Naxçıvanda “Milli
Musiqi Günü” qeyd olunub
Sentyabrın 18-də Naxçıvan şəhərindəki
Heydər Əliyev Sarayında “Milli Musiqi Günü” münasibətilə tədbir
keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
2017-ci il 18 sentyabr tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində
səmərəli fəaliyyətlərinə
görə Əsgərov
Amil Əkbər oğlu, Əsgərov Səməd Elşən oğlu, Fərzəliyev Arzu İsmayıl oğlu və Həsənova Qəribə
İbrahim qızı
Naxçıvan Muxtar
Respublikasının “Əməkdar
artisti” fəxri adı ilə təltif olunublar.
Ali Məclisin
sədri təltif olunanlara Naxçıvan Muxtar Respublikasının
“Əməkdar artisti”
fəxri adının
döş nişanını
və vəsiqəsini
təqdim edib.
Təltif olunanlar əməklərinə
verilən qiymətə
görə minnətdarlıq
edib, bundan sonra da muxtar
respublikada mədəniyyətin,
eləcə də musiqi sənətinin inkişafında səylərini
əsirgəməyəcəklərini bildiriblər.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət
və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək
deyib ki, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 1995-ci
ildə imzaladığı
fərmana əsasən
hər il ölkəmizdə Şərqdə
ilk musiqili teatr sənətinin banisi, Azərbaycan musiqisinin klassiki, görkəmli alim-musiqişünas, publisist,
dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun doğum günü – 18 sentyabr “Milli Musiqi Günü”
kimi qeyd olunur. Novator sənətkar olan
Üzeyir Hacıbəyov
Azərbaycan klassik musiqisinin bütün janrlarının bünövrəsini
qoyub. Bu gün ölkəmizdə
və onun Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli
dövlət qayğısı
göstərilir. Muxtar respublika
mədəniyyəti özünün
yeni inkişaf dövrünü yaşayır.
Bu yüksəlişin fonunda milli musiqi
sənətinin də
inkişafı təmin
olunub. Son illər
Naxçıvan şəhərində,
rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri
tikilib istifadəyə
verilib, Naxçıvan
Dövlət Filarmoniyasının,
Naxçıvan Dövlət
Uşaq Filarmoniyasının,
Naxçıvan Musiqi
Kollecinin maddi-texniki bazası gücləndirilib,
Naxçıvan Muxtar
Respublikası Bəstəkarlar
Təşkilatının və
Aşıqlar Birliyinin
fəaliyyəti təmin
edilib. Muxtar respublikada milli
musiqimizin təbliği
istiqamətində də
mühüm tədbirlər
görülür, yaradıcı
kollektivlərin xarici ölkələrə qastrol
səfərləri təşkil
edilir. Musiqimizin inkişafı istiqamətində
görülən tədbirlər
uşaq musiqi, incəsənət və bədii sənətkarlıq
məktəblərini də
əhatə edib.
Son illər 20-dən çox musiqi məktəbi üçün
bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib. Hazırda muxtar respublikada
27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq
məktəbi fəaliyyət
göstərir.
Sonra Naxçıvan Dövlət
Filarmoniyasının Kamera
Orkestrinin və rəqs qrupunun ifasında konsert olub.
Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının
Xalq artisti Çingiz Axundov, baletmeyster Azərbaycan Respublikasının Əməkdar
mədəniyyət işçisi
Tamerlan Bağırovdur. Konsertdə
görkəmli Azərbaycan
bəstəkarları Üzeyir
Hacıbəyovun, Qara
Qarayevin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adıgözəlovun,
Ramiz Mirişlinin, dünya musiqisinin korifeylərindən Volfhanq
Amadey Motsartın, İohan Bramsın, Antonio Vivaldinin, İohan Ştrausun, Karlos Qardelin əsərlərindən
parçalar, eləcə
də xalq mahnıları səslənib,
milli musiqi alətimiz balabanda Azərbaycan xalq mahnısı “Sarı gəlin” ifa olunub. Azərbaycan Respublikasının Əməkdar
artistləri Tural Nəcəfovun, Gülyanaq
Fərzəliyevanın, Mübariz
Əsgərovun, Vilayət
İsmayılovun və
Naxçıvan Muxtar
Respublikasının Əməkdar
artisti Zülfüqar Mahmudovun çıxışları
alqışlarla qarşılanıb,
rəqs qrupu milli və dünya
rəqs nümunələrini
məharətlə ifa
edib.
Ali Məclisin sədri konsertdən sonra səhnə arxasına keçərək
ifaçılarla görüşüb,
onları “Milli Musiqi Günü” və uğurlu çıxışlarına görə
təbrik edərək
deyib: Bugünkü uğurlu konsert proqramı bir daha göstərdi ki, Naxçıvan Dövlət Filarmoniyasının
Kamera Orkestri bütün səhnələrdə
çıxış etməyə
qadirdir. Son illər
Naxçıvan musiqi
həyatında böyük
uğurlar qazanılıb,
orkestrlər yaranıb,
dəyərli musiqiçilər
yetişib. Bütün bunlar
yaradılan şəraitin
nəticəsində mümkün
olmuşdur. Muxtar respublikada
musiqi təhsilinin bütün pillələri
üzrə kadr hazırlığı təmin
edilmişdir. Kəndlərdə
fəaliyyət göstərən
musiqi məktəbləri,
dərnəklər, Naxçıvan
Dövlət Musiqi Kolleci, Naxçıvan Dövlət Universitetinin Konservatoriyası muxtar respublikada ixtisaslı musiqiçi kadrların yetişməsinə, musiqi
mədəniyyətinin inkişafına
və milli musiqimizin yaşadılmasına
xidmət edir. Musiqinin sərhədi və milləti yoxdur. Bu gün Üzeyir
Hacıbəyovun əsərləri
hansı ölkədə
ifa olunsa, ölkəmizdəki qədər
seviləcəkdir. Eyni zamanda
Bethovenin, Motsartın əsərləri bütün
dünya ölkələrində
səhnələri fəth
edir. Bugünkü konsertdə də
həm xalq yaradıcılığı nümunələri,
həm də görkəmli Azərbaycan
və dünya bəstəkarlarının əsərləri
ifa olundu.
Ali Məclisin
sədri muxtar respublikada istedadlı musiqiçilərin yetişməsinin
və uğurlu konsertlərin təşkilinin
fəxr doğurduğunu
bildirib, orkestrin bədii rəhbərinə
və bütün kollektivə təşəkkür
edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra xatirə
şəkli çəkdirilib.
Xalq qəzeti.-
2017.-19 sentyabr.- S.2.