Azərbaycan Xalq Cümhuriyyəti:
Şərqin ilk demokratik respublikası
Azərbaycanın
bu gün dünya birliyində müstəqil dövlət kimi
bərqərar olmasının, demokratik ənənələrin,
insan hüquq və azadlıqlarının qorunmasının,
söz və mətbuat azadlığına geniş meydan verilməsinin
əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Müsəlman Şərqində
ilk parlament respublikası xalqımızın qədim dövlətçilik
ənənələrini yaşadaraq, müasir dövrə xas
dövlət təsisatlarının
formalaşdırılmasına nail olmuşdu. 99 il əvvəl,
mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti
(AXC) xalqımızın tarixində mühüm bir hadisə
idi. Çünki əsrlər boyu müstəqillik arzusu ilə
yaşayan xalqımız, nəhayət ki, öz müstəqil
dövlətinə sahib olmuşdu.
Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu. Çünki müsəlman Şərqində ilk dəfə olaraq müstəqil demokratik respublika yaranmışdı. Ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”.
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirmişdir: “Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi”.
Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı bir daha təsdiqlədi ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Sərəncamda Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyəti də öz əksini tapıb: “1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənə ilə qeyd edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Çünki bu gün hər bir ziyalı, ictimai-siyasi xadim, bütövlükdə ictimaiyyətin nümayəndələri də bilirlər ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəlmiş və çox çətin şəraitdə fəaliyyət göstərmişdir. AXC-nin yaşadığı 23 ay müddətində gənc dövlət başqa sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyünün qorunmasında da əhəmiyyətli işlər görmüşdü. Müstəqilliyi möhkəmləndirmək, siyasi fəliyyəti genişləndirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 17-də Gəncəyə köçdü. Azərbaycanın müstəqilliyinin elan edildiyi vaxtda ölkədə anarxiya, özbaşınalıq, hərc-mərclik hökm sürürdü.
XIX əsrin sonlarından başlayaraq, erməni millətçi təşkilatları Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə yiyələnmək üçün cəhdlər göstərirdilər. Erməni millətçiləri AXC yarandıqdan sonra Azərbaycanın daxilində və beynəlxalq aləmdə yaranmış mürəkkəb və ziddiyyətli durumdan istifadə edərək özlərinin uydurma “Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün yenidən geniş fəaliyyətə başladılar. Bu istiqamətdə onların ilk hədəfi Zəngəzur və Qarabağı ələ keçirmək idi. Ancaq Azərbaycan hökumətinin barışmaz mövqeyi onların planlarının gerçəkləşməsinə imkan vermədi.
Azərbaycanın Qarabağ bölgəsi tarixən Cənubi Qafqaz regionunda böyük strateji əhəmiyyət kəsb etdiyindən həm ölkəmizin yaxın qonşuları olan Rusiya, İran, Türkiyə, Ermənistan, həm də XX əsrdə dünyanın aparıcı dövlətləri kimi İngiltərə, Fransa və ABŞ bu bölgəyə xüsusi maraq göstərirdilər.
Tarixi həqiqət olaraq qeyd etmək lazımdır ki, Azərbaycan üçün çətin və mürəkkəb olan 1918-ci ildə yalnız Türkiyə dövləti respublikamızın ərazi bütövlüyünün və suverenliyinin qorunmasında ilk gündən hərtərəfli siyasi və hərbi yardım göstərmişdir. Bu yardım erməni millətçilərinin və onların havadarları olan bolşeviklərin Azərbaycanın tarixi taleyi üçün təhlükəli cəhdlərinin həyata keçirilməsinə mane olmuşdur.
Qafqaza XIX əsrdə kütləvi şəkildə köçürülərək, məskunlaşmış ermənilər XX əsrin əvvəllərində öz tarixi torpağında yaşayan bütün azərbaycanlıları planlı surətdə qovmağa, qırmağa və milli soyqırımı törətməyə başladılar. Tarixi Azərbaycan torpaqları olan İrəvan, Zəngəzur və Göyçə mahallarının Ermənistana verilməsi azmış kimi, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi siyasəti ermənilər tərəfindən daim diqqətdə saxlanmış və bu iddia ilə onların vaxtaşırı çıxışları olmuşdur. Qaloyan yazırdı: “Batum müqaviləsindən sonra (1918-ci il 4 iyun) ermənilərə qalan torpaqlar cəmi 8 min kvadrat mil təşkil edirdi”.
Respublikalar yaranan kimi, İrəvanın təbliği, təhriki və təzyiqi ilə Qarabağın dağlıq hissəsindəki erməni əhalisinin müəyyən təbəqələri Azərbaycan Respublikasının hakimiyyətini tanımaqdan imtina etdi. Dağlıq Qarabağ ermənilərinin 1918-ci ilin iyulunda Şuşada keçirilən I qurultayı Yuxarı (Dağlıq) Qarabağı müstəqil elan etdi və Ermənistan hökuməti Yuxarı (Dağlıq) Qarabağda işğalçılıq planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələr yeritdi. Bu faktlar göstərir ki, Ermənistan Yuxarı (Dağlıq) Qarabağ problemini hərbi yolla həll etmək istəyirdi. Ona görə də 1918-ci ildə Andranikin silahlı quldur dəstələri Qarabağa yeridilmişdi. Qarabağ torpağını ələ keçirməyə can atan daşnaklar nə kütləvi qırğınlardan, nə də onlarca yaşayış məntəqəsini yer üzündən silməkdən çəkinirdi. Hələ 1919-cu ilin yanvarında daşnak hökuməti Qarabağ ərazisi ilə əlaqədar iddialar irəli sürmüşdü. Hökumət Qarabağın müdafiəsini gücləndirmək üçün oraya hərbi qüvvələr göndərməli oldu və nəhayət, X.P.Sultanovun rəhbərliyi ilə mərkəzi Şuşa şəhəri olan Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaradıldı. Həmin qubernatorluq Yuxarı Qarabağda və Zəngəzurda erməni separatçılığının aradan qaldırılmasında son dərəcə mühüm rol oynamışdır.
Yeni vəzifəyə təyin edildikdən sonra hələ Bakıda ikən X.P.Sultanov general-qubernatorluğun təşkili ilə əlaqədar bəzi işləri görmüş və 1919-cu il fevralın 12-də Şuşaya gələrək, vəzifəsinin icrasına başlamışdı. Qeyd etmək lazımdır ki, AXC hökumətinin bu addımı azərbaycanlı əhali tərəfindən böyük razılıqla qarşılanmışdı. Fikrimizcə, qubernatorluğun yaradılması Qarabağ ermənilərinin AXC hökumətini tanımalarında əsas amillərdən biri olmuşdur.
X.P.Sultanov Şuşaya gələn kimi Qarabağda və Zəngəzurda vəziyyətlə tanış olmaq üçün ingilis, Azərbaycan və erməni nümayəndələrinin iştirakı ilə bir neçə rəsmi müşavirə keçirmişdir. Həmin müşavirələrin protokollarından məlum olur ki, general-qubernator vəzifəyə çox ciddi yanaşmış və hər bir məsələyə dair konkret göstəriş vermişdi. Qeyd etmək lazımdır ki, Qarabağı Azərbaycandan ayırmaq istəyən və daim azərbaycanlılarla ermənilər arasında nifaq toxumu səpən Erməni Milli Şurasının rəhbərləri bu müşavirələrə gəlməmiş və Azərbaycan hakimiyyətini tanımadıqlarını bəyan etmişdilər. Buna cavab olaraq X.P.Sultanov Erməni Milli Şurasının rəhbərindən 5 nəfəri müttəfiq nümayəndələrin köməyi ilə Qarabağdan sürgün edə bilmişdi.
Çoxsaylı arxiv sənədləri və bir sıra tədqiqatçıların araşdırmaları sübut edir ki, AXC hökuməti tərəfindən Zəngəzur qəzasını əhatə edən Qarabağ general-qubernatorluğunun yaradılması və X.P.Sultanovun oraya başçı təyin olunması Ermənistanı xeyli təşvişə salmış və onun Yuxarı (Dağlıq) Qarabağla bağlı ərazi iddialarını puça çıxarmışdı.
ABŞ-da yaşayan erməni tarixçisi R.Hovannesyan bu barədə yazırdı: “Acıqlanmış ermənilərin özləri üçün təhqir üstündən təhqir hesab etdikləri və bərk qorxduqları məşhur armenofob X.P.Sultanovun Tomson tərəfindən hər iki ərazinin qubernatoru təyin edilməsi idi”.
Azərbaycan hökuməti, təbii ki, respublikanın ərazi bütövlüyünün və suveren hüquqlarının pozulmasına yol verə bilməzdi və qonşu dövlətin onun daxili işlərinə qarışmaq cəhdləri ilə barışmazdı. Bununla yanaşı, Azərbaycan hökuməti bütün münaqişələri sülh yolu ilə həll etməyə hazır olduğunu bildirmişdi və bu niyyətinə sadiq idi. Ermənilərin diplomatik və siyasi oyunları daşnak mətbuatının saxta, eyni zamanda, məqsədyönlü və sistemli təbliğatı ilə tamamlanırdı. Uzun sürən müzakirə və mübahisələrdən sonra ingilislər güzəştsiz mövqe tutaraq ermənilərdən Müttəfiqlərin komandanlığının qərarlarına tabe olmağı, Qarabağda və Zəngəzurda AXC hakimiyyətini tanımağı tələb etdi. Qarabağın general-qubernatoru X.P.Sultanovun gördüyü ciddi tədbirlər nəticəsində Şuşa rayonunda qayda-qanun bərpa olundu və həyat normal axara düşdü.
Qeyd edildiyi kimi, X.P.Sultanov Şuşaya gələn andan Qarabağ torpağını erməni quldur dəstələrindən azad etmək üçün gərgin fəaliyyətə başladı. 1919-cu il fevralın 12-də Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının əhalisinə müraciət edərək general-qubernatorluğun yaradılması səbəblərini izah etdi. X.P.Sultanovun Qarabağ hadisələrini real qiymətləndirməsi və bu problemi həll etmək səyləri onun “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində açıqlanmışdır.
Hətta bundan sonra da Qarabağın qəsbkar erməni separatçıları Ermənistan hökumətinin yardımı ilə Qarabağı Azərbaycan Respublikasının tərkibindən ayırmaq və Ermənistana birləşdirmək səylərini davam etdirirdi. 1919-cu il iyunun 4-də Yuxarı Qarabağ ermənilərinin silahlı dəstələri Şuşa ətrafındakı azərbaycanlı hərbi hissələrin yerləşdiyi gözətçi məntəqələrinə hücum etdi. Lakin onların bu hücumu X.P.Sultanovun gördüyü qəti tədbirlər nəticəsində dəf edildi. Ermənistan separatçıları Qarabağda öz fitnəkar fəaliyyətlərinə ermənilər qarşısında bəraət qazandırmaq üçün yalan məlumatlar yayaraq xarici dövlətlərə müraciət etməyə, Azərbaycana təsir etməyə hər vasitə ilə cəhd göstərirdilər. Arxiv sənədlərindən məlum olur ki, Yuxarı Qarabağın dinc erməni əhalisinin əksəriyyəti erməni separatçılarının fitnələrinə uymamış və general-qubernator X.P.Sultanovun gördüyü tədbirləri bəyənmişdi.
Yuxarı Qarabağda milli münaqişənin beynəlxalq aspektdə tənzimlənməsi AXC-nin qarşısında duran ən mühüm məsələlərdən idi. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin başlıca məqsədi Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə təsdiqlənməsindən ibarət idi. Qonşu ölkələrin Azərbaycanın istiqlaliyyətini tanıması müstəqilliyin dönməzliyinin təmin edilməsi üçün hələ yetərli deyildi. AXC-nin xarici siyasətinin ana xəttini təşkil edən bu vəzifənin həyata keçməsinə ölkənin ən nüfuzlu şəxsləri cəlb edilmiş, bu sahəyə birinci dərəcəli əhəmiyyət verilmişdi.
1919-cu il yanvarın 8-də Azərbaycan nümayəndə heyəti parlamentin sədri Ə.M.Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransına yola düşdü. Azərbaycan Demokratik Respublikası haqqında məsələyə 1919-cu il mayın 2-də Dördlər Şurasının iclasında rəsmi şəkildə baxıldı. Həmin gün ABŞ prezidenti V.Vilson tələb etdi ki, Azərbaycan nümayəndə heyətinə konfransın işində iştirak etmək üçün icazə verilsin.
May ayının 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilson tərəfindən qəbul edildi. Nümayəndə heyəti V.Vilsona qısa siyasi memorandum təqdim etdi. Memorandumda Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, ərazi bütövlüyü məsələsi qısa şəkildə təsvir ediləndən sonra nümayəndə heyətimizin tələbləri verilirdi. Bu tələblər altı maddədən ibarət idi. Vilsonun cavabı isə dörd bənddən ibarət olmuşdu.
Azərbaycan hökuməti 14 bölmədən ibarət olan “Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin Versal Sülh Konfransına memorandumu” adlı sənəd təqdim etdi. Memorandumun ən əhəmiyyətli bölmələri AXC-nin ərazisi və əhalisi ilə bağlı bölmələr idi. Ermənilərin, gürcülərin və iranlıların konfransa təqdim etdikləri ərazi iddiaları bilavasitə Azərbaycana aid olduğu üçün Azərbaycanın hüdudları barədə konfransın rəhbərlərində aydın təsəvvür yaradılması zərurəti meydana çıxmışdı. Bu memorandumda Qafqaz Azərbaycanının ərazisi keçmiş inzibati bölgü sistemi üzrə yeddi maddədən ibarət göstərilmişdi. Ə.M.Topçubaşov bu münasibətlə yazırdı: “Mənim tərəfimdən ermənilər haqqında deyilənlər Qərb diplomatları üçün tamamilə yenilik idi”.
1919-cu ilin yayında Paris Sülh Konfransında Azərbaycan nümayəndələrinin qarşılaşdığı ciddi məsələlərdən biri də erməni nümayəndələri ilə münasibətlər idi. Ermənilər Paris Sülh Konfransının onların bütün problemlərini həll edəcəyinə ümid bəslədikləri üçün ona ciddi hazırlaşmışdılar. Onlar Aralıq dənizindən Qara dənizə, Qara dənizdən Xəzər dənizinə qədər “Böyük Ermənistan” yaratmaq barədə tələblərini sülh konfransına təqdim etmişdilər. Belə böyük iddiaların nəticəsi idi ki, ermənilər Parisə iki nümayəndə heyəti göndərmişdilər.
Ə.M.Topçubaşov Paris Sülh Konfransında görüşdüyü müxtəlif nümayəndə heyətlərinin üzvləri ilə söhbətlərində və böyük dövlətlərin başçılarına və xarici işlər nazirlərinə göndərdiyi notalarda “erməni əzabkeşliyinin” iç üzünü açıb göstərmiş və erməni millətçilərinin əsl simasını üzə çıxara bilmişdi. Parisdəki erməni nümayəndələri isə Qarabağda özlərinin törətdiyi cinayətləri başqalarının ayağına yazır və bununla da müttəfiq ölkələrin nümayəndələri qarşısında Azərbaycan Respublikasını və onun Versaldakı nümayəndələrini nüfuzdan salmağa çalışırdılar.
Azərbaycan hökuməti təklif etdi ki, erməni-azərbaycanlı münaqişəsini təhqiq etmək üçün beynəlxalq istintaq komissiyası yaradılsın. Bu məsələ Parisdə olan Azərbaycan nümayəndələri tərəfindən də qaldırılmışdı. Əvvəllər beynəlxalq istintaq komissiyasının yaradılmasına ermənilər razılıq versələr də, sonralar müxtəlif bəhanələrlə bu işi pozdular. Lakin 1919-cu ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində respublikanın Qarabağda suveren hüquqları bərpa edildi. Azərbaycanın Parisdə olan nümayəndə heyətinə göndərilən məlumatda qeyd edilirdi: “Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi. VII erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator X.P.Sultanovla saziş bağladılar”. Bu sənəd Ə.M.Topçubaşov tərəfindən Versal Ali Şurasına təqdim edilmişdi.
1919-cu il yanvarın 8-də Azərbaycan Parlamentinin iclasında çıxış edən parlamentin sədri bildirmişdi: “1917-ci ilin dekabrından 1919-cu ilin iyununa kimi erməni qoşunları tərəfindən İrəvan quberniyasında 200-dən çox azərbaycanlı kəndi dağıdılmış və yandırılmışdı. Tərk edilmiş azərbaycanlı kəndlərinə Türkiyədən olan ermənilər yerləşdirilir”.
AXC hökumətinin Baş naziri F.Xoyski Ermənistan hökumətinə göndərdiyi notada azərbaycanlılara qarşı təcavüz siyasətinin dayandırılmasını qəti şəkildə tələb edirdi. Lakin münasibətləri bərpa etmək mümkün olmadı. Ermənilər azərbaycanlıların malını, mülkünü talan edir, evlərini yandırırdılar. Belə ki, daşnak hökumətinin qoşunları Zəngibasar bölgəsini talan etdikdən sonra, talançıların apardıqları qənimətlərdən əlavə, dövlətə qalan 82 adda külli miqdarda əmlak 1920-ci il avqustun 2-də maliyyə nazirinin sərəncamı ilə hərraca qoyulmuş və əldə edilmiş məbləğ dövlət büdcəsinə keçirilmişdi.
Amerika Birləşmiş Ştatları da ermənilərə
həm hökumət, həm də ayrı-ayrı ermənipərəst
təşkilatlar vasitəsilə yardımlar edirdi.
ABŞ-ın İstanbuldakı baş komissarı admiral Bristol
1921-ci il martın 28-də doktor Bartona göndərdiyi məktubunda
Ermənistanın ABŞ-a olan borcları haqqında
yazırdı: “Sizin məktubunuzdan öyrəndim ki, Ermənistana
borc pul verilməsi uğrunda hərəkat
başlanmışdır, həqiqətən çox təəccübləndim.
Biz artıq Ermənistana
50 milyon dollardan artıq vermişik və o pul itirilib. Mən
belə borclar verilməməsini təklif edirəm. Başqa
bir borc verilməsi, sadəcə yaxşı pulu pis işə
sərf etmək olardı”.
1918-1920-ci
illərdə Qarabağda soyqırımı törədən
erməni daşnakları kəndləri məhv edərək,
minlərlə azərbaycanlını öz doğma
yurd-yuvasından qovdu. Nuru paşanın rəhbərliyi ilə
Türk-İslam Ordusu Xosrov bəy Sultanovun
başçılıq etdiyi müqavimət hərəkatı
ilə birgə 1920-ci il iyun ayının əvvəllərində
Şuşanı XI ordunun silahlı dəstələrindən
təmizləyə bilsə də, Dağlıq Qarabağa rus
və erməni quldurlarına kömək məqsədi ilə
gətirilmiş birləşmiş ordu hissələri iyunun
15-də Şuşada Sovet hökumətini bərpa etdi.
1920-ci il
aprel ayının ortalarında Azərbaycan parlamenti
Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveç,
Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya,
Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis
etmək haqqında qanun qəbul etdi. Bir sıra xarici dövlətlərin
nümayəndəlikləri isə Azərbaycanda fəaliyyətə
başlamışdı. Artıq AXC hökuməti beynəlxalq əlaqələr sisteminə daxil
olurdu. Bu da Şərqdə ilk demokratik müsəlman dövlətinin
fəaliyyətini genişləndirilməsini istəməyən
qüvvələri bərk təşvişə
salmışdı. Aprelin 28-də
XI ordunun Azərbaycanı işğalı ilə Şərqin
ilk demokratik müsəlman dövləti – Azərbaycan Xalq
Cümhuriyyətinin süqut etməsi respublikamızın beynəlxalq münasibətlər
sistemində müstəqil dövlət kimi
iştirakını dayandırdı.
1920-ci ildə
mövcud tarixi şəraitin doğurduğu
qarışıqlıqlar içərisində itirilmiş
milli dövlətçiliyimizin XX əsrin sonunda yenidən bərpası
xalqımızın milli-azadlıq ruhunun yaşadığını təsdiqlədi.
26 il əvvəl, 1991-ci il oktyabrın 18-də “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya
Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin
yeni mərhələsinin başlanğıcına qədəm
qoydu.
Xalqın
təkidi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi
olması yolunda qətiyyətli addımlar atıldı və
bu sahədə qarşıya çıxan çətinliklər
aradan qaldırıldı.
Bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevirib. Dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri, bugünlərdə böyük təntənə ilə başa çatmış, beynəlxalq ictimaiyyətin diqqətini respublikamıza cəlb etmiş IV İslam Həmrəyliyi Oyunları da ölkəmizin təkcə müsəlman aləmində deyil, dünya birliyində də sayılıb-seçilən dövlət olmasından xəbər verir.
Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru, professor
Xalq qəzeti.- 2017.- 27 may.- S.6.