Azərbaycan və Belarus milli kitabxanaları arasında saziş
imzalanmışdır
Bu yaxınlarda Belarus Respublikasının paytaxtı Minsk şəhərində yerli kitab naşiri Frantsisk Skorinanın 500 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və Belarus Milli Kitabxanasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycandan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov da tədbirlərdə iştirak etmişdir.
O, eyni zamanda Avrasiya Kitabxanalar Assambleyasının 25 illiyinə həsr olunmuş XX yubiley iclasına da qatılmışdır.
Avrasiya Kitabxanalar Assambleyasının ümumi iclasında Azərbaycan Milli Kitabxanası ilə Belarus Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair sazişin imzalanma mərasimi keçirilmişdir. Sazişi Azərbaycan Milli Kitabxanası tərəfindən kitabxananın direktoru Kərim Tahirov, Belarus Milli Kitabxanası tərəfindən isə həmin kitabxananın direktoru Roman Motulski imzalamışlar. Bu sazişlə 5 il müddətinə hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilmiş, kitabxana və informasiya mübadiləsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər əhatə edilmişdir.
İclasın sonunda Avrasiya Kitabxanalar Assambleyasının növbəti XXI illik yığıncağının 2018-ci ilin sentyabr ayında Bakıda keçirilməsi qərara alınmışdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-
2017.- 19 sentyabr.- S.7.