Təbriz – İslam ölkələrinin növbəti mədəniyyət paytaxtı Qardaşlıq körpüsü

 

Qardaşlıq körpüsü

 

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

 

 

Xalq şairi Süleyman Rüstəmin on illər əvvəl bu misralarla səpdiyi sevgi toxumları zaman-zaman qəlbimizdə göyərir. Qədim Təbrizə budəfəki səfərimizə də onun böyük şan-şöhrətinə yeni bir cələng taxacaq hadisə – şəhərin İslam ölkələrinin növbəti mədəniyyət paytaxtı seçilməsindən döğan sevincöyünc duyğuları ilə getmişdik. O da əlamətdar idi ki, güneyli qardaşlarımızla görüşə 2017-ci ili İslam Həmrəyliyi ili kimi yaşayan, mənalandıran və nəqşləndirən butaylı soydaşlarımızın könül ortaqlığının isti duyğu-düşüncələrini, xoş arzu-diləklərini sovqat aparmışdıq.

İran İslam Respublikasının Bakıdakı səfirliyinin Təbriz Bələdiyyəsi ilə birlikdə təşkil etdiyi bu səfərin əsas məqsədi təkcə bu ölkənin və bu şəhərin tarixində deyil, həm də qəlbi həmişə bu ünvanla döyünən bütün soydaşlarımızın və dindaşlarımızın həyatında sevincli hadisə olan Təbrizin 2018-ci ildə İslam aləminə mədəni paytaxtlıq etməsinə qardaşlıq və  media dəstəyi ilə bağlı idi. Elə buna görə də Azərbaycan Mətbuat Şurasının və Bakıdakı İran Səfirliyinin təşkil etdiyi ölkəmizin aparıcı media yayımlarının təmsilçilərindən ibarət qrupun üzvləri Təbrizə budəfəki səfərə xüsusi niyyətlə yola düşdülər. Səfirliyin konsulluq binasında qrupumuzu sonuncu təlimatla yola salan mətbuat katibi Məhəmmədrza Nəcəfi də öz növbəsində bildirdi ki, gələn il İslam ölkələrinin mədəniyyət paytaxtı olacaq Təbrizdə sizi xüsusi diqqət və ehtiramla, tarixi hadisəyə dəstək diləyi ilə gözləyirlər.

Yeri gəlmişkən bildirək ki, son illərdə ölkələrimiz arasında genişlənən və dərinləşən münasibətlərə uyğun olaraq, davamlı media əlaqəri də uğurla inkişaf edir. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun ötən il noyabrın əvvəllərində Tehrana səfəri zamanı AMŞ ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında imzalanmış memorandum iki ölkənin media qurumlarının davamlı əlaqələrinə yeni yön, məzmun və dinamika gətirib. Az sonra İranın İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xoddadinin Bakıya səfəri zamanı iki ölkənin jurnalistlərinin daha sıx əməkdaşlıq yollarına aydınlıq gətirilib. Bu il iyulun ortalarında İranın mədəniyyət və islam irşadı nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin Azərbaycana səfəri də ölkələrimiz arasında media əlaqələrinin inkişafını yeni səviyyəyə qaldırmaq niyyətinin gerçəkləşdirilməsi ilə əlamətdar oldu. İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə isə KİV-ə açıqlamasında bildirmişdir ki, mədəniyyət və media sahəsindəki əməkdaşlıq İran və Azərbaycan arasındakı əlaqələrin inkişafında mühüm rol oynayır.

Azərbaycan jurnalistlərinin medianın bütün sahələrini əhatə edən 13 nəfərlik qrupunun İranın Azərbaycanla qonşu olan Şərqi Azərbaycan vilayətinə, tarixən, hər iki Azərbaycanın paytaxtı olmuş Təbriz şəhərinə səfəri də iki ölkə arasında media əlaqələrinə geniş meydan açıldığı bir dövrdə ərsəyə gəldiyinə görə onun daşıdığı missiya daha önəmli və şərəfli idi. Bütün bunlar səfərin yüksək səviyyədə hazırlanmasına və gerçəkləşdirilməsinə ciddi zəmin olmuşdu.

Avqustun 30-da səhər tezdən səfirliyin ayırdığı mikroavtobusla Bakıdan Təbrizə, təxminən, min kilometrlik ən qısa yola sərhəd qapısı olan Biləsuvara yola düşdük. Ümumi razılıqla qrupun “ağsaqqallığı” ölkəmizin bir əsrə yaxın yaşı olan gündəlik yayımlarının-- “Xalq qəzeti”nin təmsilçisi kimi mənim və AZƏRTAC-ın Tehran şəhərindəki müxbiri olaraq Rabil Kətanovun üzərinə qoyulmuşdu. Rabil müəllimin İranın daxili həyatına yetərli bələdliyi yolu rahat keçib getməyimizə və Təbrizdə keçirilən görüşlərə hazırlaşmağımıza zəruri köməyini göstərirdi.

Biləsuvar sərhəd-gömrük məntəqəsini keçən kimi Təbriz Bələdiyyəsinin mətbuat katibi Nəqi Farsbab, bələdiyyə ilə sıx əməkdaşlıq edən “Təbriz xəbər” qəzetinin baş redaktoru Həmid Xosroşahi və “Şəhriyar nyus” saytının baş redaktoru Əli Abbasi bizi qardaşlıq məhəbbəti ilə qarşıladılar və səfərin sonuna qədər hər bir əziyyətimizi çəkdilər.

Təbrizli həmkarlarlarımızla illərin dost-tanışları kimi rahatca dil tapdıq. Bizim İran və Təbriz, onların isə Azərbaycan və Bakı barədə kifayət qədər bilgili olması yola maraqlı və gərəkli söhbətlərdən, qardaşlıq ülfətindən rahat bir körpü saldı. Biləsüvar–Parsabad–Meşkin–Əhər marşrutundan keçib Təbrizin gur işıqların qoynunda cilvələndiyi  bir vaxtında şəhərə yetişdik. Əhər şəhəri səmtdən sonuncu yüksəklikdən Təbrizin gecə mənzərəsi açılanda  avtobusdakılar təyyarə enişlərində olduğu kimi mənzilə yetişmək sevincini alqışlarla ifadə etdilər.

Təbriz  Bələdiyyəsinin məsul şəxsləri bizi “Təbriz–İntenasional” otelində mehribanlıqla qarşılayıb rahat otaqlarda yerləşdirdilər. Yeni dostlarımızla şam yeməyinin sonunda səfərin proqramı ilə tanış olduq. Üçgünlük səfər zamanı Təbriz  Bələdiyyəsində, Təbriz Şəhər İcra Hakimiyyətində təşkil olunmuş qəbullar, İranın Ali rəhbərinin vilayətdəki nümayəndəsi ilə görüş və digər önəmli tədbirlər, bundan əlavə, ölkənin Xarici İşlər Nazirliyinin vilayət üzrə nümayəndəsi İsmayıl Babayinin  qrupumuzu hər yerdə müşayiət etməsi İran tərəfin Azərbaycan jurnalistlərinin səfərinə necə böyük əhəmiyyət verməsinin və yüksək diqqətinin göstəricisi kimi bizim də məmnunluğumuzu və məsuliyyətimizi artırdı.

Təbriz Bələdiyyəsinin rəhbərliyi və Şəhər Şurasının üzvləri bizi 110 yaşı yeni qeyd olunmuş bu qurumun artıq muzeyə çevrilmiş tarixi binasında yüksək ehtiramla qarşıladılar. Ümumi tanışlıqdan sonra Təbriz Bələdiyyəsinin sədri Məhəmmədhüseyn İsaqi son illərdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında hərtərəfli əlaqələrin ümumi tarixortaq mədəni dəyərlər, xüsusən dildin ümumiliyi üzərində sürətlə inkişaf etdiyini məmnunluqla qeyd etdi. O bildirdi ki, prezidentlər İlham Əliyevin və Həsən Ruhaninin son 4 ildə 8 dəfə görüşməsi iki ölkə arasında əməkdaşlığın ən yüksək səviyyəyə qalxmasına xidmət etmişdir.

Görüşdə Araz çayının hər iki tayının bu gün də paylaşdığı ortaq dəyərlərdən söhbət açıldı, Bakı və Təbrizin bu dəyərlərin mərkəzində dayandığı vurğulandı. Təbriz şəhərinin 3500 illik tarixinin ən önəmli fakt və hadisələri barədə yığcam məlumat verən bələdiyyə rəhbəri bildirdi ki, şəhər özünün qədim tarixi, yüksək mədəniyyəti ilə nəinki İran və Azərbaycan üzüyünün büllur qaşıdır, eyni zamanda, İslam aləminin seçilən şəhərlərindəndir.

M. İsaqi daha sonra bildirdi ki, şəhərin 2018-ci ildə İslam ölkələrinin mədəniyyət paytaxtı seçilməsi də məhz onun tarixdə və bugünümüzdə daşıdığı yüksək dəyərlə bağlıdır: “Təbrizin 2018-ci ilin İslam paytaxtı seçilməsi bu şəhərin əhəmiyyəti ilə əlaqəlidir. Təbriz 4 əsr paytaxt olub, o biri əsrlərdə də öz önəmini itirməyib.Gələn il  Təbrizin islami mədəniyyət və turizm paytaxtı olması tədbirlərinə  sizlərdən də səfərlər gözləyirik. Biz də çalışacağıq ki, maraqlı tədbirlər həyata keçirək, proqramlarımız zəngin olsun, xaricdən gələnlər xoş xatirə ilə buradan ayrılsınlar”.

Təbriz şəhərini İslam aləmində ali mərtəbəyə qaldıran hadisə ilə bağlı hazırlıq tədbirlərindən də söz açıldı, Azərbaycan dövlətinin və xalqının bununla bağlı göstərə biləcəyi dəstəyə böyük ümid bəslənildiyi vurğulandı. Elə beləcə də deyildi: “ Əvvəl siz bizə dəstək verin, “Təbriz—2018”-i yüksək səviyyədə yola verək. O biri il də Naxçıvanın İslam mədəniyyətinə paytaxtlığında bir yerdə olarıq.”

Görüşdə iki ölkə və o tay- bu tay arasında əlaqələrin möhkəmlənməsində, xalqlarımızın ortaq dəyərlərinin zənginləşdirilməsində media qurumlarının və jurnalistlərin görə biləcəyi işlərə də nəzər salındı. Qrupumuz adından səfəri himayə etdiyinə görə Təbriz Bələdiyyəsinə dərin razılıq ifadə etdik.  Bildirdik ki, “Təbriz-2018”-ə Azərbaycan jurnalistlərinin hərtərəfli dəstək göstərməsi artıq bir qardaşlıq borcu kimi qəbul olunub.

İranın Ali rəhbərinin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam- cüməsi  Seyid Məhəmmədəli

Haşimi ilə görüş də səmimi keçdi. Xalqımıza böyük sevgisini ifadə edən höccətulislam Azərbaycanda olmasını məmnunluqla xatırladı, paylaşdığımız ortaq dəyərləri qorumağın zəruriliyini söylədi. O, İran dövlətinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini söyləməklə yanaşı, ağrılı məsələlərdə xalqlarımızın həmrəyliyinin vacibliyini  qeyd etdi.

 

Təbriz Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə daha çox Təbriz ilə Bakı arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, “Təbtiz-2018”-ə  hazırlıq tədbirləri diqqət mərkəzində oldu. Təbriz şəhərinin icra hakimi Rəhim Şöhrətfər ölkəmizdə dəfələrlə olduğunu söylədi, ümummilli lider Heydər Əliyevlə Naxçıvandakı görüşünü ömrünün unudulmaz hadisəsi kimi xatırladı. Təbrizin şöhrətli tarixindən, İranda bir çox “ilk”lərə imza atmasından fəxrlə danışan şəhər rəhbəri dedi: “Gəzdikcə özünüz bunun şahidi olacaqsınız. Əlbəttə, zəlzələlərin tez-tez olması səbəbindən bəzi tarixi abidələr dağılıb. Bununla belə, Təbrizin görməli yerləri çoxdur. İnşaallah, turizm paytaxtı seçilməsi ilə əlaqədar dünyadan – istər Avropadan, istərsə də Asiyadan gələn bütün turistlər bunu görəcək. Bu hələ bir başlanğıcdır. Sizlər də kömək edərsiniz  ki, 2018-ci ildə tədbirlər geniş şəkildə icra olunsun, get-gəllər çoxalsın. İndidən bu məsələni həyata keçirməliyik”.

Üç gün müddətində Təbrizdə bir dəqiqəmiz də boş keçmədi, müxtəlif işgüzar və mədəni görüşlər şəhəri daha yaxından tanımağımıza, əlaqərimizi daha məzmunlu və səmərəli qurmaq yollarını aramağımıza şərait yaratdı. Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi üzrə Mərkəzdə,  Təbriz Sənətkarlar Evində, Şairlər Məqbərəsində və Media Mərkəzində keçirilən görüşlərdə də ölkələrimiz arasında əlaqələrin indiki səviyyəsindən razılıqla söz açıldı, jurnalistlərin və sənətkarların dostluq əlaqələrini genişləndirməkdə rolu vurğulandı. Bildirildi ki iki ölkə arasında illik orta get-gəllərin 1,6 milyon nəfərə çatması son hədd olmamalıdır. Bunun üçün açılmış körpülər möhkəmləndirilməli və genişləndirilməlidir.

Təbriz Şairlər Məclisinin rəhbəri, Şəhriyar məqbərəsinin müdiri Muxtar Sədrməhəmmədinin təşkil etdiyi şeir məclisi isə çağdaş Güney Azərbaycan poeziyasının durumu barədə təsəvvürümüzə işıq saldı. Təbrizli şairlərin Dağlıq Qarabağ bəlamıza , yaxın vaxtlarda şəhid olmuş Zəhra balamıza həsr etdiyi şeirlər hamımızı təsirləndirdi. Təbrizin ən uca nöqtəsi olan Eynalı dağındakı ziyafət zamanı hər iki tayda məşhur olan Aşıq Vəlinin ifa etdiyi havalar və mahnılar artıq hər iki ölkənin  saz sənəti ustalarının repertuarının eyni olduğunu göstərdi.

Daha sonra Təbriz Tibb Universitetinin rektoru Məhəmmədrza Sumi ilə görüşdük. O, bildirdi ki, bu yaxınlarda yüksək ixtisaslı “Əz-Zəhra” xəstəxanası açılıb və Azərbaycandan gələn xəstələri burada qəbul etməyə hazırıq: “Mənim siz media nümayəndələrindən xahişim budur ki, həmvətənlərinizə bildirəsiniz, xəstəxanaya gələrkən dəllallarla gəlməsinlər. Dəllallar insanları özəl və ixtisasları olmayan şəxslərin yanına aparırlar, onlar da baha qiymətlə, bəzən də düzgün olmayan müalicə işlərinə başlayırlar. Müalicəyə gəlmək istəyənlər “Əz-Zəhra”ya üz tutsunlar”.

Təbriz Universitetində keçirilən görüşdə də  ümumi, ortaq maraqlara diqqət yetirildi. Rektor, professor Məhəmmədrza Purməhəmmədi qeyd etdi ki, Təbriz Universiteti Azərbaycanın bir sira təhsil ocaqları ilə yaxın əlaqə saxlayır. Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Xəzər Universiteti ilə tələbə və müəllim mübadiləsi aparılır, birgə elmi konfranslarsimpoziumlar keçirilir. 70 il fəaliyyət göstərən təhsil ocağında hazırda 24 min tələbə təhsil alır. Universitetdə hüquq, iqtisadiyyat, tarix, ədəbiyyat, beynəlxalq münasibətlər və digər fakültələr fəaliyyət göstərir. Təbriz Universitetində 800 müəllim çalışır ki, bunların da 600-dən çoxunun elmi dərəcəsi var. Tehran Universitetindən sonra İranın 2-ci böyük ali məktəbi olan Təbriz Universiteti hər il müxtəlif sahələr üzrə peşəkar kadrlar hazırlayır.

Təbrizli həmkarlarımızla da sıx təmasda olduq. Şəhərdə son illər medianın sürətli inkişafına sevindik. Öyrəndik ki, indi Təbrizdə 182 mətbu nəşr işıq üzü görür. Bunun16-sı gündəlik, 57-si həftəlik, qalanı aylıq, rüblükillikdir. Təbriz televiziyası və radiosu ana dilində verilişlərini artırıb. Şəhərdə olduğumuz günlərdə bizi müşayiət edən Həmid Xosrovşahinin redaktoruq etdiyi “Təbriz xəbər” həftəliyinin Azərbaycan dilində də nəşr olunması ümumi sevincimizə səbəb oldu.

Təbrizin dəyərli tarixi abidələrinin bərpa olunub muzeylərə çevrilməsi, qorunması da təqdirəlayiqdir. Tarix Muzeyinin zənginliyi, Səttarxan və  Qacarlar muzeylərində qəhrəmanlıq və tarixi keçmişə dərin sayğı, Şəhriyarın ev muzeyində ünlü sənətkarlara ehtiram diqqətimizdən yayınmadı və ortaq tarixi-mədəni dəyərlərimizin saxlancı kimi  bizi məmnun etdi.

Təbrizdə gördüklərimiz, duyub-anladıqlarımız o qədər çox, təəssüratımız o qədər zəngindir  ki, nəinki bir yazıya, necə-neçə qəzet sayına da sığmaz. Odur ki, bu yazımızı təbrizlilərin bizə öyünclə söylədikləri, gələn il isə İslam ölkələrindən gələcək çoxsaylı qonaqlara təqdim edəcəkləri  bəşəri səciyyəli nadir fakt və “ tarixi ilklər”lə tamamlamaq istəyirik.

Təbriz e.ə. IV əsrdə Atropatenanın, XII–XIII əsrlərdə Atabəylər dövlətinin, XIII–XIV əsrlərdə  Monqol imperiyasının mərkəzi, 1375–1468-ci illərdə  Qaraqoyunlu,1469–1501-ci illərdə Ağqoyunlu, 1501–1548-ci illərədə  Səfəvi Azərbaycan dövlətlərinin paytaxtı, Qacar sülaləsi dövründə İran vəliəhdinin qərargah şəhəri olmuşdur. 2 milyon əhalisi olan Təbriz bu gün İranın ikinci böyük şəhəri, müasir sənaye və mədəniyyət mərkəzidir.

Dünyanın ən böyük örtülü bazarı, eramızın əvvəllərinə aid alban kilsələri UNESCO-nun ümumdünya irs siyahısına daxil edilib. 7 əsr tarixi olan Ərk qalası şəhərin rəmzi kimi sevilir. Təbrizlilər orta əsrlərdə dünyanın bir çox ölkələrindən tələbəsi olan Rəb-Rəşid universitetindən, Təbriz üləmalarının bəşəri irsindən, Təbrizi təxəllüsü ilə tanınan bir çox sənətkarlardan da fəxrlə danışmağı sevirlər. İranda ilk çapxana, asfalt və elektriklə işıqlandırılan xiyaban, ilk yeni tipli məktəb, bələdiyyə və telefon şəbəkəsi, ilk univertsitet  də Təbrizin adına yazılıb... Təbrizlə bağlı ilklərin də siyahısı uzundur.

Təbrizə səfərimiz şəhər teatrında Səttarxan hərəkatı zamanı qadın fədailərin rəhbəri olmuş Zeynəb Paşaya həsr olunmuş mini tamaşanı seyr etməklə başa çatdı. Tamaşanın məfkurəvi mətni, yüksək peşəkarlıqla səhnələşdirilməsi Təbriz teatrının inkişafda olduğunu göstərir.

Sonda bütün soydaşlarımızı  səfərimizin hədəfi olan mövzunu diqqətdə saxlamağa–“Təbriz -2018”  mədəniyyət və  turizm marafonunun fəal izləyicisi və iştirakçısı olmağa səsləyirik.

 

Tahir AYDINOĞLU,

 

Təbriz–Bakı

 

Xalq qəzeti.- 2017.- 9 sentyabr.- S.4.