Şair Təvəkkül Yanarın

80 illiyi qeyd olunub

 

Dünən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcabədi filialında tanınmış şair Təvəkkül Yanarın anadan olmasının 80 illiyi münasibəti ilə tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə ADPU Ağcabədi filialının direktoru, dosent Mətanət Fərzəliyeva açaraq iştirakçıları salamlayıb. Natiq şairin keçdiyi həyat yolundan, yaradıcılıq fəaliyyətindən söhbət açaraq bildirib ki, ədəbiyyatımızda öz dəsti-xətti, imzası ilə tanınan şairin müxtəlif illərdə “Yadigar”, “Günlər məni gözləmir”, “Axtar Qarabağda, gəz Qarabağda”, “Xoşbəxtəmmi, görəsən?”, “Heydər poeması”, “Sabir girdi yuxuma”, “Yaddaşlarda qalan izlər” adlı kitabları işıq üzü görüb. Şairin şeirləri müxtəlif dillərə tərcümə olunub. Onun sözlərinə mahnılar bəstələnib. Unudulmaz sənətkarın xatirəsi bu gün hörmətlə anılır.

Sonra ADPU-nun Ağcabədi filialının dosenti, filologiya üzrə fəlsəfə doktoru Vaqif Allahverdiyev şairin özünəməxsus yaradıcılıq fəaliyyətindən söz açıb. Tanınmış qələm sahibinin həyat və yaradıcılığı, əsərlərinin bədii xüsusiyyətləri barədə ətraflı məlumat verib.

Məruzə ətrafında çıxışlarda yazıçı-publisist Ziyəddin Sultanov, pedaqogika üzrə fəlsəfə doktoru Sabir Məmmədov, şair Tofiq Zeynalov, Rza Quliyev, Əli Bədəlov və başqaları çıxış etmişlər.

Tədbir yerli xalq çalğı alətləri ansamblının müşayiəti ilə təşkil olunan konsert proqramı ilə başa çatmışdır.

Sonda şairin oğlu İlqar Səlimov çıxış edərək iştirakçılara minnətdarlığını bildirmişdir.

 

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2017.- 16 may.- S.6.