Novatorluq sənətkarı
yaşadır,
sənəti isə zənginləşdirir
Musiqi tədqiqatçıları yazırlar ki,
XIX əsrin görkəmli tar
ifaçısı Sadıqcanın (Mirzə Sadıq Əsəd
oğlu) yaşayıb-yaratdığı
illərdə Bakı, Gəncə, Şamaxı və İrəvandakı
sənətkarlardan başqa, onun doğulub- böyüdüyü Qarabağda,
Şuşada yüzdən artıq məşhur tar
ifaçısı var idi.
Sadıqcanın tarixə düşməsinin əsas səbəbi
isə onun novatorluğu
idi. Görkəmli qarmon
ifaçısı Kor Əhədin
(Əhəd Əliyev) də adını mədəniyyət
tariximizə məhz novatorluğu, qarmon ifasına özünəməxsus
yeniliklər gətirməsi yazmışdır.
Azərbaycan musiqi mədəniyyətinin xoşbəxtliyidir ki, ifaçılarımız arasında zaman-zaman “ilk”lərə imza atan sənətkarlar yetişir. İndi haqqında söz açmaq istədiyimiz sənətkarlardan biri də müasir qarmon ifaçılığında öz dəsti -xətti, virtuoz ifası və novatorluğu ilə seçilən Xalq artisti Ənvər Hidayət oğlu Sadıxovdur.
1966-cı il aprelin 30-da Bakıda ziyalı ailəsində dünyaya göz açan Ənvər Sadıxov musiqiyə erkən yaşlarında həvəs göstərib. Ailədə iki qızı musiqi ilə məşğul olduğundan atası Hidayət müəllim oğlu Ənvərin böyüyəndə elmlə məşğul olmasını arzulayırdı. Ənvərin qarmona olan həvəsinin günü-gündən artdığını görüncə, atası ona “Kazan” qarmonu alır. Fitri istedadı, yüksək qavrama qabiliyyəti və musiqi duyumu ilə seçilən Ənvər az bir vaxtda “ Kolxoz rəqsi”, “Uzundərə”, “İnnabı”, “Tərəkəmə” və digər milli rəqs nümunələrini ifa edir. 10–11 yaşlı uşağın xoşagəlimli ifası, ilk növbədə, təhsil aldığı 63 saylı məktəbin rəhbərliyinin və müəllimlərinin diqqətindən yayınmır. İstedadlı yeniyetmə məktəbin əksər tədbirlərində fəal iştirak edir. İlk çıxışını müəllim və şagirdlərin alqışlarla qarşılaması onu könül verdiyi sənətə bir az da yaxınlaşdırır. Məktəb rəhbərliyindən aldığı fəxri fərmanı isə bu gün də uşaqlıq illərinin ən xoş xatirəsi kimi qoruyub saxlayır.
Çoxları kimi Ənvərin də böyük səhnəyə yolu bədii özfəaliyyətdən– “Bakı fəhləsi” mədəniyyət evi nəzdində yaradılmış ansambldan başlayır. Qarmon müəllimi Tağı Tağıyevdən milli musiqimizin incəliklərini, xalq rəqslərini səylə öyrənir. Qısa zamanda ansamblın aparıcı musiqiçilərindən olur. Solo ifaçı kimi özünü təsdiq edib konsertlərdə, rayon şənliklərində, ümumittifaq bədii özfəaliyyət kollektivlərinə baxış müsabiqələrdə uğurla çıxış edir. Çox çəkmir ki, Azərbaycan musiqi ictimaiyyəti Ənvər Sadıxovun peşəkar, mahir qarmon ifaçısı kimi tanıyır. Ali təhsil almağı da unutmur. 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsini bitirir, 2016-cı ildə Milli Konservatoriyada magistr dərəcəsi alır.
Ənvər Sadıxovun çoxşaxəli, zəngin yaradıcılıq yolundan ətraflı söz açmaq üçün onun özü ilə görüşüb söhbətləşdik.
–Ənvər
müəllim, sizcə, müasir qarmon ifaçısı hansı keyfiyyətləri
ilə seçilməlidir?
–Gəlin bu məsələyə bir anlıq başqa prizmadan yanaşaq. Yada salaq ki, vaxtilə dövrün ən mahir qarmon ifaçıları Əhəd Əliyev, Teyyub Dəmirov, Məmmədağa Ağayev, Səfərəli Vəzirov və bir çox digər sənətkarlarımız öz ifaları ilə xalqın rəğbətini qazanmışlar. Onlar musiqi təhsili görməsələr də, notu bilməsələr də zamanında ən sevilən musiqiçilərdən sayılıblar. Bu gün həyatda olmasalar da, ifaları teleradionun qızıl fondunda qorunub saxlanılır. Lakin zaman dəyişdiyi kimi, xalqın musiqi zövqü də yeniləşir. Bugünün peşəkar qarmon ifaçısı da dövrlə ayaqlaşmalıdır. Bunun üçün isə musiqinin bütün janrlarını, notu bilməli, ən başlıcası, milli musiqimizə, muğam dünyamıza dərindən bələd olmalıdır. Milli musiqini sevmədən, onu duymadan peşəkar sayıla bilməzsən.
–Qarmon
və akkordion hər ikisi
klavişli alət olsa
da, bir-birindən fərqlənir. Hər ikisinin mahir
ifaçısı sayılırsınız. Bunlar arasında fərqi nədə görürsünüz?
–Akkordionun üç oktava yarım səs diapozonu və ahəngi dəyişən 11 registri var. Bu da kifayət edir ki, istədiyin klassik əsəri ifa edəsən. Qarmonda isə bu imkan məhduddur. Çünki cəmi iki oktava yarım səs diapozonu var. Mənim isə uşaqlıqdan simfonik əsərlərə, estrada, caz musiqisinə marağım var. A. Vivaldinin “İlin fəsilləri”nə, İ. S. Baxın kiçik indensiyalarına dönə-dönə qulaq asmaqdan doymazdım. Belə əsərləri birdən-birə qəbul etmək olmur. Lakin musiqidə olan melizmi, texnikanı görüncə, bu əsərlərə daha çox bağlanırdım. Ən böyük arzum isə klassik musiqi əsərlərini çalmaq olub. Çoxları mənə “iki alətdən birini seç”– deyirdi. Cavab verə bilməsəm də qarmona daha çox üstünlük verdim. Sənətdə püxtələşdikcə, zaman özü seçimimin düzgünlüyünü təsdiq etdi.
–Zamanın bu təsdiqi özünü
ötən il may
ayının 23-24-də Beynəlxalq Muğam
Mərkəzində verdiyiniz “Təəssürat” adlı
ikisaatlıq solo konsertinizdə də
göstərdi. Proqrama
milli musiqi nümunələrimizlə yanaşı, simfonik
və estrada əsərləri də
salınmışdı. R. Babayevin çox mürəkkəb caz əsəri olan
“Fantaziya”sı, yeni aranjımanda ifa etdiyiniz “Üç gündən bir,
beş gündən bir”
xalq mahnısı, texniki
cəhətdən çətin olan R.Korsakovun “Arı uçuşu”
və F.Sücəddinovun eyniadlı əsəri, E.Sabitoğlunun valslarından ibarət popuri, V.Motsart və Ü.Hacıbəyli əsərlərinin
sintezi olan popuri, Adios Noninonun “Tongo”su, qızınız Tamilla
Sadıxbəylinin “Təəssürat” və digər bir-birindən fərqli ifalarınız, əslində,
tamaşaçılara bəxş olunmuş
bir musiqi çələngi
idi. Bütün janrların
öhdəsindən məharətlə gəldiniz.
Açığını deyim ki, instrumental
ifaçılar arasında ikisaatlıq konserti
dayanmadan ifa etmək hələ
heç kəsə müəssər
olmayıb.
– Əslində, bu mənim çoxdankı arzum idi. Müğənni səsi, hərəkəti, geyimi ilə diqqəti özünə cəlb etməklə konsertin vaxtını uzada bilir. Lakin instrumental ifaçı yalnız yüksək ifaçılıq məharətinə və repertuar zənginliyinə arxalanır. Bu səbəbdən, konsertimdə heç bir müğənninin iştirak etməsini istəmədim. Ürəyimdə tutduğum rəqs və xalq mahnılarını, xarici ölkə bəstəkarlarının texniki cəhətdən çətin olan əsərlərini tək ifa etdim. Bu, bir eksperiment idi. Adını “Təəssürat” qoymağım da təsadüfi deyildi. Bu, həm qızım Tamilla Sadıxbəylinin əsərinin adıdır, həm də tamaşaçıların konsertdən alacaqları təəssüratı nəzərdə tuturdum.
–“İmprovizə”,
“Sintez”... son zamanlar bu ifadələr musiqi aləmində tez-tez
işlədilir. Müasir musiqidə
improvizə nədir? O, musiqimizin ana xəttinə
xələl gətirib dinləyicini yormur ki?
–Təbii ki, yora bilər. Nizami Gəncəvinin təbirincə desək:
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd
verir o da.
Musiqiçi hər hansı bir əsərdə improvizə edərkən çalışmalıdır ki,
ilk növbədə, əsərin
ana xəttinə xələl gətirməsin. Ümumiyyətlə,
“improvizə” ifaçının əsərə
fərdi yanaşma tərzidir. Özünün əsərə gətirdiyi
yenilikdir. Hər yenilik
isə heç də birmənalı qarşılanmır. Məsələn,
bu gün dünya musiqi ictimaiyyətinin sevdiyi A.Piazollanın
“Liber tango”su ilk vaxtlar tənqidlə qarşılanmışdı. Əvvəllər belə
dəyişikliklər bir
o qədər qəbul
edilmirdi. Lakin bu gün dünyada gedən müsbət dəyişikliklərdən
geridə qala bilmərik. Cəmiyyətimiz daim yeniliyə
üz tutmalıdır.
Bir şərtlə ki, dünənimizi, soy-kökümüzü
unutmayaq.
–“Anver Sadıkov iz Baku!” Bu başlıq altında
2001-ci ildə Rusiyanın
tanınmış akkordeon
ifaçısı Valeri
Kovtun “Åõî Moskvı” radiosunda
ikisaatlıq verilişində
sizin virtuoz ifanızı və repertuar zənginliyinizi xüsusi qeyd etmişdi. Veriliş boyu sizin ifanızda səslənən
“Uzundərə” rəqsi,
R. Qasımovanın “Anacan
dostum evlənir”, A.Piazollanın “Liber tango” və digər çalğılar verilişi
daha da yaddaqalan
etmişdi.
–Bu gün Azərbaycanda qarmon geniş texnikaya, tembrə, ifadə imkanlarına malik olan bir
konsert alətinə çevrilmişdir.
“İzlə gedənin izi qalmaz” söyləyib atalar. Bu səbəbdən
də Əhəd Əliyev, Teyyub Dəmirov, Aftandil İsrafilov, Zakir Mirzəyev yaradıcılığına
dönə-dönə müraciət
etdim. Hər bir ifaçının
öz yolu, öz ifa tərzi
olduğu üçün
bu yollar ayırıcında öz
yolumu tapmaq, izimi qoymaq istəyirdim. Ən başlıcası isə
arzularımın çin
olması üçün,
ilk növbədə, yeni
quruluşlu qarmon
yaratmağa can atırdım.
Elə bir qarmon ki,
həm səs ahənginə, həm çəkisinə, həm
də səs diapozununa görə əvvəlkilərdən tam fərqli
olsun. Buna isə zaman gərək idi.
–Nədən başladınız?
–90-cı
illərdən başlayaraq,
bu sual mənə
bir an rahatlıq
vermirdi. Dünyanın hər yerində
bütün alətlər
böyük oktavanın
“fa” notundan başlayır. Akkordeonda da
belədir. Qarmonda
isə kiçik oktavanın “do” notundan bəmə doğru səs düzümü yoxdur. Səs diapazonunun azlığından
istədiyin melodiyanı,
klassik əsərləri
ifa edə bilmirsən. Ona görə qərara gəldim ki, “fa” ən çox
işlənən not olduğundan zilə doğru yox, bəm səsi “fa”ya qədər artırım və əlavə olaraq qarmona səs ahəngini bir oktava qaldıra biləcək registr əlavə edim. Beləliklə, 2 oktava yarımlıq səs diapazonu olan qarmon “fa”ya qədər
artımın sayəsində 3, əlavə
1 oktavalıq registr hesabına isə 4 oktavalıq tam yeni qarmon ərsəyə gələ bilər.
Lakin bütün
bu hesablamalarım hələlik bir istək olaraq qalırdı. 90-cı illərdə – respublikamızın
ağrı-acılı günlərində
bu fikrimdən müvəqqəti olaraq daşındım. Nəhayət, 10 illik fasilədən sonra 2001-ci ildə bu – olduqca çətin
layihənin icrasına
başlayıb 2004-cü ildə
uğurla bitirdim.
İllərdən bəri arzusunda
olduğum qarmonu ərsəyə gətirə
bildim. İlk çaldığım əsər isə T. Quliyevin “Qaytağı”sı
oldu.
Yeri gəlmişkən
deyim ki, Azərbaycan qarmonunun yeni quruluşu bədnam qonşular tərəfindən mənimsənilməsin
deyə, 2013-cü ildə
Ənvər Sadıxov
qarmonun təkmilləşdirilməsinə
dair müəlliflik hüququ alır. Soydaşımızın novatorluğu
sayəsində Azərbaycanda
bu ideyadan bəhrələnən cavan
sənətkarlar
günü-gündən artır.
Ənvər Sadıxov
Türkiyə, Fransa,
ABŞ, Norveç,
İsveç, Finlandiya,
Almaniya, Misir və bir sıra digər
xarici ölkələrdə
qastrol səfərlərində
olaraq milli musiqi nümunələrimizi
layiqincə təmsil etmiş, Azərbaycan qarmonunun dünya musiqi alətləri sırasında özünəlayiq
yeri olduğunu sübuta yetirmişdir. Heydər Əliyev
Fondunun təşəbbüsü
ilə UNESKO-nun bir çox layihələrində
solo çıxışları Ənvər Sadıxova dünya şöhrəti
gətirir.
Ənvər Sadıxovun 2017-ci il avqustun 19-da Qəbələdə verdiyi 19 kompozisiyadan ibarət konsert ötən aylarda musiqi ictimaiyyətinin dilindən düşmür.
Proqrama daxil olmuş muğam nümunələrini, milli
rəqslərimizi, ifalarındakı
melizmi, xırdalıqları
eşidən xarici qonaqlar Azərbaycan musiqisinin zənginliyinə heyran
qalırlar. Milli Konservatoriyanın rektoru Xalq artisti, professor Siyavuş Kəriminin layihəsi əsasında Skandinaviya ölkələrində
qastrol səfərlərində
olarkən “Skruk” xoru ilə birgə
ifası, Xalq artisti Brilyant Dadaşova və Əməkdar artist İlqar
Muradovla çıxışları da
Ənvər Sadıxova
yeni uğurlar qazandırıb.
Tanınmış ifaçı AzTV-nin nəzdində yaratdığı və 2006-cı ildən fəaliyyət göstərən “Qaytağı” instrumental ansamblına bədii rəhbərliyi yüksək peşəkarlıqla davam etdirir. Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə Ənvər Sadıxov 2007-ci ildə Əməkdar artist, 2014-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Bu gün radionun qızıl fondunda onun ifasında onlarca musiqi nümunələrimiz saxlanır.
Ənvər Sadıxov hazırda Milli Konservatoriyanın müəllimidir. Ustadlarından öyrəndiklərini həvəslə gənc nəsilə öyrədir. Onu da yaxşı bilir ki, hər yenilik soykökümüzə bağlılıq üzərində boy atır.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2017.- 5
noyabr.- S.7.