Milli Kitabxanada “dəyirmi masa

 

Dünən  Milli Kitabxanada Azərbaycanın  dövlət  müstəqilliyinin 26-cı ildönümünə və Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş  “dəyirmi masakeçirilmişdir.

 

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açmışdır. Sonra ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla xatirəsi yad edilmişdir.

K.Tahirov çıxış edərək, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin əsasını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər olmasından, məhz onun səyi nəticəsində müasir Azərbaycan dövlətinin qurulmasından,  müstəqilliyin əbədi və dönməz xarakter almasından,  ümummilli liderin müəyyənləşdirdiyi inkişaf yolunun onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açmışdır. Qeyd edilmişdir ki,  ümummilli liderin  xalqımız və dövlətçiliyimiz qarşısındakı xidmətlərindən biriYeni Azərbaycan Partiyasını   yaratmasıdır.

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev müstəqilliyin tarixi və dəyərindən, YAP-ın yaranmasından, ümummilli liderin siyasi fəaliyyətinin bütün mərhələlərindən ətraflı danışmışdır.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin  sədri, YAP Siyasi Şurasının üzvü, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasından,  ölkəmizin sürətli  inkişafından, respublikada sabitlik və həmrəyliyin, tolerantlığın təmin olunmasından, müasir Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləməsindən bəhs etmişdir.

Tədbirin sonunda Milli Kitabxananın partiyaya yeni daxil olmuş əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunmuşdur.

İştirakçılar “Heydər Əliyev və müasir Azərbaycan” adlı kitab sərgisi ilə  də tanış olmuşlar.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 19 oktyabr.- S.6.