Lənkəran – tərəqqi əsəri kimi...

 

...Bir yaz səhəri Lənkəranın çiçəkli xiyabanlarını gəzə-gəzə ukraynalı şair Petro Qoretskinin nə vaxtsa yazdığı misraları xatırladım:

 

 Xoş ətir tutmuşdu yaşıl şəhəri,

Coşurdum baxdıqca çiçəyə, gülə.

Qızıl Lənkəranın gözəl səhəri

Fikrimdə, ruhumda nur saçır hələ.

 

Ötən əsrin 40-cı illərinin əvvəllərində hərbi xidmətini cənub şəhəri Göytəpədəki (Prişib) sərhəd zastavasında keçmiş P.Qoretskinin Xalq şairi Nəbi Xəzri tərəfindən tərcümə olunan "Ay çiçək" şeirinə yazılmış mahnını az dinləməmişik. Bu misralarsa onun"Lənkəranda səhər” şeirindəndir və cənub diyarına sevgisini gözəl ifadə edir. Düşünürəm ki, müəllif Lənkəranın indisini görsəydi, hüç şübhəsiz, yenə də ilhamlanıb qələmə sarılardı.    

Bu gün Lənkəran özünəməxsus gözəlliyi ilə, sanki, hər kəsə “gəl-gəl” deyir. Cənubun mərkəzi şəhərinin, demək olar ki, hər gün qonaqlı-qaralı olmasının bir səbəbi də budur. Lənkərana ilboyu həm turistlər gəlir, həm də burada tez-tez çeşidli regional və beynəlxalq tədbirlər keçirilir. Elə ötən ay KİVDF və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu" mövzusunda regional konfrans keçirilib. Tədbirə qatılan ünlü jurnalistlər çıxışlarında İslam dəyərlərinin dünyada təbliğinə ölkəmizin böyük töhfələr verdiyini, əldə olunmuş nailiyyətlərin təbliğində medianın üzərinə böyük vəzifələrin düşdüyünü vurğulayıblar. Şəhərlə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

Bir həftə sonra Lənkəran yenidən böyük bir tədbirə, bu dəfə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfransa ev sahibliyi edib. Dünyanın bir sıra ölkəsinin tanınmış tarixçi-alimləri iki gün ərzində həm tədbirlərini keçirərək, dünya ictimaiyyətinə zəruri mesajlar göndərib, həm də Lənkəranın görməli yerlərini, dilbər guşələrini gəziblər. Konfrans iştirakçıları şəhərdəki Şəhidlər xiyabanına, Azərbaycanlıların Soyqırımı Abidə Kompleksinə, Həzi Aslanov parkına və Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib, Sütəmurdov kəndində və Gərmətük qəsəbəsində   erməni daşnaklarının 1918-ci ildə törətdikləri vəhşiliklərə şahidlik edən məzarlıq və məsciddə olublar. Qonaqlar, həmçinin Lənkəran rayonunun Şıxəkəran kəndində “Şeyx Zahid”, Astaranın Pensər kəndində “Şeyx Camaləddin” türbələrini, türk zabiti Camal Paşanın məzarını ziyarət ediblər.

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ildə bir neçə dəfə ölkəmizin yeniyetmə və gənclərinin Lənkərana səfərləri təşkil olunur. Bu yaz Xaçmaz, Quba, Qusar, Tərtər, Ağsu, Qobustan və Ağdaş rayonlarının, ümumilikdə, 300-dən çox məktəblisi Lənkərana ikigünlük səfər edib,  aksiya iştirakçılarının Lənkəranla tanışlığı onların yaddaşında silinməz izlər buraxıb. Ayrı-ayrı ölkə səfirlərinin də vaxtaşırı Lənkərana qonaq gəlməsi artıq ənənəyə çevrilib. Bütün bunların “Cənub mirvarisi”nin tanıdılması baxımından böyük önəmi var.     

İcra hakimiyyətinin başçısı Taleh Qaraşov deyir ki, son illərdə cənab İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı nəticəsində rayonun sosial-iqtisadi və mədəni həyatında inkişaf davam edib, şəhərdə və bütövlükdə, rayon ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, iri həcmli layihələrin icrası təmin olunub, yeni layihələrə start verilib. Bu barədə rüblük hesabat yığıncağında da ətraflı danışılıb.  

İlin əvvəlindən rayonda geniş abadlıq və quruculuq işləri aparılıb. Şəhərin küçə və xiyabanlarında, qəsəbə və kəndlərdə, magistral yolların kənarlarında evlərin divarları, daş hasarlar suvanıb, səki daşları   və hasarlar yenidən rənglənib. Park və bağlarda 15 min ədəd dekorativ ağac və gül kolları əkilib.  Prezident İlham Əliyevin sərəncamı ilə yeni iş yerlərinin yaradılması ilə əlaqədar mənzil istismar-kommunal müəssisələr idarəsinə 216 nəfər, Lənkəran şəhərində çoxmənzilli yaşayış binalarının təmiri işlərinə isə 327 nəfər işçi cəlb olunub.

Lənkəranda ümumi məhsul istehsalı 61 milyon 185 min manat təşkil edib, əksər sahələrdə uğurlu nəticələr qazanılıb. Rayonda 9,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da əvvəlki dövrə nisbətən çoxdur. Bu ilin məhsulu üçün 1704 hektar sahədə yazlıq bitkilər əkilib və hazırda əkin işləri davam edir. Heyvandarlıq məhsullarının istehsalında da irəliləyiş baş verib: diri çəkidə 1510 ton ət, 7796 ton süd və 3,7 milyon ədəd yumurta istehsal olunub. Ənənəvi sahələrdən olan çəltikçiliyin bərpa olunmasına böyük önəm verilir. Kənd təsərrufatına yararlı istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə cəlb etmək uçun cari ildə 500 hektar sahədə əlavə çəltik əkilməsi və məhsulun emalı üçün dəyirmanın tikintisi nəzərdə tutulub. Eyni zamanda, “Gilan Aqro”MMC tərəfindən 100 hektar sahədə Cənubi Koreyadan gətirilmiş yeni “Hallobonq” sortlu sitrus tinglərin əkilməsinə başlanıb. Sənaye Parkı yaradılacaq. Bundan əlavə, rayonda 100 hektar çay plantasiyasının salınması ilə əlaqədar hazırlıq işləri davam etdirilir.

Aprelin 17-də Yevlax şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi aqrar sahədə çalışan iş adamları tərəfindən böyük ruh yüksəkliyi ilə  qarşılanıb. Lənkəranlıların da öz təsərrüfatlarını genişləndirmək, Azərbaycan brendini dünyaya tanıtmaq üçün imkanları artıb.

Sehirli içki sayılan çay bitkisi Lənkəran bölgəsinə ilk dəfə 1912-ci ildə gətirilib. İlk çay fabriki isə Lənkəranda 1937-ci ildə qurulub. Çayın kütləvi istehsalı bundan sonra başlanıb. Çox keçmədən 6 rayonun 63 təsərrüfatında 3413 hektardan çox çay plantasiyası salınıb. 14 çay emal edən, 2 çayçəkici və qablaşdırıcı fabrik fəaliyyətə başlayıb. Sovet dönəmində 34 min ton çay yarpağı hazırlanırdı. Lənkəranın "Azərbaycan buketi" çayı 1981-ci ildə Almaniyanın Leypsiq şəhərində keçirilən müsabiqədə qızıl medala layiq görülüb. Amma ötən əsrin 90-cı illərində məlum səbəblər üzündən çayçılığa diqqət azalmağa başladı. Yeni dövrün, indiki ictimai quruluşun tələblərinə uyğun olaraq sovxozların fəaliyyətinə xitam verildi. Çay sahələri payçılar arasında bölüşdürülsə də, çayçılıq inkişafdan daha çox tənəzzülə uğradı. Becərilməyən, başlı-başına buraxılan plantasiyalar məhv oldu. Ekoloji cəhətdən təmiz, ətirli, gözəl rəngi və özünəməxsus tamı olan Azərbaycan çayı bir növ qəhətə çıxdı. 

Yaxşı ki, son illərdə ölkəmizdə hasilə gələn çay məhsulunun əkini genişlənib. Çayçılığın inkişafına dövlət qayğısı nəticəsində bu sahədə köklü dönüş yaranıb. İndi Lənkəran, Astara və Masallı rayonlarında yeni çay plantasiyaları salınır, emal müəssisələri yaradılır. Təkcə Lənkəranda yüzlərlə hektar çay plantasiyası var ki, onun da çoxu fermer və sahibkarlar tərəfindən yenicə salınıb. Həyata keçirilən tədbirlər sayəsində istehsal ilbəil artır. Məsələn, keçən il Lənkəranda 302 ton çay yarpağı yığılıb və bu, əvvəlki ildəkindən 3 ton çoxdur. Respublika Meyvəçilik və Çayçılıq ETİ-nin Lənkəran filialı rayonda çayçılığın elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə sahibkarlar, fermerlər arasında maarifləndirmə işləri aparır. Rayonda çayçılığın inkişafı ilə bağlı xüsusi tədbirlər planı icra olunur. Bu da deməyə əsas verir ki, Lənkəran bütün sahələrdə olduğu kimi, çayçılıqda da keçmiş şöhrətini qaytarır. Hazırda mövcud olan çay emalı fabriklərində ekoloji cəhətdən təmiz “Buket çayı”, “Gül çayı”, “Premium”, “Feyxoa çayı”, “Narın çay” və “Ekstra” növlü çaylar istehsal olunur. Bu ildən daha 3 növdə – “Zəncəfil çayı”, “Kəklikotu çayı” və Azərbaycanda ilk dəfə olaraq Tibet texnologiyası əsasında quru çay istehsal etmək nəzərdə tutulur.

Lənkəranlılar kənd təsərrüfatının hər sahəsində fərqlənməyi sevirlər. Separadi kənd sakini Ruhulla Axundzadə şəxsi təsərrüfatında İsveçrə cinsli keçilər saxlayır. “Saanen”, “Alpin” və “Oberhaş” adlanan  həmin keçilər məhsuldarlığı ilə yanaşı, südünün keyfiyyətinə görə də yüksək göstəricilərə malikdir. Əgər yerli keçilər gün ərzində 1 litr süd verirsə, İsveçrə cinsli keçilərdə bu göstərici 4-8 litrdir. Beş aydan bir bala verən keçilərin qiyməti 800-1200 manatdır. Cins keçilər yerli iqlim şəraitinə də uyğunlaşıblar. Soyuq havalara dözümlü, rütubətə həssasdırlar. Məhsuldarlığı yüksək olan keçiləri bəsləmək üçün o qədər də çox yem tələb olunmur. R.Axundzadə gələcəkdə təsərrüfatındakı keçilərin sayını 500 başa çatdırmaq niyyətindədir.

Vilvan kənd sakini Sərraf Səmədov isə xeyli müddətdir ki, şəxsi təsərrüfatında Brama cinsli toyuqlar yetişdirməklə məşğuldur. Sərraf kişi vətəni Hindistan sayılan bu cins toyuqları Rusiyanın Rostov şəhərindən gətirib. Dediyinə görə, bu quşlar həm çoxlu ət verir, həm də xəstəliyə davamlı olurlar. Təsərrüfat sahibi gətirdiyi 5-6 baş cins quşu artıraraq 450-500 başa çatdırıb. Onun sözlərinə görə, quşları bazara çıxarmır, alıcılar özləri onun evinə gəlib həvəslə toyuq və hətta onların yumurtalarını alıb aparırlar: "Bir neçə gün öncə 20 ədəd toyuq yumurtasını 60 manata satdım. Halbuki yerli toyuğun gərək 100 ədəd yumurtasını satam ki, 60 manat qazanam". Brama cinsli toyuğun birinin çəkisi 5, hətta 7 kiloqram da olur. Hazırda fermerin bəslədiyi toyuqların içərisində çəkisi 5 kiloqramadək olan quşlar çoxdur. Ekzotik görünüşə malik olan Brama toyuqlarına maraq getdikcə arır. Təsərrüfat sahibi onların bir cütünü 80-100 manata satdığını deyir. Alıcıların arasında isə hətta paytaxt Bakıdan olanlar da az deyil.

Şürük kənd sakini Rauf Mahmudov da şəxsi vəsaiti hesabına quşçuluq ferması yaradıb. O, fermasında Rusiyadan gətirdiyi min baş ördək və 200 baş bildirçin saxlayır. Onun saxladığı bütün bildirçinlər yumurta qoyan fərələrdir. Bundan əlavə, təsərrüfatda ümumilikdə 90 min yumurta tutumlu inkubator var. Bu inkubatorlarda 600-700 ədəd bildirçin yumurtası və 15 min toyuq yumurtası bala çıxarılması üçün saxlanılır. Ferma sahibi  ördək yumurtalarının da inkubatorlara yerləşdirmək istəyir. O, bütün ölkə ərazisinə ördək balalarının satılması üçün sifarışlər qəbul edir. Dediyinə görə, ölkədə ikinci belə bir ördək ferması yoxdur. Rauf Mahmudov, dövlət dəstəyi olarsa, fermasının məhsullarını xaricə ixrac etmək niyyətindədir. Bütün bunlar məhsulları beynəlxalq brend ola biləcək təsərrüfat sahələridir.

Qarşıdakı dövrdə Lənkəranda turizmin daha da inkişaf etdirilməsi üçün də tədbirlərin görülməsi nəzərdə tutulur. Hazırda yeni Olimpiya İdman Kompleksinin və 11 mərtəbəli 4 ulduzlu “Qafqaz” otel kompleksinin, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin tikintisi davam etdirilir. Eyni zamanda Ələt-Astara yeni maqistral avtomobil yolunun Lənkəran hissəsinin tikintisi başa çatmaq üzrədir. Yaşayış məntəqələrinin qazlaşdırılması üzrə işlər  gedir.

Lənkəranlı şair dostum Ağamir Cavad dəmiryolu vağzalında çay süfrəsi arxasında söhbətimiz zamanı dedi ki, doğma yurdun tərəqqisi bizi yeni tərənnüm əsərləri yazmağa həvəsləndirir. Qürur hissi keçiririk ki, belə bir cənnətməkan diyarın sakinləriyik. Yerli rəhbərliyin yaradıcı təşəbbüsləri həyat şəraitimizi daha da yaxşılaşdırır. Bizi yeni-yeni əsərlər yaratmağa ruhlandırır.

İnkişaf üçün yaradılan münbit şərait hər kəsin vətənpərvərlik duyğularını beləcə gücləndirir. Misal üçün deyək ki, şəhərin Qala Xiyabanında yerləşən “Boranı” Ailəvi İstirahət Mərkəzi maraqlı xeyriyyə aksiyası keçirib. Mərkəzin kollektivi icra başçısı Taleh Qaraşovun sahibkarlara yaratdığı əlverişli şəraitə cavab olaraq rayondakı Qarabağ müharibəsi şəhidlərinin övladlarının doğum günlərini öz hesabına keçirməyi qərara almışdır. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən bu aksiya ilə bağlı şəhid övladlarına üzərində  “Biz atanıza əbədi borcluyuq. Haqqı atanız tərəfindən ödənilib” sözləri yazılmış dəvətnamələr göndərilir. Belə tədbirlərdən birində Sütəmurdov kəndindən olan Zöhrə İbrahimlinin ad günü məclisi keçirilib. Zöhrə Qarabağ müharibəsində şəhid olmuş Aftandil İbrahimlinin övladıdır. Ad günündə Zöhrə İbrahimlinin yaxınları iştirak ediblər. Lənkəranda olan mağazaların birində isə ehtiyacı olanlara çörəyin pulsuz verilməsi təşəbbüsü hər kəs tərəfindən təqdirlə qarşılanıb.

Yeri gəlmişkən, Lənkəranda vətənpərvərlik ruhunda təşkil olunan belə tədbirlərin keçirilməsi daimi səciyyəlidir. Məsələn, ilin əvvəlində rayonda inşa olunmuş 9 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 3 ədədi Qarabağ müharibəsi əlillərinin, 6 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib. Gənclərin həqiqi hərbi xidmətə yala salınması da Lənkəranda hər zaman təmtəraqlı olur. Ötən ay  bu münasibətlə təşkil edilən mərasimə icra başçısı da qatılıb. O, çıxışında deyib ki, Vətənin keşiyini çəkmək çox şərəfli işdir. Taleh müəllim lənkəranlı gənclərin Vətənə ləyaqətlə xidmət edəcəklərinə, igidlik və şücaət göstərəcəklərinə inandığını bildirib və onların hər birinə qəhrəman əsgər adını qazanmağı arzulayıb.

...Bu gün Lənkəran yüksəliş yolundadır. Camaat məmnundur. Qələm sahiblərinin, fırça ustalarınınsa ilham pərisi Lənkəranın başı üzərində dolaşır. Yeni, gözəl əsərlər yaranır. Lənkəranın özü də bir tərəqqi əsəridir. Yeri gəlmişkən, elə bu yazını yenicə tamamlayırdım ki, cənub bölgəsi yazarlarının yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə” almanaxının çap olunduğunu öyrəndim. Doğrudan da, bu yerlərə gəlmək hər kəsə yalnız könül xoşluğu bəxş eləyər.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2017.- 3 may.- S.10.