Azərbaycanda söz, fikir və məlumat
azadlığı
yüksək səviyyədə təmin edilir
3 May Ümumdünya Mətbuat
Azadlığı Günüdür
Bütövlükdə
söz və informasiya azadlığı hər bir ölkə
üçün, ölkənin inkişafı
üçün ən vacib olan məsələlərdən
biridir. Söz və informasiya azadlığı,
demokratiyanın inkişafı, hüquqi dövlətin
qurulması Azərbaycanda çox vacib olan məsələlərdir.
Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox
böyük və uğurlu yol keçmişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Gündən-günə
qüdrətlənən, beynəlxalq aləmin aparıcı
subyektlərindən birinə çevrilən gənc müstəqil
Azərbaycan dövləti təkcə sosial-iqtisadi sahədə
deyil, eləcə də cəmiyyətin daha da demokratikləşdirilməsi
istiqamətində kifayət qədər uğurlar
qazanmışdır. Dövlətimizin bu qədər nailiyyətlərə
imza atmasının bir səbəbi ulu öndər Heydər Əliyevin işləyib
hazırladığı siyasi
kurs və həmin xəttin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsidirsə, digər səbəbi də
dünya miqyasında mövcud olan
mütərəqqi məzmunlu fəaliyyət birliklərinin hamısına
qoşulmağımızdır. Bu gün ölkəmiz
özündə bəşəri dəyərləri ehtiva edən
bütün beynəlxalq müqavilə, pakt və konvensiyalara
qoşulub.
Əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə töhfə vermək məqsədilə formalaşdırılmış sənədlərdən biri də Vindhuk müqaviləsidir. Xatırladaq ki, həmin müqavilə azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədi ilə bütün dünya dövlətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran sənəddir. Bu sənəd 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər tərəfindən qəbul edilmişdir. Bununla əlaqədar BMT Baş Assambleyası 1993-cü ildə həmin tarixi Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək barədə qərar qəbul etmişdir. O vaxtdan bəri hər il mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.
BMT-nin qəbul etdiyi bu qərar "Ümumdünya insan hüquqları bəyannaməsi"nin 19-cu maddəsində göstərilmiş fikir və ifadə azadlığı hüquqlarına istinad edir. Həmin maddədə yazılır : “Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir”.
Bu gün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan Respublikası nəinki Avropada, hətta bütün dünyada əsas insan hüquq və azadlıqlarının, həm də söz və mətbuat azadlığının ən yüksək səviyyədə qorunduğu ölkələrdən biridir. Ümumdünya Mətbuat Azadlığı Günü Azərbaycanda da geniş qeyd edilir. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün daim zəruri addımlar atır. Azərbaycan əhalisinin, təxminən, 80 faizinin internetə çıxışı olan azsaylı ölkələrdəndir. Bu isə dövlətin azad sözə, müstəqil mətbuata verdiyi sərbəstliyin, göstərilən qayğının təzahürüdür.
Bir
neçə konkret faktı yada salaq. 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin ölkədə hakimiyyətə
qayıdışından sonra yeni tipli medianın
formalaşması və möhkəmlənməsi
üçün dəfələrlə ciddi tədbirlər həyata
keçirilmiş, KİV-lər üzərindən dövlət
nəzarətinin götürülməsi və azad mətbuatın
inkşafı üçün əlverişli mühit
yaradılmağa başlanmışdır. Ulu öndər
Heydər Əliyevin “Ölkədə söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında” fərmanı ilə mətbuatda
dövlət sirlərini mühafizə edən baş idarənin
ləğvindən və “Kütləvi informasiya vasitələri
haqqında” Qanunun qəbulundan sonra ölkə mətbuatının
inkişafında yeni dövr başlanmışdır.
Nəinki mətbuat təmsilçilərinin, həmçinin çoxmilyonlu oxucuların da yadından çıxmayıb ki, qəzet redaksiyalarının “Azərbaycan” nəşriyyatına olan borclarının ləğv edilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin müxtəlif dövlət mükafatları ilə, o cümlədən orden və medallarla təltif olunmaları dahi öndərin mətbuatın inkişafına göstərdiyi diqqətin tərkib hissəsidir. Azərbaycan jurnalistlərinin 2003-cü ilin martında keçirilən I Qurultayında Mətbuat Şurasının yaradılması bu sahədə pərakəndəliyin aradan qaldırılmasına müsbət təsir göstərmiş, bir qədər sonra Jurnalistlərin Peşə Kodeksinin qəbul edilməsi isə media qurumları arasında problemlərin həllində mühüm rol oynamışdır.
Sevindirici haldır ki, ümummilli liderin cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ölkə mətbuatına göstərdiyi qayğı da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mətbuatımızın hər 5 ildən bir yubileylərinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamları bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir. 2005-ci ildən “Əməkdar jurnalist” fəxri adı bərpa edilmiş, çoxsaylı həmkarlarımız fəxri adlara, orden və medallara layiq görülmüşlər.
Prezident sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” mətbuat – dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin bu sahədəki siyasətini tam mənada ifadə edən baza rolunu oynayır. Həmin sənəd əsasında 2009-cu il aprelin 3-də “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” dövlət başçımızın fərmanı bu istiqamətdə atılmış mütərəqqi addımlardan biridir. Həmin fondun əsas məqsədi azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasının, o cümlədən mediada çalışan jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir.
KİVDF-nin yaradılmasını böyük məmnunluqla qarşılayan, bir çox hallarda bayram kimi qəbul edən mətbuat təmsilçiləri daha bir neçə ildən sonra dövlətin elə bir qayğısını gördülər ki, indiyədək ölkələrin heç birində o miqyaslı dövlət qayğısı qeydə alınmamışdır. Belə ki, Prezident İlham Əliyevin sərəncamı əsasında ayrılan vəsaitlə jurnalistlər üçün 156 mənzilli yaşayış binası tikildi və həmin ev 2013-cü il iyulun 22-də – bilavasitə Mətbuat Günü qələm sahiblərinə təhvil verildi. Elə həmin gün dövlət başçımız jurnalistlər üçün tikiləcək 255 mənzilli növbəti yaşayış binasının təməlini qoydu. Növbəti binadakı mənzillər də bu yaxınlarda məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan həmkarlarımıza paylanacaq.
Sonda bir məqamı
da yada salaq. Belə ki, mayın
1-də keçirilən rəsmi dövlət tədbirlərinin
birində də bizim – yəni mətbuatın dövlət
qayğısı ilə əhatələndiyini özündə
əks etdirən fikirlər eşitdik. Həmin gün hələ
2003-cü ildə “Biz neft kapitalını insan kapitalına
çevirəcəyik!” – deyə elmə, təhsilə, tərəqqiyə
xüsusi önəm verəcəyini söyləyən
Prezident İlham Əliyevin səyləri nəticəsində paytaxtın Səbail rayonunda
müasir Avropa standartlarına cavab verən Bakı Ali Neft Məktəbinin
yeni kampusu istifadəyə verildi. Kampusun
açılışında çıxış edən
dövlət başçımız ətrafdakı
yaraşıqlı bina və qurğulara nəzər
salaraq dedi: “ Burada belə
gözəl neft məktəbi, idman şəhərciyi, Su
İdmanı Sarayı yaradıldı, bax, o binalar jurnalistlər
üçün tikilmişdir. Hesab edirəm ki, bu da nadir təşəbbüsdür.
Heç bir başqa ölkədə dövlət jurnalistlər
üçün bina tikmir. Bu binalarda yaşayan və
yaşayacaq jurnalistlər müxtəlif mətbu orqanların
nümayəndələridir, burada mənzillərin
bölgüsü də püşkatma yolu ilə
aparılıb, yəni, ədalət və obyektivlik tam təmin
edilib”.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2017.- 3 may.- S.10.