Rəssam ömrünün
rəng çalarları
Xalq rəssamı Mirnadir Zeynalovun əsərlərini seyr edəndə mənə elə gəlir ki, bu sənətkar rənglərin dili ilə böyük həqiqətləri tamaşaçıya anlatmaqda, ürəyinin dərinliklərində yaşatdığı hissləri bölüşməyə çalışır. Bu əsərlərdə zamanla məkanın abstrakt görüntüsündən tutmuş, müasir dünyanın rənglərlə ifadə olunmuş problemlərinə qədər ən aktual məsələlər öz əksini tapır. Xüsusilə, Abşeronun sərt təbiəti, buranın insanları həmin əsərlərin əsas qəhrəmanlarına çevrilib. Bu da təsadüfi deyil. Mirnadir Zeynalov Abşeron rəssamlıq məktəbinin yetirməsidir.
O Abşeronda, Buzovna kəndində 1942-ci il noyabrın 12-də dünyaya göz açıb. Onun rəssam kimi formalaşmasında Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrinin – Cavad Mircavadovun, Qorxmaz Əfəndiyevin, Kamal Əhmədovun, Ənvər Əsgərovun, Nazim Rəhmanovun, Fərhad Xəlilovun təsiri olmuşdur. Buzovna təbiətini çox sevdiyini bildirən Mirnadir Zeynalov burada olan hər şeyin ona xüsusi zövq verdiyini deyir. Abşeronun sərt təbiətini, onun gözəlliklərini özündə əks etdirən tabloları isə olduqca gözoxşayandır. Onlar arasında “Tək ağac” (1974), “Köhnə kənd” (1989) əsərlərini xüsusi qeyd etmək istərdim.
Rəssam ilk əsərlərini realist üslubda çəksə də, daha sonra abstrakt tablolar yaratmağa başlamışdır. Canlı rəngləri əks etdirən rəssam yaradıcılığının özəyini başlıca olaraq spektrin əsas rəngləri əsasında qurmuşdur. Bu rənglər sənətkarın sırf özünüifadəsi kimi çıxış edir. Rəssamın yaradıcılığının keçid dövründən əvvəl, yəni realist üslubda işlədiyi zamanlardakı əsərlərinə ailə üzvlərinin – babasının, ata-anasının, digər insanların portretləri və naturadan işlər aiddir.
Mirnadir müəllim ilk peşə təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində almış, sonra Moskva Poliqrafiya İnstitutunun qrafika fakültəsini bitirmişdir. Rəssam ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycan boyakarlığında öz yerini tuta bilmişdir. Əsərləri sərgiləri, şəxsi kolleksiyaları bəzəmiş, neçə-neçə muzeyin daimi eksponatına çevrilmişdir.
Onun dəsti-xətti həmişə tanınır, emosional, ifadəli, rənglərin harmoniyasından yaranan tabloları öz məziyyətləri ilə seçilir.
1976-ci ildə Moskvada keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomunu almışdır.
1970-1980-ci illərdə xarici ölkələrlə bağlı əsərlərinin sərgiləri keçirilirdi. 1987-ci ildə Hindistana həsr olunmuş iki fərdi sərgisi keçirilmişdir. O, Hindistanda yaradıcılıq ezamiyyətində olarkən “Çay kənarı”, “Hind məbədi”, “Hind həyəti” mənzərələrini yaratmışdır. Hindistan silsiləsinə, həmçinin bir sıra qadın portretləri – “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” kimi əsərlər daxildir. Onun “Yaz bağı” adlı əsəri 1989-cu ildə Bakıda keçirilən Xəzəryanı bienaledə bürünc medalla təltif layiq görülmüşdür. Əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anñeles kimi şəhərlərdə, habelə Hindistanda, Misirdə, İraqda, Yaponiyada və başqa ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilmişdir.
Sənətşünaslar Mirnadir Zeynalovun yaradıcılığında əsas iki prinsipin özünü büruzə verdiyini qeyd edirlər. Onlardan birincisi fiqurların ön planda olmaması, ikincisi isə, rəng ritmlərinin yolunun qabarıq əks etdirilməsidir.. Bu barədə rəssam özü belə deyir: “Predmetsiz rəngkarlıq Kainatdır. Onu başa düşmək, anlamaq üçün səviyyəli şəxsiyyət olmaq lazımdır”. Buradan da rəssamın əsasən Qərb incəsənətindən, ilk növbədə Pikassodan bəhrələndiyini aydın hiss etmək olur.
Əlvan rənglərlə, mücərrəd formalarla, canlı ritm, emosional və ekspressiv rəmzlərlə zəngin olan əsərlərindən “İfa”, “Külək, duman və yağış”, “İşığın yaradılması”, “Yaradıcılıq”, “Səmanın ürəyi”, “Meditasiya”, “İmperatorun taxtı”, “Uydurma” və s. öz fərdi üslubu ilə yadda qalır.
Çox vaxt rəssamların əsərlərini onların daxili aləminə açılmış işıqlı pəncərəyə bənzədirlər. Bu mənada Mirnadir Zeynalovun sənəti müxtəlif üslub və janrlarda yaratdığı tabloları insanları dərindən düşünməyə sövq edir.
Rəssamın yaradıcılıq eşqi 75 illiyinin qeyd edildiyi bu günlərdə də ona ilham verir və yeni sənət inciləri yaratmağa şövq edir. Mirnadir Zeynalova yaradıcılıq axtarışları və uğurları arzulayırıq.
Elçin ORUCOV,
Əməkdar mədəniyyət
işçisi, rəssam
Xalq qəzeti.- 2017.- 11
noyabr.- S.13.