Milli kinomuzda yeni nəfəs
Onunla
yaşlı vaxtlarında tanış olmuşdum. Sənət dostları , onu
tanıyanlar Arif müəllimə böyük
hörmətlə yanaşırdılar. Təbiətən xeyirxah insan idi. Elə filmlərində
də bu, aydın duyulur. Qəhrəmanlarının çoxu ürəkdən
sevən, səmimi, hər cür zəhmətə
qatlaşmağı bacaran insanlardır. O, filmlərinin çoxunda Bakıdan,
İçərişəhərdən söz açır, buranın
qeyri-adi mühitini,
insanlarının xarakterini incə detallarla ekrana gətirirdi. Arif Babayev İçərişəhərdən
də, Neft Daşlarından da danışanda
bu yerlərdə poetik gözəllik axtarır, bu da onun filmlərinə xüsusi bir rəng
qatırdı. Arif Babayev
o sənətçilərdən idi ki, bütün ömrünü
insanlara humanist, poetik duyğular
aşılamağa həsr etdi və
ömrünü də zərrə-zərrə
qəhrəmanlarının həyatına köçürdü.
Arif Babayev peşəkar kinorejissor
idi. O, bu sənətə qəlbən
bağlandı və özünü bu sənətdə tapdı.
1928-ci ildə İçərişəhərdə
gözünü dünyaya
açandan burada
böyük sənət
adamları, elm xadimləri
ilə görüşmüşdü.
İllər keçir, balaca
Arif yavaş-yavaş doğulduğu İçərişəhərdən
böyük sənət
dünyasına boy atırdı.
İçərişəhərin qarışıq
mühiti onu çaşdırmadı, özünə
lazım olan yolu tapdı, dalanlardan keçən yollarla sənət dünyasına
doğru irəlilədi.Teatr
Texnikumuna daxil oldu və bundan
sonrakı ömrünü
sənətə bağladı.
Gənc Tamaşaçılar
Teatrında kiçik
rollarla aktyorluğa
başladı.
Aktyor olmaq, böyük
teatrların səhnəsində
klassiklərin əsərlərində
oynamaq istəyirdi.
Bir də filmlərə baxmağı xoşlayırdı.
“Krasnı Vostok”
(indiki “Azərbaycan”) kinoteatrında bəzən
bir gündə bir neçə seansa baxardı. Müharibənin ağır illəri
onun taleyinə çox güclü təsir göstərmişdi.
Bakının müharibə illərindəki
həyatı onun ömründən keçmişdi,
aclıq, səfalət,
insanların əzm və iradəsini qıra bilməsə də, yaddaşlarda elə ağrılı xatirələr kimi ilişib qaldı.
Ancaq bu böyük sənətkarın
sonradan işlədiyi
mövzular ciddi, narahat insan taleləri
ilə bağlı oldu.
Sonradan Teatr İnstitutuna daxil olan Arif Babayev
1953-cü ildə Naxçıvan
Dövlət Teatrında
rejissor kimi işə başladı. Qoqolun “Evlənmə”
əsəri onun ilk rejissor debütü oldu və bununla
yüksək rejissorluq
səriştəsi olduğunu
bir daha təsdiq etdi.
1956-cı ildə atasını,
iki ildən sonra anasını itirən gənc Arifin boynuna böyük bir ailəni dolandırmaq kimi çətin missiya düşdü. Ona təskinlik verən isə evlərinin damında
saxladığı göyərçinlər
idi. Deyirdi ki, onlar hər
dəfə səmaya qalxanda
elə bil ruhumu da özləri ilə yüksəklərə qaldırırdılar.
Bu uçuşları müşahidə
edə-edə
çox şeylər
barədə düşünürdüm.
Düşünürdüm ki, sənətdə də belə yüksəklikləri fəth etmək mümkündür. Amma bu
quşlar səmanın
yuxarı qatlarına qalxıb dövrə vurduqca, Arifin qəlbindən nələr
keçdiyini heç
kəs bilmirdi. Və elə, deyəsən, bu sirlərini də özü ilə apardı. Əslində, elə zirvəyə doğru can atırdı.
O, böyük kinoya “Zirvə”dən başlamışdı.
Bəlkə də kinoya zirvə fəth etmək məqsədilə gəldiyindən
elə bu filmlə başlamışdı.
İmran
Qasımovun ssenarisi üzrə çəkilən
və “Kimi daha çox sevirik” almanaxına daxil olan bu
film, əslində, onu
zirvəyə aparan yolun başlanğıcı
oldu. Film alpinistlər haqqında idi. Bu romantik
peşə sahiblərinin
rastlaşdıqları çətinliklərdən
bəhs edən filmdə rejissor çox maraqlı konfliktlər yaradıb.
Tamaşaçı filmə sona
kimi böyük maraqla baxır.
Sonra
neftçilərin həyatına
müraciət etdi. İmran Qasımovun ssenarisi
üzrə “İnsan məskən salır” filmini çəkən rejissor Neft Daşları sakinlərinin çətin və şərəfli həyatını
ekrana gətirdi. Bu, çox çətin
bir film idi. Təbiətin şıltaqlığına məruz qalan Neft Daşlarında aylarla çəkilişlər
aparmaq olduqca təhlükəli və çətin idi. Amma film uğurla tamamlandı və günlərin birində (1966) ekranlara çıxanda çəkiliş
qrupunun üzvləri bütün ağrılarını
unutdular. Çünki uzun zəhmət bəhrəsini vermişdi,
ekrana çox uğurlu bir əsər gətirilmişdi.
Bu filmdə qəhrəmanların
əksəriyyəti gənclərdir. Arif Babayev özü də gənc idi və qəhrəmanların
arzu və istəkləri ona yaxşı tanış
idi. O, günlərlə
qəhrəman neftçilərin
arasında olur, hətta onlarla Neft
Daşlarında gecələməli
olurdu. Arif müəllim onların
həyat şəraitini,
yaşadıqları mühiti
dərindən öyrənirdi.
Və bunun nəticəsi idi ki, onun
ekran qəhrəmanları
real təsir bağışlayır.
Onlar əsl mənada fədakar gənclərdir.
O, yeni qəhrəmanlar gətirirdi ekrana. Onların taleyini həyatın sınaqlarından keçirirdi
və ən əsası bu idi ki, Arif
Babayev yeni kinonun ənənələrini
yaradırdı.
Bu gün də hər birimizin böyük maraqla baxdığı “Uşaqlığın
son gecəsi” kinomuzun uğurlu əsərlərindəndir.
Onun quruluşu, kompozisiyası,
montajı olduqca
professional işlənmişdi. Və aydın hiss olunurdu ki, artıq
Arif Babayev kinoda öz yaradıcılıq üslubu
olan sənətkardır.
“Uşaqlığın son gecəsi”, əslində, elə
onun öz taleyinə bənzəyirdi.
Qəhrəmanın yaşadığı həmin o illərdə şəhərin sakinləri
də, buradakı həyat tərzi də ona çox
yaxın idi. Hətta özünün göyərçin
saxladığı qəfəsi
də ekrana gətirən rejissor çox maraqlı bir film yaradıb. Bu filmdə aktyor
ansamblı da uğurla seçilib.
Məmmədsadıq Nuriyev,
Yusif Vəliyev, Məlik Dadaşov, Siyavuş Səfiyev, Tofiq Mirzəyev və bir də
kinoya yenicə qədəm qoymuş Ənvər Həsənov çox uğurlu seçimlər idi. Filmdə onlar bütöv
bir ansambl yarada bilmişdilər.
Polad Bülbüloğlunun yazdığı
gözəl musiqi filmi daha da
baxımlı etmişdir.
“Gün keçdi”
filmi də milli kinomuzun qiymətli nümunələrindəndir. Bu poetik
filmin cəmi iki qəhrəmanı var.
Oqtay və Əsmər sinif yoldaşı
olmuşlar, indi tale onları ayırıb. Biri Moskvada, digəri isə
Bakıda yaşayır.
Oqtayın ad gününü
təbrik etmək üçün Moskvadan Bakıya gələn Əsmər bütün günü onunla birgə
keçirir. Uşaqlıq
xatirələrinin bağlı
olduğu İçərişəhərin
qədim tikililəri,
dolanbac küçələri bu
xatirələri
bir daha canlandırır. Kamera bizi İçərişəhərin
sirli dünyası ilə tanış
edir. Əslində, filmin
əsas qəhrəmanı məhz
İçərişəhərdir. Biz onun taleyinin
bir çox məqamlarını görür
və qəhrəmanların
dilindən eşidirik.
Bir sözlə, “Gün keçdi” filmi İçərişəhər haqqında poetik düşüncələr fonunda
iki nəfərin taleyinə rejissor baxışıdır.
“Ömrün ilk günü”,
“Alma almaya bənzər”
filmləri müxtəlif
janrlarda olsalar da,
hər iki filmdə Arif Babayevin yaradıcı üslubu aydın hiss olunur. Hər iki film müasirlərimiz
haqqındadır. “Alma
almaya bənzər” filmi Arif Babayevin
həm də komediya janrında uğurlu əsər yaratmaq bacarığını
təsdiq etdi.
Arif Babayevin
yaradıcılığında “Arxadan vurulan zərbə” filmi xüsusi olaraq fərqlənir. Müxtəlif insan talelərinin
əks olunduğu bu ekran əsəri
dramatik hadisələrlə
zəngindir. 70-ci illərdə ölkədə
cinayətkarlığa qarşı
mübarizənin gücləndiyi
bir vaxtda bu filmin ekranlara
çıxarılması təsadüfi
deyildi. Burada vaxtilə cinayətlər
törətmiş, sonradan
özünə gizli sığınacaq tapmış
bir caninin milis işçiləri tərəfindən yaxalanması
hadisəsi əsas süjeti təşkil edir. Tamaşaçı filmboyu hadisələrin
gedişini izləyir.
Filmdə Adil İsgəndərov, Yusif Vəliyev, Şahmar Ələkbərov, Amaliya
Pənahova, Hamlet Xanızadə,
Rasim Balayev kimi məşhur aktyorlar çəkilmişlər.
“Birisigün, gecəyarısı”
onun son ekran əsəri oldu. Bu əsər təhlükəsizlik
orqanı işçilərinin
çətin və məsuliyyətli əməyindən
bəhs edir. Hadisələr Azərbaycanda sovet
hakimiyyəti qurulduğu
ilk illərdə baş
verir. Arif Babayev filmdə dövrün ruhunu tuta bilib, Azərbaycana
qarşı yönəldilən
xarici təhlükələrin
aradan qaldırılmasını
ekran dili ilə əks etdirib.
Arif Babayev kinomuzun inkişafında tarixi xidmətləri olan sənətkarlarımızdandır.
2000-ci ildə kinorejissor Cəmil Quliyev onun haqqında sənədli
film çəkmişdi. Bu film rejissorun ömür və sənət yoluna bir baxış idi. Onun filmləri bizim kino salnaməmizin qiymətli səhifələrini
təşkil edir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 8
oktyabr.- S.7.