilin martında ölkədə ictimai-siyasi sabitlik təmin edildikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməli tədbirlər haqqında” Fərman bu prosesə təkan verdi.

Qısa müddətdə - 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı və çoxsaylı normativ-hüquqi sənədlər hazırlanıb qəbul edildi. Azərbaycan Respublikasının bütün vətəndaşlarına özəlləşdirmənin başlanğıcında bərabər start şəraiti yaratmaq və əhalinin özəlləşdirmə prosesində iştirakını həvəsləndirmək məqsədilə onlara dörd çekdən ibarət olan 7,5 milyona yaxın özəlləşdirmə payı verildi. Bununla da, ölkə əhalisi özəlləşdirmədə pulsuz iştirak etmək hüququ qazanmışdı. Əsasən kiçik özəlləşdirməni əhatə edən birinci mərhələdə ticarət, xidmət, iaşə obyektləri, sənayenin müxtəlif sahələrində, tikintidə, nəqliyyatda fəaliyyət göstərən yüzlərlə kiçik müəssisə hərraclarda satıldı. Eyni zamanda yeyinti, taxıl məhsulları, quşçuluq, mebel, tikinti, ticarət sahələrində, sanatoriya-kurort və mehmanxana təsərrüfatında minə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərə çevrildi.

Proqrama uyğun olaraq, yanacaq-energetika, metallurgiya, maşınqayırma, kimya və neft-kimya sənayesində, nəqliyyat və rabitə sahəsində iri müəssisələr özəlləşdirməyə açıq elan edildi. Özəlləşdirmənin ikinci mərhələsində dövlətin siyasəti özəlləşdirmənin bütün üsullarından geniş istifadə etməklə, o cümlədən iri müəssisələrin əsasən investisiya müsabiqələri və fərdi layihələr üzrə özəlləşdirilməsi yolu ilə ölkəyə daha çox sərmayə cəlb olunmasına, Azərbaycanın iqtisadi potensialının daha da güclənməsini təmin etməyə yönəlmişdi. Beləliklə, 1995-ci ildən başlayaraq bazar iqtisadiyyatına keçid istiqamətində aparılan tədbirlər, o cümlədən kütləvi özəlləşdirmə prosesi ölkədə sahibkarlığın inkişafına böyük təkan verdi.

İqtisadiyyatın inkişafı üçün azad sahibkarlığın bərqərar olması vacib şərtlərdən biri idi. Bu sahədə 1993-cü ildə təsdiq edilmiş “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)’’ Dövlət Proqramını xüsusi qeyd etmək lazımdır. Belə ki, Azərbaycan xalqının xarakterinə və istedadına yaxşı bələd olan ümummilli lider ölkədə sahibkarlığa geniş imkanlar veriləcəyi təqdirdə meydana çıxacaq sahibkarların qısa müddətdə iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevriləcəyini böyük uzaqgörənliklə müəyyənləşdirmişdi. Əlbəttə, Qərbin təcrübəsini olduğu kimi ölkəyə gətirmək, bazarın inkişafı naminə olsa belə, yaxşı bir şey vəd etmirdi. Bazar strukturlarının özü də, institutları da Azərbaycanın özünəməxsus şəraitinə uyğunlaşdırılmalı idi.

Bununla yanaşı, həmin dövrdə ölkə daxilində və xaricdə bu islahatların həyata keçirilməsini istəməyən qüvvələr  xalqı çaşdırmağa çalışırdılar. Ulu öndər Heydər Əliyev ilk növbədə xalqın itmiş inamını özünə qaytara bildi. O bu yolda gördüyü hər bir işdə xalqa arxalandığını dönə-dönə bildirərək deyirdi: “Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Ulu öndər Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” .

Ümummilli liderin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl sektorun inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Ölkədə sahibkarlığın inkişafına təkan verən mühüm məqamlardan biri 1994-cü ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda “Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma” mövzusunda keçirilən beynəlxalq konfrans oldu. Konfransın açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər ölkədə sahibkarlığın inkişafı üçün müvafiq şərait yaradıldığını və bunun artıq konkret əməli nəticələr verdiyini bildirərək, Azərbaycanda bu sahənin inkişafında xarici investorları fəal iştiraka dəvət etdi. Xarici investorların həm hüquqlarının, həm də yatırdıqları sərmayələrin təhlükəsizliyinin qanunvericiliklə qorunduğunu bəyan edən ümummilli lider sahibkarlığın inkişafında Qərb təcrübəsindən istifadə olunacağını da diqqətə çatdıraraq bildirirdi ki, sahibkarlıq bizim üçün ən mühüm amildir, sahibkarlığın inkişafı üçün dövlət bütün vasitələrdən istifadə edəcəkdir.

Ulu öndərin rəhbərliyi altında sahibkarlığın inkişafına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsinin də bu sahənin inkişafında özünəməxsus rolu oldu. Bu yöndə atılan ilk addım isə ölkə Prezidentinin 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərmanı oldu. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi.

Ulu öndərin sahibkarlara birbaşa qayğısı nəticəsində vergi dərəcələrinin mütəmadi şəkildə azaldılması özəl sektorun ümumi iqtisadiyyatda çəkisinin artmasına müsbət təsir göstərdi. Lakin qeyd edilənlərlə yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılmaması dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zərurətə çevirir. Ulu öndərin 1999-cu il yanvarın 7-də “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” və  2002-ci il sentyabrın 28-də “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanları özəl  sektorun inkişafında mühüm rol oynadı.

Həmin dövrdə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparıldı. Belə ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli Fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı azaldıldı, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti uzadıldı.

Ulu öndər Heydər Əliyev 2002-ci il aprelin 25-də yerli sahibkarlarla görüşündə artıq öz ayaqları üstündə durmağa nail olan ölkə iqtisadiyyatının bundan sonrakı inkişaf konturlarını detallı şəkildə göstərmişdi: “Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməkdən ibarətdir. Bunun üçün biz 1995-ci ildən başlayaraq ardıcıl surətdə lazım olan iqtisadi islahatları həyata keçiririk. Biz bu gün məmnuniyyət hissi ilə deyə bilərik ki, artıq bizim iqtisadi siyasətimiz, həyata keçirdiyimiz tədbirlər öz müsbət nəticəsini verir və verməkdədir”.

Azərbaycanın ovaxtkı məhdud imkanlarını nəzərə alan ümummilli lider Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrın 20-də böyük təzyiqlərə baxmayaraq, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasına və ölkəyə investisiya qoyuluşuna münbit şərait yaratdı. Bu müqavilənin imzalanması və onun gerçəkləşdirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının təntənəsi idi.

Respublikamız bu sahədə müstəqil siyasət yürüdərək təbii sərvətlərini dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin yaradılmasına nail olmuşdu ki, bu da ölkəmizin enerji təhlükəsizliyini təmin etmiş, Avropa və digər uzaq ölkələrin enerji təminatı istiqamətində yeni perspektivlər açmışdı. Xam neftin şimal istiqaməti üzrə ixracını nəzərdə tutan Bakı-Novorossiysk kəməri  ilə yanaşı, 1999-cu ildə Bakı-Supsa, 2006-cı ilin mayında isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərləri istifadəyə verildi. XXI əsrin ən nəhəng neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan boru kəməri artıq neçə ildir ki, dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində uğurla fəaliyyət göstərir.

Neftdən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirilməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi. Bütün bunlar isə ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına və xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına geniş imkanlar yaratdı.

1995-1996-cı illərdə “Aqrar islahatların əsasları”, “Sovxoz və kolxozların islahatı”, “Torpaq islahatı”, “Torpaq bazarı” haqqında qanunların, digər vacib normativ hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açdı. Belə ki, “Torpaq islahatı haqqında” Qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər öz əksini tapmışdır. Bu da aparılan islahatların dərinliyindən, onların dönməzliyi ilə bağlı ölkə rəhbərliyinin əzmindən xəbər verirdi. Qısa müddətdə torpağın özəlləşdirilməsi, onun mülkiyyətçinin adına rəsmiləşdirilməsi mexanizminin hazırlanıb qəbul edilməsi iki milyon hektara yaxın torpağın əvəzsiz olaraq Azərbaycan Respublikası vətəndaşlarına verilməsini, 870 minə yaxın ailənin torpaq sahibi olmasını təmin etdi. Kənddə yeni mülkiyyətçilərin - kəndli-fermerlərin formalaşmasının sürətləndirilməsi kənd təsərrüfatında işlərin daha yaxşı təşkili və aqrar bölmənin inkişafı üçün möhkəm zəmin yaratdı. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli, əslində, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi ilə qoyulmuşdu.

1996-cı ildən başlayan dayanıqlı iqtisadi inkişaf və maliyyə sabitliyi əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaratmış, dövlətin sosial yönümlü siyasət aparmaq imkanlarını genişləndirmişdir. Ardıcıl həyata keçirilən islahatlar iqtisadi artımla yanaşı, əhalinin gəlirlərinin artmasına da kömək etdi.

Torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı, bir milyona yaxın soydaşımızın ev-eşiyindən didərgin düşərək qaçqın həyatı yaşamağa məhkum edilməsi zəbt olunmuş torpaqları iqtisadi dövriyyədən çıxarmaqla yanaşı, işsizlərin sayını da artırmışdı ki, bu da əhalinin maddi vəziyyətini ağırlaşdırmışdı. Bütün bunlara rəğmən, qaçqınların və məcburi köçkünlərin yaşayışı daim dövlətin diqqət mərkəzində olmuşdur. Onların minimum həyat səviyyəsini təmin etmək və ehtiyaclarını ödəmək üçün dövlət lazımi maliyyə vəsaiti ayıraraq köməklik göstərdi. Ölkəmizin müxtəlif bölgələrində, çadır şəhərciklərində ağır sosial durumda yaşamağa məhkum olan bu insanlar tezliklə dövlətimizin hərtərəfli qayğısı ilə əhatə edildilər. Azərbaycan dövləti  öz vətəndaşlarını  bu ağır vəziyyətdən çıxarmaq üçün  davamlı tədbirlər həyata keçirməyə başladı. Qaçqınlara hər zaman xüsusi qayğı  göstərən, dəfələrlə onların məskunlaşdığı çadır şəhərciklərində olan ümummilli lider onların problemlərini özünün bir nömrəli problemi adlandırırdı.

Xalqımızın həmin taleyüklü dönəmdəki problemlərindən danışan ümummilli lider Heydər Əliyev deyirdi: “Əhalinin bir hissəsinin maddi sıxıntılar içərisində, ağır vəziyyətdə yaşaması hamımızı narahat edir, incidir. Onu bilməliyik ki, bütün bu problemlər, sıxıntılar, çətinliklər yalnız müvəqqəti xarakter daşıyır. Xalqımız əmin olmalıdır ki, respublika rəhbərliyi bu sahədə yaranmış vəziyyətin ağırlığını dərk edir və onun aradan qaldırılması üçün bütün mövcud imkanlardan lazımınca istifadə edir və bundan sonra da edəcəkdir. Son illərdə ölkə həyatının müxtəlif sahələrində əldə edilmiş nailiyyətlərimiz onu qətiyyətlə deməyə əsas verir ki, qarşıdakı yaxın illərdə bizi narahat edən problemlərin həlli yolunda mühüm addımlar atılacaq, xalqımızın üzləşdiyi bir çox sosial-iqtisadi çətinliklər aradan qaldırılacaq, vətəndaşlarımızın rifah halı yaxşılaşacaq və onlar layiq olduqları firavan həyata qovuşacaqlar”.

Ulu öndərin  siyasi kursunu  uğurla davam etdirən ölkə Prezidenti  İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli sənəd idi. Proqramın uğurla həyata keçirilməsi nəticəsində məcburi köçkün ailələrinin əksər problemləri öz həllini tapdı. Dövlətin həyata keçirdiyi tədbirlər, ilk növbədə, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmişdi. Prezidentimiz cənab İlham Əliyevin məcburi köçkün ailələri ilə keçirdiyi görüşlərin birində vurğuladığı kimi, hazırda ölkədə bütün çadır şəhərcikləri ləğv olunub: “Dövlət Proqramı qəbul edilib və ilk mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemləri həll olunub. Artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi yoxdur. İndiki mərhələdə digər yerlərdə yararsız binalarda yaşayan soydaşlarımızın problemləri həll olunmalıdır. Bakıda, digər rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilir”.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi sahəsindəki misilsiz xidmətlərindən biri də özündən sonra dövlətçilik irsinin daimiliyini təmin edəcək, qüdrətli varis və lider yetişdirməsidir. Ötən 14 ildə ulu öndərin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha aydın görünür. Ölkə başçısı özünün dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs, o cümlədən xalqı vahid ideya ətrafında birləşdirəcək Azərbaycançılıq ideologiyasının üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Yeni tipli siyasətçi və dövlət rəhbəri kimi dünyada diqqət mərkəzində olan İlham Əliyev inamla xalqı Heydər Əliyevin ideyaları ətrafında birləşdirir, soydaşlarımızı ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir.

Azərbaycanda müstəqilliyin vacib şərti olan ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərib və göstərməkdədir.

Ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Bəlli olduğu kimi, bu ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş şəkildə inkişafını nəzərdə tutur. Burada neft sektorundan əldə edilən gəlirlər hesabına qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, beləliklə də, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsi başlıca hədəf kimi götürülür.

Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir. Xüsusi həssaslıq və dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan bu proqramlar əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açır.

Prinsip etibarı ilə ölkə regionlarının davamlı, sürətli inkişafının reallaşması təkcə iqtisadi deyil, həm də mənəvi məsələdir. Daha dəqiq desək, burada insan amili həlledici təsirə malikdir, insanların sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol oynayır. Onu da vurğulamaq lazımdır ki, müəyyən məqamlar regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən hər iki Dövlət Proqramında ciddi nəzərə alınıb. Belə ki, burada bölgələrdə işgüzar sahibkarlıq təşəbbüslərinin yüksək səviyyədə dəstəklənməsi, regionlarda ən yeni texnologiyalara söykənən aqrar-sənaye komplekslərinin yaradılması, yüngül sənayenin, qida sənayesinin inkişaf etdirilməsi, yoxsulluğun, işsizliyin tam aradan qaldırılması, əhalinin yüksək məşğulluğunun təmin edilməsi nəzərdə tutulub.

Bu baxımdan, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” icrasında hər bir bölgənin özünəməxsusluğuna, regionların sosial-iqtisadi inkişaf potensialını şərtləndirən mühüm meyar kimi insan amilinə xüsusi diqqət yetirilib. “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın gerçəkləşməsində də insan amili xüsusi olaraq önə çəkilmişdi. Burada insanların iqtisadi təşəbbüslərinin–insan kapitalı amilinin adekvat şəkildə qiymətləndirilməsinə böyük diqqət yetirilmişdir. Belə ki, regionların sosial-iqtisadi inkişafını şərtləndirən mühüm meyarlardan biri insan kapitalının əhəmiyyətinin lazımi şəkildə dəyərləndirilməsidir.

Daha bir maraqlı məqam isə günümüzdə qeyri-neft sektoruna qoyulan investisiyaların neft sektorundakından çox olmasıdır. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq üçün əməli-praktik tədbirlər görülür.

2017-ci il yanvar ayının 30-da “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini və bütün əsas vəzifələrin icra olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, iqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 faiz artıb. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik. Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət ölkə iqtisadiyyatını dinamik mərhələyə gətirib çıxarıb. Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun olaraq, sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin genişləndirilməsi də sənayeləşmə siyasətinin prioritetlərindəndir. Bu baxımdan dövlət başçımızın tapşırığına əsasən, ölkəmizdə müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması qeyri-neft sektorunun və xüsusilə də qeyri-neft sənayesinin inkişafını sürətləndirəcək, yerli və xarici investisiyaları stimullaşdıracaq, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcək və iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına öz müsbət töhfəsini verəcəkdir.

Məhz cənab İlham Əliyevin balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində son illər bütün dünyada gedən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam edib, ölkənin dinamik inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, habelə, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli dövlətçilik maraqları təmin olunub. Ötən dövr ərzində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazasının yaradılması istiqamətində islahatlar davam etdirilib, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilib, özəl bölmənin fəaliyyəti üçün daha əlverişli imkan yaradılıb, bazar institutlarının formalaşması ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Azərbaycan milli inkişaf siyasətinin uğurla davam etdirilməsinin nəticəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların daha da inkişafı, o cümlədən milli mənafelərə və sosial rifaha xidmət edən özünəməxsus milli iqtisadi inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza ataraq Cənubi Qafqazda lider ölkə statusunu qoruyub saxlayır.

Bəşər tarixində daha çox siyasi gərginlik, iqtisadi böhran və sosial təlatümlər ili kimi yadda qalan 2016-cı ildə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin azalması, dünya iqtisadiyyatında mövcud olan qeyri-müəyyənlik, mürəkkəb xarici iqtisadi mühit ölkəmizin makroiqtisadi və maliyyə sabitliyinə təsirsiz ötüşmədi. Lakin dövlət başçısının fərmanı ilə təsdiqlənmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya, postneft iqtisadi inkişaf modelinin dəstəklənməsinə yönəlmiş yeni strateji hədəflər və prioritetlər öz əksini tapdı. Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir.

Dünya bazarlarında neftin ucuzlaşması ilə bağlı yaranmış durum neft gəlirlərindən asılı olan digər ölkələr kimi Azərbaycanın iqtisadiyyatı üçün də böyük sınaq oldu. Ötən ilin yekunları göstərir ki, Azərbaycan bu sınaqdan çıxmağı bacardı, yanacaq-enerji sektorunda gəlirlər azalsa belə, ölkə öz dinamik inkişafını dayandırmadı. Əlbəttə, burada mühüm amil kimi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərə alınmalıdır. Vaxtilə belə qərar qəbul olunmasaydı, enerji resurslarından əldə olunan gəlirlər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilməsəydi, vəziyyət, həqiqətən də, acınacaqlı ola bilərdi.

Prezident İlham Əliyev tərəfindən uğurla aparılan davamlı islahatlar nəticəsində Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq, sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.

İqtisadi islahatlara sistemli yanaşmanı təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edildi, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradıldı. Həmin sərəncama əsasən, İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırladı. Strateji yol xəritəsinin hazırlanmasında Nobel mükafatçılarından tutmuş, sadə vətəndaşlara qədər müxtəlif sferalardan olan insanlarla müzakirələr aparıldı. Hətta “on-line” qaydada təkliflər verilməsi üçün də imkanlar yaradılmışdı. Aparılan inklüziv müzakirələr isə strateji yol xəritəsinin, həqiqətən də, mükəmməl sənəd olduğunu sübut etdi. 

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə 2016 – 2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün isə uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşdi, bu istiqamətlər üzrə strateji yol xəritələri təsdiqləndi: milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı.

Strateji yol xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcəkdir. Qlobal çağırışlara cavab verərək, investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcək və o, yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır. Bütün bunlar Azərbaycan Prezidentinin uzaqgörənliyini, dünyada gedən prosesləri düzgün qiymətləndirdiyini və ölkəni, cəmiyyətimizi qlobal təhdidlərdən etibarlı şəkildə qorumaq üçün vaxtında lazımi tədbirlər həyata keçirdiyini əyani şəkildə sübut edir.

 

Mübariz Qurbanlı,

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə

Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

 

Xalq qəzeti.- 2017.- 3 may.- S.4-5.