Çingiz HÜSEYNZADƏ: IV İslam
Həmrəyliyi
Oyunları Azərbaycan
tarixinə növbəti
qələbə kimi daxil olacaq
Bir neçə
gündən sonra növbəti İslam Həmrəyliyi
Oyunlarına Azərbaycanın paytaxtı Bakıda start veriləcək.
Müsəlman aləminin ən nüfuzlu idman tədbirində
57 ölkə komandası 20 idman növündə iştirak
edəcək. Bu mötəbər
tədbirlə bağlı Milli Olimpiya Komitəsinin
vitse-prezidenti, İslam Həmrəyliyi İdman
Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə
ilə görüşüb, qəzetimiz üçün
müsahibə aldıq.
– Çingiz
müəllim, İslam dünyasının ən nüfuzlu
idman tədbiri olan IV İslam Həmrəyliyi Oyunlarına
sayılı günlər qalır. Siz həm də bu
Oyunların təşkili və keçirilməsinə nəzarət
edən İslam Həmrəyliyi İdman Federasiyasının
vitse-prezidenti vəzifəsini daşıyırsınız.
Öncə qurumun fəaliyyəti barədə məlumat verməyinizi
xahiş edirik.
– İslam Həmrəyliyi İdman
Federasiyası keçən əsrin sonlarında
yaradılıb və bu federasiya İslam Əməkdaşlıq
Təşkilatına daxil olan ölkələri əhatə
edir. Qurumun əsas məqsədi İslam dünyasında, müsəlman
ölkələrində idmanı inkişaf etdirmək, idman
növləri üzrə yarışlar keçirmək, eyni
zamanda, İslam Həmrəyliyi Oyunlarını təşkil
etməkdir. İslam Həmrəyliyi Oyunları ilk dəfə
2005-ci ildə Səudiyyə Ərəbistanında
keçirilib və bundan sonra Oyunların 4 ildən bir
keçirilməsinə başlanılıb. Qeyd edim ki,
bu federasiyanın yaranmasını dünya idman ictimaiyyəti,
idman hərəkatı nümayəndələri bir qədər
soyuq qarşılayıblar. Onlar əsas gətirirdilər ki,
hər hansı dini mənsubiyyətə görə idman təşkilatı
yaratmaq düzgün deyil. Amma bilirsiniz ki, dünyada İslam Həmrəyliyi
İdman Federasiyasından qabaq “Makkabi” adlı idman hərəkatı
yaradılıb və o, dünya yəhudilərini birləşdirir.
Onların hər il müxtəlif yarışları, o
cümlədən Dünya Makkabi Oyunları keçirilir. Bu mənada
İslam ölkələrinin idman tədbirinin keçirilməsi
də təəccüb doğurmamalıdır.
İlk İslam Həmrəyliyi Oyunlarından sonra məlum oldu ki, həqiqətən, bu tədbir İslam ölkələrini çox maraqlandırır. Bildiyiniz kimi, IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edəcək. İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunları zamanı bu Oyunların bayrağı Azərbaycana təqdim edildi və o gündən də biz yarışların hazırlığına başlamışıq.
– Azərbaycanda
iki il bundan əvvəl Avropa Oyunları yüksək səviyyədə
təşkil edilmişdi. Bir neçə gündən sonra isə
müsəlman aləminin ən böyük idman tədbiri –
İslam Həmrəyliyi Oyunlarına da ölkəmiz ev
sahibliyi edəcək. Bununla bağlı hansı məqamları
qeyd edərdiniz?
– İki il ərzində ölkəmizdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi rəmzi məna daşıyır. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ötən il ölkəmizdə “Multikulturalizm ili”, bu il isə “İslam Həmrəyliyi ili” elan olunub və bu, dünyaya mühüm bir mesajdır. Çoxmillətli, çoxmədəniyyətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan Avropa və Şərq dəyərlərini birləşdirərək dünya sivilizasiyasına böyük töhfələr verir.
Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyev həmişə qeyd edir ki, biz bu Oyunlarla tolerantlığa və multikulturalizmə sadiqliyimizi nümayiş etdiririk, biz eyni məkanda iki il ərzində həm Avropa Oyunlarını, həm İslam Oyunlarını keçirməklə onu göstəririk ki, həm Avropa mədəniyyətinə, həm də İslam mədəniyyətinə sadiqik, bu mədəniyyətlərin davamçılarıyıq, Avropa ideallarını, həm İslam ideallarını qəbul edirik. Bizim üçün heç bir dini və irqi ayrı-seçkilik yoxdur.
Bildiyiniz kimi, bütün qitələrin öz idman Oyunları olduğu halda ilk Avropa Oyunlarına qədər Avropa öz Oyunlarını heç vaxt təşkil etməmişdi və hesab edirdilər ki, Avropada təşəkkül tapan Olimpiya Oyunları elə onların öz oyunlarıdır və burada qitə idmançılarının həmişə ön mövqedə olması, əsas medalları onların qazanması səbəbindən ayrıca yarışlar keçirməyə ehtiyac yoxdur. Son bir neçə Olimpiya Oyunlarında Avropa idmançılarının mövqeyi bir qədər zəiflədi, amma Asiya, Afrika, o cümlədən İslam ölkələrinin nəticələri əvvəlkilərə nisbətən yüksəlməyə başladı. Şübhəsiz, bütün bunlar Avropanı da öz oyunlarını təşkil etmək zərurətini yaratdı. O zaman Avropa ölkələrinə təkliflər gəldi ki, bu Oyunları kim keçirə bilər.
Azərbaycanın son 20 ildə idman sahəsində keçdiyi sürətli inkişaf yolu hamıda belə təəssürat yaratdı ki, məhz ölkəmiz bu yarışları yüksək səviyyədə keçirməyə qadirdir. Azərbaycanda idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı, idmançılarımızın əldə etdiyi böyük uğurlar, müasir standartlara cavab verən idman infrastrukturu və ölkəmizin ümumi inkişafı əsas götürülərək Avropanın bu mötəbər idman tədbirinə ev sahibliyi bizə etibar edildi. Belə bir Oyunları ilk dəfə təşkil etmək əlbəttə, ölkəmiz üçün həm böyük şərəf, həm də çox böyük məsuliyyət idi. Oyunların Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük təşkilatçılıq məharəti göstərdi, iki il ərzində Oyunlar hazırlandı və Olimpiya Oyunlarından da yüksək səviyyədə keçirildi.
Bunu da qeyd edim ki, Avropa Oyunlarının keçirilməsi haqqında qərar qəbul edilməmişdən əvvəl 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkil edilməsi barədə qərar qəbul olunmuşdu və təsadüfi deyil ki, bu Oyunların Təşkilat Komitəsinə rəhbərlik də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Mehriban xanıma tapşırıldı. Əminik ki, İslam Həmrəyliyi Oyunlarında dünyanın bütün müsəlman ölkələrinin bir araya gəlib dostluq, birlik və həmrəylik nümayiş etdirməsi bu nüfuzlu tədbiri, həm də böyük bir idman bayramına çevirəcək.
Bu Oyunlar Azərbaycan tarixinə növbəti qələbə kimi daxil olacaq.
Oyunlara çox az müddət qalır və hazırlıq, demək olar ki başa çatıb. Əlbəttə Avropa Oyunlarında qazanılmış təcrübə İslam Həmrəyliyi Oyunlarınına təşkilatçılıqda bizə çox kömək edir. Bu yarışlar Azərbaycanda mövcud idman qurğularında təşkil ediləcək. Yəni bu Oyunlar üçün heç bir idman qurğusunun tikintisinə ehtiyac olmadı. Avropa Oyunlarında istifadə edilən bütün obyektlərdən İslam Oyunlarında da istifadə olunacaq. Bu yarışlarda da atletlər kəndi eyni funksiyanı daşıyacaq, yarış iştirakçıları bu kənddə yerləşdiriləcək. İstər təhlükəsizlik, istər nəqliyyat və yaxud digər təşkilati məsələlər Avropa Oyunlarında olduğu kimi bu yarışlarda da əksini tapacaq.
Bu Oyunların həm oxşar, həm fərqli cəhətləri var. İdman növləri arasında, həm də idmançıların səviyyəsində fərqlər var. Mənə bəzən belə bir sual verirlər ki, buradakı idmançılar Avropa idmançılarından zəifdirmi? Mən qeyd edirəm ki, bəzi idman növlərində bir qədər zəif ola bilər. Amma elə idman növləri var ki, onların təmsilçiləri Avropa idmançılarından bəlkə daha güclüdür. Ona görə Avropa və İslam Oyunlarını müqayisə edərək kimin zəif, kimin güclü olduğunu dəqiq demək olmur. Prinsip etibarilə bu Oyunlar arasında elə də böyük fərq yoxdur. Həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları Beynəlxalq Olimpiya Komitəsinin norma və standartları əsasında keçirilir.
– Dünyanın idman mərkəzlərindən
birinə çevrilən Azərbaycan IV İslam Həmrəyliyi
Oyunlarına ev sahibliyi edəcək. Oyunların beynəlxalq aləmdəki
nüfuzuna bu amilin nə kimi təsiri var?
– Son illər İslam Həmrəyliyi Oyunlarının nüfuzu, həqiqətən çox yüksəlib və bunun əsas səbəblərindən biri bu yarışların, məhz Bakıda keçirilməsi olub. İlk Avropa Oyunları zamanı Bakı bütün dünyanın diqqətini özünə cəlb etdi, yarışları çox yüksək səviyyədə keçirdi. Avropa Oyunlarından sonra İslam Həmrəyliyi Oyunlarının təşkili Avropa üçün çox maraqlı oldu. Onlar İslamiadanın da Avropa Oyunları səviyyəsində keçiriləcəyinə əmin olduqları üçün bu yarışlara maraq da böyük oldu. Bilirsiniz ki, İslam ölkələri, əsasən, dünyanın 4 qitəsini əhatə edir və bu baxımdan dünyada bu Oyunlar xüsusi əhəmiyyət kəsb edir. Bunlar Afrika və Asiyadakı ölkələrdir, eyni zamanda, Avropa və Amerika qitələrində də bir neçə İslam ölkəsi var. Maraq hətta o dərəcədə böyükdür ki, son illərdə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yaradılmış Olimpiya internet televiziya kanalı İslam Oyunlarını işıqlandırmaq qərarına gəlib və artıq danışıqlar gedir. Əminliklə deyə bilərik ki, Bakıda baş verəcək hadisələr BOK-un Olimpiya kanalı vasitəsilə bütün dünyanın idmansevərlərinə təqdim ediləcək.
İslam Oyunlarının böyük əhəmiyyət kəsb etməsini göstərən cəhətlərdən biri də budur ki, son illərdə İslam dünyasında müharibələr gedir, radikal qruplaşmalar fəallaşıb, eləcə də terrorizmi İslamla əlaqələndirmək cəhdləri çoxalıb. İslam Həmrəyliyi Oyunları bütün bunlara cavab olaraq İslam ölkələri arasında həmrəyliyin olduğunu nümayiş etdirəcək, İslam dininin heç də aqressiv din olmadığını, sülh və insanların əmin-amanlığına yönəldiyini bir daha sübut edəcək.
– IV İslam Həmrəyliyi
Oyunları iştirakçı ölkələrin və idman
növlərinin sayına görə əvvəlkilərdən
fərqlənir. Sizcə IV İslam Həmrəyliyi
Oyunları hansı yeniliklərlə yadda qalacaq?
– IV İslam Həmrəyliyi Oyunları yarışların tarixində yeni mərhələ olacaq. Əvvəlki Oyunlardan fərqli olaraq Azərbaycanın ev sahibliyi edəcəyi budəfəki Oyunlarda dünyanın bütün müsəlman dövlətlərinin – 57 ölkənin iştirak edəcəyini fəxrlə deyirik.Onların hamısının bir yerə toplaşıb həmrəylik nümayiş etdirməsi çox yaxşı haldır.
Bu Oyunlar İslam aləmində idman tədbirlərinin təşkilati məsələlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə də yadda qalacaq. Biz əvvəlki İslam Oyunlarında iştirak etmişik və görmüşük ki, təşkilati məsələlərdə bir sıra problemlər olub, eyni zamanda, beynəlxalq normalarla uyğunsuzluqlar olub. IV İslam Həmrəyliyi Oyunları Beynəlxalq Olimpiya Komitəsinin və beynəlxalq federasiyaların tələblərinə tam uyğun şəkildə təşkil edilib yüksək səviyyədə keçirilməsi ilə yadda qalacaq. Bu Oyunların Bakıda turizmin inkişafına dəstəyini də vurğulayardım. Son zamanlar Bakıya, eyni zamanda, regionlarımıza turist axını çoxalıb və bu axının çoxalmasında əsas rolu məhz İslam ölkələrindən gələn turistlər təşkil edir. Bu Oyunlarla bağlı da çoxlu turistlər gözləyirik və onların yəqin ki, bundan sonra Bakıya Azərbaycana istəkləri daha da artacaq, ölkəmizə yenə də gəlmək istəyəcəklər və onları Vətənimizdə görməkdən həmişə şadıq.
– Ötən
islamiadalarda komandamızın iştirakını necə qiymətləndirirsiniz?
– Əvvəlki İslamiadalarda, demək olar ki, eyni nəticə göstərmişik. Ümumi komanda hesabında 8-ci olmuşuq. O zaman biz tam heyətlə çıxış etmirdik və bu Oyunlardakı idman növlərinin bəziləri, belə demək mümkünsə, bizim idman növləri deyildilər. Buna baxmayaraq əvvəlki Oyunlarda da böyük uğurlar qazanmışdıq. Birinci İslam Oyunlarında basketbol komandamız birinci yeri tutmuşdu. Bu çox böyük nəticə idi. Birinci İslam Həmrəyliyi Oyunlarında qadınlar iştirak etmirdilər. Burada bütün idman növləri üzrə həm qadınlar, həm də kişilər qüvvələrini sınayacaqlar. Bu, Oyunların daha proqressiv olduğunu nümayiş etdirir. Ümumilikdə, hər iki Oyunlardakı nəticələrdən razı qaldıq.
– Oyunlara
hazırlığın vəziyyəti ilə bağlı nə
deyə bilərsiniz?
– Oyunlar üçün bütün obyektlər hazırdır. Ən vacib məsələlərdən biri Oyunlar zamanı təhlükəsizliyin təminatı, ikinci əsas məsələ nəqliyyat məsələlərinin yüksək səviyyədə həllini tapmasıdır. Çünki idmançılar yaşadıqları yerlərdən yarış yerlərinə, təlim-məşqlərə qrafik üzrə vaxtında çatmalıdırlar. Tamaşaçıların yarış yerlərinə, stadionlara çatdırılması üçün hər cür şərait yaradılmalıdır. Bu məsələlər çox ciddi məsələlərdir və bunların hamısı öz həllini tapıb.
Digər ciddi məsələ öz komandamızın hazırlığı məsələsidir. Deyə bilərəm ki, artıq milli komandamız formalaşıb. 300-dən artıq idmançı ilə bu yarışlarda iştirak edəcəyik. Mayın əvvəlində idmançılarımız Atletlər kəndinə daxil olacaqlar, son hazırlıqlarını orada davam etdirəcəklər.
– Çingiz
müəllim, yığmamızdan hansı nəticələri
gözləyirsiniz? IV İslam Həmrəyliyi Oyunlarında
idmançılarımızın
çıxışları ilə bağlı proqnoz verə
bilərsinizmi?
– Bu gün komandamız əvvəlki illərə nisbətən daha güclüdür, çünki son illər Azərbaycanda idman sahəsi böyük sürətlə inkişaf edir. Son Olimpiya Oyunlarında 18 medalın əldə edilməsi komandamız üçün parlaq nəticədir.
Yarışlarda tam heyətlə təmsil olunmağımız şanslarımızı artırır. Həm də budəfəki Oyunlarda ölkəmizdə inkişaf etmiş güclü idman növləri təmsil olunur. İdmançılarımızın yarışlarda çıxışları ilə bağlı, düzü, həmişə proqnoz vermişəm. Amma burada vəziyyət bir qədər başqadır. Çünki rəqib komandaların gücünə o qədər də bələd deyilik. Bir çox idmançılar isə bizim üçün yeni rəqiblərdir. Yəni Avropa çempionatlarında və bir sıra yarışlarda onlarla görüşməmişik. Amma arzum budur ki, komandamız birinci nəticə qazansın. Ümid edirəm ki, yığmamız İslamiadanın qalibi olacaq!
Leyla QURBANOVA
Xalq qəzeti.- 2017.- 3 may.- S.9.