“Məmməd
Nəsirbəyov-120”
Azərbaycan Respublikasının
Xalq artisti, Naxçıvan MR Əməkdar incəsənət
xadimi, “Şöhrət” ordenli, professor, bəstəkar Tofiq
Bakıxanovun və Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi, bəstəkar Nazim Quliyevin birgə
yazdıqları tədqiqat əsəri – “Məmməd Nəsirbəyov
– 120” kitabı çapdan çıxmışdır.
Yeni nəşrdə ömrünü musiqiyə həsr
edən, bu sahədə dəyərli xidmətləri olan
görkəmli bəstəkar Məmməd Nəsirbəyovun həyat
və yaradıcılığından bəhs olunur. Kitabı
oxuduqca bəstəkarın Moskva, Bakı konservatoriyalarında
təhsil illəri, görkəmli müəllimlərdən bəstəkarlıq,
orkestrləşmə, harmoniya, “Azərbaycan xalq musiqisinin əsasları”
fənni üzrə şəxsən dahi Üzeyir Hacıbəylidən
dərs alması kimi faktlar Məmməd Nəsirbəyovun
yaradıcılığı haqqında yüksək təsəvvür yaradır.
Ulu Azərbaycan torpağının yetirdiyi şəxsiyyətlərdən
biri – Məmməd Həsən oğlu Nəsirbəyov
Naxçıvanın ilk peşəkar bəstəkarı,
musiqişünası, vokal ifaçısıdır. O, dahi
Üzeyir bəyin tələbəsi, silahdaşı, onunla
birgə musiqi mədəniyyətimizi inkişaf etdirən
görkəmli elm və incəsənət xadimidir.
Kitaba Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor Firəngiz
Əlizadə “Ön söz” yazmışdır. “ Əlincə
qeyrətli Nəqşi-cahan
yurdu”, “Bazar çayının laylası”, “Üzeyir bəyin
xeyir-duası”, “Unutmayaq ki, unudulmayaq”, “Yaddaşlarda həkk
olunan izlər, xatirələr”, “Ömrün anları”
bölmələrində bəstəkar Məmməd Nəsirbəyovun Naxçıvan şəhərində
müəllim Mirzə Həsən
Nəsirbəyovun ailəsində dünyaya göz
açması, Bazar çayının həzin səsinin gecələr
ona layla çalması, Məmmədin təhsil
aldığı məktəbin xor kollektivində
iştirakı, gözəl səsi ilə solo
ifaçısı kimi çıxış etməsi,
1911-1912- ci illərdə
görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun
həyat yoldaşı Böyükxanım və körpəsi
Niyazi (dünya şöhrətli görkəmli dirijor və bəstəkar
Niyazi) ilə Naxçıvana gəlişi,
bu şəhərdə bir ilədək
yaşayıb-yaratması,
Naxçıvan teatrında
musiqili komediyaların tamaşaya qoyulması, Şərq
musiqisindən ibarət müsamirələr təşkil etməsi
gənc ifaçıların, o cümlədən Məmməd
Nəsirbəyovun
yaradıcılığına
yeni rəng vermişdir. Musiqiyə və teatr sənətinə
böyük həvəsi olan Məmməd musiqili komediyalardan
fraqmentlər öyrənir, lirik tenor səsinin bütün
imkanlarından istifadə
edirdi.Məmmədin böyük musiqi aləminə gəlişi
Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun
operalarından başlayır. 1914-cü ildə Nəsirbəyovun
ailəsi ilə birlikdə Bakıya köçməsi Məmmədin
gələcək həyatına işıq saçır.
Kitabda Məmməd Nəsirbəyovun
tar ifaçısı, Opera
Teatrında xor və solist kimi gözəl səsi ilə
Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili
komediyasında Əsgərin ariyasını ifa etməsi, Radio
Komitəsində solist kimi
çalışması, bəstəkarlıq fəaliyyəti onun zəngin musiqi
yaradıcılığına malik olduğunu göstərir.
Məmməd Nəsirbəyovun bəstəkarlıq
yaradıcılığı isə
müxtəlif janrlarda
yaratdığı iri və
kiçik həcmli əsərlərlə zəngindir. Bəstəkarın
yaradıcılığında simfonik, kamera, xor musiqisi, Azərbaycan
Xalq Çalğı Alətləri Orkestri, mahnı və rəqs
ansamblı üçün
süitalar, müxtəlif alətlər
üçün instrumental əsərlər, mahnı və
romanslar əsas yer tutur.
Kitabda, həmçinin bəstəkarın əsərləri,
onun həyat və yaradıcılığı haqqında xatirələr və
foto-şəkillər əksini tapmışdır. Kitabın
redaktoru Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira
Qafarova, rəyçilər Azərbaycan Milli
Konservatoriyasının elmi katibi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova, Respublika İncəsənət
Gimnaziyasının xalq çalğı alətləri
şöbəsinin müdiri, dosent Məhərrəm Məmmədov,
məsləhətçi AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun musiqi və teatr şöbəsinin böyük
elmi işçisi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, dosent Ələkbər Qasımovdur.
Afət
SADIQOĞLU
Xalq qəzeti. - 2017.-10 sentyabr.- S.7.