O yerlər bizi səsləyir

 

Laçın rayonunun işğalından 25 il ötür

 

Tarix boyu ermənilər Laçını “Qarabağın qara qapısı” adlandırıblar. Laçın həmişə ermənilərin gözündə qorxulu və alınmaz bir qala  idi. Onlar heç xəyallarına da gətirməzdilər ki,   nə vaxtsa bu yurdun əhalisini dədə-baba torpaqlarından didərgin sala biləcəklər. Təəssüf ki, bu, 1992-ci ildə ölkəmizdə hakimiyyətdə olanların xəyanətkarlığı, səriştəsizliyi üzündən baş verdi. Laçın Azərbaycanda hərbi-siyasi böhranın, hakimiyyətsizliyin, AXC - Müsavat cütlüyü iqtidarının vəzifə-kürsü hərisliyinin qurbanı oldu.

 

Bəli, iyirmi beş il əvvəl, 1992-ci ilin mayın 17–18-də Ermənistan silahlı qüvvələri Laçın rayonunun bir şəhər, bir qəsəbə və 125 kəndini, ümumilikdə 1835 kvadratkilometrlik ərazisini işğal etdi. Bu qəsbkarlıq nəticəsində rayon ərazisindəki 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidə erməni vandalizminə məruz qaldı. 13745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat müəssisəsi və digər obyektlər bütün əmlakı ilə birlikdə talan olundu.

Yuxarıda sadalananlarla yanaşı, 72 min hektarlıq yaylaq sahəsi, 34 min hektar nadir və zəngin meşə zolağı olan Laçın rayonunda ictimai və şəxsi təsərrüfatlardakı 25 min baş qara mal və 200 min başdan artıq davar, minlərlə qutu arı ailəsi, əhalinin bütün varidatı işğal zonasında qalaraq qarət edildi. Müxtəlif rəngli mərmər, kobalt, bazalt, civə, qızıl, dəmir, uran, qranit yataqları, mineral bulaqlar və yeraltı və yerüstü sərvətlər bu gün də dünya ictimaiyyətinin gözü qarşısında talan olunur. Bütövlükdə, təkcə Laçın rayonuna dəyən ziyanın məbləği o dövrkü qiymətlərlə 7 milyard ABŞ dollarından artıqdır.

Bu itkilər içərisində ən dəhşətlisi işğal zamanı rayon sakinlərindən 238 nəfərin ermənilər tərəfindən ağır işgəncələrə və insanlığa yaraşmayan üsüllarla öldürülməsi, 66 nəfərin itkin düşməsi, 120 nəfərin əlil və şikəst olması, yüzlərlə uşağın bir valideynini, o cümlədən 31 nəfər uşağın isə hər iki valideynini itirməsi idi.

Ən ağrılısı isə hadisələrdən 25 il ötməsinə baxmayaraq, itkin düşmüş və girov götürülmüş 66 nəfərin taleyinin bu gün də məlum olmamasıdır.

Çox təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarlarına hələ də Ermənistan Respublikası tərəfindən məhəl qoyulmur. BMT və digər beynəlxalq təşkilatların son illər qəbul etdikləri bir sıra qətnamələr dərhal icra olunduğu halda, təcavüzkar Ermənistanla bağlı imzalanan qətnamələrin yerinə yetirilməməsi təəssüf və narazılıq doğurur.

Dünya dövlətlərinin gözü qarşısında dəfələrlə terror və soyqırımı hadisələri törədən Ermənistan bu gün də ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesini süni şəkildə uzadır, Laçında və digər işğal olunmuş ərazilərimizdə yaşayış məntəqələrimizin adını dəyişdirir, Ermənistandan və digər xarici ölkələrdən gətirilən erməniləri torpaqlarımızda məskunlaşdırır. Dünyanın bütün namuslu insanları, səlahiyyətli beynəlxalq qurumlar xalqımıza qarşı aparılan bu mənfur siyasətin tezliklə aradan qaldırılması, sülh danışıqlarının sürətləndirilməsi, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və sakinlərimizin pozulmuş hüquqlarının bərpası üçün ölkəmizə əməli dəstək göstərməlidirlər.

1992-ci ilin o dəhşətlərini yada salmaq nə qədər çətin olsa belə, laçınlılar o günləri daim xatırlayırlar. Yaxşı bilirlər ki, ümummilli lider Heydər Əliyev əgər həmin illərdə hakimiyyətdə olsaydı, Laçın, Şuşa, işğala məruz qalan digər rayonlarımız erməni əsarətinə düşməzdi. O da həqiqətdir ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqımızın çağırışına cavab olaraq siyasi hakimiyyətə qayıtmasaydı,  Azərbaycan adlı dövlət dünya xəritəsindən silinərdi. Böyük rəhbərin xilaskarlıq missiyası reallaşmasaydı, indi Azərbaycanın dövlət müstəqilliyindən danışmaq mümkün deyildi.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ölkəmizin inkişaf strategiyasını hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla və qətiyyətlə davam etdirir. Artıq  dünyanın aparıcı dövlətləri Azərbaycanı sabit, inkişaf yolunda olan layiqli tərəfdaş kimi qəbul edir. Ötən illər ərzində ümummilli liderimizin və möhtərəm dövlət başçımızın həyata keçirdiyi bir sıra tədbirlər laçınlıların problemlərinin həllinə təminat yaradıb. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində məskunlaşan laçınlı məcburi köçkünlər üçün 37 ailə, Saatlı və Sabirabad rayonlarındakı çadır düşərgələrində və vaqonlarda məskunlaşan 21 ailə, Ağcabədi ərazisindəki istismar müddəti başa çatmış “Taxtakörpü”, “Alman” və “Yastıyol” fin tipli qəsəbələrində məskunlaşan 552 ailə üçün Taxtakörpü ərazisində bütün infrastruktura malik üç qəsəbə istifadəyə verilib. Bundan başqa, Naftalan şəhərində sanatoriya binalarında məskunlaşan 49 laçınlı məcburi köçkün ailəsi Goranboy rayonunda inşa olunan çoxmərtəbəli yaşayış binasında yeni mənzillərlə təmin edilib.

Laçınlı məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb.  Laçın Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı, ayrı-ayrı icra strukturları  üçün yeni inzibati binalar, 250 yerlik rayon mədəniyyət evi, 25 çarpayılıq xəstəxana, ümumtəhsil məktəbləri, uşaq bağçaları tikilərək istifadəyə verilib. Taxtakörpü ərazisinə təbii qaz xətti çəkilib. Cağazur, Kamallı obalarında artezian quyuları qazılıb,  Alxaslı və Qarakeçdi obalarında modul tipli sutəmizləyici qurğu quraşdırılıb.   Taxtakörpü qəsəbəsindən obalara gedən mərkəzi yolun xeyli  hissəsi asfaltlanıb.

Ölkə Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prinsipial mövqeyi xalqımıza yaxşı bəllidir. Bu, hər bir Azərbaycan vətəndaşında qəti əminlik yaradır ki, möhtərəm dövlət başçımızın rəhbərliyi altında tezliklə, hansı yolla olursa-olsun, bütün torpaqlarımız erməni işğalından azad ediləcək. Bununla da ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər kimi, laçınlılar da ata-baba yurdlarına qayıdacaqlar.

 

Xalq qəzeti.- 2017.- 17 may.- S.10.