Vətənini dünyaya
tanıdan rəssam
“Türkiyə Azərbaycanın
müstəqilliyini dünya dövlətləri
arasında birinci tanımışdır.
Xalqlarımızın tarixi
keçmişində, milli ənənələrində,
mədəniyyətində çox
oxşarlıq var. Dəfələrlə
demişəm və bu gün
yenə də qeyd edirəm ki, biz bir
kökdən olan xalqlarıq, ona görə də xalqlarımızın
arasında sıx əlaqələr olması təbii
haldır”. Ulu öndərimiz Heydər Əliyevin söylədiyi bu fikirlər zaman
keçdikcə Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət”
halında birliyinin parlaq
rəmzinə çevrilir. İki dost, qardaş, ortaq soykökünə,
dil, din cəhətdən
bir-birinə bağlı olan, eyni millətə mənsub ölkələr
və xalqlar arasında əlaqələr
bütün sahələrdə inkişaf edir. Bizim yaşadığımız dövrdə
isə iki dost və qardaş dövlət strateji
tərəfdaş səviyyəsinə yüksəlmişdir.
Bir çox sahələrdə olduğu kimi, mədəni əlaqələrimizin də inkişafında mühüm nailiyyətlər əldə edilir, münasibətlərimiz sıxlaşdıqca iki ölkənin ortaq mədəniyyəti yaranır, yeni-yeni sənət əsərləri meydana gəlir.Bu baxımdan Türkiyədə yaşayan azərbaycanlı rəssamların həyat və fəaliyyəti, yaradıcılığı və yeni sərgilərin açılması günü-gündən möhkəmlənən mədəni münasibətlərimizi bir daha nümayiş etdirir. Bu sırada tanınmış azərbaycanlı rəssam, Türkiyənin Afyon Kocatepe Universitetinin gözəl sənətlər fakültəsinin professoru, Məmməd Şirzadovun yaradıcılığını sənətsevərlər yüksək qiymətləndirirlər.
Gənclik illərindən xalqının qədim mədəniyyətinə, tarixinə, dilinə, dininə, adət-ənənələrinə dərin hörmət bəsləyən, onları daim öyrənən rəssam böyük maraq, sevgi və yüksək peşəkarlıqla realizm üslubunda bir-birindən fərqli, orijinal, dərin məzmunlu əsərlər yaratmışdır. Sənət aləminə qədəm qoyandan Azərbaycan torpağının yetirdiyi tarixi, dahi şəxsiyyətlərin, sənət korifeylərinin həyat və yaradıcılıq yolunu özünə ideal seçmişdir. Bu minvalla Vətən torpağının gözəlliklərini, şanlı tarixini vəsf etmiş, boya ilə əlvan tablolar yaradaraq sənət aləmində öz yerini tutmuşdur.
1973-cü ildən Məmməd Şirzadovun əsərləri Naxçıvan və Bakı şəhərlərində, sonra isə Rusiya, İsveçrə, Gürcüstan, Finlandiya, Almaniya, Türkiyə və digər ölkələrdə keçirilən fərdi və beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir. Bu sərgilərdə rəssam müxtəlif mükafatlara layiq görülmüşdür. 2004-cü ildə isə UNESCO-nun Plastik Sənət Akademiyasına üzv qəbul edilmişdir.
1994-cü ildən Türkiyədə yaşayan və universitetdə rəssamlıq sənətindən dərs deyən, onlarca sənətkar yetişdirən Məmməd Şirzadovun adı bu gün Türkiyənin görkəmli rəssamları ilə bir sırada çəkilir. 1998-ci və 2000-ci illərdə Ankarada beynəlxalq sərgilərdə nümayiş etdirilən əsərlərinə Türkiyənin Prezidenti Süleyman Dəmirəl, digər dövlət və sənət adamları yüksək qiymət vermişlər. 2001–2016-cı illərdə Ankara, İstanbul, Niğde, İzmir, Bayburt,Trabzon, Afyon, Van və digər şəhərlərdəki sərgilərdə nümayiş etdirilən əsərlərində rəssam türk dünyasını, yurd və torpaq sevgisini, insanların həyatını, iztirabını və həyəcanını fəlsəfi bir duyğu ilə tərənnüm etmişdir. Rəssamın Türkiyədə nəşr olunan əsərlərinin kataloqlarına baxanda onun sənət dünyasının nə qədər zəngin, milli keyfiyyətlərə malik oldugu görünür. M. Şirzadovun “Ana”, “Dədə Qorqud”, “Osman Qazi”, “Atatürk”, “Hüseyn Cavid”, eləcə də “Qurtuluş”, “Qaçqınlar”, “Sürətlə qaçan zaman”, “Müharibə vəhşəti”, “Qarabağ qətliamı” və digər əsərləri beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir.
Məmməd Şirzadovun əsərləri beynəlxalq sərgilərlə yanaşı, dünyanın tanınmış muzeylərində, rəsm qalereyalarında, şəxsi kolleksiyalarda – Azərbaycan Dövlət İncəsənət Muzeyində, Ankarada Prezident kolleksiyasında, Ankara Rəsm və Heykəl Muzeyində, Bayındırlıq Bakanlığı, Bayburt Valiliyinin kolleksiyalarında və digər yerlərdə saxlanılır.
Bu günlərdə Ankara Ticarət Odası Başqanlığı qalereyasında Beynəlxalq Milli Sənət Sərgisi açılmışdır. Dünyanın 600 sənətçisinin qatıldığı sərgidə bir çox ölkələrin rəssamları ilə yanaşı, Məmməd Şirzadovun da əsərləri yer almışdır. Sərgiyə qoyulmuş “İyirmi birinci yüz il sənət qətliamı”, “Bahar simfoniyası”, “XXI yüz ilin madonnası”, “Alma ilə aldandıq” əsərlərində rəssam türk dünyasının tarixi keçmişinə olan marağını və məhəbbətini bildirmiş, xalqın şərəfli tarixinin indiki vaxtda da nümunə ola biləcəyi fikrini ifadə etmişdir. Boya ilə çəkilmiş tablolarda ulu türk xalqının mənəvi həyatını yeni XXI əsrdə də tərənnüm və təbliğ edən sənətkar nəinki Türkiyədə, həm də Avropa ölkələrində və bütün dünyada millətini tanıtmaq eşqi ilə yaşayır.
Türkiyədə Azərbaycan Kültür Qurumunun ən fəal üzvlərindən biri, 70 yaşlı tanınmış rəssam, professor və pedaqoq Məmməd Şirzadov Qarabağ həqiqətlərinin, dostluğun, qardaşlığın, mədəniyyətin təbliğində mühüm rol oynayaraq Vətənini beynəlxalq sərgilərdə ləyaqətlə təmsil edir. Məmməd müəllim bu gün də böyük şövq və energi ilə çalışır, öyrədir, özünün davamçılarını yetişdirir, yeni mövzularda əsərlərini yaradır.
Afət
Sadıqoğlu
Xalq qəzeti.- 2017.- 21
may.- S.7.