Tariximizin kino salnaməçisi
Bu,
danılmaz həqiqətdir ki,
tamaşaçı filmə operatorun gözü ilə baxır. Deyirlər ki, operatoru istedadlı
olan film asanlıqla uğur qazanar. Milli kinomuzda
da belə peşəkar operatorlar olub. Onların sırasına Xan Babayev, Teyyub Axundov, Rasim Ocaqov, Rasim İsmayılov,
Zaur Məhərrəmov,
Rafiq Qəmbərov, Kənan Məmmədov və başqalarını
daxil etmək olar. Xalq artisti Muxtar
Dadaşovun da bu sahədə əvəzsiz xidmətləri
var. Muxtar müəllim
ustad operator olmaqla yanaşı, həm də kinorejissor kimi fəaliyyət göstərmişdir. Onun lentə
aldığı sənədli
filmlər tariximizin əsl kino salnaməsidir.
1913-cü ildə
Bakıda dünyaya göz açan Muxtar Dadaşov şərəfli ömür
yolu keçmişdir. Hələ 11 yaşında ikən dram teatrında uşaq rolunda çıxış
etmiş, 15 yaşında
isə onu “Sevil” filmində Gündüz rolunda çəkmişdilər. O, uşaqlıqdan kino sənətinə meyillənmiş
və sonrakı həyatı da elə kino ilə
bağlanmışdı.
1931-ci ildən
operator assistenti kimi filmlərdə işləmişdi. Bu vaxtdan
“Köçərilər”, “Lökbatan”, “Neft simfoniyası” sənədli,
“26 Bakı komissarı”
bədii filmlərində
operator assistenti kimi çalışmışdır.
Muxtar Dadaşov professional operator təhsili
almaq istəyirdi. Bunun üçün 1933-cü ildə
Moskvaya gedərək,
üç il
ərzində operator kimi
təkmilləşir, Moskvada
bir sıra filmlərin çəkilişlərində
iştirak edir, hətta görkəmli rus kinematoqrafçısı
M. Vernerin “Canlı
Allah” bədii filmində
aktyor M. Ştauxla birgə baş rolda çəkilir.
O, sənətə
böyük arzularla gəlmişdi. İstəyirdi ki, Azərbaycan
kinosunun yaranmasında
və formalaşmasında
öz xidmətlərini
göstərsin, dəyərli
filmlər çəksin.
Yaratdığı sənədli filmlər
həmişə öz
aktuallığı ilə
seçilmiş, dövrün
çox mühüm ictimai-siyasi hadisələri
bu filmlərin əsas mövzsunu təşkil etmişdi.
Bu filmlərin çoxunun adından onların mövzuları aydın duyulurdu. “Sovet Azərbaycanı”, “Bizim Azərbaycan”, “Ana yurdum, Azərbaycan”, “Sovet Azərbaycanının
50 illiyi”, “Respublika haqqında həqiqət” və s. filmlərində rejissor doğma torpağa məhəbbət
hisslərini, Azərbaycanın
əsrarəngiz təbiətini,
tarixi şəxsiyyətlərimiz
haqqında həqiqətləri
ecazkar kino dili ilə tərənnüm
edirdi.
1939-cu ildə
M. Dadaşov rejissor-operator
kimi “Samur-Dəvəçi
kanalı” kinooçerkini
çəkir.
Muxtar müəllim Azərbaycanın
məşhur ziyalıları
ilə həmişə
yaxından dostluq edirdi. O, Mirzə İbrahimov,
Süleyman Rəhimov,
İmran Qasımov, Ənvər Məmmədxanlı,
Tofiq Quliyev və başqaları ilə tez-tez görüşər, yaradıcı
söhbətlər aparardı.
Xalq rəssamı Mikayıl Abdullayev Muxtar müəllimə yazırdı: “Sizin gözəl sənətiniz
doğma xalqımız
haqqında bütöv
bir epopeyadır”. Doğrudan da, Muxtar Dadaşov
Azərbaycan kinosunun yenicə yaranmağa başladığı illərdə
bu sənətə gəlmişdi və öz həyatını
90-cı illərə qədər
bütünlüklə kinoya
həsr etmişdi.
Demək
olar ki, 30-cu illərdən başlayaraq
operator, rejissor kimi Azərbaycan həqiqətlərini
kinomuzun canlı səhifələrinə çevirmişdi.
Muxtar müəllim
deyirdi: “Kino həyatın
aynasıdır. Bu ayna
böyük Sabir demişkən: “düzü-düz,
əyrini-əyri” əks
etdirməyə qadir olan möcüzədir. O,
təmiz, ləkəsiz,
pak duyğularla canını sənətə
fəda edən istedadlı, namuslu, bacarıqlı, professional şəxslərin
əlində olmalıdır”.
Operator kimi
çəkdiyi filmlərdə
həmişə işıq-kölgə
münasibətləri, dekorasiyaların
çox ustalıqla ekranda canlandırılması
onun professionallığından
xəbər verirdi.
Muxtar Dadaşov operator və rejissor kimi bədii
filmlərdə də
çalışmışdır. 1945-ci ildə
çəkilmiş “Arşın
mal alan” filmində o, operator köməkçisi
olmuşdu. Leyla xanım Bədirbəyli filmin çəkilişlərini
xatırlayaraq deyirdi:
“Muxtarla ilk işim “Arşın mal alan”
filmində olub. Filmin çəkilişləri zamanı
rejissor Rza Təhmasib tez-tez soruşardı: “Nəyə
görə istəyirsən
ki, sənin planlarını, xüsusilə
iri planlarını Muxtar Dadaşov çəksin?” Bir dəfə
mən bu sirri açdım. Dedim, Muxtar aktyorun
daxili aləminə nüfuz etməyi bacarır .
Mənim
bu sözlərim Təhmasibin xoşuna gəldi, sonra daha bu mövzuya
qayıtmadı”.
Quruluşçu rejissor kimi ilk bədii filmi “Qanun naminə” oldu. Bu filmi Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkmişdi.
Filmdə əsərdən fərqli cəhətlər
çoxdur. Amma ideya
bütövlükdə saxlanılmış
və çox uğurlu bir film yaranmışdır. Muxtar Dadaşov
çəkiliş üçün
dağ rayonlarından
birini seçmişdi.
Adil İsgəndərov,
Mustafa Mərdanov, Rza Təhmasib, Rza Əfqanlı, Nəsibə
Zeynalova, Əliağa
Ağayev, Nəcibə
Məlikova və başqalarının yaratdığı
rollar filmin səviyyəsinə öz
təsirini göstərmişdi.
“Qanun naminə” filmi ekranlara çıxandan sonra povestin müəllifi Süleyman Rəhimov yazırdı: “Dostum M. Dadaşov “Mehman” povestini sənətkarlıqla, məharətlə
ekranlaşdırmış, mənə intəhasız
fərəh bəxş
etmişdir”. Onu da əlavə
edək ki, film bu gün də
ekranlarımızda tez-tez
nümayiş etdirilir.
Muxtar Dadaşovun “Bakıda küləklər əsir”
filmi Böyük Vətən müharibəsi
mövzusunda çəkilmiş
çox dəyərli
filmlərimizdəndir. Kinorejissor müharibə
mövzusunda hələ
1943-cü ildə “Bakı
döyüşür” adlı
sənədli film çəkmişdi.
Bu filmdə müharibənin
gedişi vaxtı S. Vurğunu, Üzeyir bəyi, kimyaçı alim Y. Məmmədəliyevi,
eləcə də neftçilərdən G. Əliyevi,
A. Nematullanı, R. Rüstəmovu
və başqalarını
kinolentə daxil etmişdi. Bu filmdə
istedadlı rejissor xalqımızın müharibə
illərində arxa və ön cəbhədə göstərdiyi
hünəri, casusların
ifşa edilməsində
qəhrəman çekistlərimizin
ayıq-sayıqlığını, onların çox cəsarətli əməliyyatları
nəticəsində Bakının
neft mədənlərinin
partladılmasının qarşısının
alınmasını ustalıqla
əks etdirmişdi.
O, tədqiqatçı
rejissor idi. Çəkdiyi tarixi filmlər
üçün zəngin
material toplayır, alimlərlə
məsləhətləşir, sonra onları lentə alırdı.
Elə “Nəriman Nərimanov” filminin çəkilişi
zamanı da belə olmuşdu. N. Nərimanovun Genuya
konfransındakı çıxışını
əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb, filmə gətirmişdi.
Muxtar Dadaşov ömrünün
son illərinə qədər
böyük həvəslə
filmlər çəkir,
filmlərdə məsləhətçi
kimi iştirak edirdi.
Onun yaradıcılığı Azərbaycan
kinosunun 50 ildən artıq bir dövrünü əhatə
edir. Bu böyük sənətkarın əsərləri
dünyanın bir sıra ölkələrində
göstərilmiş, maraqla
qarşılanmışdır. Rejissorun gərgin, yaradıcı əməyi
dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmiş,
o, “Xalq artisti” fəxri adına,
“Şöhrət” ordeninə,
Dövlət Mükafatına
layiq görülmüşdür.
Muxtar Dadaşovun
yaradıcı irsi Azərbaycan kino tarixinin, bütövlükdə,
milli mədəniyyətimizin
çox qiymətli səhifələrini təşkil
edir
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-
2017.- 17 sentyabr.- S.6.