Tofiq Bakıxanov: Naxçıvan auditoriyası

mənim üçün doğma ünvanlardan birinə çevrilib

 

Görkəmli bəstəkar, Xalq  artisti, professor Tofiq Bakıxanovun  Naxçıvan Muxtar Respublikasına hər səfəri həm ustad sənətkarın özü, həm də qonağı olduğu auditoriya üçün maraqlı olur. Bu günlərdə yenə də Naxçıvan səfərindən qayıdan bəstəkar  təəssüratlarını bizimlə bölüşdü:

 

-- Bəli,  Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov bizi – Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim, məşhur skripka ifaçısı Hökumə xanım Əliyeva ilə məni muxtar respublikaya dəvət etmişdi. Məqsəd ustad dərslərinin təşkil edilməsi idi.Tələbələrdən ibarət  kamera orkestri, xalq çalğı alətləri orkestri, bəstəkarlıq sinifi və simli alətlər şöbəsinin  tələbə və müəllimləri ilə tanışlıqdan sonra onlarla xeyli söhbət  etdik və gənclərə bəzi  tövsiyələrimizi  verdik.

Ən böyük təəssüratım  bəstəkarlıq sinfinin birinci kurs tələbəsi Hakim Məmmədovun müəllif konsertini dinləyəndə yarandı. Müəllim Yaşar Xəlilovun sinfində oxuyan bu gənc olduqca istedadlıdır. Tələbə - bəstəkarın müəllif konsertində xalq çalğı alətləri ansamblının  müşayiəti ilə mahnılar, instrumental əsərlər ifa edildi. Fortepiano üçün, fleyta ilə fortepiano üçün, tar ilə fortepiano üçün qələmə alınmış əsərləri xüsusilə diqqəti çəkirdi. Konsertin sonunda isə tələbə kamera orkestrinin müşayiəti ilə səs üçün yazılmış əsərlər ifa edildi. Çox məmnun oldum və həmin konsert mənim üçün əlamətdar hadisəyə çevrildi. Daha sonra həmin istedadlı tələbə ilə ayrılıqda görüşərək, onun simfonik orkestr üçün oranjimanı ilə tanış oldum. Bu məsələdə də ona bəzi məsləhətlərimi verdim. Tam məsuliyyətlə deyə bilərəm ki, Hakimin  çox parlaq gələcəyi vardır.

Geniş təəssürat yaradan ikinci bir hadisəni də qeyd edim. Xalq çalğı alətləri şöbəsindən tar sinfi üzrə ikinci kurs tələbəsi Abdulla Rəhimlinin  ( müəllimi Vahid Məmmədov, konsertmeysteri isə Nərminə Qədimovadır ) solo konsertində iştirak etdim. Çox maraqlı repertuarı var idi. Tələbə tarzən Fikrət Əmirov,  Cahangir Cahangirov və Səid Rüstəmovla yanaşı,  mənim də bir əsərimi ifa etdi və hər bir ifanın öhdəsindən bacarıqla gəldi. Texniki cəhətdən özünü hətta virtuoz ifaçı kimi göstərə bildi. Lirik əsərləri də gözəl ifa etməsi daha təqdirəlayiq idi. Yəni ixtisas müəllimi bu tələbənin istedadından məharətlə istifadə edə bilir.

– Görünür, universitetdəki ümumi ab-hava həm tələbələrin, həm də müəllimlərin yaradıcılığına öz təsirini göstərir.

– Tamamilə doğrudur. Universitetin rəhbərliyi, xüsusən incəsənət fakültəsinin  dekanlığı, dekan – sənətşünaslıq namizədi Günay Məmmədova, kafedra müdirləri, müəllimlər, sözün həqiqi mənasında, milli mədəniyyətimizə, musiqi incəsənətimizə özünəməxsus  töhfələr verə biləcək gənclərə xüsusi qayğı ilə yanaşırlar. Səfər yoldaşım, professor Hökumə Əliyeva da skripka ixtisası üzrə dərslərdə iştirak edəndən sonra təxminən mənim mülahizələrimi söyləyirdi. Eyni zamanda,  onun da tələbələrə bir sıra tövsiyələri olurdu.

Onu da qeyd edim ki, bu ilin sentyabrında Naxçıvan Dövlət Universitetinin 50 illiyi qeyd olunacaq. Muxtar  Respublika Ali Məclisinin sədri Vasif Talıbovun bu barədə xüsusi sərəncamı da var. İndi universitet  rəhbərliyi və kollektiv həmin yubileyə hazırlıq işlərini daha da sürətləndirib.

– Maraqlıdır, Naxçıvanda yaradıcı ziyalıların, xüsusən görkəmli mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi barədə xəbərləri tez-tez eşidirik. Elə sizin özünüzün 70, 75, 80 illik yubileyləriniz  də orada yüksək səviyyədə qeyd edilmişdir.

– Bəli, muxtar respublikanın rəhbərliyi təkcə sosial-iqtisadi sahəni deyil, elm, təhsil və mədəniyyəti də daim diqqət mərkəzində saxlayır. Sizin dediyiniz yubileylərdən başqa görkəmli bəstəkarlarımız Qəmbər Hüseynlinin və Tofiq Quliyevin 100 illik yubileyi də Naxçıvanda yüksək səviyyədə qeyd edilib.  Tofiq Quliyevin bu il aprelin 21-də keçirilən 100 illik yubileyində mən də iştirak edirdim. Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Elman Əliyevin Tofiq Quliyev barədə söylədiyi giriş sözünü heç zaman unutmayacağam. Həmin çıxışda mənim bəstəkar həmkarım və adaşım haqqında çox dəyərli fikirlər səsləndirildi. Sonra Xalq artisti Çingiz Axundovun rəhbərlik və baş dirijorluq etdiyi  Naxçıvan Dövlət Filarmoniyasının  kamera orkestrinin ifasında Tofiq Quliyevin əsərlərinin yüksək səviyyəli ifasının şahidi olduq. Gələn ayın birinci ongünlüyündə isə Naxçıvanın ilk professional bəstəkarı Məmməd Nəsirbəyovun 120 illik yubileyi qeyd ediləcək.

– Yeri  gəlmişkən, siz o bəstəkar haqqında yazılmış  monoqrafiyanın  müəlliflərindənsiniz.

– Respublikanın Əməkdar incəsənət xadimi Nazim Quliyevlə mənim yazdığım həmin kitabın “Ön sözü”nü Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə yazıb. Kitabın redaktoru isə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovadır. Firəngiz xanımın qələmə aldığı “Ön söz”də deyilir: “Bu monoqrafiyada  Məmməd Nəsirbəyovun həyat və yaradıcılığı, onun Moskva və Bakı konservatoriyalarında keçən təhsil illəri… dahi Üzeyir Hacıbəylidən dərs alması barədə geniş məlumat vardır. Həmin məlumatlar Məmməd Nəsirbəyovun yaradıcılığı barədə yüksək təsəvvür yaradır”.

– Elektron mətbuatdan öyrəndik ki, Naxçıvan Televiziyasında da sizin muxtar respublikaya səfəriniz geniş işıqlandırılmışdır.

– Təkcə televiziyada deyil, radio və qəzetlərdə də bu barədə məlumatlar verilirdi. “Şərq qapısı” qəzetinin aprelin 21-də çıxan nömrəsində isə “Tofiq Bakıxanov Naxçıvan Dövlət Universitetində” adlı yazı dərc olunmuşdu.  Hamıya, həm Ali Məclis rəhbərliyinə, həm universitetin və filarmoniyanın rəhbərliyinə həm də kütləvi informasiya vasitələrinə səmimi təşəkkürlərimi bildirirəm.

– Naxçıvan səfəriniz başa çatan kimi , daha doğrusu, aprelin 28-də AMEA-nın illik hesabat tədbirində sizin akademik Üzeyir Hacıbəyli adına mükafata layiq görüldüyünüz barədə məlumat verildi.

– Bu faktın xatırladılması yerinə düşdü. Çünki mən həmin yüksək qiymətləndirməyə görə AMEA rəhbərliyinə, həmin mükafatların təşkilat komitəsinin üzvü olan akademiklərə öz minnətdarlığımı, təşəkkürlərimi bildirmək istəyirəm. Bakı Dövlət Universitetinin rektoru,  akademik Abel Məhərrəmova isə ayrılıqda minnətdarlıq etmək istəyirəm. Belə ki,  hörmətli Abel müəllim mənə məktub yazaraq Üzeyir Hacıbəyli adına mükafata layiq görülməyim münasibətilə təbrik etmişdi. Məktubun ilk cümləsində deyilirdi: “Sizi görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin musiqi irsinin tədqiqi və təbliği sahəsində xidmətlərinə görə” AMEA-nın akademik Üzeyir Hacıbəyli adına  mükafatı ilə təltif olunmağınız münasibətilə öz adımdan və Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim, tələbə heyəti adından təbrik edirəm!”

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2017.- 14 may.- S.7.