Heydər Əliyev və İslam
həmrəyliyi
Müstəqillik
qazanandan sonra dünyada İslam həmrəyliyinin
gücləndirilməsi Azərbaycanın xarici
siyasətində prioritet məsələlərdən
biridir. İndiki şəraitdə
Yaxın Şərq ölkələrində baş
verən məzhəb savaşları, vətəndaş
müharibələri və bunun nəticəsində
yaranmış müəyyən sosial-siyasi gərginlik
göstərir ki, müsəlman ölkələrinin
mənəvi həmrəyliyə daha çox ehtiyacı vardır. Məhz
bu baxımdan Prezident İlham Əliyevin 10 yanvar
2017-ci il tarixli sərəncamı
ilə 2017-ci ilin “İslam
Həmrəyliyi ili” elan
edilməsi dövlət başçımızın humanistliyinin göstəricisi olmaqla
yanaşı, eyni zamanda,
ölkəmizin İslam ölkələrinin
birliyinə olan həssas münasibətinin
müsbət nümunəsidir.
Qeyd edək ki, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında Prezident sərəncamında deyilir ki, Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir.
Müstəqillik qazandıqdan sonra Azərbaycan hakimiyyəti İslam həmrəyliyi məsələsinə həmişə diqqət yetirmişdir. Xüsusən ulu öndər Heydər Əliyev Azərbaycanda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn kimi ölkə daxilində dindarların problemləri ilə maraqlanmış, dövlət və din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində çox işlər görmüş, xarici siyasətdə isə İslam amilinə xüsusi diqqət yetirmişdir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışını ulu öndər Heydər Əliyevin hələ 90-cı illərin əvvəllərində (1993) irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı kimi dəyərləndirmək lazımdır.
Heydər Əliyevin İslam dininə münasibəti, onun Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra prezidentlik səlahiyyətlərini yerinə yetirmək üçün 1993-cü il 10 oktyabr tarixində andiçmə mərasimindəki nitqində açıq şəkildə ifadə olunmuşdur. Bu nitqində Heydər Əliyev Azərbaycan xalqının mədəniyyətinin inkişafında, tarixində, milli-mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülməsində İslam dininin rolundan bəhs edərək demişdir: “Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına İslam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir çox hallarda İslam dini vasitəsilə nəsildən-nəslə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda İslam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir”.
Ulu öndər Heydər Əliyev İslam dininin mahiyyəti, onun mütərəqqi, qüdrətli bir din olduğu və Azərbaycan xalqının həyatında mühüm rol oynadığını həmişə vurğulamışdır. Ulu öndər Təzəpir məscidində dindarlarla görüşlərinin birində İslamın tərəqqipərvər və dünyəvi əhəmiyyətindən danışaraq demişdir: “Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, İslam dininə itaət edən adamların hamısının özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məmləkətini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır”.
Ölkəmizin inkişafı naminə bütün vətəndaşlarımızın həmrəyliyinə nail olmaq, Vətənimizi erməni düşmənlərindən xilas etmək, ordumuzun möhkəmlənməsi və müdafiə qüdrətinin artması üçün ulu öndər bütün Azərbaycan xalqına İslam dini ətrafında birləşməyi tövsiyə edərək, Peyğəmbər əleyhissəlamın mövludu günü münasibətilə 1993-cü il 5 sentyabr tarixində Təzəpir məscidində dindarlar qarşısındakı çıxışında da oxşar fikirlər səsləndirərək demişdir: “Biz öz İslam dinimizi qoruyub saxlayaraq, bizim dinimizə, əxlaqımıza, mənəviyyatımıza təcavüzlərin qarşısını alaraq, heç bir başqa millətə, heç bir başqa dinə təcavüz etməyəcəyik. Hər bir millətə mənsub olan insana, hər dinə hörmətlə yanaşmışıq və yanaşacağıq. Bu, Allahın əmridir, bu, bizim Ulu Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın bizə tövsiyəsidir. Ona görə də Azərbaycan xalqının bu ağır dövrdə birləşməsi İslam dininin böyük mənəvi dəyərlərinə söykənir və ümidvaram ki, bizim dindarlarımız, bizim din aləmində fəaliyyət göstərən şəxslərimiz, Azərbaycanın bütün vətəndaşları İslamın buyurduğu yolla gedərək Vətəni qorumaq əzmi, qəhrəmanlıq əzmi, vətənpərvərlik əzmi tərbiyə etməlidirlər”.
Burada ölkəmizin ağır durumda olduğu bir vaxtda Heydər Əliyev insanlarda birləşmək və həmrəyliyə nail olmaq kimi İslamın tarixi ənənəsini yada salaraq, Allahın buyurduğunu və Peyğəmbərimizin (s.) tövsiyəsini dindarlara xatırlatmaqla, keçən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin ağır günlərində Vətənimizi işğalçılardan qorumağı və xalqımızda vətənpərvərlik və qəhrəmanlıq əzmini gücləndirməyi vurğulamışdır.
Ulu öndər İslam dininin sülh dini, əmin-amanlıq dini, birgəyaşayış dini olduğunu öz çıxışlarında həmişə vurğulamış, dövlətlərarası münaqişə və müharibələrin əsasən siyasi-etnik xarakter daşıdığını qeyd etmişdir. Bununla əlaqədar olaraq Heydər Əliyev Türkiyənin İstanbul şəhərində “Sülh və səbir” mövzusunda keçirilən Beynəlxalq konfransda çıxış edərək demişdir: “Yer üzərində yaşayan insanlara Allahın ən böyük tövsiyəsi ondan ibarətdir ki, onlar bir-biri ilə xoş məramda, sülh şəraitində, bir-birinə qarşılıqlı hörmət, qarşılıqlı ehtiram şəraitində yaşasınlar. Ona görə də din xadimlərinin vicdana çağırış, səbir, sülhün təmin olunması ilə bağlı təşəbbüsləri həm Allahın göstərdiyi yolla getmək deməkdir, həm də Yer üzərində insanların sülh şəraitində yaşamalarına böyük köməkdir. Müharibənin, ayrı-ayrı dövlətlərin bir-biri ilə vuruşmasının, müxtəlif siyasi-ictimai qrupların bir-biri ilə savaşmasının əsas səbəbləri, şübhəsiz ki, siyasi xarakter, etnik xarakter daşıyır, birinin digərinin torpağını zorla əlindən almaq məqsədi daşıyır. Bunlar, şübhəsiz ki, dini xarakter daşıya bilməz”.
Hələ 90-cı illərin əvvəllərində Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinə dini don geyindirənləri ciddi şəkildə tənqid etmiş, bu müharibənin dini xarakter daşımadığını` qəti olaraq vurğulamış və bu cür şayiələr yayan bəzi kütləvi informasiya vasitələrinə öz etirazını bildirmişdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək üçün başladığı müharibəni xristian-müsəlman müharibəsi kimi qələmə vermək istəyənlərə cavab olaraq Heydər Əliyev kəskin şəkildə demişdir: “Son vaxtlar (1994-cü il nəzərdə tutulur. S.H.) Ermənistan-Azərbaycan münaqişəsi, müharibəsi ilə əlaqədar ayrı-ayrı mətbuat orqanlarında təhlükəli şayiələr də yayılmışdır. Bu da ondan ibarətdir ki, bəzi adamlar qəsdən belə fikir yaymağa çalışırlar ki, guya bu müharibə xristian-müsəlman müharibəsinə çevrilə bilər. Bunlar əsassızdır, əvvəlcədən düşünülmüş, fitnəkar xarakter daşıyan təbliğatdır. Mən belə fikirlərə etirazımı bildirir və onları rədd edirəm. Sizi əmin etmək istəyirəm ki, bizim fəaliyyətimiz ancaq Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar tərəfindən tanınmış və qəbul olunmuş ərazi bütövlüyünü təmin etməyə, sərhədlərimizin toxunulmazlığını təmin etməyə yönəldilmişdir”.
Ulu öndər həmişə İslam mədəniyyətinin ölkəmizin inkişafındakı rolunu yüksək qiymətləndirmiş və İslamın ümumbəşəri əhəmiyyətini xüsusi olaraq dəfələrlə vurğulamışdır. Eyni zamanda, Heydər Əliyev dünyada fəaliyyət göstərən bəzi tədqiqat mərkəzlərində İslamı fundamentalizm və ekstremizm ilə bağlayanların bu sahədə irəli sürdükləri fikirləri qəbul etmirdi. Bununla bağlı Heydər Əliyev “İslam sivilizasiyası Qafqazda” mövzusunda Bakıda keçirilən Beynəlxalq Simpoziumun açılış mərasimindəki nitqində bu məsələdən bəhs edərək demişdir: “Biz İslam mədəniyyətinin Azərbaycan xalqı üçün əvəzsiz olduğunu qeyd edərək, eyni zamanda, dini, yaxud milli məhdudiyyət yaradan fikirləri, meyilləri və ya təklifləri qəbul etmirik. Millilik, islamilik, ümumbəşəri dəyərlərin sintezi ilə xalqı inkişaf etdirə bilər. İndi dünyadakı bəzi mərkəzlərdə “İslam fundamentalizmi, İslam ekstremizmi, fanatizmi” haqqında da fikirlər söylənilir”.
Qeyd edək ki, uzaqgörən Heydər Əliyev İslam dininin müqəddəs kitabı olan Qurani-Şərifdə fundamentalizm və ekstremizm ideyaları “axtaran” bəzi qüvvələrin fəaliyyətini, İslamın bəzi prinsiplərini təhrif etməyə çalışan bir çox qrupların səylərini dini baxımdan desək, günah hesab edirdi. Ayrı-seçkilik yaratmaqla İslamda həmrəyliyi pozan qüvvələrə və İslamın əsas prinsiplərindən uzaqlaşanlara qarşı çıxan ulu öndər bu haqda demişdir: “Hesab edirəm ki, bizim müqəddəs kitabımız Qurani-Şərif heç vaxt fundamentalizmin əsasını qoymayıbdır. Kimsə bu fundamentalizm, ekstremizm meyillərini İslam dinindən istifadə edərək yaradır və inkişaf etdirirsə, hesab edirəm ki, onlar İslamın əsas prinsiplərindən müəyyən qədər uzaqlaşırlar. Biz İslam mədəniyyətini, İslam mənəvi dəyərlərini müqəddəs kitabımız Qurani-Kərimdə olduğu kimi qəbul edirik. Onların təhrif olunması, əgər dini dildə desək, günahdır. Biz istəmirik ki, kimsə günaha batsın”.
Cəmiyyət həyatında din və əqidənin müəyyən rol oynadığını vurğulayan Heydər Əliyev bəzi qüvvələri tərəfindən dinlərdən ekstremizmə və terrorizmə təhrik vasitəsi kimi istifadə edilməsi hallarının çoxaldığını qeyd etmişdir. Ulu öndər müxtəlif cəmiyyətlərdə baş verə biləcək belə halların qarşısını almaq üçün müxtəlif təbəqələrin nümayəndələrinin birgə fəaliyyət göstərmələrini və həmrəyliyə nail olmalarını tövsiyə edərək demişdir: “Tarixdə elə dövrlər olmuşdur ki, cəmiyyətin həyatında dinin oynadığı rol düzgün qiymətləndirilməmişdir. Totalitar rejimlərin və ideologiyaların süquta uğradığı indiki dövrdə dinlərin cəmiyyətin həyatında oynadığı rol dinamik şəkildə dəyişir. Müsbət proseslərlə yanaşı, bəzi qüvvələrin dinlərdən terrorizmə və ekstremizmə təhrik vasitəsi kimi istifadə etmək halları da artır. Bax, belə halların baş verməsinin qarşısının qətiyyətlə alınması üçün cəmiyyətin bütün təbəqələrinin, xüsusilə siyasətçilərin, alimlərin, dindarların və din xadimlərinin səfərbər edilməsi zəruridir”.
Yarandığı vaxtdan həmişə cəmiyyətdə humanist prinsiplərin çarçısı olan İslam dinini sülh, əmin-amanlıq, qardaşlıq dini hesab edən Heydər Əliyev, eyni zamanda, bəzi terrorçu qrupların öz cinayətkar əməllərini dini şüarlarla pərdələməyə çalışdıqlarını da qeyd edirdi. Bu baxımdan terroru İslam dini ilə bağlamağa çalışanlara cavab olaraq ulu öndər ayrı-ayrı terrorçu qrupların fəaliyyətinin İslamla heç bir əlaqəsinin olmadığını müxtəlif beynəlxalq konfranslarda konkret olaraq dəfələrlə bəyan etmişdir. Məsələn “İslam və müasir dövrün aktual problemləri” mövzusunda 19 dekabr 2001-ci il tarixində Bakı şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarına göndərdiyi təbrik məktubunda Heydər Əliyev bu məsələdən bəhs edərək yazmışdır: “Həmişə sülh, əmin-amanlıq, qardaşlıq kimi humanist prinsiplərin carçısı olmuş İslam dini ona etiqad edən insanlarda yüksək mənəvi keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirmişdir. Bu baxımdan, tam qətiyyətlə demək olar ki, öz cinayətkar əməllərini dini şüarlarla pərdələməyə çalışan bəzi terrorçu qrupların, ayrı-ayrı adamların fəaliyyətinin İslam dini ilə heç bir əlaqəsi yoxdur, onların əməlləri dinimizin humanist prinsiplərinə tamamilə ziddir”.
İslam ölkələrinə xoş münasibət, İslam təəssübkeşliyi, İslam həmrəyliyi ideyası Heydər Əliyevdə hələ sovet dönəmində formalaşmışdı. Heydər Əliyevin müsəlman ölkələrinə xoş münasibəti, İslam təəssübkeşliyi onun SSRİ-də yüksək vəzifədə çalışdığı zaman yaranmışdı. Heydər Əliyevin İslam dünyasında tanınması səbəbini Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri H.Orucov öz kitabında şərh edərək yazmışdır: “... O, Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi, ölkənin beynəlxalq əlaqələrinin inkişafında fəal iştirak etmiş və dəfələrlə Afrika və Asiyanın müxtəlif İslam ölkələrinə səfərlərə getmişdi. Heydər Əliyev SSRİ-nin Yaxın və Orta Şərq ölkələrinin rəhbərləri ilə apardığı danışıqlarda və siyasi məsləhətləşmələrdə yaxından iştirak etmiş, çox vaxt bu ölkələrə səfər edən nümayəndə heyətlərinin rəhbəri olmuşdu. Əslində, Sovet İttifaqının İslam dünyasında apardığı siyasəti Heydər Əliyev formalaşdırırdı. Onun 1982-1987-ci illərdə Misir, Suriya, İordaniya, Liviya, İraq, Yəmən, Pakistan və başqa müsəlman ölkələrinə səfərləri bütün İslam aləmində aparıcı siyasətçilərdən biri kimi tanınmasına səbəb olmuşdur”.
Ümummilli lider həm Sovet dönəmində, həm də müstəqillik dövründə “həmişə dünya müsəlmanlarının maraqlarını nəzərə almış” İslam həmrəyliyi ilə bağlı “siyasəti yaxşı mənada İslam təəssübkeşliyi üzərində qurmuşdur”.
Heydər Əliyev İslam həmrəyliyi ideyasının beynəlxalq aləmdə genişləndirilməsində İslam Konfransı Təşkilatının (İKT) fəaliyyətini həmişə yüksək qiymətləndirirdi.O, 1994-cü ilin 13 dekabrında İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilən zirvə toplantısındakı çıxışında İKT-nin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Biz fəxr edə bilərik ki, İslam Konfransı Təşkilatı da məhz bu nəcib məqsədlərə xidmət edir. Asiyanın, Afrikanın və Avropanın 52 dövlətini (hazırda İKT-nin 57 üzvü vardır-S.H.) birləşdirən bu təşkilat bir milyard nəfərdən çox əhaliyə, böyük mənəvi, siyasi, iqtisadi, elmi və mədəni potensiala malikdir. Ölkələrimiz arasında həmrəylik, hərtərəfli əməkdaşlıq, sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün ədalətə əsaslanan zəruri tədbirlər görülməsi İslam Konfransı Təşkilatının əsas prinsipləridir və onun nizamnaməsində öz ifadəsini tapmışdır”.
Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünə İslam Konfransı Təşkilatının münasibətini yüksək dəyərləndirərək bu təşkilatın Azərbaycana olan isti münasibəti haqqında demişdir: “Öz qətnaməsində Ermənistan Respublikasının müstəqil Azərbaycana qarşı təcavüzünü pisləmiş İslam Konfransı Təşkilatının fəaliyyətini biz yüksək qiymətləndiririk. O, bu münaqişənin aradan qaldırılması işində iştirak edən beynəlxalq təşkilatlara müvafiq müraciətlər göndərmişdir. Hesab edirəm ki, belə tədbirləri davam etdirmək lazımdır və biz çox ümidvarıq ki, İslam Konfransı Təşkilatının hər bir üzvü bu tədbirləri dəstəkləyəcəkdir”.
Bu baxımdan ulu öndər müsəlman ölkələrində ictimai həyatın bütün sahələrində, o, cümlədən siyasi-iqtisadi, elmi-mədəni sahədə geniş əməkdaşlığa və möhkəm həmrəyliyə nail olunmasında İslam Konfransı Təşkilatının öz səylərini daha da artırmaq, eyni zamanda, bu təşkilatın müasir dünyanın qlobal və regional problemlərinin həllinə öz sanballı təsirini göstərməyi arzulayırdı. İslam həmrəyliyi ilə bağlı bu xoşməramlı arzuları dilə gətirən Heydər Əliyev İslam həmrəyliyi ideyasını səmimi şəkildə toplantı iştirakçılarına demişdir: “Azərbaycan Respublikasının Prezidenti kimi, mən öz qardaşlarımla -- müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm. Əminəm ki, Mərakeşdəki Zirvə görüşü Azərbaycanın bütün İslam dünyası ilə əməkdaşlığının genişlənməsinə və dərinləşməsinə kömək edəcəkdir”.
İslam Konfransı Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlu “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda Bakı şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarına göndərdiyi məktubda ulu öndərin İslam ölkələri ilə əməkdaşlıq siyasətini yüksək dəyərləndirərək yazmışdır: “Azərbaycanın İslam ölkələri ilə mövcud tarixə söykənən əlaqələrinin canlandırılmasında Heydər Əliyevin dialoqa və əməkdaşlığa müştərək dinlə dəstək verən siyasəti mühüm rol oynamışdır”.
Heydər Əliyevin İslam həmrəyliyi, millətlərarası və dinlərarası dialoq siyasətini yüksək qiymətləndirən E.İhsanoğlu məktubunun sonunda ulu öndərə olan rəğbət və ehtiramını aşağıdakı şəkildə bildirmişdir: “...Heydər Əliyevin din siyasətinə müasir dünya üçün mühüm bir nöqteyi-nəzərlə belə bir tərif vermək istəyirəm: bu siyasət dinlərə sadiq qalan qlobal perspektivli bir siyasətdir. Bu səbəbə görə, XX əsrin sonlarındakı nümunəvi fikirləri və ideyaları ilə ölkəsinin XXI əsr millətlərarası siyasətinə faydalı yollar göstərən böyük lider Heydər Əliyevi bir daha rəhmət və hörmətlə yad edirəm”.
Sakit Hüseynov,
Azərbaycan Respublikasının Prezidenti
yanında
Bilik Fondunun lektoru,
AMEA
Fəlsəfə İnstitutunun şöbə
müdiri,
fəlsəfə üzrə elmlər
doktoru
Xalq qəzeti.- 2017.-
13 may.- S.8.