“Aşıq deyişmələrinin poetikası”

 

Ozanları susan millət yetim kimidir,– deyib babalarımız. Ozanın tarixi türkün tarixi qədər qədimdir. Ozan sənəti ozan (aşıq) deyişmələri ilə özünün ən yüksək zirvəsinə çatmış, təkmilləşmiş, cilalanmış, xalqın ruhunun daşıyıcısına çevrilmişdir. Ozan deyişmələri özündə ilkin milli musiqimiz bəstələrimizi, milli rəqs milli ədəbi şeir ölçülərində şeiriyyətimizi birləşdirməklə, bədahətən, “mübarizə meydanındadərin fəlsəfi mövzularda şeirlə mükalimə qurmaqla, böyük ədəbiyyat hadisəsi kimi xalqımızın mədəniyyət tarixinin formalaşmasını şərtləndirmiş zənginləşdirmişdir.

Aşıq deyişmələri ciddi elmi tədqiqat mövzusu olaraq, həmişə aktuallıq kəsb etmişdir. Lakin indiyədək bu böyük ədəbiyyat hadisəsi elmi araşdırmalardan kənarda qalmış, işlənilməmişdir. Bu, böyük məsuliyyətli elmi tədqiqat mövzusunun dissertasiya qismində işlənilməsi 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə tanınmış folklorşünas Tofiq Məhəmməd oğlu Hüseynzadəyə həvalə edilmişdir. Bu da təsadüfi deyildi. Tofiq Hüseynzadənin ulu babası, Şah İsmayıl Xətainin yaxın silahdaşı, onunla mürşid-mürid münasibətləri olan böyük sufi mütəfəkkiri, filosof,  Göyçə mahalından olan Miskin Abdal (əsl adı Hüseyn Məhəmmədoğludur)  XV-XVI əsrlərdə Azərbaycan Səfəvilər dövlətində yüksək dövlət vəzifələrində çalışmaqla, məşhur diplomat sərkərdəlik fəaliyyəti ilə yanaşı, şair, çoxsaylı aşıq musiqilərinin banisi Azərbaycan ozan sənətindən aşıq sənətinə keçidin əsasını qoymuş tarixi  şəxsiyyət idi. Tofiq Hüseynzadə özü , tanınmış jurnalist, pedaqoq olmaqla yanaşı, hələ tələbəlik illərindən mətbutada nəşr olunan çoxsaylı şeirləri ilə sevilmiş, Azərbaycan, o cümlədən Səfəvilər dövrünün folkloru, həmçinin türkün qədim məskənlərindən olan Göyçə mahalının folkloruna aid dəyərli şifahi xalq ədəbiyyatı nümunələrini toplayıb, dərindən əhatəli işləyib nəşr etdirməklə ədəbiyyatımıza töhfələr   vermişdir.

Göyçə türkün mədəniyyət beşiyi, sözün, sazın ruhunun   göyərdiyi, boy göstərdiyi məkanlardandır. Milli-mənəvi yaddaşımızın qaynaqlarından biri kimi, zəngin məişəti, maddi-mənəvi abidələri ilə həmişə geniş marağa səbəb olmuşdur. Miskin Abdal, Ozan Heydər, Ozan İbrahim, Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Şişqayalı Aydın, Şair Məmmədhüseyn, Mirzə Bəylər, Hacı Əlişağa, Aşıq Məhəmməd, Daşkəndli Aşıq Nəcəf, Şair Əbdüləzim onlarca digər ustad sənətkarlar Göyçə mahalını zəngin bir mədəniyyət ocağı kimi nəinki Azərbaycanda, bütün türk dünyasında tanıtmışlar. Tofiq Hüseynzadə bu ocağın fəal nümayəndəsi kimi sözlə, sənətlə yaşamış ona böyük dəyər vermişdir.

Bu elmi işində Tofiq Hüseynzadə ozan (aşıq) deyişmələrinin ədəbiyyatda tarixi təşəkkülünü, mətn sistemini, poetik mahiyyətini bütün tərəfləri ilə tədqiqata cəlb etmişdir. Bu mövzunu o, ikiillik gərgin əməyi nəticəsində yüksək peşəkarlıqla işləyib başa çatdırsa da, səhhətində yaranmış problemlərlə əlaqədar dissertasiyasının müdafiəsini həyata keçirə bilməmişdir. 2006-cı ilin noyabrında 60 yaşında vəfatı onun ədəbiyyatşünaslıq tariximiz üçün dəyərli elmi yaradıcılıq fəaliyyətini yarımçıq qoymuşdur.

Həmin dissertasiya işi qədirbilən ədəbiyyatşünas alimlərimizin təşəbbüsü ilə müəllifin vəfatından sonra–2017-ci ilin sentyabr ayının sonlarında “Gənclik” nəşriyyatı tərəfindən nəşr edilməklə monoqrafiya şəklində oxuculara təqdim olunmuşdur.

Monoqrafiya Azərbaycan ədəbiyyatşünaslığı tarixində həmin mövzuda ilk və mükəmməl elmi əsər olmaqla, geniş ictimaiyyət, xüsusilə, bu sahədə tədqiqat aparan elmi işçilər, filologiya, folklorşünaslıq və aşıq sənəti sahəsində çalışan müəllimlər, magistrant, aspirant, doktorant və tələbələr  üçün dəyərli vəsaitdir.

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.- 2017.- 15 oktyabr.- S.7.