İşğal
altında qalan muzeylərimiz məhv edilib
18 may Beynəlxalq Muzeylər Günüdür
18 may dünyada Beynəlxalq
Muzeylər Günü kimi
geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü
- Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü
ilə 1977-ci ildə təsis olunmuşdur.
Bu bayram bir qayda olaraq
xalqlar arasında mədəni mübadilə
və əməkdaşlığın inkişafına
kömək şüarı ilə hər il
müxtəlif mövzularda keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi cəmiyyətin
həyatında muzeylərin mühüm rol oynadığını göstərməkdir.
Dünyanın 100-dən çox ölkəsində
qeyd olunanan bayram tədbirləri Beynəlxalq Muzeylər
Şurası tərəfindən “Muzeylər və mübahisəli
tarixi məqamlar: muzeylərdə deyilməyənlərin
səslənməsi” mövzusunda keçirilir.
Azərbaycan dövlətinin muzey işi ilə bağlı həyata keçirdiyi siyasət muzeylərin inkişaf etməsinə, maddi-texniki bazasının möhkəmlənməsinə, müasir standartlara cavab verən avadanlıqlarla təmin edilməsinə, eksponatların mühafizəsinə yönəlib və onların yüksək səviyyədə təbliğini əks etdirir. Prezident İlham Əliyev 2007-ci il martın 6-da "Muzey işinin yaxşılaşdırılması haqqında" sərəncam imzalayıb. Sərəncamda deyilir: "Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixinin və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub respublikamızın bütün bölgələrini əhatə edir".
Ölkəmizdə fəaliyyət göstərən 200-dən artıq muzeyin 22-si erməni işğalı altındadır. İşğalaqədərki dövrdə bu muzeylər Azərbaycan tarixinin, ictimai fikrinin, mədəniyyətinin təbliğatçısı kimi tanınırdı. İndi onlar haqqında heç bir səhih məlumatımız yoxdur.
Azərbaycan torpaqlarının işğalı muzeylərimizin talanması ilə nəticələndi. Bu torpaqlardakı muzeylərdə neçə minillik tarixi olan abidələri, eksponatları, xalq sənətkarlarının yaratdığı, əsrlərlə yaşı olan sənət nümunələrimizi, muzeyləşən məişət əşyalarımızı və s. itirdik.
Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönəlmiş siyasətinin bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə saxlanan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsidir. Bu muzeylərdən Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli eksponatlar talan edilib. Qədim sikkələr, qızıl və gümüş məmulatlar, nadir və bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin olan Kəlbəcər və Şuşa rayonlarının tarix muzeyləri, Ağdam rayonunun dünyada nadir olan çörək muzeyi, Qubadlı Tarix-diyarşünaslıq muzeyi (3 mindən çox əşya), Zəngilan rayonunun Tarix-diyarşünaslıq muzeyi (6 minədək əşya), Daş abidələr muzeyi və bir çox başqa muzeylər bura daxildir. Bu muzeylərin, demək olar ki, heç birini xilas etmək, köçürmək mümkün olmayıb.
Erməni işğalı nəticəsində eksponatları ilə birlikdə talan olunan, məhv edilən muzeylər sırasında, şübhəsiz ki, ən unikalı Ağdam Çörək muzeyi sayılır. Ağdamda Çörək muzeyi ilə yanaşı, Tarix ölkəşünaslıq muzeyi, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası da fəaliyyət göstərirdi.
Şuşada 8 muzey dağıdılıb,
talan edilib. Bunlardan
yalnız Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı,
Üzeyir Hacıbəyovun
Şuşadakı ev muzeyinin eksponatları çıxarılıb,
amma həmin muzeylərin fondu da tam xilas edilməyib.
Şuşa şəhərində
Natəvanın, Bülbülün,
Əbdürrəhim bəy
Haqverdiyevin və başqalarının ev muzeyləri, şəkil qalereyası, Şuşa və Xankəndi diyarşünaslıq
muzeyləri tamamilə
dağıdılıb. Şuşa
şəhərinin tarixi
muzeyinin 5 minədək
əşyası, Azərbaycan
Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi Şuşa filialının, Dövlət
Qarabağ tarixi muzeyinin 1000-dək əşyası,
görkəmli bəstəkar
Üzeyir Hacıbəyovun
, vokal sənətimizin
əsasını qoymuş
böyük müğənni
Bülbülün , görkəmli
şair musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın
xatirə muzeylərinin
eksponatları talan edilib. Ermənilər Üzeyir Hacıbəyovun
və Bülbülün,
habelə şairə
Xurşudbanu Natəvanın
heykəllərini Şuşa şəhərindən
Ermənistan ərazisinə
aparıblar. Bu abidələr bütün
əxlaq normalarına,
beynəlxalq humanitar prinsiplərə, sivilizasiyaya
zidd olaraq vəhşicəsinə atəşə
tutulub və ağır texnika vasitəsilə zədələnib.
Sonradan həmin abidələri çox çətinliklə
Bakıya gətirmək
mümkün olub.
Qeyd edək ki, hazırda güllələnmiş heykəllər
Rüstəm Mustafayev
adına İncəsənət Muzeyində
saxlanır.
Ermənilər tərəfindən məhv
edilmiş muzeylərdən
biri də Kəlbəcər Tarix-diyarşünaslıq
muzeyi olub. Alimlərin bildirdiyinə
görə, içərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan bu muzey
1980-ci illərin əvvəllərində yaradılıb. Muzey ermənilər tərəfindən
bütünlüklə məhv edilib. Zəngilan
rayon Tarix-Diyarşünaslıq Muzeyi də bu rayonun tarixi, mədəniyyəti
barədə məlumat ala bilmək üçün vizit
kartı rolunu oynayıb. Muzey 1980-ci ildə fəaliyyətə
başlayıb . Orada 6000-ə yaxın eksponat qorunub
saxlanırdı. Bura müxtəlif növ xalçalar, kilimlər,
palazlar, müxtəlif mis
və gümüş qablar,
nimçə, dolça, xurcunlar,
gümüş xəncərlər və
XVIII əsrə aid Zəngilan kəndlərindən
birinin kənd həyətının
maketi daxil olub. İşğaldan sonra muzey dağıdılıb,
eksponatları talan edilib.
Qubadlının işğalı zamanı ermənilər 3 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix-Diyarşünaslıq Muzeyini də talan ediblər. Oradakı eksponatlardan heç birini xilas etmək mümkün olmayıb.
Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyi də erməni işğalı altındadır. Muzey Cəbrayılın tarixi, onun maddi-mədəniyyət abidələri, milli-mənəvi dəyərlərini qoruyan, yaşadan və o vaxtlar respublikamızda öz fəaliyyəti, işi ilə yaxşı tanınan bir mədəniyyət müəssisəsi idi.
Göründüyü kimi, erməni vandalları milli-mədəni irsimizi darmadağın etməklə bu torpaqda Azərbaycan xalqının izlərini itirməyə səy göstərirlər. Bu, heç bir beynəlxalq normaya sığmayan bir vəhşilikdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 18
may.- S.10.