Milli teleradio məkanında ədəbi dil

normalarına necə əməl olunur?

 

Azərbaycan türkcəsi ən qədim, ən zəngin, ən ahəngdar dillərdən biridir. Əsrlər boyu ərəb, fars və rus dillərinin təsiri altında olmasına baxmayaraq, ana dilimiz özəl keyfiyyətlərini qoruyub-saxlamaqla yanaşı, həm də zaman-zaman inkişaf edə, cilalana bilmişdir.

Bu, bir tərəfdən, dilin özünün qüdrəti ilə şərtlənirsə, digər tərəfdən, ayrı-ayrı tarixi şəxsiyyətlərin – dövlət adamlarının, incəsənət xadimlərinin, yazıçı və şairlərin gərgin əməyinin nəticəsidir. Təkcə son 25 ildə bu sahə ilə bağlı 20-dən çox rəsmi sənəd qəbul edilib. Onlardan ən əhatəlisi və tətbiqi baxımından ən önəmlisi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il aprelin 9-da təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”dır. Bugünlərdə isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası”nın yeni tərkibini təsdiq etmişdir.

Oxuculara təqdim olunan bu araşdırma materialında ekran və efirdə ədəbi dil normalarının 3 yöndə – leksik, qrammatik və orfoepik qaydalara məhəl qoyulmadan pozulması halları və faktları konkret nümunələr əsasında izlənilmişdir. “Xalq qəzeti”nin 26 oktyabr tarixli sayında leksik, 7 noyabr tarixli sayında isə qrammatik normaların pozulması hallarından bəhs olunmuşdur. Sonuncu yazı isə kütləvi auditoriya olan teleradio məkanında ana dilimizin orfoepik normalarının pozulması təzahürləri barədədir.

 

III. Orfoepik normaların pozulması halları

 

Qəzet-jurnal nitqində əsas problem sözlərin orfoqrafiya qaydalarına uyğun olaraq düzgün yazılışıdırsa, radio və televiziya nitqində vacib məsələlərdən biri sözlərin, söz birləşmələrinin, sintaqmların, cümlələrin düzgün tələffüzüdür. Teleradio nitqini fərqləndirən cəhətlərdən biri budur ki, o özündə həm yazılı, həm də şifahi nitqin əlamətlərini əks etdirir. Radioda, televiziyada çıxış edən hər bir kəs fikirini şifahi formada çatdırmağa çalışsa da, əvvəlcədən hazırlanmış müəyyən yazılı mətnlə (ssenari ilə, çıxış mətni ilə, müəyyən tezislərlə və s.) bağlı olur.

Rus dilçisi professor A.Peşkovski hələ ötən əsrin 20-ci illərində, televiziyanın olmadığı bir vaxtda ədəbi dildən bəhs edərək yazırdı: “Ədəbi dildə danışmaq, yəni eyni zamanda həm yazılı nitqin qanunlarına tam əməl etmək, həm də şifahi nitqin xüsusiyyətlərini nəzərə almaq və dinləyicinin psixikasını oxucunun psixikasından fərqləndirməyi bacarmaq o qədər də asan deyil. Bu, ədəbi nitqin xüsusi-- ayrıca bir növüdür. Elə bir növü ki, mən onu yazılı nitqin şifahi nitqə uyğunlaşdırılması adlandırardım”. Bu mülahizəni tamamilə RTV nitqinə də aid etmək olar.

Təəssüf ki, mikrofon və kamera qarşısında çıxış edən şəxslər, o sıradan aparıcılar çox zaman canlı efir nitqinin bu xüsusiyyətini unudur, sözləri yazıldığı kimi tələffüz etməyə çalışırlar. Bu da ondan irəli gəlir ki, düzgün tələffüz qaydaları ailədə, orta və ali məktəblərimizdə pis, bəzən isə əksinə öyrədilir.

Ötən dövrlərdə Azərbaycan ədəbi dilinin yazılı qoluna aid normaların müəyyənləşdirilməsi və qaydaya salınması sahəsində xeyli iş görülsə də, düzgün tələffüz qaydaları sahəsində boşluq çoxdur. Bəzilərinə elə gəlir ki, kitab cümlələri ilə danışmaq, sözü yazıldığı kimi tələffüz etmək yüksək savadlılıq əlamətidir. Əslində isə belə deyil. Yazının öz qaydaları olduğu kimi, danışığın da öz normaları var və onlara əməl etmək hamının borcudur.

Düzgün danışıq qaydalarını öyrənən dilçilik sahəsinə orfoepiya deyilir. “Orfos” yunanca-- sadə, düzgün, “epos”-- danışıq deməkdir. Yazılı ədəbi dilin üslubları olduğu kimi, şifahi ədəbi dilin də fərqlilikləri var. Bunlar danışığın hansı şəraitdə getməsindən, hansı tərzdə və məzmunda olmasından asılıdır. Mövcud ədəbiyyatda şifahi nitqin 2 əsas üslubundan bəhs olunur: akademik üslub və sərbəst üslub.

Akademik üslubdan ən çox elmi məclislərdə, orta və ali məktəb dərslərində istifadə olunur. Bu üslubun özəlliyi burasındadır ki, sözlərin fonetik qabığını təşkil edən səslər məxrəclərinə görə çox aydın, bəzi hecalar isə ayrılıqda, xüsusi intonasiya ilə tələffüz olunur. Bu üslubda məntiqi vurğu xüsusi rol oynayır, yeni sözlər, terminlər, ifadələr dinləyiciyə son dərəcə aydın şəkildə çatdırılır, onların mənası açıqlanır. Sərbəst üslubdan isə adi danışıqlarda, ailə-məişət söhbətlərində, adi hadisələr barədə məlumat verərkən istlfadə olunur.

Radio və televiziyada bu üslubların qovuşuğu daha geniş yer tutur, yəni verilişin xarakterindən asılı olaraq ya akademik üslub, ya da sərbəst üslub üstünlük təşkil edir, yaxud hər ikisi bərabər səviyyədə işlədilir. Akademik üslubda orfoepiya qaydalarından yayınma halları təbiidir, çünki bəzən yeni söz, termin və ifadələrin etimologiyasını, müasir anlamını açmaq üçün onları yazıldığı kimi tələffüz etmək lazım gəlir. Sərbəst üslub, bütövlükdə, orfoepiya qaydaları əsasında fəaliyyət göstərir, qarışıq üslubda isə bu qaydalara təxminən 50+50 nisbətində əməl olunur.

Konkret olaraq radio və televiziya jurnalistlərinin çıxışlarından danışarkən demək lazımdır: audio və audiovizual mətn yazılı fikirin şifahi ifadəsi olduğu kimi, ekran-efir jurnalistinin çıxışı da akademik üslubla sərbəst üslubun müəyyən nisbətdə (çıxışın mövzusundan asılı olaraq) sintezindən yaranmış audio və audiovizual üslubdur.

Teleradioda orfoepiya qaydalarına əməl olunması çıxışa təbiilik gətirir, onun inandırıcılığını, emosional təsir gücünü artırır, dinləyicini, tamaşaçını yormur, əsəbiləşdirmir. Bir neçə orfoepik normaya və onların ekran-efirdə pozulması hallarına baxaq:

1. Yazıda “q” hərfi ilə bitən sözlərdə q ya x, ya da k' (kurs) kimi tələffüz olunur: otax, qulax; eşk', şəfək' və s. Q-x əvəzlənməsi xalis Azərbaycan sözlərində (bulaq-bulax) və son hecasında a saiti olan bəzi alınma sözlərdə (təmtəraq-təmtərax), q- k' əvəzlənməsi isə daha çox alınma sözlərdə müşahidə olunur (üfüq-üfük', filoloq-filolok' və s.) : “Zəvvarlarımız müqəddəs torpaqlara [torpaxlara] yola salınacaq (salınacax)”.

2. Rus və Avropa mənşəli sözlərdə vurğusuz “o” saiti vurğulu hecadan əvvəl a kimi tələffüz olunur: kasmana'vt, samava'r, manalo'k və s. “O” saiti vurğu altında olanda və vurğulu hecadan sonra gələndə o kimi tələffüz edilir: ko'smos. Pozulma halları: “Çıxış edən komitə [kamitə] sədri görülmüş işlərə yekun vurdu”; “Qlobal [qlabal] iqlim dəyişikliyi alimləri narahat edir”.

3. Alınma sözlərdə bir qalın, bir incə (yaxud əksinə) sait yanaşı gəldikdə tələffüz zamanı onların arasına y samiti əlavə olunur: na+y+il; pa+y+ema; si+y+am; di+y+ametir; eqa+y+ist və s. Efirdə yanlış səsləndirilən “Na:il olmaq istədiyiniz hər şeyə görə əlinizdən gələni etməlisiniz” cümləsi, əslində, belə tələffüz edilməlidir: “Nayil olmağ istədiyiniz hər şeyə görə əlinizdən gələni etməlisiz.

4. Rus dilində tərkibində “ö (ts)” olan ümumi isimlər azərbaycanca s ilə (öèðê - sirk; ëèöåé - lisey; àáçàö - abzas), xüsusi isimlərdə isə sözün əvvəlində s (Öèàëêîâñêèé - Sialkovski), ortasında və sonunda isə ts ilə yazılır və deyilir: Êóçíåöîâ - Êuznetsov; Ìóðîìåö – Muromets. Televerilişlərdən nümunələr: “İctimai təşkilat və siyasi partiyalardan olan müşahidəçilərin qeydiyyat protsesi [prasesi] başa çatıb”; “Yeni il münasibəti ilə tsirkdə təşkil olunmuş tamaşa uşaqların xoşuna gəlmişdir”. Əslində, “proses” və “sirk” deyilməli idi.

5. Rus dili vasitəsilə dilimizə keçmiş və ruscada “ü” işarəsi ilə müşayiət edilən, yəni yumşaq tələffüz olunan samitlər Azərbaycan dilində sözün ortasında yumşaq, sonunda isə sərt deyilir: ïàëüòî - pal(ü)to, ðîëü - rol. Demək olar, bütün aparıcılar və verilişlərdə iştirak edən aktyorlar bu cür sözlərin sonunu da yumşaldırlar: “Mənə bu rol(ü) həvalə olunanda məsuliyyətini yaxşı dərk edirdim”; “Ansambl(ü) qostrol(ü)dan təzəcə qayıdıb”.

6. “a” hərfi ilə bitən sözlər yönlük hal şəkilçisi qəbul etdikdə tələffüz zamanı “a” ı səsinə çevrilməlidir: ana+ya – anı+ya; Moskva+ya – Maskıvı+ya. Aparıcılar bu qaydaya, demək olar ki, əməl etmirlər: “Bu dəfə yolumuz Zakatalayadır”. Düzgün tələffüz forması isə Zakatalıyadır.

Bu qaydalar feilin indiki və gələcək zamanlarına da aiddir: ağla+yır--ağlı+yır; bəzə+yir--bəzi+yir. Əvvəlki hecadakı sait dodaqlanandırsa, tələffüz zamanı sonrakı saitlər də dodaqlanana çevirilir: doğra+yır-- doğru+yur; ütü+ləyir--ütü+lüyür. Yanlış tələffüz nümunəsi: “52 yaşlı (yaşdı deyilməlidir) Vəliyev Bəhlul Sahib oğlu Salyan şəhərindəki "Vağzal" şadlıq evində toyda oynayarkən (oynuyarkən olmalıdır) dünyasını dəyişib.

7. “s”, “ş” hərfləri ilə bitən sözlərə “l” ilə başlanan şəkilçi artırdıqda “l” d kimi səslənir: iclas+lar – iclas+dar; daş+lı – daş+dı. Pozulma halları: “Quşların (quşdarın olmalıdır) civiltisi bir-birinə qarışıb”; “Qocaman ağacların (ağaşdarın deyilməlidir) yarpaqları (yarpaxları olmalıdır) arasından süzülən günəş şüaları zorla sezilirdi”.

8. “r”, yaxud “n” ilə bitən sözlərə “l” ilə başlanan şəkilçi artıranda fonetik assimilyasiya baş verir: xəbər+lər – xəbər+rər; heyvan+lar – heyvan+nar və s.

9. ”ilə” qoşması samitlə bitən sözlərdən sonra gəldikdə -nan, -nən formasında tələffüz olunur: kitab+nan; qələm+nən və s. Saitlə bitən sözlərdə “-nan, -nən”dən əvvəl bitişdirici “y” samiti artırılır: gəmi ilə - gəmi+y+nən; ata ilə - atı+y+nan və s.

7-9-cu bəndlərdə göstərilmiş qaydalara aparıcılar nadir hallarda əməl edirlər. Pozulma hallarına aid istənilən qədər misal gətirmək olar.

10. Müasir ədəbi dilimizin tələffüzlə bağlı əsas normaları müəyyənləşdirilərək kodlaşdırılsa da, bəzi aparıcıların nitqində hələ də şivə (ləhcə) danışığına rast gəlinir: “Özüvüzə (özünüzə) iş tapa bilirsiniz?”; “Mən sizinlə (siznən) bir də gələn həftə görüşəjəm (görüşəcəm).

11. Nitq mədəniyyətində əsas məsələlərdən biri də aksentuasiya, yəni vurğunun düzgün qoyulmasıdır. Azərbaycanın teleradio verilişlərində vurğu yanlışlıqları ən çox aşağıdakı 2 halda müşühidə olunur:

a) “İ” ilə bitən kişi adlarına ruslardan gəlmiş “–yev” soyad sonluğu artırıldıqda “i” zəifləyərək tələffüzdən düşür, “Əli+yev” “Əl+yev”ə, “Vəli+yev” “Vəl+yev”ə və s. çevirilir və vurğu son hecadan əvvəlki hecaya keçir ki, bu da dilimiz üçün səciyyəvi olmayan haldır: “Eyvaz Allahve´rdyevi (düzgün variant Allahverdi´yevi ) tutub gətirdilər”.

b) Dilimizdə “-loq” şəkilçisi ilə bitən, təxminən, 10 alınma söz var ki, ekran-efir jurnalistlərimiz onların tələffüzü zamanı vurğu dolaşıqlığına yol verirlər: analoq, apoloq, dialoq, epiloq, kataloq, monoloq, nekroloq, poliloq, proloq. Bu sözlərdən yalnız birində (analoq – oxşar) vurğu ikinci (ana'loq), səkkizində isə üçüncü hecaya düşür. Proloq sözündə isə vurğunun yeri dəyişəndə məna da dəyişilir: pro'loq kilsə kitabı, prolo'q isə bəzi əsərlərdə giriş hissə deməkdir.

Beləliklə, Azərbaycan teleradio məkanında ədəbi dil normalarının səciyyəvi pozulma halları ilə tanış olduq. Əlbəttə, bir neçə qəzet məqaləsində belə mürəkkəbləşmiş problemi tam əhatə etmək mümkün deyil. Bununla bağlı xeyli dərslik, dərs vəsaiti, metodik göstərici və s. var. Təbii ki, onları oxuyub mənimsəmək, praktik olaraq danışıqda tətbiq etmək işin xeyrinə olardı.

Bütün dövlərin təkratlanan “Nə etməli?” sualı bu məsələdə də aktual səslənir. Sadə olmayan cavabı isə aşağıdakı kimi sıralamaq olar:

– Sovet dövründə radioya, yaxud televiziyaya diktor lazım olanda müsabiqə elan olunurdu. Xüsusi komissiya müraciət etmiş şəxslərin xarici görünüşünü, diksiyasını, ümumi dünyagörüşünü, dil və üslub bilgilərini yoxlayaraq, ən yaxşıları seçib işə götürməyə tövsiyə edirdi. Mükəmməl aparıcılar seçmək üçün bu ənənə bərpa edilməlidir;

– müsabiqə zamanı jurnalistika, filologiya və aktyorluq ixtisaslarına üstünlük verilməlidir;

– aparıcılar verilişdən əvvəl mütəmadi olaraq xüsusi davranış və danışıq məşqləri etməlidirlər;

– radio və televiziya şirkətlərində ədəbi redaktor, yaxud ekspert ştatı olmalıdır. Həmin mütəxəssis verilişləri diqqətlə izləməli, azı həftədə bir dəfə aparıcıları toplayaraq onların qüsurlarını nəzərə çatdırmalı, düzəldilməsi üçün məsləhətlər verməlidir;

– teleradio şirkətlərinin, AMEA-nın Dilçilik İnstitutunun, universitetlərin nəzdində daimi fəaliyyət göstərən nitq mədəniyyəti kursları, dərnəklər, təlimlər təşkil edilməlidir.

 

Nəsir ƏHMƏDLİ,

filologiya üzrə elmlər doktoru,

professor, Əməkdar jurnalist

 

Xalq qəzeti.- 2017.- 25 noyabr.- S.6.