Lahıc: tarixə hörmət,

gələcəyə təminat

 

Bir neçə gün öncə, daha doğrusu, oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə bağlı üç mühüm sərəncam imzalayıb. Onlardan biri Lahıc qəsəbəsinin qazlaşdırılması, ikincisi orada 400 şagird yerlik yeni ümumtəhsil məktəb binasının tikintisi, üçüncü sərəncam isə ümumi uzunluğu 22 kilometr olan və Lahıcı Şamaxı rayonunun Dəmirçi kəndi ilə birləşdirəcək yolun çəkilişi ilə bağlıdır. Bu sərəncamların hər biri tariximizin yadigarı olan qədim Lahıcı qorumaq, yaşatmaq, onun gələcək inkişafını təmin etmək, orada yaşayan insanların həyat şəraitini, güzəranını daha da yaxşılaşdırmaq baxımından çox mühüm əhəmiyyəti olan dövlət sənədləridir. İnanırıq ki, cənab Prezidentin imzaladığı bu sərəncamlarla Lahıc sakinlərinin bir çox nəsillərini əsrlər boyu düşündürən, narahat edən çox ciddi problemlər həmişəlik aradan qaldırılmış olacaqdır.

 

Lahıc sakinləri və az-çox Lahıcla təmasda olan insanlar yaxşı bilirlər ki, qəsəbənin qazlaşdırılması orada yaşayan, işləyən və qonaq gələn insanlar üçün nə deməkdir. Bu günədək oradakı evlər, ictimai binalar, otellər, misgər emalatxanaları və dükanlar ya yerli-dibli qızdırılmırdı, yaxud da odun və ya kömürlə qismən, alayarımçıq isidilirdi. İlin bütün fəsillərində Lahıca gələnlərin ən çox diqqətini cəlb edən görüntülərdən biri də həyətlərdə və ictimai yerlərdə qış tədarükü məqsədilə doğranaraq səliqə ilə çinlənmiş odun qalaqları olub. İnsanlar illər boyu uzaq-uzaq yerlərdən (çünki yaxınlıqdakı meşə ehtiyatları artıq tükənmək üzrədir) atla, ulaqla odun daşımaqla qəsəbənin tələbatını ödəməyə çalışıblar. Məlum olduğu kimi, bir zamanlar sıx meşə örtüyünə bürünmüş Lahıcətrafı yamaclar son onilliklərdə Azərbaycanın, bəlkə də, ən çox erroziyaya məruz qalmış ərazisidir. İndi görün, Lahıca qaz çəkilişi orada yaşayan insanlar üçün və ətraf mühitin ekoloji tarazlığının qorunması baxımından nə dərəcədə əhəmiyyətli bir iş olacaqdır.

Lahıc Azərbaycan elminin inkişafında və ictimai fikir tariximizdə müstəsna xidmətləri olan çox önəmli şəxslər yetirib. Həmin insanların hamısının elmə, pərvərişə və yüksəlişə gedən yolları Lahıc məktəbindən başlayıb. Bəli, Lahıc qəsəbə tam orta məktəbinin çox vaxt qışda belə qızdırılmayan o darısqal və yarıqaranlıq otaqlarında görün kimlər yetişib. Lahıc məktəbinin yetirməsi olan və respublika miqyasında tanınan həmin görkəmli elm adamları və ziyalılarından biri, iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov bu gün İsmayıllı Rayon İcra Hakimiyyətinə başçılıq edir. Yerində olmayan rayon rəhbərlərinin səriştəsizliyi, nəfsgirliyi və prinsipsizliyi ucbatından zaman-zaman başı bəlalar çəkmiş İsmayıllı ictimaiyyəti yeni icra başçısının timsalında insanların dilini bilən, qayğısını çəkən, dövlət maraqlarını hər şeydən üstün tutan səmimi bir insanı rayona rəhbər təyin etdiyinə görə cənab Prezident İlham Əliyevə dönə-dönə minnətdardır.

Bilənlər bilir, qoy bilməyənlər də bilsinlər ki, Lahıc məktəbi hər zaman İsmayıllı məktəblərinin flaqmanı olub. Mən Lahıc qəsəbə orta məktəbində vicdanla çalışaraq Vətən üçün layiqli övladlar hazırlayan cəfakeş müəllimlərə, bu gün orada təhsil alan yeniyetmə və gənclərə gözaydınlığı vermək istəyirəm. Gözünüz aydın olsun! Möhtərəm Prezidentimizin qayğısı sayəsində sizin lap yaxın vaxtlardan etibarən geniş, işıqlı, hər cür texniki avadanlıqlarla təchiz olunmuş sinif otaqları, müasir idman qurğuları olan yeni məktəbiniz olacaq.

Yol problemi illər boyu Lahıcın, bəlkə də, bir nömrəli problemi olub. Ötən əsrin 70-ci illərinədək Lahıca, orta əsrlər dövründə olduğu kimi ancaq atla, ulaqla gedirdilər. Başqa nəqliyyat vasitələrindən, demək olar ki, istifadə etmək imkanı yox idi. Qəsəbəni İsmayıllı rayon mərkəzi ilə birləşdirən yol son dərəcə təhlükəli vəziyyətdə idi. Dəlisov Girdiman coşub daşanda isə Lahıcın ətraf aləmlə əlaqələri tam kəsilirdi. Əsrlərin problemi olan yol məsələsinin sahmana salınması istiqamətində ilk ciddi addım ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 70-ci illərin sonları – 80-ci illərin əvvəllərində atılıb. Bəli, o illərdə məhz ulu öndərin birbaşa tapşırığı ilə Girdimançay üzərində iki müasir körpü tikildi. Girdimançay yatağı boyunca sərt qayalar partladılaraq Lahıca yol çəkildi. Hər gün, hər saat uçqun təhlükəsi olan və həqiqətən də, tez-tez uçqunlar baş verən ərazilərdə daim ağır texnika saxlanılırdı. İlboyu əsgər kimi Lahıc yolunda növbə çəkən bulduzerçi Hüseyn Vəliyev fədakar əməyinə görə ulu öndər tərəfindən “Lenin” ordeninə təqdim olundu. Təkcə elə bu faktın özü ulu öndər Heydər Əliyevin Lahıca və orada yaşayan insanlara olan sevgi və qayğısı barədə ürəkdolusu söz açmağa əsas verir.

Dəmirçi – Lahıc yolu işə düşdükdən sonra Lahıca həm İsmayıllıdan, həm də Şamaxı tərəfdən rahat yol olacaq. Bax o zaman Lahıc, sözün tam mənasında, Cənubi Qafqazın əsas turizm mərkəzlərindən birinə çevriləcək. Beləliklə, qədim Lahıc tarixin heç bir dönəmində olmadığı dərəcədə inkişaf və yüksəliş dövrü yaşayacaq. Sovet dönəmində infrastruktur olmadığından müxtəlif yerlərə köç edən Lahıc sakinləri və onların qohum-əqrabaları son vaxtlar böyük şövqlə yenidən doğma yurda dönürlər. Bu insanların tikdiyi yeni yaraşıqlı evlər və ictimai binalar hesabına Lahıc hər gün daha gözəl və daha cazibədar olmaqdadır.

Azərbaycan ərazisində “Lahıc” adı ilə məlum olan bir neçə yaşayış məntəqəsi vardır. Onlardan ən böyüyü və nisbətən daha qədim tarixə malik olanı isə İsmayıllı rayonundakı Lahıc qəsəbəsidir. Girdiman çayının sol sahilində, dağlar qoynunda olan Lahıc Baş suayrıcına yaxın ərazidəki kəndlərin əhatəsində yerləşir. Əsrlər boyu Lahıc həmin kəndlər üçün həm inzibati, həm də mədəni-iqtisadi mərkəz funksiyası daşıyıb.

Lahıcın XVIII və XIX əsr tarixinə dair çoxlu tədqiqat əsərləri yazılsa da, orada həyatın nə vaxtdan başladığı barədə hələlik dəqiq elmi məlumat yoxdur. Doğrudur, tarixi mənbələrdə IX əsrdən başlayaraq Lahıcın adı çəkilir və onun ətrafında cərəyan edən hadisələr barəsində məlumat verilir. Görkəmli tarixçi M.X.Şərifli ərəb mənbələrinə istinadən hələ VI əsrdə Böyük Qafqaz sıra dağlarının şimal-şərq ətəklərindəki ərazilərdə bir neçə şahlıq olduğunu bildirir. Onun yazdığına görə, bu kiçik hökmdarlıqlar daxili işlərində muxtar olsalar da, Sasanilərə xərac verirdilər. Həmin şahlıqlardan biri də məhz Lahıc olub. IX əsr müəllifi Əhməd Bəlazuri VIII əsrə aid hadisələrdən bəhs edərkən Layzanşahın Xəlifə Hişam (724-447) tərəfindən hakim təyin edilən Məsləmə ibn Əbdülməliklə müqavilə bağladığını bildirir. X əsrə aid anonim mənbədə də Lahıcın adı tez-tez xatırlanır. Mənbənin yazdığına görə, Laican Şirvanın üç nahiyəsindən biridir: “Şirvan, Xursan və Laican üç nahiyədir ki, padşahı da birdir və padşah Şirvanşah, Xursanşah və Layzanşah (Laicanşah) adlandırılır. O, Şamaxıdan bir fərsəng uzaq hərbi düşərgədə yaşayır. Burada uca başlı bir dağ vardır… Heç bir tərəfdən yolu yoxdur, ona yalnız bir tərəfdən çətin və ağır yol çəkmişlər… Padşahın bütün xəzinə və sərvətləri orada saxlanılır… Şahın zindanı da oradadır”.

X əsr müəllifi Məsudi Şirvanın digər nahiyələri arasında Lahıcın xüsusi yeri olduğundan bəhs edərək yazır ki, indi Şirvanşahlıqla qonşuluqda Qafqaz dağlarına çatan başqa bir şahlıq vardır ki, onu Layzan adlandırırlar. Oranın şahı Layzanşah ləqəbi daşıyır. Hazırda o, Muğaniyə şahlığı adlanan başqa bir şahlığa sahib olduğu kimi, Şirvanşahlığı tutmuş, Xursan şahlığı və Zədənşahlığı Laicanşahlıqla birləşdirmişdir. M.X. Şəriflinin ehtimalına görə, bu, ən geci 861-ci ilə qədər baş vermişdir.

Münəccimbaşının fikrincə, həm Şirvanda, həm də Laicanda müstəqil dövlət eyni vaxtda yaradılıb. Belə ki, onun yazdığına görə, 861-ci ildə Məzyədilər sülaləsindən olan Heysəm ibn Xalid Şirvanda, onun qardaşı Yəzid ibn Xalid isə Şirvana qonşu olan Laicanda müstəqil dövlət yaratdığını bəyan etmişdir. Heysəmin yaratdığı dövlət Şirvanşah, Yəzidin yaratdığı dövlət isə Laicanşah adlanırdı. Fikrimizcə, Münəccimbaşının Laicanşahlığın 861-ci ildə yarandığına dair qeydləri mübahisə predmeti ola bilər. Təkcə ona görə ki, yuxarıda artıq xatırladıldığı kimi, X əsr müəllifi Əhməd Bəlazirinin VIII əsr hadisələrinə dair qeydlərində Laicanşahın da adı çəkilir.

Yəziddən sonra Laicanşahın idarə olunması onun oğlu Məhəmmədin əlinə keçmişdir. O, uzun müddət şahlığı idarə etməklə onun daha da güclənməsinə nail olub. 917-ci ildə Məhəmmədin vəfatından sonra onun oğlu Əbu Tahir Yəzid ibn Məhəmməd hakimiyyətə gəlib. Münəccimbaşının yazdığına görə, Şirvanı ələ keçirmək üçün məqam gözləyən Əbu Tahir fürsət yaranan kimi hücuma keçir və  978-ci ildə öz məqsədinə nail olur. Şirvanşahlıqla Laicanşahlığı birləşdirdikdən sonra o, oğlu Məhəmmədi Laicanşahlığa hakim təyin edir və şahlığın bütün torpaqlarını iqta şəklində ona bağışlayır. Xatırladaq ki, bu məlumat Məsudinin hicri tarixlə 332 (943/4)-ci ilə aid qeydlərində də öz əksini tapıb. M.X.Şərifli onun bu barədəki qeydlərini şərh edərək belə yazır: “Hazırda Şirvan şahı Məhəmməd ibn Yəzidə öz ata-babalarından irs olaraq Laizanşahlıq qalmışdır. Əli ibn Heysəm öldükdən sonra Məhəmməd öz əmilərini də öldürüb, Şirvan şahlığına yiyələndi və həmin şahlığı zəbt etdi”.

Lahıc 56 il ərzində yəni, 861-ci ildən 917-ci ilədək Laicanşahlığın mərkəzi olmuşdur. “Hüdudəlaləm”in verdiyi məlumata görə, padşaha məxsus xəzinə və sərvətlər Lahıcdan, təqribən, 1-2 kilometr cənub-şərqdə yerləşən Niyal qalasında saxlanılırdı.

Lahıcın tarixi barədə fikir söyləmək üçün bu toponimin etimalogiyasının müəyyənləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Elmi, kütləvi və bədii ədəbiyyatda, xüsusən də xalq arasında kifayət qədər geniş yayılmış bir rəvayətdə deyilir ki, qədim zamanlarda indiki Lahıcdan bir qədər yuxarıda “La” adlı şəhər olub. Və günlərin bir günü baş verən güclü tufan nəticəsində bu şəhər büsbütün viranəyə çevrilərək həyat səhnəsindən silinib. Təbii fəlakətdən xilas olmaq məqsədilə dağlara çəkilən şəhər sakinləri bir müddətdən sonra geri dönəndə La şəhərinin yerlə-yeksan olduğunu görərək hamısı bir ağızdan qışqırıblar: “La heç! La heç! La heç!” Bu rəvayəti ilk dəfə 1927-ci ildə A.Fituni çap etdirib. Sonralar yazıçı Manaf Süleymanov da həmin rəvayəti öz kitabına daxil edib.

“Lahıc” toponiminin etimologiyasının izahı baxımından böyük Azərbaycan şairi S.Ə.Şirvaninin bir beyti də maraq doğurmaya bilməz. Orada deyilir:

 

Mahali Şirvanda var

               qəriyyəyi – Lahıc,

La ba mənayi – heç,

                  heç də ki, heç.

 

(ardı var)

 

Qafar CƏBİYEV,

tarix elmləri doktoru, Əməkdar jurnalist

 

Xalq qəzeti.- 2017.- 13 oktyabr.- S.6.