Bakıda Türk Filmləri Həftəsi

 

Bu münasibətlə Nizami Kino Mərkəzində keçirilən açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Prezidentinin mədəniyyət məsələləri üzrə baş müşaviri Yalçın Topçu, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

 Nazir Əbülfəs Qarayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda türk filmlərinə böyük maraq var: “Türk Filmləri Həftəsinin açılışı türk filmlərinə marağı və sevgisi olan insanlar üçün böyük hədiyyədir. Bu cür tədbirlər bizim mədəniyyətlərimizin bir-birinə daha yaxından tanıdılmasında böyük rol oynayır. Festivalların keçirilməsi mədəniyyət dəyərlərinin bir araya gəlməsində böyük əhəmiyyətə malikdir”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral festivalın Bakıda keçirilməsini əlamətdar mədəniyyət hadisəsi kimi dəyərləndirib: “Üçüncü dəfə keçirilən bu festival iki ölkənin kino xadimlərinin bir-birinə daha yaxından tanıdılmasında böyük rol oynayacaq. İnanıram ki, festival insanların böyük marağına səbəb olacaq, tamaşaçılar filmləri maraqla seyr edəcəklər”.

Türkiyə Prezidentinin mədəniyyət məsələləri üzrə baş müşaviri Yalçın Topçu müasir kinonun inkişafından danışıb, mədəni əlaqələrin daha sıx qurulmasının vacibliyinə diqqət çəkib.

Tədbirdə festivalın baş koordinatoru Öner Kılıç çıxış edərək, “Türk filmləri həftəsi” barədə məlumat verib. Diqqətə çatdırıb ki, beş gün ərzində tamaşaçılara hər gün 5 türk filmi təqdim olunacaq. Noyabrın 20-dək davam edəcək festival çərçivəsində tamaşaçılar “Yeni dünya” filmi ilə yanaşı, rejissor Bilal Babaoğlunun “Aşık”, rejissor Sinan Sertelin “Bir gün bir çoçuk”, rejissor Alper Çağların “Dağ-2” və rejissor Emre Konukun “Çırak” filmlərini ödənişsiz izləmək imkanı əldə edəcəklər.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 19 noyabr.- S.7.