QHT-lər üçün film festivalı
Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası və Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının birgə
təşkilatçılığı ilə ölkəmizdə
film festivalı keçirləcək. Məqsəd QHT-lərin
ölkəmizin milli maraqlarının beynəlxalq aləmdə
təbliği sahəsində gördüyü işləri
geniş ictimaiyyətə təqdim etməkdir. Şurada
peşəkar kino mütəxəssislərindən təşkil
olunmuş münsiflər heyətinin iclası keçirilib.
Şuranın sədri Azay Quliyev QHT-lərin fəaliyyətindən
söhbət açaraq bildirib ki, onlar milli
maraqlarımızın qorunması və cəmiyyəti
narahat edən ictimai problemlərin həlli istiqamətində
geniş fəaliyyət göstərir.
Xalq artisti, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Şuranın təşəbbüsünü yüksək qiymətləndirib. O,bu festivalın kinonun və bütövlükdə, mədəniyyətin inkişafına xidmət etdiyini bildirib. Həmçinin Xalq artisti cəmiyyət həyatının bütün sahələri ilə bağlı maarifləndirmə işi aparmaq üçün kinonun əhəmiyyətli vasitə olduğunu diqqətə çatdırıb.
Münsiflər heyətinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev deyib ki, bu festival mədəniyyətin inkişafına xidmət edir. O bildirib ki, festivalda iştirak etmək üçün QHT-lər müvafiq qaydada şuraya müraciət edəcəklər. Festivala 2008-2016-cı illərdə çəkilmiş 100-dən artıq film təqdim edilib . Hər bir film xüsusi forma əsasında 10 ballıq sistem üzrə qiymətləndiriləcək.
Əməkdar incəsənət xadimi Rafael Qəmbərov, kinoşünas Ülvi Mehdi, fəxri mədəniyyət işçisi, kinoşünas Rəşad Qasımov, kinorejissor İlqar Safat çıxış edərək QHT-lərin ictimai həyatın müxtəlif sahələri üzrə maraqlı filmlər çəkdiklərini qeyd ediblər.
Münsiflər heyəti iclasda yekun tədbirin təşkili, mükafatların eskizlərinin hazırlanması və digər məsələlər haqqında yekdilliklə qərar qəbul edib.
Qeyd edək ki, festivalın təqdimetmə mərasimi noyabrın 24-də keçiriləcək.
Ülviyyə
VAHİDQIZI
Xalq qəzeti.- 2017.- 19 noyabr.- S.7.