Gənc xanəndələr Şəhriyar
dünyasına baş
vurdular
VI Muğam televiziya müsabiqəsinin
yeni iş həftəsi IV İslam Həmrəyliyi
Oyunlarının paytaxtımızda keçirildiyi vaxta təsadüf
etdi. Bu möhtəşəm tədbir öz əzəməti,
miqyası və mahiyyətinə görə ölkəmizin
salnaməsinə qızıl hərflərlə yazılacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin dediyi kimi, “İslam Oyunları, ilk növbədə
İslam Həmrəyliyini gücləndirəcək, həm
İslam aləminə, həm də dünyaya göstərəcək
ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və
ən mötəbər beynəlxalq yarışları
keçirməyə qadirdir”.
Milli mədəniyyətimizin
incisi sayılan muğam əbədi musiqidir. Dünyada gedən qloballaşma
prosesi belə ulu muğamımıza toxuna bilmədi. Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın muğam sənəti haqqında söylədiyi bir fikir yada düşür:
“Azərbaycan muğamının
ehtişamı özünü
həm də onda göstərdi ki, o, ən dəbdə olan janrlarla rəqabətdə
davam gətirdi və Azərbaycan musiqisi səhnəsində
əbədi ad qazandı”.
Muğamın əsrlər boyu yaşaması naminə milli ifaçılıq sənətimizin görkəmli
simalarının əvəzsiz
xidmətləri olmuşdur. Çox sevindirici
haldır ki, o şəxsiyyətlərin ənənələri
sonradan gələn xanəndələr tərəfindən
uğurla davam etdirilir. Muğam televiziya müsabiqələri,
Beynəlxalq muğam festivalları və simpoziumlar muğam sənətimizin daim inkişafda olduğunu göstərir.
Heydər
Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti
Fondunun layihəsi əsasında Mədəniyyət
və Turizm Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının
təşkilatçılığı ilə keçirilən VI
Muğam televiziya müsabiqəsinin final mərhələsi
üzrə növbəti
həftənin yekun dinləmələrində gənc
xanəndələr böyük
Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın
qəzəllərini qədim
muğamlarımız üstündə
oxudular. İllərdən
bəri müsabiqələrdə yaranmış
xoş bir ənənəyə uyğun
olaraq, muğam ifaçılığı sənətində
istedadı və bacarığı ilə geniş tamaşaçı
auditoriyasının rəğbətini
qazanmış xanəndə,
pedaqoq, Əməkdar müəllim Nəriman Əliyev və Eynulla Cəbrayılovun Teleradionun “Qızıl fondu”nda saxlanılan lent yazıları ilə bir daha yad
edildilər.
Həftənin dinləmələrində öz ifaları ilə seçilənlər
də az
olmadı. Valid Abdullayevin
“Şur”unu, Səma Sultanovanın “Zabul segah”ını, Məcid Əsrinin “Şur”unu, Almaxanım Əhmədlinin
“Segah”ını tamaşaçılar
ayaq üstə sürəkli alqışlarla
qarşıladılar. Hər
dəfə öz ifaları ilə seçilən gənc xanəndələrdən Məfdun
Məmmədov, Rəvanə
Əmiraslanlı, Taleh
Hüseynli bu həftənin dinləmələrində münsifləri
bir o qədər də qane etmədilər.
Xalq artisti Səkinə İsmayılova
Taleh Hüseynovu “Bayatı İsfahan” muğamını ifa edərkən yeknəsəqlikdə,
İlqar Fəhmi Şəhriyar qəzəlləri
sözlərinin deyilişindəki
qüsurlarda, digər
münsiflər isə
əvvəlki çıxışlara
nisbətən bu dəfə zəif oxumaqda qınadılar. Eyni sözləri Türkan Orucovaya desələr də oxuduğu “Segah” təsnifinə yüksək
bal verənlər də oldu.
Müsabiqənin şərtlərinə görə ən az bal toplamış
ifaçı çıxışını
dayandırmalıdır. Bu,
Taleh Hüseynli oldu.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2017.-
21 may.- S.7.