Ulu öndər Heydər Əliyevin Milli

Kitabxanaya hədiyyə etdiyi kitabların sərgisi

 

Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan Milli Kitabxanası, BDU-nun kitabşünaslıq və nəşriyyat işi kafedrası və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirmişdir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət "Böyük şəxsiyyətin kitab sevgisi" adlı sərginin açılışı olmuşdur.

Sonra ümummilli liderin Milli Kitabxanaya gəlişləri, kitabxanada çıxışlarına dair qısa videofilmin nümayışı olmuşdur.

Tədbiri kollecin direktoru Qulu Novruzov açaraq  Azərbaycan dövlətçiliyinin, müstəqil Azərbaycanın formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz  xidmətlərindən danışmışdır. O, həmçinin gənc nəslə azərbaycançılıq məfkurəsinin aşılanması istiqamətində kollecdə görülən işlərdən bəhs etmişdir.

Azərbaycan Milli Kitabxanasının direktoru,  professor Kərim Tahirov ulu öndərin Milli Kitabxanaya gəlişlərindən, onun kitaba və kitabxanaya verdiyi yüksək dəyərdən, xalqımızın firavanlığı naminə həyata keçirdiyi mühüm tədbirlərdən danışmışdır.

Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Söhrab Cəfərov, BDU-nun kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov, kollecin müəllimləri Lalə Əzimova və Sevinc Eyvazova mövzu ətrafında çıxış etmişlər.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 4 may.- S.4.