O, kəndə gedəcək...

 

Azərbaycan Dövlət Aqrar Universitetində yaradılmış şərait bu ali məktəbə marağın artmasına səbəb olub

 

Bu ali tədris ocağının az yaşı yoxdur. Yəni, iki il sonra Azərbaycan Xalq Komissarları Sovetinin 15 may ­1929-cu il tarixli qərarı ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yaradılmasının 90 ili tamam olacaq. Əvvəlcə Bakıda fəaliyyət göstərən institut 1931-ci ildə Gəncəyə köçürülüb və elə o vaxtdan bu günədək respublikamızın ikinci böyük şəhərində kənd təsərrüfatı üçün ali təhsilli mütəxəssislərin hazırlığı ilə məşğuldur. Doğrudur, ali məktəb kimi, fəaliyyəti qeyd etdiyimiz tarixdən götürülsə də, Azərbaycanda kənd təsərrüfatı mütəxəssisi hazırlanması işinə 1920-ci ildən, Bakı Politexnik İnstitutunun nəzdində yaradılmış kənd təsərrüfatı fakültəsinin təşkil edilməsindən sonra başlanıb.

 

İndiyədək minlərlə mütəxəssis hazırlayan hazırkı Aqraq Universitetin ilk ən böyük ali mükafatını isə onun bayrağına ulu öndərimiz, o zaman respublikaya rəhbərlik edən Heydər Əliyev sancıb. 1980-ci il dekabrın 16-da keçmiş SSRİ-nin “Şərəf nişanı” ordenini kollektivə təqdim edən ümummilli liderimizin təntənəli yığıncaqda dediyi “Azərbaycan Kənd Təsərrüfatı İnstitutu nəinki yüksək ixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır” sözləri öz aktuallığına, uzaqgörənliyinə görə bu gün də əzəmətlə səslənir və proqram əhəmiyyətlidir.

 

Tədris beş-on il əvvəlki deyil

 

Bunu dərs deyən müəllimlər də etiraf edir, tələbələr də. Tədrisin təşkili, demək olar ki, kökündən dəyişib. Nizam-intizamdan tutmuş, dərsə davamiyyətə, semestr imtahanlarının keçirilməsinə kimi tamam başqa bir sağlam iqlim yaradılıb ki, bu da “bilik əsas meyardır” devizinin bayağı səslənməsinə imkan vermir. İndi bu sətirləri yazarkən düşünürəm ki, Aqrar Univeritetdəki indiki vəziyyətdən tam məlumatları olmayanların bir qismi deyilən fikrə, necə deyərlər, dodaq büzsələr də, heç olmasa, hazırda burada təhsil alan 5000 nəfərdən çox tələbə və 1000 nəfərdən artıq professor-müəllim heyəti bunun həqiqət olduğunu dana bilməz.

Təkcə semestr imtahanlarının necə keçirilməsi barədə qısaca məlumat verək. İmtahanların cavablarını kodlaşdırmaq üçün rektor tərəfindən qrup, apellyasiya komissiyası yaradılır, şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin həlli üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilir, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılır, imtahanların test formasında kompüter vasitəsilə keçirilməsi üçün işçi qrupu təşkil olunur, imtahan rəhbəri təyin edilir. Ayrı-ayrı fənlər üzrə test sualları iki həftə əvvəl tələbələrə çatdırılır, imtahan cədvəlləri təsdiq olunur. Mühəndislik korpusunda 150 kompüter dəsti quraşdırılmaqla iki auditoriya ayrılır. Beləliklə, hər gün 1000 nəfərdən çox tələbə növbədə imtahan verir.

Bizə hələ iki il qabaq universitetdə payız imtahan sessiyasının gedişini izləmək imkanı yaratmışdılar. Düzü, gördüklərimiz – tələbələrin imtahandan qabaq kitabxanada, mühəndislik korpusunun həyətində bir-biri ilə həvəslə sual-cavab etmələri, imtahandan çıxan tələbəni tezcə dövrəyə alıb maraqlanmaları, qarşılarına çıxan müəllimdən hansı sualınsa cavabını soruşmaları və digər hərəkətləri xarici bir dövlətin məşhur universitetini xatırladırdı. Sadəcə, kənardan izləmək olduqca xoş idi. Çünki nə gizlədək, əvvəllər bu ali məktəb haqqında xoşagəlməz söhbətlərlə tez-tez rastlaşdığımızdan bu mənzərə bizə qəribə gəlirdi.

Hər semestr öz göstəricilərinə görə əvvəlkindən kəskin surətdə fərqlənir. Bilirsiniz niyə belədir? Çünki oxumağa həvəs artıb. Yaxşı mütəxəssis olmağa can atan qat-qat çoxalıb. Başqa bir amil də var. Fərqlənən tələbə nəzər-diqqətdən kənarda qalmır. Keçən il və ondan əvvəlki ildə qəbul imtahanlarında 250-dən çox bal toplayaraq aqronomluq, zootexniklik və baytarlıq ixtisasları üzrə dövlət sifarişi əsasında universitetin bakalavriat səviyyəsinin əyani təhsil formasına qəbul olunmuş bir sıra birinci və ikinci kurs tələbələrinin aylıq təqaüdünə növbəti semestrdə büdcədənkənar vəsait hesabına ayda 100 manat əlavə verilməsi rektorun xüsusi əmri ilə rəsmiləşdirilmişdir. Bax, belə stimullaşdırıcı tədbirlər tələbələri daha yaxşı oxumağa ruhlandırır.

 

Auditoriyadan birbaşa istehsalata

 

Azərbaycan Dövlət Aqrar Universiteti üçün istehsalat təcrübəsi keçmək problemi birdəfəlik aradan qaldırılıb. Əvvəllər tələbələri hansısa rayonun hansısa təsərrüfatına aparmaq üçün müəyyən problemlər ortaya çıxırdı, tələbələr bəzi hallarda özlərini “kiminsə işinə mane olan” müqəssir kimi hiss edirdilər və sair. Peşəyönümü də onun kimi. Universiteti təbliğ etmək, yuxarı sinif şagirdlərində kənd təsərrüfatı sahəsinə marağı artırmaq üçün maddi-texniki baza da lazımınca deyildi. Amma indi nə desən var. Ən zəngin laboratoriyalar, quşçuluq, balıqçılıq, tərəvəzçilik, heyvandarlıq kompleksləri, ən müasir kənd təsərrüfatı texnikasının cəmləşdiyi aqroservis və daha nələr, nələr...

Bayaqdan universitetin tədris işləri üzrə prorektoru Anar Nəcəfovu dinləyirəm. Deyir ki, əvvəllər biz təsərrüfat axtarırdıq, indi təsərrüfatlar bizi axtarır. Çünki onlara kadr lazımdır. Həm də görürlər ki, bizim universitetdə yüksək ixtisaslı mütəxəssis yetişdirmək üçün hər şərait var. Elə təkcə bu ilin ötən aylarında tədris-təcrübə sahəsində həyata keçirdiyimiz işlərə nəzər salsanız, görərsiniz ki, tələbələrin həyatı bu sahədə necə zənginləşib. Fevral və mart aylarında “ADAU-nu tanıyaq” layihəsi çərçivəsində peşəyönümü məqsədilə Gəncənin 40, Göygöl rayonunun 8, Samux rayonunun 4 orta məktəbinin buraxılış sinif şagirdləri öz müəllimləri və universitetin məsul işçilərinin müşayiəti ilə maddi-texniki bazaya baxmış, professor-müəllim heyəti ilə görüşlər keçirmişlər ki, bu onlarda ali məktəbimiz haqqında xoş təəssürat yaratmışdır. Bundan başqa, universitetin əməkdaşları təbliğat məqsədilə respublikanın rayonlarına ezam olunmuş, ADAU haqqında tanıtım filmini və bukletləri məktəblərdə nümayiş etdirmiş, məzmunlu tədbirlər keçirmişlər.

Qeyd etdiyimiz kimi, indi təsərrüfatlar özləri universitetin məzunlarına maraq göstərir və onları təsərrüfatlarına cəlb etmək üçün ali məktəblə müxtəlif müqavilələr bağlayırlar. Məsələn, təkcə əyani şöbənin baytarlıq ixtisası üzrə 58 nəfər son kurs tələbəsi keçən ilin sentyabrın 15-dən bu ilin fevralına kimi müxtəlif müəssisələrdə istehsalat təcrübəsində olmuşlar. Maraqlıdır ki, tələbələrin bütün məişət məsələləri həmin müəssisələr tərəfindən təmin olunmuş, onlara hətta maaş da verilmişdir. Siz deyin, əvvəllər belə münasibət vardı? Təsərrüfata gələn tələbə harada yatdı, nə yedi, nə içdi, nə öyrəndi, maraqlanan da yox idi. Samux rayonundakı “Boz dağ” heyvandarlıq kompleksi, Bərdə rayonundakı “Qarabağ” Aqrokompleksi, Qəbələ rayonu Aqrokompleksi, Ucar rayonu “Mərcan broyler”, Şabran rayonu “Səba broyler” və digər müəssisələr məhz bu diqqət və qayğı sayəsində, demək olar ki, onlara lazım olan kadrları, necə deyərlər, artıq əldə etmişlər.

Bu gün Aqrar Universitet öz kadrının qayğısına qalır və bilir ki, təsərrüfatda onun başını uca edəcəklər. Ən müxtəlif üsullardan, forma və metodlardan istifadə olunur. Bunlardan biri də “Mən necə karyera qurdum” adlı layihədir. Tanınmış bir iş adamı universitetə gəlir, ona lazım olacaq ixtisasdan olan tələbələri bir yerə toplayır və özünün bu günə necə gəlib çatması barədə məlumat verir, təcrübəsindən danışır. Tələbələr də danışır, əməlli-başlı diskusiya gedir və təsərrüfat rəhbəri heç həmin tələbəyə hələ bildirmədən özünə kadr seçir və bunu universitet rəhbərliyinə bildirir. Samux rayonundakı “Birlik” MMC-nin rəhbəri Məmməd Ələkbərovun aqronomluq, Gəncə Avtomobil Zavodunun baş mühəndisi Fəxrəddin Süleymanovun maşınqayırma texnologiyası, Qarabağ Aqrokompleksinin direktoru Vahid Rzayevin aqromühəndislik ixtisası tələbələri ilə görüşləri hər iki tərəf üçün faydalı olmuşdur. Məzunlar iş, təsərrüfat rəhbərləri isə ixtisaslı kadrlar tapmışlar. Bilərəkdən “tapmaq” sözünü işlətdik. Çünki indiki vaxtda, yaxşı kadr əldə etmək xəzinə tapmaq kimidir.

Lap bu yaxınlaradək hər hansı bir tələbənin xarici ölkəyə təcrübə keçməyə göndərilməsi az qala sensasiya kimi qarşılanırdısa indi bu, adi hal alıb. Bir fikir verin. Görün təkcə bu il Aqrar Universitetin tələbələri, magistrləri haralarda olublar və çoxu hələ avqust, sentyabr aylarına kimi orada təcrübə keçəcək. Türkiyə, Almaniya, Polşa, Macarıstan, Sloveniya... Ən müxtəlif proqramlar çərçivəsində məşhur universitetlərdə təcrübə keçmək, magistr təhsili almaq.

Son bir neçə ildə univesitetdə elə laboratoriyalar, mərkəzlər, istixanalar yaradılıb ki, adlı-sanlı təsərrüfatlar belə həsəd apara bilər. Yəni tələbə universitetin hüdudlarından kənara çıxmadan belə hərtərəfli təcrübə keçmək imkanı əldə edə bilir. Gəlin baxaq. Bitki klinikası, patoloji anatomiya muzeyi, quşçuluq tədris-təcrübə mərkəzi, bildirçinyetişdirmə mərkəzi, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, arıçılıq mərkəzi, baytarlıq klinikası, maşın-traktor parkı və adlarını sadalaya bilmədiyimiz daha neçə-neçə bu cür mərkəzlər. Özü də arxayınlaşmaq, bu labaratoriyaları işlətməmək, onlardan fayda götürə bilməmək söhbətləri ola bilməz. Bu işlərə hər gün, hər saat nəzarət var və o daim yenilənir. Onların yüz min manatlarla qiyməti var. Elə bu günlərdə universitetin torpaqşünaslıq və aqrokimya kafedrasının elmi-tədqiqat laboratoriyasının qurulub işə salınması böyük bir hadisə kimi qiymətləndirildi. Zarafat deyil. Azərbaycanın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün açılan aqrokimya laboratoriyalarının biri də ADAU-da fəaliyyət göstərəcəkdir.

Bəli, bu gün universitetdə yaradılmış şərait gənclərin bu ali məktəbə, kənd təsərrüfatı sahəsinə marağını kökündən dəyişdirib. Hətta Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərdən bu ali məktəbi seçənlərin sayı ilbəil artır. Bakıdakı dostlarımdan biri sonuncu sinifdə oxuyan oğlu ilə məni tanış edərkən soruşdum ki, niyyəti haradır? Dostum gülümsəyərək “o, kəndə gedəcək...” dedi.

 

“Bura yataqxana deyil, beşulduzlu oteldir”

 

Axşam saat 8-ə işləyib. Universitetin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli ilə 520 yerlik müasir tələbə yataqxanasının keçid-buraxılış məntəqəsindən içəri keçirik. Mətbuat xidmətinin rəhbəri bildirir ki, kənar adamın yataqxananın həyətinə daxil olması qeyri-mümkündür. Çox ciddi nəzarət var.

Qeyd edək ki, keçən il fevralın 17-də ölkə Prezidenti İlham Əliyev bu müasir tələbə yataqxanasının açılışında iştirak edib. Kompleksin dörd korpusu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir. Əsas korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri qayğını, həmçinin Gəncəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var.

Eyni layihə əsasında digər yataqxananın tikintisində də çox sürətli iş gedir. Belə görünür ki, bu yataqxana da yeni dərs ilinə kimi istifadəyə veriləcəkdir. Burada işin gedişinə rektorluq tərəfindən çox ciddi nəzarət var və hər gün əlaqədar təşkilatlara, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilir. Biz orada olan gün tikintidə 504 nəfərin işə çıxdığı barədə məlumat aldıq. Düzü, Gəncədə təkcə bir obyektdə bu qədər adamın çalışması qürurverici bir fakt idi.

...Çox keçmir ki, yataqxananın komendantı Rəfael Hüseynov da gəlib çıxır. Qısa tanışlığımızdan sonra içəri daxil oluruq və korpuslara baş çəkirik. Səliqə-sahman, təmizlik, nizam-intizam elə ilk andan diqqətimizi cəlb edir.

– Hər gün səhər saat 6 olmamış burdayam. Bəlkə bir problemləri var, nəsə lazımdır. Hərəsi Azərbaycanın bir guşəsindəndir. Amma bura onların ikinci evidir. Evdə də ki, gərək hər şərait ola, – deyə R.Hüseynov ərklə istədiyi qapını döyür. Otaqların bir çoxunun qapısı bağlıdır. Deyirlər, ikinci növbə dərsdən çıxan tələbələr birbaşa yeməkxanaya üz tuturlar.

İkinci mərtəbədəki otaqlardan birinə daxil oluruq. Yeganə Nəzərova Bakıdan, Nərgiz Muradova isə Qazax rayonundandır. Əczaçılıq ixtisası üzrə ikinci kurs tələbələridir. Yazı stollarının üstündəki dərs vəsaitlərindən, dəftər-qələmlərdən hiss olunur ki, yaxınlaşmaqda olan semestr imtahanlarına hazırlaşırlar.

– Ərzaq almaq, yemək bişirmək kimi qayğılardan uzağıq, – deyə Nərgiz yataqxanada olan şəraitdən hədsiz razılığını bildirir. – Bir baxın, hər mərtəbədə ərzaq saxlamaq üçün yerimiz, soyuducumuz, səliqəli mətbəximiz var. Ürəyimiz nəsə istəsə bişiririk. Amma yeməkxana o qədər ucuzdur ki, çox zaman buna ehtiyac qalmır.

Başqa bir otaqda bakılı Nuray Cəfərova, hacıqabullu Səidə Həsənova da yataqxana şəraitindən çox razı olduqlarını dilə gətirir, burada tez- tez keçirilən tədbirlərdən, incəsənət kollektivlərinin çıxışlarından söhbət salırlar.

Yataqxananın akt zalında hansısa tədbirə hazırlaşan musiqiçilərə rast gəlirik. Universitetin tələbələri, yataqxananın sakinləridir. Deyirlər, rektorluq həm yaxşı təhsil almaq, həm də istirahət etmək, öz istedadlarını nümayiş etdirmək üçün onlara gözəl şərait yaradıb.

Yeməkxanada da olduq. Çeşid-çeşid yeməklər, səliqə-sahman, tələbələrin nizamla növbəyə dayanıb istədikləri xörəyi götürməsi… bahalı otelləri xatırladırdı. Hətta tələbələrdən birindən “Yataqxana şəraitindən razısınızmı” – deyə soruşduqda, gülümsəyərək: “Müəllim, bura yataqxana deyil, beşulduzlu oteldir” dedi. Maraqlıdır ki, burada səhər, günorta və ya axşam nə yeyirsənsə ye, 90 qəpiklə 1 manat 50 qəpik arası olacaq. Artıq qiymət mümkün olası iş deyil, hər şey rektorun birbaşa nəzarətindədir.

...Gözləmədiyimiz halda universitetin həyətində rektor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla da görüşdük. Sən demə gün ərzində bütün korpusları, yataqxanaları, təcrübə təsərrüfatlarını gəzir. Cibindən telefonu çıxarıb diqqətlə nəyəsə baxıb “Bu gün 8 kilometr 263 metr piyada gəzmişəm. Gəzmişəm – deyəndə ki, universitetdə olmuşam...”

İbrahim Cəfərov universitetin sayca 15-ci rektorudur. İlk rektor Dadaş Bünyadzadə ilə aralarında uzun bir məsafə, dəqiq desək 90 ilə yaxın bir vaxt var. Bu müddətdə çox rektorlar gəlib-gedib, kadr hazırlığının inkişafı ilə əlaqədar müəyyən işlər görüblər. Lakin bir faktı cəsarətlə söyləmək mümkündür ki, Aqrar Universitet İbrahim Cəfərovun rəhbərliyi dövründəki qədər heç vaxt inkişaf etməyib. Müddət isə o qədər də uzun bir vaxt deyil, yəni heç 4 il də keçməyib. Rektor isə bütün bunları Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına, o cümlədən həmin sahə üçün kadrların hazırlanmasına göstərdiyi diqqət və qayğı ilə əlaqələndirir. Hətta bu yaxınlarda keçmiş İttifaqın, az qala, bütün respublikalarından aqrar universitetlərin rektorları Gəncədə olarkən və onların qarşısında çıxış edərkən İbrahim Cəfərov belə deyib:

– Bizi cəsarətli edən, sizin qarşınıza üzüağ çıxardan bircə nəfərdir –möhtərəm Prezidentimiz İlham Əliyevdir.

 

Hamlet Qasımov

 

Xalq qəzeti.- 2017.- 18 may.- S.10.